Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin
Aran regional filialı
Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas alim,
ictimai xadim və pedaqoq, Xalq yazıçısı İsmayıl Şıxlının
100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən Nərgiz Qəhrəmanova
ZiM.Az-a bildirib ki, tədbirdə muzeyin Aran regional filialının müdiri, filologiya üzrə
fəlsəfə doktoru Yaqut Bahadurqızı İsmayıl Şıxlının zəngin irsindən, obrazlar qalereyasından,
əsərlərinin bədii-estetik xüsusiyyətlərindən bəhs edib. Bildirib ki, görkəmli alim öz yaradıcılığı ilə
Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni səhifə yazmış söz ustadlarından biridir.
Sonra Kürdəmir rayon 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva çıxış edərək
İsmayıl Şıxlının klassik irsin ənənələrini uğurla davam etdirdiyini, folklor xəzinəsindən bəhrələndiyini,
onun yaratdığı əsərlərdə dərin fəlsəfi mənanın olduğunu vurğulayıb.
Tədbirdə şairə Yadigar Təvəkkül,Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
İradə Mahmudova çıxış edərək yazıçının zəngin ədəbi-bədii irsi ilə bağlı fikirlər səsləndirib,
onun fəaliyyətinin bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın
bariz nümunəsi olduğunu söyləyiblər.
Daha sonra Kürdəmir rayon Mərkəzi Kitabxanasının əməkdaşları Məhinə Şirəliyeva və Məryəm Əliyeva yazıçının sevilən əsərlərindən seçmələr səsləndiriblər.
Sonda İsmayıl Şıxlının “Dəli Kür” romanı əsasında çəkilmiş eyniadlı filmdən fraqmentlər nümayiş etdirilib.
Aygül ÇOBANOVA,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.