AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2018-ci il materialları əsasında)

AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2018-ci il materialları əsasında) Salidə Şərifova
filologiya elmləri doktoru, professor

AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ
(2018-ci il materialları əsasında)


Ədəbiyyat tarixçiliyində bir neçə istiqamət:
ədəbiyyat tarixinin dövrlər üzrə tədqiq edilib ümumiləşdirilməsi, ədəbi-tarixi icmalların hazırlanması, yazıçı və şairlərin həyatı və yaradıcılığının öyrənilib təqdim olunması kimi sahələr aparıcılıq təşkil edir.
(İsa Həbibbəyli)

Giriş


Azərbaycan ədəbiyyat tarixinin tədqiqi istiqamətində 2018-ci ildə vacib və əhəmiyyətli hadisə baş vermişdir.
Akademik İsa Həbibbəyli “Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri” adlı kitabını nəşr etdirmişdir. Bu kitabda akad. İ.Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixinin keçdiyi inkişaf yolunun tədqiqi ilə yanaşı, Azərbaycan ədəbiyyatının dövrləşdirilməsinin yeni konsepsiyasını təqdim etmişdir.
2018-ci ildə Azərbaycan elmi dairələri əsasən şifahi xalq ədəbiyyatının və XIX əsrin sonu – XXI əsrin əvvəllərini əhatə edən ədəbiyyatın tədqiqinə daha önəmli maraq göstərmişdir. Şifahi xalq ədəbiyyatının tədqiqi zamanı N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun ensiklopedik nəşrini, həmçinin Koroğlu dastanının Azərbaycan ədəbiyyatına təsirinin, Qəzənfər Paşayevin folklorşünas irsinin, şifahi xalq ədəbiyyatının Azərbaycan uşaq ədəbiyyatına təsirinin tədqiqini xüsusi vurğulamaq olar. Yeni və müasir dövr ədəbiyyatının tədqiqi zamanı Azərbaycan ədəbiyyatında romantizmin inkişafı, qısa bir müddətə mövqelərini realizmə (sonradan isə sosialist realizmə) verməsinə xüsusi elmi maraq göstərilir. Müasir dövr Azərbaycan ədəbiyyatının inkişaf yolunun tədqiqini N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi öz üzərinə götürmüşdür.
2018-ci ildə Azərbaycan ədəbiyyat tarixinin elmi araşdırılması baxımından, Mir Cəlal Paşayevin 110 illiyi ilə əlaqədar nəşr edilmiş bədii və elmi əsərlər, biblioqrafiya və məqalələr toplusu xüsusi əhəmiyyət kəsb edir. Görkəmli alim və ictimai xadim Mir Cəlal Paşayevin elmi və bədii irsinin oxucuya daha geniş çatdırılması müsbət qiymətləndirilməlidir.
2018-ci ildə Azərbaycan ədəbiyyatı tarixçiliyinə aid və komparativistik xarakter daşıyan bir sıra tədqiqatlar nəşr edilmişdir. Bu baxımdan, Mehman Həsənlinin “Çingiz Aytmatov: həyat və yaradıcılığı” kitabında Çingiz Aytmatov və müasiri olduğu Azərbaycan yazıçılarının yaradıcılıqlarında oxşar motivlərlə, tipoloji oxşarlıqlarla yanaşı fərqli xüsusiyyətlərin tədqiqi, Şəhla Qurbanovanın Amerika ədəbiyyatının Azərbaycan filoloji mühitində analiz edilməsi, Xanım Zairovanın “Azərbaycan-alman ədəbi əlaqələri müasir filoloji kontekstdə” kitabında Azərbaycan ədəbiyyatşünaslığında alman klassiklərinin həyat və yaradıcılıqlarına dair tədqiqatları, klassik alman ədəbiyyatı və Azərbaycan ədəbiyyatı nümunələrindəki tipoloji oxşarlıqlarının araşdırılması xüsusi maraq kəsb edir.

I. Azərbaycan ədəbiyyatının elmi əsaslandırılmış dövrlərə bölgüsü

Akademik İsa Həbibbəyli “Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri” kitabında Azərbaycan ədəbiyyatının yeni dövrləşdirmə modelini irəli sürür. Belə ki, akad. İ.Həbibbəyli Azərbaycan ədəbiyyatını 10 dövrə ayırır:
1. Qədim dövr Azərbaycan ədəbiyyatı: Etnosdan eposadək;
2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər);
3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər);
4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər);
5. Erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər);
6. Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü (XIX əsr);
7. Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək);
8. Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü (1920-1960-ci illər);
9. Milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi (1960-1980-cı illər);
10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən).

Elmi-konseptuallığı ilə müsbət fərqlənən, varislik prinsipinə əsaslanan və inkişaf yolunun başlıca istiqamətlərini ümumiləşdirən bu dövrləşdirmə modeli Azərbaycan ədəbiyyatını vahid bir fenomen kimi qəbul edilməsinə və tədqiqinə konseptual fundament yaratmış olur. Bu baxımdan, Esmira Fuadın “Günümüzün Güney ədəbiyyatı antologiyası”nın məhz 2018-ci ildə nəşri rəmzi xarakter daşıyır. E.Fuadın (Şükürova) tərtib etdiyi Güney Azərbaycan ədəbiyyatı poeziyasını və şairlər haqqında avtobioqrafik məlumatları özündə əks etdirən, 26 oktyabr 2018-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və M.İbrahimov adına Kitab Fondu İctimai Birliyinin təşkilatçılığı ilə “Çağdaş Güney Azərbaycan ədəbiyyatı nümunələrinin transliterasiyası, redaktəsi və nəşri” layihəsi çərçivəsində çap edilmiş “Günümüzün Güney Ədəbiyyatı Antologiyası. Poeziya” adlı kitabıdır. E.Fuadın tərtib etdiyi “Günümüzün Güney ədəbiyyatı antologiyası” (poeziya) İran İslam İnqilabından sonra ədəbiyyata gəlmiş 115 Cənubi Azərbaycan şairinin fərqli janr və üslubda qələmə almış olduqları və özünəməxsus xüsusiyyətlərə malik poetik nümunələrin ÜmumAzərbaycan ədəbiyyatının tərkib hissəsi olan çağdaş Güney Azərbaycan poeziyasının ümumi mənzərəsini aydın şəkildə əks etdirir. Həmin poetik nümunələr qəzəl, xalq şeiri üslubunda qələmə alınmış poetik nümunələr, modern şeirlər olması ilə diqqəti cəlb edir.
İ.Həbibbəylinin Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyası elmi dairələrin marağını cəlb etmişdir. Məsələn, Tehran Əlişanoğlu “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun beş ili akademik İsa Həbibbəyli ilə” (18) adlı məqalələr toplusunda qeyd edir: “…tarixi zərurətdən çıxış edərək, akad. İ.Həbibbəyli “Ədəbiyyat məcmuəsi”nin 2015-ci il XXVI cildində yeni bir “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası”nı irəli sürdü; layihə elmi instansiyalarda müzakirələrdən sonra, geniş əsaslandırılmış variantda (“Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri”) mətbuatda və ayrıca kitab şəklində (Bakı, 2018) çap olundu. Eyni zamanda Ədəbiyyat İnstitutunda on cilddə yeni ədəbiyyat tarixinin hazırlanmasına rəvac verildi. Konsepsiyanın praktik tətbiqi, şəksiz ki, həm də onun nəzəri-metodoloji önəmini şərtləndirir.” (18, 18) Lakin İ.Həbibbəylinin Azərbaycan ədəbiyyat tarixinə konseptual yeniliyi birmənalı qəbul edilməmişdir. Belə ki, T.Əlişanoğlu tənqidi tezislərini açıqlamaqdan uzaqlaşaraq konsepsiyanın müəllifini elmdə təzə və cavan alim olmasını bəyan edir: “Gəl ki, indi Söz – təzə, naşı, cavan, cavanlarındır. İ.Həbibbəyli meydanı qeyd-şərtsiz cavanlara verdi... İsa Həbibbəyli özü də elmdə təzə, cavandır, - desəm, qəbahət olmaz; bu günlərdə 65 yaşının tamam olduğunu bildim, 65 yaş qocaman elm üçün nədir ki?! Daim təzəlik-tərlik, olmayan yerdən Söz ehtirası -eşqi-ovu da elə cavanlıq iksirindən doğmurmu!” (18,23)

II. Azərbaycan ədəbiyyat tarixinin müxtəlif dövrlərinin tədqiqi

II.1. Şifahi xalq ədəbiyyatının tədqiqi
“Qədim dövr Azərbaycan ədəbiyyatı: Etnosdan eposadək” dövrünü tam əhatə edən, mükəmməlliyi ilə diqqəti cəlb edən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun X cilddə çap etməyə hazırladığı fundamentallığı ilə seçilən “Azərbaycan ədəbiyyatı tarixi” (3) kitabının işıq üzü görmüş I cildidir. Azərbaycan ədəbiyyatı tarixinin ayrılmaz tərkibi olan folklorşünaslıq ədəbi məsələləri daim maraq dairəsindədir. “Azərbaycan ədəbiyyat tarixi” Azərbaycan folklorunu, şifahi xalq ədəbiyyatının incəliklərini öyrənməsi və tədqiq edilməsi baxımından əhəmiyyət kəsb edir. “Azərbaycan ədəbiyyat tarixi”nin I cildi xalqın mifik yaddaşından süzülüb gələn folklor ənənələrini, şifahi xalq ədəbiyyatının təsnifatını, həmçinin folklor ədəbiyyatına aid növ və janrlarının yeni düşüncə tərzində təqdimi ilə diqqəti cəlb edir. Kitabda əmək nəğmələri, bayatılar, əfsanələr, rəvayətlər, xalq lətifələri, nağıllar, tapmacalar kimi janrların xüsusiyyətlərinə diqqət yetirilmiş, həmçinin lirik, epik, dramatik növ və janrlarının təkamül və təşəkkül xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. “Azərbaycan ədəbiyyat tarixi”nin I cildində aşıq ədəbiyyatı, aşıq yaradıcılığı geniş tədqiq edilməsi ilə diqqəti cəlb edir. Kitabda Qam-şaman kompleksi geniş araşdırılmış, konkret olaraq, qam-şamanın kim olması sualına aydınlıq gətirilmişdir: “qəbilənin müşkülünü həll edən, dolaşığa düşmüş, çətin işini asana çevirən, gələcəkdən xəbər verən, mənsub olduğu ocağı (etnosu) bəd ruhlardan, qorxu və bəlalardan qoruyan, şadlıq yığıncağı təşkil edən, xəstələrə şəfa verən bilici - yol göstərici, idarəedici ruhani xadim idi.” Kitabda dastan yaradıcılığı, dastanın təkamül prosesi, öyrənilməsi tarixi, keçdiyi ədəbi - tarixi mərhələləri, ustad və yaradıcı aşıqlar haqqında məlumatların verilməsi, epos anlayışına aydınlıq gətirilməsi, məhz Azərbaycan ədəbiyyatı tarixinin keçdiyi inkişaf qanunauyğunluqlarının, ədəbi-tarixi qaynaqların ümumtürk kontekstində tədqiq edilməsi sahəsində əvəzolunmazdır.
“Qədim dövr Azərbaycan ədəbiyyatı: Etnosdan eposadək” dövrünü əks etdirən N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatı tarixi” kitabı mükəmməlliyi ilə diqqəti cəlb etsə də, bu dövrü əhatə edən digər əsərlər də mövcuddur. Folklorşünaslıq məsələlərini özündə əks etdirən Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud dastanları və Çağdaş Azərbaycan ədəbiyyatı”, ““Koroğlu” dastanında obrazlar sistemi” və digər monoqrafik tədqiqatlar da özünü göstərmişdir.
F.e.d. Y.İsmayılovanın “«Kitabi-Dədə Qorqud» dastanları və çağdaş Azərbaycan ədəbiyyatı” kitabı «Dədə Qorqud kitabı» və müasir Azərbaycan ədəbi düşüncəsi” (20) kitabının təkrar nəşridir. Kitab həm də müəllifin 2014-cü ildə filologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün müdafiə edilmiş dissertasiyasıdır. Müəllif təkrar nəşr etdirdiyi kitabın adını «Kitabi-Dədə Qorqud» dastanları və çağdaş Azərbaycan ədəbiyyatı” adlandırmışdır. Müəllif tərəfindən kitabın adında və sonra mətndə buraxılmış yanlışlıq kitabın daxilində də özünü göstərməkdədir. “Kitabi-Dədə Qorqud” dastanı dastanlardan ibarət deyil, boylardan ibarətdir. Y.İsmayılovanın “Koroğlu” dastanında obrazlar sistemi” (19) kitabı müəllifin 2003-cü ildə nəşr edilmiş kitabının təkrar nəşri, həmçinin 2002-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə edilmiş dissertasiyasıdır. Yeganə İsmayılovanın «Koroğlu» dastanında obrazlar sistemi” kitabı “Koroğlu” dastanında əksini tapmış obrazları, həmçinin dastanın süjeti tədqiqat obyektinə çevrilmişdir. Quruluşu kimi elmi problemlər müxtəlif tədqiqatların predmeti olmuşsa da, kitabda “Koroğlu” dastanının mətni epik sistem kimi qəbul edilmişdir.
2018-ci ildə Qəzənfər Paşayevin folklor tədqiqatlarına önəmli maraq göstərilmişdir. Azərbaycan ədəbiyyatında iraq türkmanlarının folklorunun toplanması və araşdırılması ilə məşğul olmuş tədqiqatçı Q.Paşayev haqqında Gülxani Pənahın “Şəxsiyyətlə yaradıcılığın vəhdəti” (7) monoqrafiyası diqqəti cəlb edir. “Fenomen bir insan” kimi dəyərləndirilən Q.Paşayevin İraq-türkman, həmçinin Azərbaycan folklorunun gözəl tədqiqatçısı olması, Çağdaş Kərkük ədəbi mühitini, həmçinin, ədəbiyyatşünaslıq fəaliyyətini, dilçi alim və tərcüməçilik sahəsindəki əvəzsiz xidmətləri Gülxani Pənahın “Şəxsiyyətlə yaradıcılığın vəhdəti” kitabında əksini tapır. Kitabda Q.Paşayevin elmi yaradıcılığına nəzər salınmış, onun ədəbiyyatşünaslığın az öyrənilən sahələrinə, həmçinin qarşıya çıxan problemləri qarşılıqlı mədəniyyətlər, ədəbiyyat sayəsində həyata keçirilməsi vurğulanmışdır. Məsələn, Q.Paşayevin İraq türkmanlarının folklorunun incələnməsi, Kərkük folklorunun janrlar sistemini, Türkman folklorunun epik, lirik, arxaik növ və janrlarını hərtərəfli tədqiqi sahəsindəki xidmətlərindən biridir.
2018-ci ildə Ruhəngiz Əliyeva “XX əsrin II yarısı Azərbaycan uşaq ədəbiyyatında epik folklor ənənələri” adlı monoqrafiyası müəllifin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə edilmiş eyniadlı dissertasiyanı monoqrafik şəkildə çap etdirmişdir. Yazılı ədəbiyyata şifahi ədəbiyyatın təsiri kontekstində uşaq ədəbiyyatını izləməyə cəhd edən R.Əliyeva “XX əsrin II yarısı Azərbaycan uşaq ədəbiyyatında epik folklor ənənələri” monoqrafiyasında Azərbaycan uşaq ədəbiyyatının inkişafında XX əsrin ikinci yarısının xüsusi əhəmiyyət kəsb etməsi amilinə toxunmuş, yazarların epik folklora müraciət və istifadə maneralarını elmi-nəzəri təhlil süzgəcindən keçirməyə, epik folklor ənənəsindən sistemli bəhrələnmənin səbəb və mahiyyətini, məqsəd və məramını aydınlaşdırmağa cəhd etmişdir. Monoqrafiyada epik folklor ənənəsindən istifadənin forma və üsulları tədqiq edilmiş, uşaq nəsrində folklor ənənəsindən istifadənin formaları açıqlanmış, folklordan bəhrələnmənin üsul və yollarını, formalarını dövr və şəraitdən, mühitin verdiyi imkanlardan asılı olaraq daim dəyişməyə və yeniləşməyə meyl göstərməsi vurğulanmışdır. R.Əliyeva folklordan mənimsəmənin özünəməxsus formullarının müşahidə olunmasını, bunları a) ayrı-ayrı janrların adının (məsələn: nağıl, əfsanə, rəvayət və s.) əsərin sərlövhəsinə gətirilməsi; b) mövcud nağıl, əfsanə, rəvayət, təmsil, dastan nümunələrinin yeni məzmun və əlavələrlə işlənməsi; c) xalq yaddaşında yaşayan qəhrəmanların, qəhrəman tiplərinin yeni formatda, yeni mühit və zaman müstəvisində ədəbi-mədəni arenaya təqdimi; ç) motiv, hadisə, süjet, epizod səviyyəsində epik folklor ənənəsindən yararlanma; d) xalq ədəbiyyatındakı epik növün formullarından, mətn modellərindən, nitq etiketlərindən istifadə; e) nağıl, əfsanə, rəvayət, təmsil, lətifə və başqa folklor janrlarının doğurduğu assosiativ düşüncədən və onun kanonik sistemindən yeni şəraitə uyğun bəhrələnmə; ə) folklor simvolları, metaforik düşüncə formaları ilə siyasi ideologiyanın müəyyənləşdirdiyi prinsip və mexanizmlərin mahiyyətini sosial sferaya çatdırmaq və s. kimi qruplaşdırmağı məqsədə uyğun hesab etmişdir.

