Zəlimxan Yaqub poeziyasında Qarabağ mövzusu

Zəlimxan Yaqub poeziyasında Qarabağ mövzusu Mərziyyə Nəcəfova,
Filologiya elmləri doktoru, dosent


Azərbaycan xalqının böyük oğlu XX əsr şeirimizin yadda qalan, parlaq simalarından biri, Zəlimxan Yaqub zəngin və özünəməxsus yaradıcılığı, ictimai fəaliyyəti və əsl vətənpərvər millətçi,Azərbaycan sevdalı,vətəndaş-ziyalı obrazı ilə xalqın və ədəbiyyatımızın əbədi yaddaşına həkk olunmuşdur.O, türk dünyasının əvəzsiz nəğməkar şairi, ozanı, xüsusi intonasiyaya malik natiqi, sağlığında Azərbaycanın ən tanınmış, görkəmli şəxsiyyətlərindən dəyərli qiymət alan bəlkə də yeganə şairidir. Haqqında yüzlərcə məqalələr yazılmış, yaradıcılığı türk dünyası tərəfindən dəfələrlə dəyərləndirilmişdi. Yüzlərcə müdrük şəxsiyyətlərin “O,haqq vergisidir, fitri istedaddır, tanrı vergisidir” dediyinin şahidi olmuşuq. O, səsinin tonuna görə bütün şairlərdən fərqlənmiş, üzünü görmədən , imzasını bilmədən çox asan və qürurla hər zaman “Bu Zəlimxan Yaqubdur” deyə bildiyimiz şairdir. Yalnız şairliyi ilə deyil fəlsəfi fikri ilə də yadda qalıb, seçilib, sağlığında nəyinki qəbul olunub, həm də sevilib. Zəlimxan Yaqub sazla sözün vəhdətini yaradıb, saza, sözə olan sevgisi ona ən uca zirvələri fəth etməyə yardımçı olub. Zəlimxan Yaqub xalqla bağlı olan, yaradıcılığını folklora kökləyən , şifahi ədəbiyyatımızın incəliklərindən bəhs edən şair idi.

Zəlimxan Yaqub
1950-ci il yanvarın 21-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirmiş, sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində ali təhsil almışdır. O,1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab-pasajı” adlı kitab dükanında satıcı,baş satıcı,şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan könüllü kitabsevərlər cəmiyyətində təbliğat şöbəsində redaktor,şöbə müdürü vəzifələrində fəaliyyət göstərmişdir. Zəlimxan Yaqub 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor,şöbə müdürü vəzifəsində çalışmışdır. Zəlimxan Yaqub 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. Zəlimxan Yaqub yaradıcılığı ilə paralel olaraq dövlət işlərində də yaxından iştirak etmişdir. O, Respublika prezidenti yanında əfv və bağışlama komissiyasının üzvü, Azərbaycan-Türkiyə və Azərbaycan-Gürcüstan parlamentlərarası komissiyasının üzvü olmuşdur. Azərbaycan nümayəndə heyyətinin tərkibində Çin,Səudiyyə Ərəbistanı,Almanya,İran,İraq,Türkiyə ölkələrində Məhəmməd Füzulinin andan olmasının 500 illiyi münasibəti ilə İraqda-Kərbəlada, “Manas” dastanının 1000 illiyi münasibəti ilə Qırğızıstan-Bişkekdə olmuşdur.
Yaradıcılığında aşıq poeziyasından bəhrələnən Zəlimxan Yaqub 2008-c il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.
Zəlimxan Yaqub sağ ikən sayılıb-seçilən şairlərdən biri olub. Və çoxsaylı əsərləri ona mükafatlar qazandırmışdır. O, 1995-ci ildə “Məmməd Araz” ədəbi mükafatını,”Şair harayl”, “Vətən yaraları”, “Sizi qınamıram” və “Ziyarətin qəbul olsun” kitabına görə “H.Z.Tağıyev” adına mükafatına (1995) layiq görülmüşdür. Şair eyni zamanda “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif edilmişdir. (1995). 2005-ci ildə isə “Azərbaycan xalq şairi” adına layiq görülmüşdür.
Zəlimxan Yaqub yalnız türkdilli xalqlar arasında deyil,avropa ölkələrində də uğurlar əldə etmişdir. 5 oktyabr 2012-ci ildə xalq şairi Zəlimxan Yaqub qazandığı mükafatlar sırasına birini də əlavə etdi. Amerika Birləşmiş ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosasiyası xalq şairini fəxri diplom və medalla təltif edib.
Onu da qeyd etmək lazımdır ki,iki ildə bir dəfə Türk dünyası yazarları arasında bir nəfərin təltif olunduğu mükafata da Azərbaycanda da ilk dəfə layiq görülən Zəlimxan Yaqub olmuşdur. Bu mükafat Ankaradakı Türk Dünyası araüşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq ödül komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycan xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət şeir mükafatı idi.
Zəlimxan Yaqub dəfələrlə fəxri üzvülüklərə də layiq olunmuşdur. Onun Türk dünyasına sevgisi qiymətləndirilmişdir. Belə ki, şair 2005-ci il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk dünyasına hizmət” mükafatına layiq görülərək, həmin Akademiyanın fəxri doktoru seçilib.
2010-cu ildə Zəlimxan Yaquba Gürcüstan-Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə görə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adı verilmişdir.
Zəlimxan Yaqub 1977-ci ildə Kəpənəkçidə Sahibə adlı bir qızı sevmiş və elə o illdə də ailə həyatı qurmuşdur. Zəlimxan Yaqubun iki oğlu (Bəhlul və Şəhriyar) və iki qız övladı (Günay və Aygün) dünyaya gəlmişdir.



Yaradıcılığı.
Zəlimxan Yaqubun yaradıcılığı Azərbaycan ədəbiyyatının ən yadda qalan inciləridir.
“...Zəlimxan Yaqubub çağlayan lirikası ana vətənin, müstəqil Azərbaycanın yeni dövrünün mənalı və düşünülmüş poetik tərcümeyi-halından ibarətdir. Zəlimxan yaqub müstəqilllik uğrunda mübarizənin kəsməkeşli hadisələrini sadəcə müşahidə etmir,o, daim irəli baxır, işığa döğru yol gedir, oxucularını da var gücü ilə bu günə və sabaha inam duyğuları üstündə kökləməyə çalışır. “ Dur ayağa məmləkətim”, “Qələbə”,” kəlbəcərdən gələn qarı”, “Əsgər qardaşıma məktub”- deyə haray salan şairin böyük qələbəyə inamı da böyükdür; “Layla, Xocalım layla”, Bu gecə yuxuma girmişdi Şuşa”, “Şəhid qanı” və s. şeirlərində müstəqilliyin çətin və şərəfli yollarını bacarıqla əks etdirmişdirş”. (1. Həbibbəyli İsa. Ədəbi-tarixi yaddaş və müasirlik, Bakı: Nurlan,2007, s.394)
Zəlimxan Yaqub “şeirlərində müstəqilliyin çətin və şərəfli yollarının poetik tarixini,bədii salnaməsini yaratmışdır. “Qalmaz” rədifli şeirində Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlərə,haqsızlığa,ədalətsizliyə,məşəqqətə və müsibətə sərt münasibət bildirmiş,haqqın zəfər çalacağına, “nahaq qan yerdə qalmaz” düşüncəsinə sarsılmaz inamını ifadə etmişdir.
Sınar dağların beli, bu qədər ah götürməz,
Adı insan olan kəs belə günah götürməz,
Yerdə bəndə götürsə, göydə Allah götürməz,
Qəm yemə dəli könlüm,nahaq qan yerdə qalmaz.

Zəlimxan Yaqubun “Qoruya bilmədik məzarınızı” şeiri dərin yanğı,peşmanlıq, günah hissi ilə qələmə alınmışdır. Şeir ricətlə başlayır: “Molla Pənah Vaqifin, Xan qızı Natəvanın, Aşıq Ələsgərin, Dədə Şəmşirin, Sarı Aşığın müqəddəs ruhları! Sizin qarşınızda günahkarıq.Siz günahımızdan keçsəniz də, Allah bizi bağışlamayacaq. Qoruya bilmədik məzarınızı”. Şeirdə şairin “hər şeyi qoruduq” ifadəsi öz antitezalarını yaradır. Əgər ismət və namus qorunmursa,hərraca qoyulursa, o zaman nəyin qoruyucusu sayılırıq? Şairə görə, bir insan,bir xalq,bir millər şərəfini,qeyrətini,namusunu qoruya bilmirsə, heç nəyini qoruya bilməz. Əlacsız qalan şair Vaqifi,Sarı Aşığı, Xan qızı Natəvanı, Ələsgəri, Dədə Şəmşiri haraylayır:
Haraya uçdunuz əllərimizdən,
Hayana saldınız güzarınızı?
Qoruya bilmədik məzarınızı!!!
Ümumiyyətlə, Z.Yaqubun şeirlərində qəhrəmanlıq ovqatı, düşmənə meydan oxuyaraq onu təhdid edən qəhrəman obrazı hər zaman aktuallıq kəsb edir. Yalnız şəhidlik və Qarabağ probleminə həsr olunmuş şeirlərdə deyil, ümumiyyətlə onun bütün poeziyasında çılğın poetik ruh, müsbət enerji, emosional xarakterin ifadəsi aparıcı mövqedə olub. Bu şeirlərdə isə şair Vətənin dar günündə köməyi kənar qüvvələrdə axtarmır. Onun azadlığını, torpaqlarımızın bütövlüyünü millətin ağlında, mərdliyində, qəhrəmanlığında arayır, onun özündə görür:
Sən baxma ki, bəxtinə şər dalınca şər çıxır,
Bir ölənin yerinə meydana min ər çıxır,
Böyük xalqın yoluna böyük ölümlər çıxır!
Bu ölməz həqiqəti düşün bircə anlığa,
Ana Vətən, hazırlaş böyük qəhrəmanlığa (2, 65)
Z.Yaqub yaradıcılığının poetikasını şərtləndirən cəhətlərdən biri də onun yaratdığı və bütün yaradıcılığı üçün xarakterik olan sevgili Vətən obrazı, problemlərə optimist münasibət, həyatın hər anında və hər məqamında məna və gözəllik görmək bacarı¬ğıdır. Şairin yaradıcılığında demək olar ki, çox az hallarda qəmli notlara rast gəlirik. Onun bütün şeirlərində vətən övladlarına aşılanan mübarizlik ovqatı qəhrəmanlığa, igidliyə çağırış əzmi var. Onun əsas qənaəti budur: Şəhidlərin ruhu Azərbaycanın sabahına açılan işıq pəncərəsidir. Z.Yaqubun qəhrəmanlıq poeziyası şəhid ruhuna birbaşa müraciətlərlə zəngindir. Bu xüsusiyyətin özü də onun yaradıcılığının xarakterik naxışı, çaları olmaqla bərabər ruhların ölməzliyi inancını bir daha təsdiqləmiş olur:
Şəhid ruhu! Sən bizi əsgər elə, ər elə.
Ovxarla duyğumuzu, təzə saxla, tər elə.
Çağır müqəddəsliyə, xalqı səfərbər elə,
Dalğalan başım üstə haqqın bayrağı kimi! (2, 67)

Bəşəriyyət tarixində həmişə işıqla qaranlıq, xeyirlə şər çarpışmada, dialektik ziddiyyətdə olmuşdur. Şəhidlər haqq-ədalət, tərəqqi, vətənsevərlik cəbhəsində vuruş¬duqlarına görə tarix və xalqın yaddaşında əbədilik həkk olunurlar. Əbədiliyin yeganə yolu mərdanəlik, qəhrəmanlıq, əqidə, inam cəbhəsində vuruşmalardan, müba¬rizə¬lərdən keçir. Şəhidlər müqəddəs mənəvi dəyərlər uğrunda həlak olduqları üçün məzarları ziyarətgaha, and yerinə çevrilir, özləri isə xalq arasında əfsanələşirlər, müqəd¬dəs¬ləşirlər. Bu fikirlər Z.Yaqub poeziyasının ideya-məzmun qatının əsas xəttini təşkil edir. Şair “Səslərin görüşü” poemasında şəhid anasına müraciətlə:
Şəhidin son qisməti
Gülləyə hədəf olmaq!
Şəhidin xoşbəxtliyi
Tarixə şərəf olmaq! (2, 88)

- deyərək bütün sualların cavabının “Şəhidin yaratdığı Qanla yazılan kitab!”da olduğu qənaətini bölüşür.
Xalq şairi Z.Yaqubun şeirlərində şəhidlik, qəhrəmanlıq problemi həm də siyasi çalar qazanır, daha qlobal müstəviyə adladılaraq təhlilə cəlb edilir. Bu şeirlərdə qəddar düşmənin yırtıcı xislətinə qarşı nifrətin ifadəsi ilə yanaşı, şəhidlərin torpağa bağlılığı, onların ləyaqətinin uca tutulması və qəhrəmanlı-ğından doğan güclü pafos aparıcı mövqeyə malikdir. Şəhid oğlunun yasında şair ata Xəlil Rzanın çıxışı Z.Yaqubun qəlbini riqqətə gətirir. Bu dəfə də onun poetik qəhrəmanı şəhid atasının mənəvi əzmkarlığını göylərə qaldırır:
Oğlun ölə, sən kədərin ayağına enməyəsən,
Çırağını söndürələr, sən yenə də sönməyəsən,
İlqarından, imanından, məsləkindən dönməyəsən,
Bu qüdrətə qıyanlara Allah özü versin cəza,
Çıxış edir Xəlil Rza! (2, 57).
Ümumiyyətlə, Z.Yaqubun şeirlərində qəhrəmanlıq ovqatı, düşmənə meydan oxuyaraq onu təhdid edən qəhrəman obrazı hər zaman aktuallıq kəsb edir. Yalnız şəhidlik və Qarabağ probleminə həsr olunmuş şeirlərdə deyil, ümumiyyətlə onun bütün poeziyasında çılğın poetik ruh, müsbət enerji, emosional xarakterin ifadəsi aparıcı mövqedə olub. Bu şeirlərdə isə şair Vətənin dar günündə köməyi kənar qüvvələrdə axtarmır. Onun azadlığını, torpaqlarımızın bütövlüyünü millətin ağlında, mərdliyində, qəhrəmanlığında arayır, onun özündə görür:
Ağıl - düşmən qəlbinə sərrast dəyən güllədir,
Mərdlik - düşmən üzünə tərs açılan şillədir,
Milləti qaldırmağa hər tabut bir pillədir!
Sən baxma ki, bəxtinə şər dalınca şər çıxır,
Bir ölənin yerinə meydana min ər çıxır,
Böyük xalqın yoluna böyük ölümlər çıxır!
Bu ölməz həqiqəti düşün bircə anlığa,
Ana Vətən, hazırlaş böyük qəhrəmanlığa (2, 65)
Onun əsas qənaəti budur: Şəhidlərin ruhu Azərbaycanın sabahına açılan işıq pəncərəsidir. Z.Yaqubun qəhrəmanlıq poeziyası şəhid ruhuna birbaşa müraciətlərlə zəngindir. Bu xüsusiyyətin özü də onun yaradıcılığının xarakterik naxışı, çaları olmaqla bərabər ruhların ölməzliyi inancını bir daha təsdiqləmiş olur:
Şəhid ruhu! Sən bizi əsgər elə, ər elə.
Ovxarla duyğumuzu, təzə saxla, tər elə.
Çağır müqəddəsliyə, xalqı səfərbər elə,
Dalğalan başım üstə haqqın bayrağı kimi! (2, 67)
Ömrü boyu dünyaya sözün gözü ilə baxan Zəlimxan Yaqubun “Bir əli torpaqda, bir əli haqda” şeirlər toplusuna şarin 7 poeması daxil edilmişdir. Bu poemalardan altısı – “Zəlimxan qarğışı”, “Rəsul Həmzətova məktub”, “Allahım, mənə bir ağsaqqal yetir”, “Azərbaycan oxusun”, “Ey vətən oğulları”, “Sizi qınamıram” epik poemaları Qarabağ mövzusundadır. Sözün görən gözü, eşidən qulağı, yeriyən ayağı olduğunu deyən şair özünün poemaları haqqında belə yazır: “Hamı kimi mənim də ömrümün son illərində şeirlərim, poemalarım “Qana bələndi”, sözlərimdən qan iyi gəldi. Yadlar gəldi, yağmaladı torpağımızı. Ulularımızın məzarı kafir tapdağında inlədi. Azərbaycan adlı bir məmləkət başdan-başa şəhidlər qəbiristanına çevrildi. Qoşmalar, təcnislər, lirik şeirlər yazan Zəlimxanı zaman birdən-birə odun-alovun içinə atdı: “Sizi qınamıram”, “Şair harayı”, “Ey vətən oğulları!”, “Dur ayağa məmləkətim”, “Bu gecə yuxuma girmişdi Şuşa” kimi əsərlər şair qəlbinin iniltisin¬dən, zamanın diqtəsindən yarandı.
Bu gün qarşımızda acı bir həqiqət dayanıb. Əgər tezliklə millətin Qarabağ dərdinə, Şuşa və Laçın ağrısına, Xocalı göynəyinə dərman tapa bilməsək, sözün gücü, qələmin qüdrətiylə xalqı ayağa qaldırmasaq, intiqam hissiylə alışıb “qana-qan” deməsək, min belə kitab yazsaq da, xalqın və zamanın qarşısında gözükölgəli qalacağıq. Yazılan hər əsər, nəşr olunan hər kitab bizə dostumuzu və düşmənimizi aydın və sərrast tanıt¬malıdır. Haqqımızı almaq, istiqlalımızı qorumaq üçün qolumuzdan tutulmalı, bizə düzgün istiqamət, aydın yol göstəril¬mə¬lidir. Zəngəzurda, Göyçədə, Təbrizdə, Dər¬bənddə, Borçalıda başımıza gələn¬lər bizə böyük dərd olmaqla yanaşı, həm də ciddi ibrət dərsi olmalıdır” (2, 6-7).
Qarabağ problemlərini diqqət mərkəzində saxlayan Zəlimxan Yaqubun istedadı keçən əsrin 90-cı illərindən sonra daha da yetkinləşir. Gərgin və məhsuldar yaradıcı¬lıqla məşğul olan şairin poemalarında onu düşündürən, doğma xalqının başına gətirilən faciələr böyük həyəcanla qələmə alınmışdır. Müasir dövrün hadisələri və xalqımızın Qarabağ müharibəsində məğlubiyyəti, ermənilərin arxasında duran qüvvələr şairin irihəcmli, geniş məzmunlu epik poemalarının əsas təsvir predmet¬ləridir. Məsələn, şairin “Ey vətən oğulları” poeması nə üçün səciyyəvidir? Epik-lirik təəssüratlamı, yaxud şairin coşğun hiss və həyəcanları iləmi? Şübhəsiz ki, bunlar yerli-yerindədir. Lakin şairin lirik dərketmə dairəsi epik hüdudlar çərçivəsindədir. Poemanın hər beytində onun fikir və hissləri sıx vəhdət təşkil edir. Bu vəhdətin qırılmaz birliyindən ibarət olan poetik obraz poemanın dinamik və emosional epik təhkiyəsini daha da genişləndirir. Əsər ilk misralarından şairin vətən oğullarına müraciəti ilə başlayır:
Ey vətən oğulları!
Çalın zəfər zəngini,
Bu torpağın səsinə, sorağına çevrilin!
Yandırın işıqları yurdun kəhkəşanında,
Gözümüzün nuruna, çırağına çevrilin!

Son nöqtəsi qoyulsun kədərin də, yasın da,
Analar saç yolmasın oğulların yasında.
Eşqiniz rəngə dönsün rəssamın fırçasında,
Şairin qələminə, varağına çevrilsin! (2, 441)
Sona qədər Vətən oğullarına müraciət davam edir. Şair poetik təsvirə cəlb etdiyi Vətən oğullarını qələbəyə səsləməklə bərabər, onlara cəsurluq, qəhrəmanlıq hissləri aşılayır. Z.Yaqubun yaratdığı bu obraz – Vətən oğulları Qarabağ uğrunda canını fəda etməyə hazır qəhrəman kimi oxucuya təqdim olunur. Əsərin hər bəndində fikir və hisslər aləmi, onların bir-biri ilə çulğalaşması o qədər güclüdür ki, şair poemanın sonuna kimi bu gücü, pafosu qoruyub saxlayır. Şair poemada yeri gəldikcə tarixi yad¬daşı silkələyir, doğma soydaşlarına Qarabağ üçün bu qədər səbr, dözüm göstərmə¬lərinə təəssüflənir.

Dözüm çox yaxşı şeydi, onun da bir həddi var,
Səbir çox yaxşı şeydi, onun da sərhəddi var.
Bu xalqın yaddaşında
Bir görün neçə-neçə qanlı 37-i var!
Bizi kimlər gətirdi göylərin qəzəbinə,
Dözməyin bir millətin bu qədər əzabına! (2, 443).
Poemada vətən oğullarını Qarabağsız, Laçınsız, Şuşasız qalmamağa və bu torpaq¬ları düşməndən geri almaq üçün polad, dəmir, daş kimi möhkəm olmağa, milləti daha sıx birləşməyə səsləyir:
Qılınc ol, polad ol, dəmir ol, daş ol,
Ağlama, sızlama, kövrəlmə, millət!
Yaxınlaş, doğmalaş, sıxlaş, dəmirləş,
Dağılma, sökülmə, seyrəlmə millət!
Təbrizsiz qalmağa öyrəndin, millət!
Dərbəndsiz qalmağa öyrəndin, yetər,
Göyçəsiz qalmağı öyrəndin, yetər,
Şuşasız qalmağa öyrənmə, millət!
Laçınsız qalmağa öyrənmə, millət!
Vətənsiz qalmağa öyrənmə, millət! (2,34)
- deyərək haray salır, yatanları oyatmağa çalışır.
Son yüzillikdə xalqımıza qarşı törədilən kütləvi qırğınların hər biri erməni daşnaklarının əli ilə edilib. Prof.Yaşar Qarayev yazır: “…əslində məhz erməni ekspon¬sionizminə haqq qazandırmaq ilə uydurulmuş daşnaq atributu olan, lakin “islam və türk faktoru” adlanan mifin adı ortaya gələndə, istinasız bütün sinfi və sosial qüvvələrin mübarizə və ideya platformasında erməni ekstremizmi ilə sövdə¬ləşmə, sazişi, ittifaq üçün zəif nöqtələr, məqamlar, hallar tapılıb. Daha doğrusu, Azərbaycanda Milli ideyanın hər hansı təzahürünə qarşı, milliyətindən asılı olmayaraq, bütün şovinist qüvvələr həllinə əlbir və müştərək hərəkət etmişlər (3, 367). Bu səbəbdən də şair oxucusunun yadına 1920-ci ilin aprelini salır, vətən oğullarına yaxın tarixdən ibrət dərsi almağı məsləhət bilir:
Səndən ayrı saldılar Atillanı, Meteni,
Taladılar torpağı, dağıtdılar vətəni!
Türk sözü deyən kimi kəsdilər nəfəsini,
Səndən ayrı saldılar Atatürkün səsini!

Zəlimxan Yaqub “Ey vətən oğuları!” poemasında bədii sözün bütün imkanların¬dan məharətlə istifadə etməyə çalışmışdır. Buna görə də şairin müraciətləri quru və ritorik çıxmır, əksinə, canlı, dərin mənalı çağırış xarakteri daşıyır. Şairə görə, Qarabağ prob¬leminin mənbəyini hamımız bilməliyik. Qarabağdan ötrü yalvarış fəlsəfəsindən, təvəkkül etiqadından əl çəkib bütöv, məğrur, qalib, cəsur Azərbaycan olmalıyıq:
İyirminci əsr səni yaraladı.
Neçə yerdən tikələdi, paraladı.
İyirmi birin qarşısına ürəyində yara getmə!
Gələn günə, gələn əsrə bütöv yeri, para getmə!
Sən mənimçün canda nəfəs, nəfəsdə can olmalısan,
Təbrizin də, Dərbəndin də, Borçalının, Göyçənin də,
Qaynadığı, qovuşduğu,
Xatalardan, balalardan, zərbələrdən sovuşduğu,
Qırx milyonun yumruq kimi birləşdiyi,
Qırx milyonun bir ürəyə yerləşdiyi,
Bütöv, məğrur, qalib, cəsur,
Azərbaycan olmalısan!
Azərbaycan olmalısan! (2, 457)
Onu da qeyd etməliyik ki, bu poemaların hər biri yalnız müəllifinin epik poema janrının hüdudları çərçivəsində Qarabağ probleminə və müharibəyə münasibətini ifadə etmir, həm də cəmiyyətin və onun hər bir fərdinin ümumiləşdirilmiş düşüncə¬lərini əks etdirir.
Şair poemalarının birini “Sizi qınamıram” adlandırır. Əslində qınaq, etiraf, tövbə və töhmət hisslərinin ifadəsindən ibarət olan bu poemanın leytmotivini milli birliyə çağırış təşkil edir.
Qəlbi vətən eşqi ilə döyünən şairə bu əsərini Xocalı dərdi, Şuşa əzabı, Laçın ağrıları yazdırıb. Poemada haray nə qədər güclüdürsə, giley, şikayət, ağı da bir o qədər effektlidir. Şair acı və dərdlərini Atillaya, Pənah xana, Şəhriyara, Cavad xana, Babəkə, Qazan xana söyləyir. Sanki bu yolla onların ruhlarından güc, qüvvə, dayaq almağa çalışır:
Vaxtında yumasaq günahımızı,
Goru çatlayacaq babalarımın,
Sultan bəy Laçından baş qaldıracaq!
Pənah xan Şuşanın qalası boyda.
Bizim başımıza yağdırmaq üçün
Qaya uçuracaq, daş qaldıracaq!
Yerin ağırlığı, göyün ləngəri,
Sıxıb xıncım-xıncım əzəcək bizi.
Çox əllər tutacaq çox yaxalardan,
Ruhlar addım-addım gəzəcək bizi! (2, 35)
Poemanın poetik qəhrəmanı əsasən tarixə üz tutur. Göyçənin, Zəngəzurun, Ağba¬banın, Çəmbərkin, Qafanın, Mehrinin, Şuşada Vaqifin məqbərəsinin, Nəvvabın naxışlarının düşmənin tapdağına çevrildiyinə yanıb-yaxıldığını etiraf edir. Tarixi abidələr, tarixi şəxsiyyətlər müəllifin təhkiyəsində Qarabağ torpağının simvolu, möhtəşəmlik və müqəddəslik rəmzi kimi sərgilənir.
Gözünü yumanda Göyçə mahalı,
Gözünü açanda Zəngəzur gedir!
Ağbaba talanıb, Çəmbərək yanıb,
Qafanımız gedib, Mehrimiz gedib.
Nəcəfin belində qaynar samavar,
Sənətimiz gedib, sehrimiz gedib!
Vaqifə məqbərə tikib Qarabağ,
Məzarı düşmənin tapdağındadı!
Qan düşüb Nəvvabın naxışlarına,
Gözü xilaskarın sorağındadı! (2, 123).
Poema yalnız hisslər, duyğular, nidalar selinin bədii təşkilindən ibarət deyil. Baxmayaraq ki, bütün bunlar poemanı xüsusi pafosla, xüsusi patriotik ovqatla yükləyir. Amma şair daha çox oxucuya Vətənin düşdüyü ağır vəziyyəti xatırladır, onun tarixinin poetik dillə bir-bir vərəqləyir, xalqının övladlarını düşməndən qisas almağa çağırır. Epik tutuma malik lirika “Sizi qınamıram” poemasının da bədii forma xüsusiyyətlərini şərtləndirən amillərdən birinə çevrilir. Şairin epik qəhrəmanı zəmanənin həyat həqiqətlərinə ayna tutmuş, bunları olduğu kimi, müfəssəl şəkildə oxucuya təqdim etmişdir. Zəlimxan Yaqubun yazdığı bu poema zamanın həqiqətləri¬nin idealizəsi baxımından da qiymətlidir:
Hər kəs öz yerini tanımalıdı,
Xalqın sözü birdi, fikri qətidi.
Qəbul etsəniz də, etməsəniz də,
Yazdığım zamanın həqiqətidi!
Eşidin səsimi aşağılardan,
Haqlı olduğumçün mənə haqq verin.
Gözucu baxmayın sətirlərimə
Dediyim zamanın həqiqətidi!
Şairin səsini eşitməyən kəs
Xalqın səsini də eşidə bilməz!!! (2, 466)
Şairin “Zəlimxan qarğışı” adlanan digər poema isə “Vətəndə - vətənsizlik, qərib¬lik” dərdinin, çadırlarda yaşayan həmvətənlərimizin ağrı-acılarının təcəssümü kimi xüsusi olaraq diqqəti çəkir. Əlbəttə, maraqlı cəhətlərdən biri budur ki, əsərdə konkret olaraq müharibə səhnələrinin təsviri yoxdur. Amma bununla belə, müharibə ovqatı və ruhu poemanın ilk cümlələrindən oxucunu öz ağuşuna ala bilir. Şair Qarabağdan qaçqın düşmüş soydaşlarının faciəli həyatının, onların dözülməz yaşayış tərzinin bədii mənzərəsini yarada bilmişdir:
Çadırdan alaçıq, çubuqdan dəyə,
Hansına baxıram deşik-deşikdi.
Ən güclü dərmanı bu qaçqınların
Həyətdi, bacadı, evdi, eşikdi.
Taxtın üstündədi qocanın yeri,
Körpənin yuvası isti beşikdi (2, 425-426).
Göründüyü kimi, poemada qaçqın həyatının real portreti yaradılır, torpaqlarını itirmiş bu didərgin insan ordusnun acınacaqlı həyat tərzi metaforik üslubla təqdim edilir, ürəkləri sızıldadır.
Əsərdə qaçqınların həyatda hər şeyi itirmələri ən kiçik bədii detallar vasitəsilə konkretləşdirilir.
Əsər sona yaxınlaşdıqca şair qaçqınlığı törədən səbəbləri aydınlaşdırır. O belə bir qənaətə gəlir ki, Allahla hesablaşmayanlar, millətə qarşı biganələr, dollar selində üzənlər, harınlaşmış bəndələr, millət, xalq tanımayan nadanlar bu millətin evini yıxıb. Xalqın içində olduğundan və cəmiyyətdə baş verənlərin şahidinə və iştirakçısına çevrildiyindən şair xalqa və millətə düşmən kəsilən kəslərin iç üzünü çox ustalıqla təsvir edə bilir:
Yer-göy dağılsa da, bir yol çaşmır o!
Bəndə onun üçün cibinə dönüb.
Allahın özüylə hesablaşmır o!
Nə gözü torpağın ağrılarında.
Nə qəlbi millətin əzabındadı.
Başının üstündə dollar yağışı,
Hər gün öz haqqında, hesabındadır!
Millətin evini biganəliklər,
Xalqın sarayını harınlar yıxıb (2, 429).
Zəlimxan Yaqubun “Zəlimxan qarğışı” poeması da poetik sanbala malikdir. Şair bu əsərində düşməndən daha çox “sapı özümüzdən olan baltaları” qamçılayır. Şairin ürəyini Qarabağ uğrunda son damla qanımıza qədər vuruşmamağımız göynədir. Qaçqınlığın, məcburi köçkünlüyün gətirdiyi sosial bəlalar və bu ağır vəziyyətdən istifadə edib öz şəxsi büdcələrini, biznesini quranlar, korrupsiyaya qurşananlar şairin nifrət hədəfləridirlər:
Qayğıdan kor qalan körpə gözündə.
Sevgilər azalır, nifrətlər artır.
Nazını çəkənlər tapılmayanda.
Görüşlər seyrəlir, həsrətlər artır.
Beləcə yaranır ayrı-seçkilik,
Qəzəblər qızışır, hiddətlər artır.
Varlıyla yoxsulun arasındakı
Uçurumlar çoxalır, sərhədlər artır.
Görə bilmiriksə bu dəhşətləri,
Beyni küt, gözü kor, qəlbi kar bizik.
Düşməni günahkar tutmağa nə var,
Yüz dəfə, min dəfə günahkar bizik (2, 247).

Şairin “Zəlimxan qarğışı” poemasında olduğu kimi, “Sizi qınamıram”, “Ey Vətən oğulları” və s. kimi əsərlərində də xalqımızın ağrı-acıları poetik dillə əks olunur. Ümumiyyətlə, Z.Yaqub poeziyası xalqın, vətənin taleyinə, Qarabağ dərdlərinə, cəmiyyətimizdəki sosial ədalətsizliklərə qarşı üsyan poeziyasıdır.
Müasir epik-lirik əsərlər içərisində yaradılan düşmən obrazına görə xalq şairi Zəlimxan Yaqubun “O qızın göz yaşları” poeması da xüsusi bədii-estetik dəyərə və dolğun məzmuna malikdir.
Xocalı faciəsinin dəhşətlərinə, ağrılarına həsr etdiyi bu poemada Z.Yaqub dərdin portretini yaradır, düşmənə qəzəb, nifrət hissi aşılayır:
Sual da məndədi, cavab da məndə,
Xocalı ən böyük dərddimi?
Dərddi!
Tərsinə çəkilən düşmən şilləsi,
Dəli tufanlardan sərtdimi?
Sərtdi! (2, 246)
Və bu “sərt şillə”lərin, Xocalı dərdinin, hələ də özünə gəlməyən, xəcalət hissindən pərt millətin qisasını almaq vaxtının çoxdan yetişdiyini şair aşağıdakı misralarla söyləyir:
Nə ölən dirilər, nə solan bitər,
Axdı göz yaşımız sellərdən betər.
Yetər seyrçilik, şahidlik yetər,
Şəhidə çevrilmək şərtdimi?
Şərtdi! (2, 247)
Əsər boyu ermənilərin Xocalıda törətdikləri cəllad əməlləri, məkrli istəkləri oxucuya çatdırılır. Müəllif “Qarabağ tarixi açılsa qat-qat, Tarixə sığmayan kədər görərsən” (2, 247) - deyə, dünyaya, beynəlxalq təşkilatlara erməni vandalizminin dəhşətlərini çatdırır. Həmin dəhşətli anlardan bir epizoda diqqət edək:
O gün qan üstündə açıldı səhər.
O gün Xocalıda yer qırmızıydı.
Qırmızı-qırmızı üzümə durdu,
İblis görkəmində şər qırmızıydı (2, 247).
Xalqının gücünə, qüdrətinə, mərdliyinə, qeyrətinə, səbrinə, dözümünə inanmayan şair heç vaxt o xalqın sevimli şairi ola bilməz! Zəlimxan Yaqub da millətinin gec-tez “qəmi tapdalayıb keçəcəyinə” əmindir. Şairə görə “andını torpağa içən” millətin düşməni məhv etməyə hər cür gücü və qüdrəti var:
Məni susdurammaz bu qan, bu qada,
Mələk qanadında uçar bu millət.
Ən gözəl dərdi də bir içim su tək.
Başına qaldırıb içər bu millət. (2, 248)
Əsərin əvvəlində şair Xocalı faciəsinin dəhşətlərindən, erməni işğalçılarının ağlasığmaz terrorçuluğundan, eyni zamanda, Azərbaycan xalqının bu dəhşətli dərdlərə mətanətlə sinə gərib, tarixin bu amansız imtahanından da məğrur, qürurla, üzüağ çıxacağına, öz gücü-qüdrətiylə qisası düşməndə qoymayacağına inamından söhbət açırdısa, nəhayət, poemanın kulminasiya nöqtəsinə yaxın-laşdıqca real, konkret hadisələrin poetik əksini verir. Şairin qisas hissi ilə yanıb-qovrulan ürəyi bu qisası almaq üçün güc, qüvvət mənbəyini poemanın əsas qəhrəmanı olan qızın - hələ 8 yaşlı körpə ikən atası gözləri önündə diri-diri yandırılan, indi 21 yaşında olan Xəzəngülün göz yaşlarında görür:
…Tək o qızın göz yaşları, bəsimdi,
O gözdəki yaşın gücü tükənməz (2, 249).
Şair bu qənaətə təsadüfən gəlmir. Dönüb tarixə qısaca nəzər salsaq, görərik ki, bir xalqın qisasını almaq bir imperiyanı süqut etdirmək, bir müstəmləkəçi dövləti yer üzündən silmək üçün bir qızın, bir qadının kini, qəzəbi, nifrəti, gözəlliyi və göz yaşlarının yaratdığı çoşqunluq dalğası kifayət edib. Qədim Troyanın, Atabəylərin, Roma imperiyasının (K.Mopatra), Makedoniyalı İsgəndərin (Nüşabə) taleləri buna sübutdur. Xəzəngülün düşmənə kini, qəzəbi, gözəlliyi və göz yaşlarının yaratdığı tufan və iztirablar da gec-tez bütün Azərbaycan oğullarını ayağa qaldıracaq, qisas düşməndə qalmaycaq. Hər halda Zəlimxan Yaqub qələmi buna inandırır.
İnsanlıqdan uzaqmış
insan qanı tökənlər,
Əldən dırnaq çıxarıb,
ağızdan diş sökənlər.
Sinələrə dağ basıb,
ürəyə dağ çəkənlər,
Necə qırıb qolları,
necə kəsib başları, —
Bir-bir yada salırdı
O qızın göz yaşları (2, 250).
Şair poemada göz yaşları ilə dərdləşir, o göz yaşlarının dilini, sirrini anlayır. Sənətkar öz xalqının təhqir olunmuş bir gözəlinin göz yaşlarına tərcümanlıq edir. O göz yaşlarının diqtə etdiklərini yüksək pafosla, publisistik bir dillə oxuculara çatdırır. Şair xalqını, millətini bir qızın göz yaşlarının diliylə düşməndən qisas almağa çağırır. Zəlimxan Yaqubun “O qızın göz yaşları” poemasında yaratdığı düşmən obrazı öz tamlığı, bitkinliyi, düşmənin bütün qəddar, məkrli, cinayətkar əzazilliklərini hərtərəfli özündə əks etdirməsi ilə bu mövzuda yazılmış əsərlərdən seçilir, desək, yanılmarıq. Əlbəttə, Qarabağ mövzusunda Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Məmməd Arazın, Məmməd Aslanın, Məmməd İsmayılın, Famil Mehdinin, Rafiq Odayın və başqa müəlliflərin yaratlıqlarını inkar etmirik, onların üzərinə heç də kölgə salmaq fikrində deyilik. Onların hər birində düşmən obrazı kəskin psixoloji təsiri ilə seçilir. Lakin Zəlimxan Yaqubun bu poemasında düşmən əməlləri, kini, küdurəti ən ekstaz səviyyəsi ilə təqdim olunur. Poemadan aşağıdakı parçaya diqqət yetirək:
Göz yaşları deyirdi ki,
Eheeeyyy!!!
Alçaq qarı düşmən!
Qara itə qahmar çıxan
ala düşmən, sarı düşmən!
Nə topum var, nə tüfəngim,
nə qalxanım, nə qılıncım,
Doğra məni tikə-tikə,
Parça-parça, xıncım-xıncım,
Başımı əz!
Qolumu kəs!
Gözümü oy!
Dərimi soy!
Diri-diri odda yandır bədənimi!
Oda qala torpağımı,
işğal elə vətənimi!
Şişlə dağla ürəyimi!
Süngüylə deş kürəyimi!
Ağı elə həyatımı,
Zəhər elə çörəyimi! (2. ).

Bu poetik parça dəhşətli bir Xocalı səhnəsidir, əsirlikdə min cür işgəncələrə məruz qalan soydaşlarımızın qanlı fəryadı, əzab və işgəncələrlə yoğrulmuş həyatıdır. Bu səhnə sanki lentə köçürülmüş canlı videoyazıdır. Şeirin misraları oxa bənzəyir. Silahsız, köməksiz, dayaqsız insanın, bəşər övladının nalələri, fəğanları “qarı düşmən”in üstü¬nə dolu kimi yağır, ildırım kimi çaxır. Bu hayqırtı dünya demokrati¬ya¬sından dəm vuranların ünvanına etiraz notasıdır. Şair poemasında düşmənin qəddarlığını və qəviliyini vəhdətdə verir, dünyaya, bəşəriyyətə qarşı törənə biləcək fəlakətin anonsunu qabardır. (4)

Zəlimxan Yaqubun “O qızın göz yaşları” poeması yaşından, dinindən və milliy¬yətindən asılı olmayaraq insanlığı dəyərləndirməyi bacaran, haqqı, ədaləti sevən vicdanlı olan hər kəsi bəşəriyyətə qarşı qatı cinayətlər törədən təhlükəli düşmənə - erməni neofaşizminə qarşı səfərbərliyə səsləyir.

Ədəbiyyat
1. Həbibbəyli İsa. Ədəbi-tarixi yaddaş və müasirlik, Bakı:Nurlan,2007, s.394
2.Yaqub Zəlimxan. Bir əli torpaqda, bir əli haqda, Bakı:Azərbaycan, 1999,s.487
3.Qarayev Yaşar. Tarix yaxından və uzaqdan, Bakı:Sabah,1996,s.367
4.Mərziyyə Nəcəfova. Poeziya və Qarabağ problemi, Min bir mahnı,2009, s.360

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: