2019-cu il oktyabrın 28-də
AMEA Nəsimi adına Dilçilik İnstitutunda
Türk dilləri şöbəsinin təşkilatçılığı ilə
tanınmış dilçi-türkoloq alim,
filologiya elmləri doktoru, professor
Məhəbbət Mirzəliyevanın anadan olmasının
70 illik yubileyinə həsr olunmuş
“Azərbaycan dilçiliyinin aktual problemləri”
mövzusunda respublika elmi konfransı keçirilib.
AMEA Nəsimi adına Dilçilik İnstitutun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
dosent Təranə Şükürlü ZiM.Az-a bildirib ki,
Konfrans çərçivəsində alimin nəşr edilmiş
əsərlərindən ibarət sərgi də təşkil olunub.
Tədbiri AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açaraq Məhəbbət Mirzəliyevanın həyat və elmi fəaliyyətindən danışıb. Bildirilib ki, Məhəbbət Mirzəliyeva “Müasir Azərbaycan dilində felin məna növləri və həmhüdud kateqoriyalar” mövzusunda namizədlik, “Türk dillərinin frazeologiyasının nəzəri əsasları” mövzusunda isə doktorluq işini müdafiə edib.
O, 1993-1996-cı illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Humanitar siyasət şöbəsində məsləhətçi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının Humanitar və ictimai elmlər şöbəsinin rəisi vəzifələrində çalışıb.
Məhəbbət Mirzəliyevanın Dilçilik İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrini icra etdiyini xatırladan akademik M.Nağısoylu onun yüksək biliyə, elmi-təşkilati bacarığa və zəngin həyat təcrübəsinə malik olduğunu söyləyib.
Akademik tədqiqatçı alimin Azərbaycan dilçiliyi, xüsusilə də türkologiya sahəsində “Müasir Azərbaycan dilində felin növləri və həmhüdud kateqoriyalar”, “Oğuz qrupu türk dillərində əvəzlik”, “Oğuz qrupu türk dillərində modal sözlər”, “Türk dillərinin frazeologiyasının nəzəri problemləri” kimi mühüm əsərlər ərsəyə gətirdiyini deyib.
Sonra Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla çıxış edərək Məhəbbət Mirzəliyevanın dilçiliyin problemləri, o cümlədən türkologiya sahəsində önəmli tədqiqatlar apardığını bildirib, alimlə bağlı xatirələrini bölüşüb.
Tədbirdə, həmçinin professor İsmayıl Kazımovun “Məhəbbət Mirzəliyevanın fəaliyyətinin çoxşaxəliliyi”,
dosent Qətibə Mahmudovanın “Məhəbbət Mirzəliyevanın elmi irsi” və dosent Şəbnəm Həsənlinin “Məhəbbət Mirzəliyevanın ömür yolu” mövzusunda məruzələri dinlənilib.
Konfransda Türk dilləri şöbəsinin müdiri filologiya müdiri fəlsəfə doktoru Elçin İbrahimov çıxış edərək alimin türkologiya ilə bağlı tədqiqatlarının Azərbaycan elmi üçün ən qiymətli nümunələri olduğunu bildirib.
Daha sonra alimin ailəsi adından qardaşı Yaşar Mirzəliyev çıxış edərək konfransın təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.
Konfrans öz işini “Məhəbbət Mirzəliyeva şəxsiyyəti və dilçilik görüşləri”, “Müasir Azərbaycan dilinin tədqiqi məsələləri”, “Türk filologiyasının aktual problemləri”, “Ümumi və nəzəri dilçilik məsələləri”, “Dil tarixi və dialektologiya” və “Ortaq türkcə: əlifba, imla, termin” bölmələri ilə davam etdirib.
Hüsniyyə ÇOBANOVA,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.