II.2. XIX əsrin sonu – XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının tədqiqi
Azərbaycan ədəbiyyatında XIX əsrin sonunda romantizm və tənqidi realizm epoxası dövrünün izlənilməsində N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Yeni dövr ədəbiyyatı” şöbəsinin əməkdaşlarının kollektiv əsəri olan “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı”, Baba Babayevin “Abdulla Şaiqin nəsr yaradıcılığı”, Asif Rüstəmlinin “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” və “Zirədən başlanan yol (Mirzə Bala Məhəmmədzadənin həyatı, yaradıcılığı və mühiti)”, İslam Qəriblinin “XX əsr Azərbaycan romantizminin tədrisi (Məhəmməd Hadinin publisistikası və poetik tərcümələri əsasında)”, Lütviyyə Əsgərzadənin “Hüseyn Cavid: mühiti və müasirləri” və s. monoqrafik tədqiqatlar ədəbiyyat tariximizin “Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək)” dövrünü ətraflı tədqiq etmələri ilə diqqəti cəlb edir.
“Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı”(6) monoqrafiyası AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Yazıçıların həyatı və yaradıcılığının tədqiqinə yenidən qayıdış” layihəsi əsasında yazılmış həm ilk monoqrafik tədqiqat kimi, həm də Azərbaycan ədəbiyyatı tarixində Ə.Haqverdiyevin həyatı və yaradıcılığını təhlil etməsi baxımından əhəmiyyət kəsb edir. “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” adlı kollektiv tədqiqatda Ə.Haqverdiyevin həyatı və ictimai fəaliyyəti, dramaturgiyası, bədii nəsri, publisistikası, ədəbi görüşləri, sənətkarlığı, bədii nəsrinin dil və üslub xüsusiyyətləri, bədii irsinin tədqiqi məsələləri, dram əsərlərinin nəşri tarixi, elmi-pedaqoji fəaliyyəti və s. haqqında əhatəli elmi məlumat əksini tapmışdır. “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” adlı tədqiqatda ədibin qələmə aldığı əsərlərin janrı ətrafında aparılan elmi mübahisələr, əsərin janrının müəyyən edilməsi diqqəti cəlb edir. Məsələn, “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesinin tədqiqatçılar tərəfindən komediya, yaxud məzhəkə adlanması ilə razı qalınmaması tədqiqatda əksini tapmışdır. Pyesdə dramaturji konfliktin, qəhrəmanın komik olmamasının əsas götürülməsi, pyesin süjetinin ekspozisiyadan finala qədər dramatik olması vurğulanmışdır.
Baba Babayev “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasında Abdulla Şaiqin nəsr yaradıcılığını konseptual şəkildə araşdırır. Yazıçının epik yaradıcılığına aid müxtəlif nəsr əsərlərinin nəşrləri arasındakı fərqləri üzə çıxarmış, janr, metod və digər sənətkarlıq məsələlərinə aydınlıq gətirmiş B.Babayevin 1999-cu il nəşri əsasında hazırlanaraq “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyası müəyyən əlavələrlə yenidən ictimaiyyətə təqdim edilmişdir. “Azərbaycan bədii nəsrini mövzu, janr, tematika, problematika baxımından zənginləşdirmiş, milli epik ənənənin, bədii təhkiyənin istiqamətinə və inkişafına təkan vermiş” A.Şaiqin yaradıcılığa romantizm metodu ilə başlaması, daha sonra isə realizmə meyl etməsi tədqiqatda xüsusi vurğulanmışdır. B.Babayevin “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasında “Məktub yetişmədi”, “Köç”, “İblisin hüzurunda” hekayələri, “İki müztərib, yaxud əzab və vicdan”, “Araz”, “Əsrimizin qəhrəmanları” romanları ilə epik növün klassik nümunələrini yaratmış ədibin hekayə yaradıcılığı, hekayələrində poetik komponentlər, həmçinin yeni tipli povest və romanlar araşdırılmış, povest və romanlarda müəllifin sənətkarlıq məsələlərinə toxunulmuşdur. B.Babayev Abdulla Şaiqin “Köç” əsərinə münasibət bildirməklə, əsərin janrını “səciyyəvi hekayə” hesab etmişdir: “Mütəxəssislər “Köç”ü povest, “Dursun”u isə gah povest, gah da roman adlandırmışlar. Əslində daxili quruluşu, süjeti, obrazların təsvir dairəsi və üsulu ilə “Köç” səciyyəvi hekayədir.” (4,78) Baba Babayevin “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasında toxunulmuş bu problemlər müəllifin yaradıcılığının keçdiyi inkişaf yolunu, onun inkişaf mərhələləri haqqında təsəvvür yaratmağa, ədibin əsərlərinin janr məsələlərinə aydınlıq gətirməyə cəhdləri ilə diqqəti cəlb edir: “A.Şaiqin epik yaradıcılığının nümunəsində Azərbaycan nəsrinin XX əsrin əvvəllərindən tutmuş 60-cı illərə qədər keçdiyi inkişaf yolunu izləmək mümkündür.” (4,9)
Asif Rüstəmlinin fakt və arxiv materiallarına istinad olunaraq qələmə alınmış “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı”(1) kitabı məhz arxiv materiallarına əsaslanması ilə fərqlənir. Kitab C.Cabbarlının uşaqlıq dövründən ömrünün son dövrlərinə qədər olan həyat və fəaliyyətini işıqlandırır. Müəllif C.Cabbarlının 1917-ci ildə yazdığı, lakin ictimaiyyətə təqdim olunmayan, yəni indiyədək tam şəkildə çap olunmayan “Həyat və mübarizə” şeiri haqqında məlumat verməsi təqdirəlayiqdir. A.Rüstəmli şeirin “...siyasi mövqeyi, mübarizə strategiyası mövcud mühitin zəruri amilləri ilə” (1, 28) şərtlənməsini vurğulamışdır:
Budurmu ya mədəniyyət?! Budursa nifrətlər,
Bu canilik, bu riya, yox inanmayın, çəkilin!
Uzaqlaşın, mədəniyyət - əsarət iştə demək,
Sığınmayan ona, hər kəs sığındısa öldü! (1,27-28)
Azərbaycan ədəbiyyatı tarixi üçün əhəmiyyət kəsb edən məqamlardan birinə aydınlıq gətirməyə cəhd etmiş Asif Rüstəmli hazırda mətni əldə olmayan “Bakı müharibəsi” pyesi haqqında mətbuatda yayımlanmış yazılara istinad edərək, “Bakı müharibəsi” pyesinin mövzu və ideologiyası haqqında təsəvvür yaratmağa nail ola bilmişdir. Asif Rüstəmli bu faktı “Bəsirət” qəzetinə istinad edərək qeyd etmişdir: “...Cəfər Cabbarzadənin yeni yazmış olduğu “Bakı müharibəsi” draması mövqeyi-tamaşaya qoyulacaqdır (5 pərdədə, 7 şəkildə).
Həmin faciədə Bakı şəhərində mart hadiseyi-əhəmiyyəsindən sonra müsəlmanlara edilən zülm göstəriləcəkdir.” (1,54-55)
A.Rüstəmli kitabda C.Cabbarlının poeziyasına nəzər salaraq, ədibin “Sevdiyim”, “milli rəmzlərimizin ilk poetik əlifba dərsliyi” (1, 69) hesab etdiyi “Azərbaycan bayrağına” şeirlərini təhlil süzgəcindən keçirir, bir tədqiqatçı kimi şairin poetik irsini dəyərləndirməyə nail ola bilir: “Milli ruhlu Azərbaycan gəncliyinin maariflənməsində, ictimai şüurun oyanışında C.Cabbarlının poetik irsinin əhəmiyyəti danılmazdır. “Sevimli ölkəm”, “Sevdiyim”. “Azərbaycan bayrağına” şeirləri mövzusu, ideya istiqaməti, fonematik səslər sistemi, musiqiyə uyarlığı etibarilə milli himnin yaranması prosesində təməl, mərhələ missiyasını daşıyan layiqli sənət nümunələridir.” (1, 69)
A.Rüstəmlinin “Zirədən başlanan yol (Mirzə Bala Məhəmmədzadənin həyatı, yaradıcılığı və mühiti)” (2) kitabında XX əsrin əvvəllərində yaşayıb yaratmış Mirzə Bala Məhəmmədzadənin həyatı, yaradıcılığı və mühiti geniş tədqiq edilərək ictimaiyyətə çatdırılmışdır. “Gənclər yurdu” (1918) məcmuəsinin redaktoru olmuş və qeyri-leqal Milli İstiqlal Hərəkatına (1920-1923) rəhbərlik etmiş M.B.Məhəmmədzadə ictimai-siyasi xadim, yazıçı, publisist kimi ilk dəfə A.Rüstəmli tərəfindən geniş şəkildə tədqiq edilmişdir. Tədqiqatda Cümhuriyyət dövrünün ilk məcmuəsi və M.B.Məhəmmədzadənin Cümhuriyyət dönəmində fəaliyyəti, gizli istiqlal hərəkatı, keçirdiyi həbsxana həyatı, həbsxanadan sonrakı həyatı, represiyayla üzləşməsi və s. faktların açıqlanmasına cəhdlər özünü göstərməkdədir. Maraqlı məqam odur ki, A.Rüstəmli bütün faktları arxiv materialları əsasında qələmə almasını vurğulayır. Tədqiqatda A.Rüstəmli Mirzə Balanın bədii yaradıcılığına geniş nəzər salmağa nail ola bilmişdir. Ədibin “Qurtuluş” jurnalının 1915-ci il 16 noyabr buraxılışında nəşr edilmiş “Çoban Vəli” hekayəsinin avtobioqrafik səciyyə daşıdığından avtobioqrafik hekayə adlandırmasını vurğulamışdır. “Qurtuluş” jurnalının təşkilatçılığı ilə təşkil edilmiş nəsr nominasiyası üzrə Mirzə Balanın “Çoban Vəli” hekayəsinin qalib gəlməsini vurğulayan A.Rüstəmli, həmçinin C.Cabbarlının poeziya üzrə nominasiyanın qalibi olmasını, hətta həmin əsərin C.Cabbarlının “Qürub çağı bir yetim” mənzuməsinin olmasını qeyd etmişdir.
İslam Qəriblinin “XX əsr Azərbaycan romantizminin tədrisi (Məhəmməd Hadinin publisistikası və poetik tərcümələri əsasında)” kitabı əhəmiyyət kəsb edir. Belə ki, kitabda romantik şair Məhəmməd Hadinin ədəbi irsinin müəyyən qisminin təşkil etmiş elmi-publisistik əsərləri və poetik tərcümələrini nəzərə alaraq, ədəbi-publisistik fəaliyyətinin ilk illəri, həmçinin 1908-1911-ci illər publisistik fəaliyyəti, publisistik fəaliyyətinin son dövrləri ilə yanaşı poetik tərcümələrinə nəzər salınmışdır. Azərbaycan ədəbiyyatı tarixçiliyinin M.Hadi ilə bağlı mərhələsini izləməyə imkan verən kitabda M.Hadinin “Həyat” qəzetinin 23 iyul 1905-ci il 35-ci nömrəsində dərc etdirdiyi “Bəyani-həqiqət” adlı məqaləsi ilə mətbuat aləminə gəlməsi vurğulanmış, daha sonralar isə, yəni 1910-cu ilin axırlarına – Türkiyəyə gedənə qədər “Füyuzat” jurnalı, “İrşad”, “Təkamül”, “Yoldaş”, “Təzə həyat”, “Tərəqqi”, “İttifaq” və “Səda” qəzetləri ilə əməkdaşlıq etməsinə də toxunulmuşdur. İslam Qəriblinin tədqiqat işində Azərbaycan mütəfəkkiri Məhəmməd Hadinin 1905-1920-ci illər Azərbaycan mətbuatı ilə əlaqələrini sistemli şəkildə öyrənməsi, jurnalistika və tərcümə sənətindəki yerini təyin etməsi təqdirəlayiq amal kimi dəyərləndirilməlidir. Müəllif M.Hadinin mətbuat və sənət aləminə gəlişini, “Həyat” qəzeti və “Füyuzat” məcmuəsindəki publisistik və tərcüməçilik fəaliyyətini, “Təzə həyat” qəzetində alim-publisist, həmçinin tərcüməçi kimi fəaliyyətini, “Firdovsi-ilhamat” kitabındakı tərcüməsinə, verdiyi şeir parçalarına münasibətini, “İttifaq”, “Tərəqqi”, “Səda” kimi qəzetlərdə indiyə kimi ədəbi ictimaiyyətə məlum olmayan bir çox elmi-publisistik və tərcümə əsərlərinin üzə çıxarılması, “İqbal”, “Bəsirət”, “Azərbaycan” və digər mətbuat orqanlarında işıq üzü görmüş publisistik və tərcümə əsərlərinin tədqiqata cəlb edilməsi Azərbaycan ədəbiyyatı tarixçiliyi baxımından izlənilməsini təmin edir.
2018-ci ildə Lütviyyə Əsgərzadənin 2015-ci ildə nəşr edilmiş “Hüseyn Cavid: mühiti və müasirləri” adlı monoqrafiyasının təkrar nəşri diqqəti cəlb edir. Onu da qeyd edək ki, mövzu həmçinin tədqiqatçının 2018-ci ildə “Hüsеyn Cаvidin ədəbi məfkurəsi və sənəti dövrünün ədəbi - mədəni, ictimai mühiti kontekstində” mövzusunda müdafiə etdiyi doktorluq işinin əsas mahiyyətlərini də özündə əks etdirir. Lütviyyə Əsgərzadənin “Hüseyn Cavid: mühiti və müasirləri” adlı monoqrafiyasında Azərbaycanın mütəfəkkir sənətkarı H.Cavidin ədəbi məfkurəsi və sənəti dövrünün ədəbi, mədəni, ictimai mühiti kontekstində araşdırılıb təqdim edilməsi Azərbaycan ədəbiyyatı tarixinin Hüseyn Cavidlə bağlı olan məqamını izləməyə imkan verir. Monoqrafiyada H.Cavidin Naxçıvan ədəbi-mədəni – ictimai mühiti və naxçıvanlı maarifçi müasirləri ilə əlaqəsi, ailə və təhsil mühiti, həmçinin, Naxçıvan, Cənubi Azərbaycan, Türkiyə, həmçinin həyatı və fəaliyyətində Gəncə, Tiflis mühiti və ədəbi yaradıcılığının Bakı dövrü, Almaniya səfəri və təəssüratları, Azərbaycanda sovet dövrü ictimai-ədəbi mühiti, bolşevik rejiminin böyük sənətkara ikili münasibəti geniş araşdırılaraq ictimaiyyətə təqdim edilməsi baxımdan monoqrafik tədqiqatın təkrar nəşri Azərbaycan ədəbiyyatı tarixində sənətkarın yaşadığı yolu izlənilməsinə, bu sahədə olan boşluqları doldurmağa yardım göstərir. Məsələn, Hüseyn Cavidin dünyagörüşünün formalaşmasında ədəbi - ictimai mühitin rolunu araşdıran L.Əsgərzadə burada əsas 1860-1900-cu illəri əhatə edən Naxçıvan ictimai, ədəbi-mədəni mühitini, 1892-ci ildə Ordubadda yaradılmış “Əxtər”, üçsinifli şəhər rus-tatar – “Tərbiyə” məktəbi, Hüseyn Rasizadənin, yəni H.Cavidin bu məktəbdə təhsil alması kimi məqamlara aydınlıq gətirmişdir. L.Əsgərzadə Hüseyn Cavidin formalaşmasında ailə mühitinin roluna xüsusi diqqət yetirmişdir.
Hüseyn Cavidin, həmçinin Məmməd Tağı Sidqi, Qurbanəli Şərifzadə, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Xəlil ağa Hacılarov kimi maarifçi müasirlərinin Naxçıvan ədəbi-ictimai mühitində rolları, onların H.Cavidlə əlaqələrini tədqiqi Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələsini izləməyə şərait yaradır. Kitabda H.Cavidə Türkiyə ədəbi-maarifçi mühitinin təsiri, təhsil aldığı İstanbul mühitinin (1905-1910) təsiri araşdırılaraq ictimaiyyətə təqdim edilir. H.Cavidin həyatında böyük rol oynamış Türkiyənin məşhur filosofu Rza Tevfikin rolu da tədqiqatda geniş araşdırılmışdır.
H.Cavidin Türkiyədə “Sirat-i-Müstakim”, “İctihad”, “Edebiyat-ı Umumiye”, “Yeni Kafkasya”, “Yeni Mecmua”da iştirak etməsi faktlarının, həmçinin ədibin yaradıcılığına türk romantiklərinin təsiri amillərinin araşdırılması Azərbaycan ədəbiyyat tarixi üçün maraqlı məqamlardır. L.Əsgərzadə Hüseyn Cavidin yaradıcılığında sovet dövrü ədəbi - ictimai mühitinə də geniş nəzər salmağı bacarmışdır. H.Cavidin bu dövr yaradıcılığının ədəbi tənqiddə birmənalı olmaması, əsasən, iki mərhələni təşkil etməsi vurğulanmışdır. Bu mərhələni 1) 20-30-cu illər və 2) 50-ci illərin ахırlаrındаn sоn dövrə qədər qiymətləndirən L.Əsgərzadə “bu iki mərhələnin birinci mərhələsini Cаvid yаrаdıcılığınа bахışın ziddiyyətli, qərəzli tənqid, ikinci mərhələsini isə, şairin daha çox bu ziddiyyətlərdən, qərəzli tənqidlərdən təmizləmə, arındırma, “bəraət” dövrü hesab” edilməsi faktının açıqlanması Cavidşünaslar üçün maraq doğura bilər.
Sovet dövrü ədəbiyyatının tədqiqinə Təyyar Salamoğlunun Yaşar Qarayevin görüşlərinin tənqidi cəhdlərini xüsusi vurğulamaq olar. Belə ki, 2018-ci ildə çap edilmiş Təyyar Salamoğlunun “Azərbaycan tənqidi realizminin estetikası” kitabında bu tənqid özünü büruzə vermişdir. Xüsusi qeyd etmək istərdim ki, T.Salamoğlunun “Azərbaycan tənqidi realizminin estetikası” kitabı ilk növbədə, mübahisəli məqamları baxımından təəssüf doğurur. Tənqidi realizm anlayışına aydınlıq gətirməyə cəhd etmiş müəllif kitabın ilk fəslində “tənqidi realizm mərhələsi və tipi kimi fərqlənməsinə” toxunaraq yazır ki, “C.Məmmədquluzadə və Sabirin, Sabir satira məktəbinin nümayəndələrinin, bütövlükdə isə “Molla Nəsrəddin”çi sənətkarların yaradıcılığı Azərbaycan sovet ədəbiyyatşünaslığında milli realizmin tam yeni bir keyfiyyət mərhələsi və tipoloji cəhətdən əvvəlki mərhələlərdən köklü şəkildə fərqlənən realizm tipi - tənqidi realizm mərhələsi və tipi kimi fərqləndirmişdir.” (18, 9) Daha sonra isə ədəbiyyatda milli realizmin olmasını qeyd edən T.Salamoğlu “sovet rejimi sosialist realizmini sovet ədəbiyyatının yeganə yaradıcılıq metodu elan edəndə bütün realizm tipləri kimi, tənqidi realizmə də arxa çevirmişdir” (18, 10) iddiasını irəli sürür. Kitabın həmin səhifəsində fikrini təkzib edərək, tənqidi realizm nümunələrinin yaranması faktına toxunur: “sənətin yeganə metodu sosrealizm elan edilsə də, bir çox bədii əsərlər tənqidi realizmin nümunəsi kimi meydana çıxdı.” (18, 10) “Niyə?” sualı ünvanlayan T.Salamoğlu özü bu suala cavab verdikdə, sosrealizmlə yanaşı tənqidi realizmin ədəbiyyatda yaşarlığını qeyd etməsi də, yuxarıda qeyd etdiyi fikirlərlə ziddiyyət təşkil edir: “...sovet rejimi ədəbi cərəyan və yaxud bədii yaradıcılıq metodu kimi tənqidi realizmin tarixə çevrildiyini elan etsə də, ədəbiyyatın immanent qanunları buna müqavimət göstərir, tənqidi realizmin bədii yaradıcılıqdakı yaşarlığını təmin edir.” (18,10) Ş. Alışanlının “sovet ədəbiyyatında 1920-ci illər və 1930-cu illərin əvvəlləri sosialist realizminin təşəkkülü prosesində tənqidi realizm və romantizm yaradıcılıq metodu ilə yazan sənətkarlar” (18, 10) olması faktı ilə razılaşması iddia etdiyi tənqidi realizmə arxa çevrildiyi fikrini təkzib edir.
T.Salamoğlu Yaşar Qarayevin “tənqidi realizmdə “tənqidilik” keyfiyyətinin digər spesifik cəhəti isə odur ki, o əvvələn keyfiyyətə (ayrı-ayrı qüsurları doğuran vahid mahiyyətə, ictimai əsasın özünə) qarşı çevrilir” fikrində “Y.Qarayevin estetik prinsip olaraq tənqidi realizmdəki “tənqidilik”in təbiətini düzgün müəyyənləşdirsə də onun müəllif mövqeyində ifadə olunan məqsədinə aydınlıq gətirərkən sosioloji nöqteyi-nəzərdən ifrata varır” (18, 16) və “Y.Qarayevin tənqid konsepsiyasında yumoristik gülüşə yer” qalmadığı və ədibə görə “tənqidi realizmin estetikasında tərbiyəedicilik funksiyası yoxdur” (18, 19) fikirləri özünü doğrultmur. Belə ki, Azərbaycan ədəbiyyatşünaslığının ən görkəmli nəzəriyyəçilərindən biri olmuş Yaşar Qarayevin araşdırmalarında Azərbaycanda realizmin bir cərəyan kimi inkişaf xüsusiyyətlərinə, «maarifçi realizm»in Azərbaycanda milli şüurun formalaşmasına təsirinə, Azərbaycanda tənqidi realizmin sosialist realizminə keçidi problemlərinə, sosialist realizmin Azərbaycan ədəbiyyatında yaranması və inkişaf özəlliklərinə toxunmuşdur. Xüsusi vurğulamaq istərdim ki, Y.Qarayev ədəbiyyatın ümumi inkişaf qanunauyğunluqlarını əks etdirməyə qadir olan realizmi azadlıq və həqiqət axtarışlarına düzgün və dolğun cavab verən metod və cərəyan kimi dəyərləndirmişdir. Onu da qeyd edək ki, Y.Qarayev XIX əsri Azərbaycan ədəbiyyatının «realizm əsri» adlandırmışdır. Ədib XIX-XX əsrlərdə zəngin inkişaf yolu keçmiş və gerçəkliyin obyektiv hərəkət tendensiyasını müəyyən etməyi qarşıya məqsəd qoymuş realizmin üç mərhələdən keçdiyini və hər mərhələyə uyğun tarixi formada, yəni maarifçi realizmi, tənqidi realizmi, sosialist realizmi kimi meydana çıxdığını xüsusi vurğulamışdır. Yaşar Qarayevin realizmin tip təsnifi ilə mərhələ təsnifinin vəhdət təşkil etdiyini və mərhələ təsnifinin tip təsnifini tarixən də şərtləndirdiyini vurğulamışdır. Y.Qarayev ədəbiyyatımızda realizmin mənşəyini M.P.Vaqif poeziyasından başlandığını, davamını isə M.F.Axundov və M.C.Məmmədquluzadə yaradıcılıqlarında özünü göstərməsini iddia etmişdir. Realizmin təmayül və istiqamət kimi ədəbiyyatımızda nəzmdə formalaşaraq nəsrə keçməsini və təkrar nəsrdən nəzmə keçdiyini, bunun da parlaq nümunəsi kimi M.Ə.Sabir yaradıcılığında yeni zirvə kəsb etməsi amili də Yaşar Qarayev tərəfindən vurğulanmışdır. Prof Y.Qarayev realizmə konkret tərifin verilməsinin qeyri-mümkünlüyünə də toxunmuşdur: «...realizmin özü hər dəfə, hər əsərdə yeni bir xüsusiyyəti ilə göründüyü üçün onun normativ, standart, stereotip tərifini (reseptini) təqdim etmək də qeyri-mümkündür.» (10, 12-13) Y.Qarayev realizmin də rəngarəng olmasını vurğulayaraq, maarifçi realizmə, tənqidi realizmə və sosialist realizminə aydınlıq gətirmişdir.
T.Salamoğlunun Yaşar Qarayevin “Bir sənətkar kimi yazıçının bədii metodunu yalnız yazıçının bir mütəfəkkir kimi dünyagörüşü ilə fərqləndirmək və qarşı-qarşıya qoymaq olar” qənaətindən çıxış edən böyük tənqidçi Sabirin dünyagörüşünün əsasında inqilabi-demokratiyanın durduğunu əsaslandırmaqla onun satirasını “islah üçün tənqid” məramından büsbütün ayırır və ona “kökündən qazımaq, baltanı dibindən vurmaq”, “inkar və rədd etmək üçün tənqid” statusu verir.” (18,100) Qeyd etməliyik ki, prof. Y.Qarayev tənqidi realizmdən sosialist realizminə keçidin vəhdət təşkil edə bilməsi amilinə toxunaraq, bu sintezin ən bariz nümunəsi kimi də Sabir yaradıcılığında özünü əks etdirdiyini qeyd etmişdir. Yaşar Qarayev M.Ə.Sabir yaradıcılığında «tənqidi realizmin bütün ünsürləri özünü ən yüksək sintezdə və vəhdətdə» göstərilməsi amilini də vurğulamışdır. (10, 30) M.Ə. Sabir yaradıcılığında realizmin «saf» tənqidi realizm tipi olmamasını qeyd edən Y.Qarayev realist-satirik poetik bədii təfəkkürdə milliləşmə və xəlqiləşmənin də Sabir yaradıcılığında başa çatmasını qeyd etmişdir. Sabir yaradıcılığında satiranın milli-ictimai şüur və intibah aktına çevrilməsi Y.Qarayev tərəfindən düzgün olaraq dəyərləndirilmişdir. Şairin şeirlərində satiranın ənənəvi inkar formasında özünü göstərmədiyini, «özünüifşa» komik «özünütəsdiq» şəklində göstərməsi Y.Qarayev tərəfindən açıqlanmışdır. Müasir satiranın Sabir mənşəyindən, Sabir yaradıcılığının folklor mənşəyindən qaynaqlandığını iddia edən Y.Qarayev milliləşmə və xəlqiləşməni realist satirik bədii təfəkkürə məxsus hər şeydə, xüsusilə də Sabir poeziyasında başa çatmasını qeyd etmişdir.
Müasir Azərbaycan ədəbiyyatının inkişafına dair 2018-cı ildə çap olunmuş kitabların sırasında N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Tehran Əlişanoğlunun “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun beş ili akademik İsa Həbibbəyli ilə” və aparıcı elmi işçı Lalə Həsənovanın “Çağdaş ədəbi paradiqma: icmallar, məqalələr, düşüncələr” məqalələr toplularını xüsusi vurğulamaq olar. T.Əlişanoğlunun “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun beş ili akademik İsa Həbibbəyli ilə” məqalələr toplusunda Azərbaycan ədəbiyyatının müxtəlif tarixi dövrlərdə inkişaf yollarının problemlərinə toxunulur, bir sıra ciddi elmi tezislər irəli sürülür. Bununla yanaşı, topluda “gənclərin roman axtarışları” janr formasının əsaslandırılma cəhdləri müəyyən etirazlar doğurur. T.Əlişanoğlu topluda qeyd edir: “Müasir Azərbaycan ədəbiyyatında roman janrının mövqeyi qabarıqdır. Müstəqillik dövrünün başlanğıcında janrın böhranından çıxaraq, hazırda roman janrı bütün rəngarəngliyi ilə zamanın sözünü deməyə çalışır. O cümlədən tədqiqat doqquz roman növünü fərqləndirmişdir: Qarabağ mövzusunda müharibə romanları; realist-psixoloji roman; şərti-metaforik roman; modernist-ekzistensial romanlar; tarixi roman; bədii-sənədli nəsr; postmodern roman; gənclərin roman axtarışları; detektiv romanlar. Bu, müstəqillik dövrünün roman təsnifatıdır.” (17, 74) Lalə Həsənovanın “Çağdaş ədəbi paradiqma: icmallar, məqalələr, düşüncələr” məqalələr toplusunuda Anarın “Göz muncuğu”, Aydın Talıbzadənin “Kəpənək modeli. 102”, Zahid Sarıtoprağın “Kül”, Vüsal Nurunun “Prezidentin qızı” və s. əsərlərin geniş təhlili Azərbaycan ədəbiyyatının maraqlı məqamlarını əhatə edir. Məqalələr toplusunda “Müasir Azərbaycan nəsrində postmodern təhkiyə strategiyası (Anarın “Göz muncuğu” povesti əsasında) başlıqlı məqalədə “postmodern təhkiyə strategiyası” (11, 153) anlayışı mübahisəli xarakter daşıyır.

III. Mir Cəlal Paşayev elmi irsinin tədqiqi

2018-ci ildə Azərbaycanda füzulişünaslığın əsasını qoyanlardan biri olmuş görkəmli ədib, alim, pedaqoq Mir Cəlal Paşayevin (1908-1978) elmi irsinə dair bir sıra kitab nəşr edilmişdir. Ötən ildə Mir Cəlaın “Füzuli sənətkarlığı” monoqrafiyasının təkrar nəşr edilməsi təqdirəlayiqdir. Monoqrafiya ilk dəfə 1940-cı ildə Həmid Araslının redaktorluğu ilə “Füzulinin poetik xüsusiyyətləri” adı altında çap edilmişdir. Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyasında müəllif ədibin sənətkarlığının müxtəlif istiqamətlərini, mövzularını tədqiq edərək, füzulişünaslığın sonrakı istiqamət və perspektivlərini müəyyənləşdirməyə nail ola bilmişdir. Monoqrafiya Füzuli sənətinin poetik xüsusiyyətlərinin öyrənilməsini, Azərbaycan füzulişünaslığında şərhçilik məktəbinin əsasının qoyulması, ədibin qəzəllərinin mövzu baxımından elmi təsnifatının verilməsi və kompozisiya quruluşunun araşdırılması, yaradıcılığında dini motivlərin tətbiq edilməsinin və digər Füzuli sənətkarlığı ilə bağlı olan aktual problemlərə işıq salınmışdır. Əsərdə yalnız ədibin özünəməxsus sənətkarlığı deyil, həmçinin klassik Azərbaycan poeziyası nümayəndələri olan Xaqani, Nizami, Nəsimi, Xətai, Həbibi kimi şairlərdən bəhrələnməsi məsələlərinə aydınlıq gətirilərək tədqiq edilmişdir.
Mir Cəlal “Füzuli sənətkarlığı” əsərində şərhçiliklə, yəni dahi şairin qələminə məxsus ayrı-ayrı beytləri şərh etməsi ilə anlaşılmaz olan fikirlərə aydınlıq gətirərək, əsəri dərindən öyrənilməsinə yardım göstərir. “Füzulidə, məsələn, belə misralara rast gəlirik:
Bu qəmlər kim mənim vardır, bəirin başına qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar.
Bu beytdən nə məna çıxır? Mənim qəmlərimi dəvənin başına qoysan, kafir cəhənnəmdən çıxar. Zahirən burada bir məntiqsizlik və anlaşılmazlıq vardır. Dəvənin kafirə nə dəxli? Lakin böyük şair bu beytlə islam dinində məşhur olan bir hadisəyə, fanatik etiqada işarə edir. Bu hadisəyə görə, qiyamətdə kafirlər cəhənnəmdə əzaba məhkum ediləcəklər. Onların bu əzabdan qurtulmaq ümidi yoxdur. Ancaq bir zaman dəvə incəlib iynənin gözündən keçəsi bir vəziyyətə düşəndə, kafirlər, əzab əhli, cəhənnəmdən xilas olacaqdır. Odur ki, şair öz qəmlərinin ağırlığını belə köməkçi hadisələrlə ifadə edir. Guya bu qəmlər o qədər ağırdır ki, dəvənin başına qoyulsa, dəvə incəlib sapa dönər. Mübaliğədir, müəyyən hadisələrlə şərtlənmiş mürəkkəb mübaliğədir.” (14, 138)
Mir Cəlalın Füzuli əsərlərinin janr problematikasına toxunması, qəsidə və qəzəl arasında müqayisə aparması, onların xüsusiyyətlərinin incəliklə izahı, qəzəl janrına üstünlük verməsi və bütün əsərlərinin (istər mənzum, istərsə də lirik əsərləri) əruz vəznində qələmə alınması faktına toxunması da monoqrafiyada diqqəti cəlb edən xüsusiyyətlərdən biridir. Məsələn, “Hədiqətüs-süəda” əsərinin janrını ədib povest kimi dəyərləndirmişdir: ““Hədiqətüs-süəda”nı nəsrimizdə birinci böyük tarixi povest saymaq olar.” (14, 191) Müəllif Füzulinin “Şikayətnamə”sindəki nəsri satirik, “Hədiqətüs-süəda”kı nəsri lirik, romantik nəsrdir, “Şikayətnamə”ki nəsri isə ilk bədii satirik nəsr” kimi təqdim etmişdir.
Bununla yanaşı 2018-ci ildə Mir Cəlal Paşayevin çap olunmayan ədəbi-publisistik məqalələri ilk dəfə küll halında nəşr edilmişdir. Milli Kitabxana Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Azərbaycanın görkəmli şəxsiyyətlərinə dair tanıtım nəşrləri layihəsi çərçivəsində nəşr edilmiş “Mir Cəlal. Publisistika (1926-1977)” (15) kitabı Milli Kitabxananın arxiv fondunda mühafizə olunan dövri mətbuat nəşrlərindən, ölkəmizin digər iri kitabxanalarının zəngin kolleksiyalarından və Dövlət Mədəniyyət və İncəsənət arxivinin fondlarından toplanmış Mir Cəlalın ədəbi-publisistik məqalələri ictimaiyyətə təqdim olunur. Mir Cəlalın 1926-cı ilin iyun ayında Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunmuş ilk publisistik məqaləsi olan “Dinsizlər İttifaqı nasıl çalışmalıdır?” məqaləsindən tutmuş “Məhərrəmlik mövhumatı kimin əsəridir?” (1926), “Azərbaycanda İran mühacirləri” (1927), “Rekonstruksiya devrinin müəllimi” (1931), “Xalqın ürək sözü” (1941), “Gənclərə sözüm” (1958), “Bakı görüşləri” (1967) adlı məqalələrin kitabda əksini tapması təqdirəlayiqdir. Azərbaycan ədəbiyyatı tarixinin ayrılmaz hissəsinə çevrilmiş həmin yazıların toplu halında nəşri ədəbiyyat tarixinin izləməsinə yaxından yardımçı olacaq. Hətta, kitabda ədibin 1920-ci illərdə Türkmənistanın Aşqabad şəhərində çıxan “Zəhmət” qəzetində də bir neçə çap olunmuş məqalələri də yer almışdır. Mövzu problematikası zəngin olan bu publisistik yazılarda ədib dini, maarif işinin problemləri, dərsliklərin natamam cəhətləri, gənclərin mütaliəyə cəlb olunması məsələsi, İranlı mühacirlər, 1940 və 1950-ci illərdə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı dekadaları, 1958-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş Asiya və Afrika yazıçılarının konfransı ilə bağlı xatirələrini əks etdirən məqalələri diqqəti cəlb edir. “Mir Cəlal. Publisistika (1926-1977)” kitabı klassik yazar Mir Cəlalın yaradıcılığını dərindən izləməyə şərait yaradacaq.
2018-ci ildə Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Mir Cəlal (Paşayev Mir Cəlal Əli oğlu): biblioqrafiya”sı (15) da xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, Mir Cəlal haqqında ilk biblioqrafiya 1968-ci ildə Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən, ikinci biblioqrafik göstərici 1998-ci ildə M.F.Axundov adına Milli Kitabxana tərəfindən görkəmli ədibin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq, 2006-cı ildə Azərbaycan Milli Kitabxanası tərəfindən çap edilmiş biblioqrafik göstəriciləri də mövcuddur. Mir Cəlalın 110 illiyi münasibətilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından olan bu biblioqrafiyada ədibin kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, uşaqlar üçün işlədiyi kitablar, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, rəhbərlik etdiyi dissertasiyalar, rus və başqa dillərdə çap olunmuş əsərləri, habelə ədibin həyat və yaradıcılığını əks etdirən bütün nəşrlər xronoloji qaydada qruplaşdırılaraq əksini tapmışdır.
2018-ci ildə nəşr edilmiş Zəkulla Bayramlının “Füzuli... və...” (21) məqalələr toplusunu da Azərbaycanın dahi şairi Məhəmməd Füzuli yaradıcılığının tədqiq edilməsi baxımından Mir Cəlalın Füzuli yaradıcılığının davamı kimi qəbul etmək olar. Klassiklərimizin ənənəsini davam etdirən məqalələr toplusunda M.Füzulinin zəngin bədii irsinə, həmçinin ədəbiyyatşünaslıqda ədib haqqında müstəsna əhəmiyyətə malik olması əksini tapmışdır. Geniş şəkildə tədqiq edilmiş Məhəmməd Füzulinin yaradıcılığı Zəkulla Bayramlının məqalələr toplusunda “Bağdaddan doğan günəş”, “Füzulinin doğum tarixi doğru deyildir...”, “Axundzadə və Füzuli”, “Nigari lirikasına Füzuli təsiri”, “Məcnun - tanrı sevgisi”, “Füzuli “Divan”larının dibaçəsi nəsr örnəkləri kimi” və s. mövzuları əhatə edən məqalələr füzulişünaslıq sahəsində sənətkarın ədəbi irsində əksini tapmış bir çox problemlərə işıq salmış, şairin həyatı, həmişə mübahisələrlə yol açmış doğum tarixi, yaradıcılığı, lirikası, həmçinin “Leyli və Məcnun” poeması haqqında geniş məlumat verilmişdir. Azərbaycan ədəbiyyatı tarixində əvəzsiz mövqeyə malik olan Füzuli yaradıcılığı onun xələfləri və sələflərinə münasibətlə yanaşı, həmçinin M.F.Axundzadə, F.Köçərlinin Füzuli yaradıcılığı ilə bağlı bağlı qaldırdıqları problemlər, apardıqları tədqiqatlara münasibət də diqqətdən yayınmır. Kitaba eyni zamanda daxil edilmiş klassik ədəbiyyatla bağlı “Şah İsmayıl Xətai”, “Sürurinin bir qəzəli haqqında”, “Orta yüzillər mühacir şairimiz Hamidi “Divan”ının yeganə avtoqraf nüsxəsi” kimi bir sıra məqalələrin əksini tapması da Azərbaycan ədəbiyyatı tarixini öyrənilməsi və tədqiq edilməsi sahəsində əhəmiyyətə malikdirlər.

IV. Azərbaycan ədəbiyyat tarixçiliyi və komparativistik tədqiqatlar

Azərbaycan ədəbiyyatı tarixiçiliyi yalnız Azərbaycan ədəbiyyatını tədqiq edən əsərlərlə deyil, həm də xarici ədəbiyyatı, Azərbaycan ədəbiyyatı ilə xarici ədəbiyyatların sintez, qarşılıqlı tədqiqini öyrənməsini də əhatə edir. 2018-ci ildə əvvəlki illərdə müdafiə edilmiş bədii komparativistikaya aid dissertasiya işləri monoqrafik şəkildə çap edilmişdir. Eyni zamanda, komparativistika sahəsinə aid yeni tədqiqat əsərlərinin qələmə alınmaması təəssüf doğurur. M.Həsənlinin “Çingiz Aytmatov: həyat və yaradıcılığı”, Ş.Qurbanovanın “XX əsr Amerika ədəbiyyatı Azərbaycan ədəbiyyatşünaslığında”, X.Zairovanın “Azərbaycan-alman ədəbi əlaqələri müasir filoloji kontekstdə” elmi tədqiqatlarına diqqət yetirmək lazımdır.
Mehman Həsənlinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyasının monoqrafiya kimi nəşri olan “Çingiz Aytmatov: həyat və yaradıcılığı” (12) monoqrafiyası Qırğız yazıçısı Çingiz Aytmatovun (1928-2008) həyat və yaradıcılığının əsas mərhələlərini nəzərdən keçirir. M.Həsənli ədibin yaradıcılığının epoxa xüsusiyyətlərinə, həmçinin qələmə almış olduğu əsərlərinin yazılma səbəblərinə, istinad etdiyi həyat gerçəkliklərinə aydınlıq gətirməyə cəhdləri, həmçinin yazıçının məqalələrində Azərbaycan ədəbiyyatına münasibətinin araşdırılması Azərbaycan ədəbiyyat tarixinin başqa ədəbiyyat tarixi kontekstində öyrənilməsinin bariz nümunəsidir. Azərbaycan və qırğız xalqları ədəbiyyatı kontekstində M.Həsənli Çingiz Aytmatov və müasiri olduğu Azərbaycan yazıçılarının yaradıcılıqlarında oxşar motivlərlə, tipoloji oxşarlıqlarla yanaşı fərqli xüsusiyyətlərin olması amilinə Ç.Aytmatov və İsa Hüseynovun, Ç.Aytmatov və Yusif Səmədoğlu yaradıcılıqlarının müqayisəli təhlilində diqqət yetirməyə nail ola bilmişdir.
Şəhla Qurbanovanın “XX əsr Amerika ədəbiyyatı Azərbaycan ədəbiyyatşünaslığında” monoqrafiyası filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə edilmiş “Amerika ədəbiyyatı Azərbaycan ədəbiyyatşünaslığında” mövzusunda dissertasiyasının kitab şəklində təqdimidir. Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli müasir filoloji kontekstdə araşdırılmış monoqrafik tədqiqatı “Azərbaycan - Amerika ədəbi əlaqələrinə uğurlu töhfə” və “yeni dövrdə Amerikanın görkəmli şair və yazıçılarının həyat və yaradıcılıqlarını sistemli şəkildə öyrənilməsi istiqamətində atılmış ilk addımlardan biri” (16, 4) kimi dəyərləndirmişdir. Ş.Qurbanova monoqrafiyada Amerika ədəbiyyatının dövrləşdirilməsi sistemini təyin etməyə, realizm, modernizm kimi ədəbi cərəyanların nəzəriyyəçi alimlərin tədqiqatlarının və nəzəri müddəalarını Azərbaycan ədəbiyyatşünaslığında təhlil və tənqidini əsaslandırmağa, “Zənci ədəbiyyatı” və ya Afro-Amerikan ədəbiyyatının Azərbaycan ədəbiyyatında tədqiqi sahəsində azlığını nəzərə alması və elmi araşdırılması yollarının perspektivlərini təyin etməyə cəhdləri diqqəti cəlb edir.
Xanım Zairovanın “Azərbaycan-alman ədəbi əlaqələri müasir filoloji kontekstdə” (8) monoqrafiyası isə müəllifin 2014-cü ildə müdafiə edilmiş namizədlik işinin nəşridir. Monoqrafiyada ədəbiyyatşünaslığın ən aktual problemlərinə nəzər salınmış, Azərbaycan-alman ədəbi əlaqələrinin tarixini, inkişaf istiqamətlərini, müvafiq tərcümə təcrübələrini, tipoloji oxşarlıqlarını və s. tədqiq edir. Müəllif Azərbaycanda alman ədəbiyyatının öyrənilməsi mərhələlərinə diqqət yetirərkən Azərbaycan ədəbiyyatşünaslığında alman klassiklərinin həyat və yaradıcılıqlarına dair tədqiqatları, klassik alman ədəbiyyatı və Azərbaycan ədəbiyyatı nümunələrindəki tipoloji oxşarlıqları, Mirzə Şəfinin qələmə alınmış şeirlərinin F.Bodenştedt tərəfindən özününküləşdirilməsi faktlarını tədqiq etmişdir. F.Şiller və C.Cabbarlı, Y.V.Höte və H.Cavid, F.Bodenştedt və M.Şəfi kimi ədiblərin yaradıcılıqlarındakı tipoloji oxşarlıqlara aydınlıq gətirməyə çalışmış müəllif M.Şəfi yaradıcılığının tədqiq istiqamətini üç qrupda müəyyənləşdirməyi təklif edir. X.Zairova ədəbiyyatşünaslıqda mövcud olan mübahisələrə aydınlıq gətirməyə cəhd etmiş, hətta bəzən tədqiqatçıların məsələlərə ikili mövqedən yanaşdıqlarını da açıqlamağa cəhd etmişdir. Məsələn, K.Zundermeyerin 1930-cu ildə yazdığı “Fridrix Bodenştedt və “Mirzə Şəfi nəğmələri”” əsərində nəğmələrdəki alman meylindən bəhs etmiş, nəğmələrin tərcümə edilməsi faktına toxunmuş, digər tərəfdən isə şeirlərin M.Şəfinin improvizator qabiliyyəti ilə yarandığını vurğulamaqla ikili mövqedən çıxış edilməsi faktı qabardılmışdır.
Azərbaycan elmi dairələrin 2018-ci ildə komparativistikaya aid marağın bir qədər zəif olması fonunda gürcü türkoloq alimi, akademik Elizbar Cavelidzenin “Ruhi Bağdadi” (həyatı, dünyagörüşü, lirikası) əsəri xüsusi maraq doğurur. Bu əsər Azərbaycan dilinə çevrilərək ictimaiyyətimizə təqdim edilmişdir. Monoqrafiyada Azərbaycan şairi R.Bağdadi yaradıcılığı ətraflı şəkildə ilk dəfə tədqiqata cəlb edilir, sufilik və hurifilik təriqətlərinə münasibət bildirilir. Kitabda türk mədəniyyətinin rolunun məhdudlaşdırılması kimi səhv tezislərlə üzləşirik: “Orta əsrlərin türk yaradıcı düşüncəsi elm aləmində dərin iz buraxmamışdır.” Monoqrafiyada müəllifin həmçinin türk ədəbiyyatı tarixinin inkişaf dövrünə XVIII əsrdə nail ola bilməsi faktını arqumentlərlə təsdiqləməyə cəhd etməsi təəssüf doğurur: “Doğrudur, türk tarixi ədəbiyyatı, professor Cerqi Cikiyanın qeyd etdiyinə görə, özünün inkişaf dövrünə XVII əsrdə nail oldu.” (5, 19) Ancaq monoqrafiyada XVI əsr türk poeziyasının “qızıl əsr” hesab edilməsi faktı da müəllif tərəfindən vurğulanmışdır. E.Cavelidze qeyd edir: “XVI əsr divanının çoxsaylı şairləri arasında yalnız bir neçəsi gözəl və həqiqi yaradıcı olaraq bizə yararlı ola bilər. Belə ki, onlar müasirlərindən yüksəkliklərə qalxdılar və özlərinin dəsti-xətti ilə türk milli koloritini əks etdirən bir sıra əsərlər yaratdılar.” (5, 31) R.Bağdadinin həyat və yaradıcılığını tədqiq etmiş E.Cavelidze Ruhi Bağdadinin “orta əsrlərin türk divan qəzəlinin ən yaxşı ustadları arasında layiqli yer” (5, 195) tutmasını vurğulayır, daha sonra isə yenə fikrini təkzib edərək ədibin “poetik aləmdə yenilik və nəsə orijinal bir şey tətbiq” (5, 193) etməməsini vurğulayır. Bu da gah orijinal bir şey tətbiq etməyən ədib kimi, gah da ədibin “Tərkibəndi”nə üç yüzdən artıq nəzirə yazılmasını vurğulaması qeyd edən müəllifin Ruhi Bağdadi yaradıcılığına lazımi qiymət verməməsi kimi dəyərləndirilməlidir. E.Cavelidze Ruhi Bağdadinin 17 bənddən ibarət olan, mefailü, mefailü failün vəznində qələmə alınmış “Tərkibənd”i haqqında fikri müəllifin fikirlərində ziddiyyətli olmasına dəlalət edir: “Üç əsr ərzində bu şeirə üç yüzdən artıq nəzirə yazılıb, lakin heç bir şair Ruhi Bağdadinin yüksəkliyinə qədər ucala bilmədi.” (5, 197)

Nəticə

2018-ci il Azərbaycan ədəbiyyat tarixçiliyini izləyərkən diqqəti cəlb edən bir sıra aktual problemlərin özünü qabarıq şəkildə göstərməsinin şahidi oluruq.
İlk növbədə, diqqəti cəlb edən problem elmi varisliyin izlənilməməsidir. Tənqid adı altında digər alimlərin elmi tədqiqatlarını inkar və əsassız olaraq səhv bəyan edilməsi artıq tendensiya formasına çevrilməyə başlamışdır. Məsələn, Təyyar Salamoğlunun “Azərbaycan tənqidi realizminin estetikası” monoqrafiyasında elmi varisliyin izlənilməməsi Yaşar Qarayev yaradıcılığında özünü qabarıq şəkildə göstərmişdir.
İkinci problem, 2018-ci il Azərbaycan ədəbiyyat tarixçiliyini izləyərkən diqqəti cəlb edən amil ədəbiyyat tarixinin müxtəlif tarixi dövrlər baxımından tam şəkildə tədqiq olunmamasıdır. Ən çox tədqiq edilən folklorşünaslıq, XIX əsrin sonları - XX əsrin əvvəllərini əhatə edən yeni dövr ədəbiyyatı və müasir dövr ədəbiyyatının tədqiq edilməsi təqdirəlayiq hadisə olsa da, tədqiq edilən ədəbiyyat tarixi dövrlərinin azlığı təəssüf doğurur. Əvvəlki illərdə Orta əsr ədəbiyyatı geniş tədqiq edilməsinə rəğmən, 2018-ci ildə orta əsrlər dövrünə diqqətin azalması özünü göstərmişdir. Folklorşünaslığın geniş tədqiq edilməsi həm ayrıca Folklor İnstitutunun, həm də N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən “Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr” şöbəsinin tədqiqatlarının nəticəsidir. Orta əsr ədəbiyyatına, Sovet dövrü ədəbiyyatına, Mühacirət ədəbiyyatına, mətnşünaslıq problemlərinə toxunan kitab və monoqrafiyaların sayı azlıqla xarakterizə olunur. Müasir Azərbaycan ədəbiyyatı isə əsasən, Yazıçılar İttifaqının qəbul etdiyi sanballı yazar və şairlərin yaradıcılığını tədqiq etməsi, yəni tanınmış ədiblərin yaradıcılığına xüsusi diqqət yetirməsi ilə nəzəri cəlb edir.
Üçüncü problem, 2018-ci il Azərbaycan ədəbiyyat tarixçiliyi əsasən, əvvəlki illərdə namizədlik və doktorluq dissertasiyaları müdafiə etmiş müəlliflərin tədqiqatlarının kitab şəklində nəşr edilməsi, həmçinin əvvəlki dövrlərdə nəşr edilmiş kitab və monoqrafiyaların təkrar və başqa ad altında nəşr edilməsinin say baxımından çoxluğu da diqqəti cəlb edir. Bu təqdirəlayiq olsa da, Azərbaycan ədəbiyyatı tarixini izləmək baxımından yeni monoqrafiya və kitabların azlığı təəssüf doğurur.
Dördüncü problem, ideoloji xarakter daşıyır. 2018-ci ildə gürcü türkoloq alimi, akademik Elizbar Cavelidzenin “Ruhi Bağdadi” (həyatı, dünyagörüşü, lirikası) əsəri Azərbaycan dilində nəşr edilmişdir. Əsər xüsusi maraq doğursa da, kitabda Azərbaycan və ümümtürk ədəbiyyatına qarşı qəsid buraxılmış mənfi elmi tezislər təəssüf doğurur. “Ruhi Bağdadi” (həyatı, dünyagörüşü, lirikası) əsəri N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə Azərbaycan dilində nəşrinə məsləhət bilinmişdir. Lakin, kitabda Azərbaycan və ümümtürk mədəniyyətinin rolunun alçaldılmasına, Azərbaycan və ümümtürk ədəbiyyatı tarixinin inkişaf dövrünə XVIII əsrdə nail ola bilməsi tezislərinə dair münasibət bildirilməmişdir. Bu tip kitabların Azərbaycan dilində nəşri zamanı onlara tənqidi xarakter daşıyan ön sözlərin hazırlanmasına zəruriyyət yaranmışdır.

Ədəbiyyat:
1. A.Rüstəmli. Cəfər Cabbarlı və milli istiqlal hərəkatı. Bakı-2018. 192 s.;
2. A.Rüstəmlinin “Zirədən başlanan yol (M.B.Məhəmmədzadənin həyatı, yaradıcılığı və mühiti). B. 2018. 280 s.;
3. Azərbaycan ədəbiyyat tarixi. 10 cilddə, I cild. Bakı - 2018, 1064 s.;
4. B.Babayev. “Abdulla Şaiqin nəsr yaradıcılığı. Bakı - 2018. 152 s.;
5. E.Cavelidze. Ruhi Bağdadi (həyatı, dünyagörüşü, lirikası). Bakı - 2018. 210 s.;
6. Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı (Kollektiv). Bakı - 2018. 332 s.;
7. G.Pənah. Şəxsiyyətlə yaradıcılığın vəhdəti. Bakı - 2018. 176 s.;
8. X.Zairova. Azərbaycan-alman ədəbi əlaqələri müasir filoloji kontekstdə. Bakı - 2018. 216 s.;
9. İ.Həbibbəyli. Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri. Bakı - 2018;
10. Y.Qarayev. Realizm: sənət və həqiqət. Bakı - 1980. 258 s.;
11. L.Həsənova. Çağdaş ədəbi paradiqma: icmallar, məqalələr, düşüncələr. Bakı - 2018. 274 s.;
12. M.Həsənli. Çingiz Aytmatov: həyat və yaradıcılığı. Latviya, Riqa - 2018. 164 s.;
13. Mir Cəlal (Paşayev Mir Cəlal Əli oğlu): biblioqrafiyası /tərt. ed.: M.Vəliyeva, M.İbrahimova; layih. rəhb. Ə.Qarayev; elmi red. K.Tahirov; məsl. Ş.Axundov; red. G.Səfərəliyeva. Bakı - 2018. 496 s.;
14. Mir Cəlal. Füzuli sənətkarlığı. Bakı - 2018. 348 s.;
15. Mir Cəlal. Publisistika (1926-1977) / Layih. rəh. Ə.Qarayev; elmi məsl. N.Cəfərov; tərt. və elmi red. K.Tahirov; ön sözün müəl. E.İmanbəyli; red. və çapa haz. Ə.İsmayilova, V.Həsənova. Bakı - 2018. 416 s.;
16. Ş.Qurbanova. XX əsr Amerika ədəbiyyatı Azərbaycan ədəbiyyatşünaslığında. Bakı - 2018. 216 s.;
17. T.Əlişanoğlu N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun beş ili akademik İsa Həbibbəyli ilə. Bakı - 2018. 128 s.;
18. T.Salamoğlu. Azərbaycan tənqidi realizminin estetikası. Bakı - 2018. 184 s.,
19. Y.İsmayılova. “Koroğlu” dastanında obrazlar sistemi. Bakı - 2003. 176 s.;
20. Y.İsmayılova. «Dədə Qorqud kitabı» və müasir Azərbaycan ədəbi düşüncəsi. Bakı - 2011. 368 s.
21. Z.Bayramlı. Füzuli... və... Bakı - 2018. 330 s.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: