QƏLƏMİN SƏSİ RUHUN PIÇILTISIDIR

QƏLƏMİN SƏSİ RUHUN PIÇILTISIDIR (Tələt Özərin “Şehr-i Mümteni” adlı şeir kitabına bir neçə kəlmə)

Tələt Özəri (Talat Özer) Elazığ şeir axşamları məclislərində görmüşdüm. O, həmişə Azərbaycandan şeir bayramına qatılan iştirakçıların yanında olardı. 2012-ci idi. Çox gənc idi, məncə, hətta liseydə oxuyurdu. Fasilə zamanı onun şeirə aşiqliyini hiss etdik (amma məclisin fasilədən sonrakı davamında həmin gənc öz şeirini oxudu, həm də bizə oxuduğunu yox, başqa birini). Uzun xahişdən sonra bir şeir söylədi, “Oğlum, lütfən, birini də de” – dediyimiz də yadımdadır. Oxudu.

- Kimin şeirləridir.
- Hərdən özüm də yazıram.


O vaxtdan onun şeirlə baş-başa qaldığını bilirdim. Ona görə də bu gün onun klassik nəfəsdə yazdığı şeir kitabı rastıma çıxanda təəccüblənmədim. Şeirlərində novatorluq aradım. Yəni, illər öncə rastlaşdığım bu gənc oğlanla indi tələbə, üstəlik ədəbiyyat, kültür və sənət dərgisi “Telmih”in baş redaktoru olan gənc arasında fərq varmı, yenilik həvəsini dünyanın havası dəyişməyib ki?!
Kitabı ortadan açdım və qarşıma “Dua” adlı şeir çıxdı:

Ruhumun boşluğunu elmlə doldur,
Diləyimi bilirsən, ya Rəbbim.
Hüzurla oldur.
Dünya bir gün bitəcək yoldur,
Şeirlə yaşatdın, Rəbbim,
Şeirlə də öldür.

Yox, elə mənim tanıdığım, hələ bir az da ötəsi olan Tələt Özərdir. Əlimdəki kitabın əvvəlki səhifəsinə qayıtdım. Hər biri cəmi 4-5 sətirlik hekayətlər. Maqarlı göründü – şeirlərin texnikası, üslubu, vəzni, mövzusu məni özünə çəkdi.
Hekayətləri oxuduqca Tələt bəyə ürəyimdə pıçıldadım ki, “oğul, bu dünya özü bir hekayət deyilmi?” Bu hekayətlərin rəngi, ahəngi, düzəni, baxışı, sözü-sovu ayrı-ayrı olsa da, doğanağı birdir. Tələt bəyin yazdığı hekayətlərin poetik obrazları dalğın dalğalar sirrinə sığınan balıqlar, torpağın qaranlıq bağrına işıq toxuyan hörümçək, mavi yelqovan quşu, ... nəhayət, bir şəhərin hekayəsinə dönüşən lirik “mən”dir. Obrazların hər birinin öz yaşam mücadiləsi, dünyanı rəngbərəng nura boyayan varolma fəlsəfəsi var, həm də fitrətən yaranışından.

QƏLƏMİN SƏSİ RUHUN PIÇILTISIDIR Tələt Özərin “Şehr-i Mümteni” kitabına topladığı şeirlərini ilk olaraq adi poetik nümunə kimi qarşılayırıq. Oxuyub kənara qoyar-qoymaz səni düşündürür və əl atıb götürüb yenidən oxuyursan. Amma bu dəfə sətirlər arasında başqa estetik düzüm görür, məna dərinliyinə enirsən. Lirik “mən” nə demək istəyir?! – deyə şeirin ritmini tutmağa çalışırsan. Yox, yenidən başa qayıtmaq lazımdır. Çünki bir neçə sətirdən sonra başqa bir fəlsəfənin təsirinə düşdüyünə hiss edirsən. Klassik ədəbiyyatda olduğu kimi. Belə şeirlərə hikmətlərdən maya tutmuş poeziya deyilir.
Şeirlərin vəzni sərbəst görünsə də, klassik bir üslubla rastlaşdığını da təkrar mütaliədə görürsən. Yəni, əslində sadə görünən bu şeirlərin alt qatları çoxdur, həyatın özü kimi rəngbərəng,
Tələt Özərin zəngin mütaliəsi ilə rastlaşırıq. Misralar arasında onun həm klassik ədəbiyyata, həm də müasir poeziyaya bələdliliyinin şahidi olursan.
Misal olaraq: “Lisan-ı sus” şeirinin beş sətirlik nöqtə vergülsüz bir bəndini sonacan oxuyursan, bir içim su kimi, toprağı öpən şeh kimi. Hər sətrin sonunda rənglər, ahənglər dəyişsə də, estetik bir tablo səni özünə bənd edir:

Əllərimin əski çağına
Şahid olmadı heç kimsə,
Gözyaşını duzla sildim anqanın.
Barmaqlarımda zümrüd çiçəklədi
Kədərinə sığal çəkdim Şahməranın.
Lirik “mən”in həyatının gecə-gündüzünü bir-birinə qovuşduran əski günləri, anqanın (Simurqun) göz yaşından göyərən həyat (onun yox olarkən yenidən doğuluşu) və mifoloji Şahməranın kədər tablosu (əfsanəsi). Biri-birilə hisslər üzərində çulğalasan poetik etüdlər. Yalnız şair hünəri bu eskizləri çəkə bilər, həm də hər kəsi öz rəngində, öz halında. Əslində yuxarıda dediyimiz kimi, bu sətirlərdə Tələt bəyin ədəbiyyat zövqü ilə tanış oluruq. Və ya həmin şeirin ikinci bəndinə nəzər salaq:
Tənhalıq dilini bilən qumrular
Danışdı mənimlə,
Günahı yox qağayıların
Kıtmiri xatırlayıb
Mən susdum.
Dalğalara həmdəm olan qumrularla baxışları danışan, 300 il uyuyan Kıtmiri göz önünə gətirərək qağayılarda (martılara) günah axtarmayan lirik “mən”in susqunluğunda da obrazların xarakterik cizgilərini görürük. Yenə də əfsanəvi sonluq.
Bu cür obrazlar silsiləsinə Tələt bəyin şeirlərində sıx-sıx rastlaşırırq və ya belə deyək ki, şairin bu kitabına topladığı şeirləri müxtəlif məzmun və hadisələr silsiləsi olsa da, ilk fikrimizə qayıdıram: bir doğanaqdan sıyrılan lövhələr – etüdlər.
Nədən bütöv məzmuna malik şeirlər yox, etüdlər adlandırırıq? Çünki Tələt Özərin “Şehr-i Mümteni” kitabına topladığı şeirlərin hamısı, xüsusən birinci bölmədəki şeirləri sanki bütöv bir mənzərəni tamamlayacaq etüdlərdən ibarətdir. Böyük bir həyat tablosunu yaradacaq eskizlərdir. Amma bu eskizlərin hamısının fəlsəfəsi, sirli hekayəti və dünyəvi taleyi var.

Tələt Özərin istedadı ədəbiyyat dünyasında qəbul ediləcək, bəyəniləcək mənzərəni yarada bilmişdir. Mayasını klassikadan, rəngini göylə yerin arasında nur kimi sayrışan damcılardan alınan şüalardan və təbiətin bütün canlılarının susqun ahəngindən götürmüş poeziya kəhkəşanı.
Şeirlərinin sirr anlamını “Mənə dünyanın dilini öyrətmədilər” – deyən Tələt Özər özü açır: susqun poetik baxışları ilə. Düzünü deyim ki, ilk olaraq “Mənə dünyanın dilini öyrətmədilər” fikrinin bir el deyimi olduğunu düşündüm. Uşaq yaşlarımda 100 yaşlı ata nənəmin hərdənbir, “Ay bala, bu dünyanın dilini kim bilir ki?!” - deyə gümüldədiyini xatırladım. Kitabın son səhifəsini tamamlayanda bu ibratəmiz ifadənin sahibi elə Tələt Özərin olduğunu dərk etdim.

Şeir kitabının ilk bölümünə müəllif 13 adda şeirlərini toplamışdır: “Şehr-i Mümtenî”, “Lisan-ı Sus”, “Heçlər məkanı”, “Üsküdarın dərdi”, “Bir İsaq quşu xəyalı”, “Qış dilemması”, “Məczubun ölümü”, “Billur imgəzan”, “Asılmış vaxt”, “Göydə bir toy var”, “Güzgü sirri”, “Vuslat-ı Visal”, “4 iyun gözəlləməsi”.
Şeirlərinin başlığlarına belə əski sözlər, hətta kənd-kəsəklərimizdə işlətdiyimiz qədimi (arxaik) sözlər seçmişdir. Maraqlı baxışdır. Və bu şeirlərin sirr axarında kitabın fəlsəfi-estetik qayəsinin yerin-göyün yeddi qatından naxışlandığına inandım.
“Səs, sus və müəmma” – bölməsinə topladığı 14 şeirindən birini təhlil etmək istədim. Dünyanın görünüşünü xatırladan “nar” motivi – “Nar” şeirini. Dünyanın qoynunda sayı bilinməyən sirlər var. Narın bağrına sığınan saysız dənələr kimi. Amma Tələt Özərin şeirində nar obrazını yox, narın hikmətli tablosunu – fəlsəfə dilini görürük:

Babam getdi az öncə
O gündən bu günə
Çiçero səssizliyi
Şəkli
yoxmu, deyərsən
var
Amma
insan
xatirələrdə bir səs axtarır.

QƏLƏMİN SƏSİ RUHUN PIÇILTISIDIR Əslində, müəllif kitabını bütövlükdə “Şeirin şüurunu iliklərimə hopduran rəhmətlik babam Məhmət Ozərin əziz ruhuna həsr olunmuş” – deyə yazmışdır. Tələt Özər şeirin estetikasını, ruhi doğuluşunu, insanın iç dünyasında göyərib iliklərinə işləyən səbəbini genetik kod kimi də dəyərləndirir.
Dünya, Səs və İnsan. Bunların sirrini nar obrazı ilə eyniləşdirmək poetik inam tələb edir. Tələt Özər qələminə və özünün şeir qəlbinə inanan şairdir.
“Səs, sus və müəmma” bölməsinə daxil etdiyi şeirlərinin (“Zaman”, “Sirr”, “Şimal”, “Obraz”, “Nar”, “Yuxu”, “Dua”, “Mərsin”, “Dost”, “Usta”, “Axşamçağı”, “Yaradan”, “Vida”, “Kəklik”) poetik cizgilərinə nəzər salaq, – bir mənzərəni tamamlayacaq etüdlərə, – “dəniz rəngli axşam”, “səsinlə geydirdin xəyal donunu”, “kipriklərimə kilidlənən pəncərə”, “suyun dilini çözdüm səninlə”, “isitdiyin bir göz dili”, “budaqları eşqin əmrində olan ceviz ağacı” və s. Bu sətirlər, düşüncələrin açarı olan misralar səs və susqunluğun obrazını yaradacaq müəmmalar yox, onun sirlər aləminə açar olacaq duyğulardır.
Eyni notlardan bir neçəsini “Telmih risalə”sindən də götürdüm: “gözlərimi demirəm, baxışlarımın vərəqlərini”, “çağrılsın Süleyman diliylə qar qanatlı ala leyləklər”, “oyan oyandır özünü”, “bürünmə boz dumanın cürük maya səssizliyinə”, “gözləri açıq yuxuları varsa insanın gördüyü röyası yalandır”, “baharın öncə gözləri, sonra yaz yağışının islatdığı kiprikləri” müjdələməsini və s.
Sözün dilini gözəl bilən Tələt Özər dünyanın dilini anlamaq amacındadır. Şairlik uzun yoldur. Hər addımda kəşflərlə dolu yoldur. Müəllifin dostluq-yoldaşlıq, bölmək-bölüşmək haqqında düşüncələri də günümüzün ehtiyacı olan məsələlərdəndir.

“Dost” şeirindən –
Bir işığı iki yerə paylaşdıq səninlə,
Birimiz aydınlaşdıq, birimiz qaraldıq.
Eyni tozu daşıdı ayaqlarımız,
Eyni yağmurda hüzün bizə qar oldu
Bir çörəyi böldük səninlə,
Yarısı sübh kimi təzə, yarısı ötən gün kimi boyatdı.
Eyni dildə danışdıq başqa şəhərdə,
Ömrümüzün novruzu qəzəldimi, yoxsa bayatımı?!

“Telmih risaləsi”nə gəlincə: Azərbaycanda Elazığ adı gələndə, ilk olaraq göz önünə vətəndən vətənə getsə də, ölüncə içində bir qürbət hissi yaşadan Almas İldırım gəlir, onun Azərbaycan ünvanlı həsrət dolu, dərd yüklü, yanğılı misraları gəlir.
Bugün onun doğum günüdür
Nerdə məni gül qoynunda doğuran?
Хəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə, layla balam, çağıran…
Azərbaycan, mənim baхtsız anam oy!
Neçə bir yıl həsrətinlə yanam oy!..

Neçə illərdir ki, daha dəqiq desəm, 24 il ard-arda şeir şölənlərinin mərkəzinə çevrilmiş, ruzgarları belə sevgi nəğmələri pıçıldayan Elazığ şəhəri, onun əsrarəngiz təbiəti, kükrəyən çayları, Keban möcüzəsi, nəhayət bağrının başını “Uluslararası Xəzər şeir axşamları”na” məskən edən kiçik Xəzər gölü və daha bir çox nişangahları olan Elazığ bütün türk dünyasının sevimli yurduna çevrilib.
Bu günlərdə ilk nüsxələrini əlimə aldığım – Bakıda nəşr etdirdiyim “Elazığ – dünəndən bu günə beynəlxalq Xəzər şeir axşamları” kitabına yazdığım “Ön söz” düşüncələrimdən bir neçə sətri bölüşmək istəyirəm: “Uluslararası Xəzər Şeir Axşamları” ədəbi məktəbində böyüyən, forma¬laşan Elazığ gəncliyi istedadlı şair Tələt Özər bəyin baş redaktorluğu ilə “Telmih” adlı (dərgi) ədəbiyyat, kültür və sənət yoluna çıxdılar. İki ildir ki, türk xalqları ölkələrinin qələm adamları ilə birgə inamlı, cəsarətli bir meydan şeir – sənət meydanı qurublar”.
“Telmih”in ilk sayına belə bir sərlövhə “Xatırla gəl, ədəbi yâd edəlim; xatırla gəl, ədəbiyyat edəlim!” epiqraf seçmişdi.
2012-ci ildə Elazığa Yunus Emrə anısına düzənlənən “Uluslararası Xəzər şeir axşamları”na gəlmişdik. Heç 15 yaşı hələ tamam olmamış məktəbli bir gəncin şeir oxuması hələ də gözlərim önündədir. Onun hazırcavablığı, fitri istedadı, lirik şeirləri, üstəlik o şeirləri gözəl bir ahənglə oxuması, - bütün unuda bilmədiyim tablolardır. Iş elə gətirdi ki, ondan sonra daha iki il də Elazığa dəvət aldım: Yəhya Kamal Bayatlı və Əmir Əlişir Nəvai anısına keçirilən “Uluslar¬arası Xəzər şeir axşamlarına”. Sonrakı səfərlər zamanı Tələt Özər bizə yaxınlaşar yaxınlaşmaz onu tanıdım.
Azərbaycan, Özbəkistan, Qazaxıstan, Makedoniya, Qırğızıstan, İraq, İran, Türkmənistan, Kosovo, Qaqauz eli, Kabarda-Balkar, Krım, Kipr, Bolqarıstan, Başqırdıstan, Çuvaşiya, Qaraçay – Malkar, Kabarda – Balkar, Qərbi Trakya, Monqolustan, Tatarıstan, Rusiya (Moskva), Tiflis (Gürcüstan), Dərbənd (Dağıstan), Suriya və s. ölkələrdən gəlmiş qo¬naqlar elə ilk dəqiqələrdən biri-biri ilə doğmalaşırdılar, yüz ilin dostları kimi. Çünki buradakı söhbətin mövzusu şeir, poezi¬ya idi. Mən inanıram ki, “Uluslararası Xəzər şeir axşamları” Elazığda mükəmməl bir şeir məktəbi yaratdı. Ədəbi gəncliyinə təsiri nə dərəcədə oldu, bu məclisdən öyrəndikləri nə oldu, hansı dərsi aldılar? Budur, babadan şeirin şüurunu iliklərində duyan Tələt bəyin həmin məktəbdə şeirin geniş üfüqlərini seyr etməsi.
“Telmih risaləsi”nə qayıdıram: “dinlə, duy və dinlə” – epiqrafı ilə açılır.
Heç bir şərh etmədən “Telmih” memuarından bir parçanı qələmin səsi ilə dinləyirəm!:

Anlamaq və anlatmaq
istənilən bir söz varsa
Əbədiyyətin gizlin
əlvan bağçasında
Çeşmələri çağlamaqdan
yorulmayan
Çiçək tozlanmasına
şahid olmayan
Barmaqlarınla gözlə
dəysin
gələcəyə ötürüləcək
Bir ovuc cəsur söz.

Dadlı bir bal məsəlidir
arıların rəqsindəki
gizli razılaşma
Dinlə, duy və dinlə
Hüzur yoxuşunu
qaçaraq çıxan
qələmin özüylə

Dinlə, duy və dinlə
Kübar bir qonaq kimi
qayna-qarış
Hərfi hərfə calayan
Telmih risaləsinə

Tələt bəy, yoxuşun yorulmaz, sözün tükənməz, qələmin ruhumuzun sığalı olsun!

Almaz Ülvi BİNNƏTOVA
Filologiya elmləri doktoru

ZiM.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: