DİQQƏT VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ (Tibb elmləri doktoru, professor Məmməd Əliyevin 65 illiyinə)

DİQQƏT VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ (Tibb elmləri doktoru, professor  Məmməd Əliyevin 65 illiyinə) Son illərin pandemiyası, sürətlə yayılma enerjisindən qaynaqlanan infeksiya imperiyasının quduzlaşmış “Təpəgözü” – Kovid-19 bəşəriyyətə yaşatdığı acıların, vurduğu yaraların, kükrəyən nalələrin, fəğanların fırtınasında insanlığa iki həqiqətin danılmazlığını anlatdı: Yaşamaq eşqinin gücünü, qüdrətini və yaşatmaq duyğusunun, sevgisinin ülviyyətini...
Yaşamaq və yaşatmaq! Sağlamlığı təhlükəyə məruz qalan xəstə və xəstənin həyatı uğrunda mücadilə aparan HƏKİM...
Dünyanın ən qədim, ən qaranlıq zamanlarından çağdaş dövrümüzədək insan oğlu olumla ölüm məngənəsi arasında sıxılarkən, çırpınarkən onun imdadına özünü ilk və təcili çatdıran ağ işıq mələyi – həkim olur. Həkimlik insanlığa əbədi sevgidir, həkimlik – insanlıq uğrunda mübarizədir, fədakarlıqdır...
Yaxın dostum, tibb elmləri doktoru, professor Məmməd Əliyevi də bu çətin və müqəddəs sahəyə gətirən onun insansevərliyi, xeyirxahlığı, dürüstlüyü, saflığı, humanistliyi, mübarizliyi olmuşdur.


Məmməd Xası oğlu Əliyev
düz 65 il əvvəl qədim Oğuz yurdu Ulu Borçalının axarlı-baxarlı Darvaz kəndində dünyaya göz açmışdır. Hələ gənclik illərindən təbiətin və təbabətin harmoniyasını, qarşılıqlı və davamlı vəhdətini duyduqca, düşündükcə, ağ xalatlı xilaskarların şəfa bəxş etmək missiyası ilə yaxından tanış olduqca həkimlik peşəsinin sirrinə-sehirinə vurulur, cazibəsinə düşür. 1975-ci ildə yüksək balla Azərbaycan Tibb Universitetinə qəbul edilir. Təhsil illərində Tələbə elmi cəmiyyətinin ən fəal üzvlərindən biri olur, dövrün tələbələr üçün nəzərdə tutulan ən yüksək təqaüdünə layiq görülür.

Məmməd Xası oğlu 1981-ci ildə Tibb Universitetini fərqlənmə diplomu ilə bitirir, Elmi Şuranın qərarı ilə bu nüfuzlu təhsil ocağında saxlanılır. Həyatı və elmi yaradıcılığı Universitetin Patolojo fiziologiya kafedrası ilə sıx bağlanır. M.X.Əliyev kafedranın baş laborantlığından tədris hissə müdiri, professoru vəzifəsinədək mənalı, zəhmətlə süslənmiş həyat yolu keçir. 1985-ci ildə tibb üzrə fəlsəfə doktorluğu, 2006-cı ildə isə elmlər doktoru dissertasiyasını uğurla müdafiə edir. Elmi-pedaqoji fəaliyyətə hər zaman üstünlük verən Məmməd müəllim tədqiqat sahəsində də uğurlar qazanır, Patoloji fiziolofiya elminə töhfələr bəxş edir. Gərgin zəhmətin, səmərəli tədqiqatların yekunu olaraq nüfuzlu elmi jurnallarda 270-dən çox məqalə dərc etdirdirmişdir. “Patoloji fiziologiya” (2015, 2016), Azərbaycan, ingilis və rus dillərində işıq üzü görmüş və ixtisas üzrə tələbələrin istifadəsinə verilmiş, fundamental “Patoloji fiziologiyadan atlas – dərslik” (2008), “Patoloji fiziologiyadan test tapşırıqları” adlı dərsliklər Azərbaycan elminin uğuru sayıla bilər. Məmməd Xası oğlu tibb elmi üzrə beş ixtiranın, beş səmərəli təklifin və bir dərs vəsaitinin müəllifidir. Onun həmmüəllifliyi ilə 2018-ci ildə Seçenov adına I Moskva Tibb Universitetinin və Dövlət İmtahan Mərkəsinin dəstəyi ilə Azərbaycan və rus dillərində “Patoloji fiziologiya” adlı dərslik nəşr edilmişdir.

Məmməd Xası oğlunun elmi-ictimai fəaliyyəti geniş spektrə malikdir. O 2008-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb üzrə Ekspert şurasının üzvü, 2011-2018-ci illərdə Dövlət İmtahan Mərkəzində Baza tibbi təhsili əsasında yaradılan Rezidentura şöbəsində patoloji fiziologiya üzrə ekspert qrupunun rəhbəri olmuşdur. Azərbaycan tibb elminin şöhrətini ölkəmizin sərhədlərindən kənara daşımış və xarici ölkələrdə milli-mənəvi dəyərlərimizi ləyaqətlə təqdim və təbliğ etmişdir.
Onun tibb elmi sahəsində qazandığı nailiyyətlər beynəlxalq cəmiyyətlərin diqqətindən kənarda qalmamışdır. İftixar hissi ilə vurğulamaq lazımdır ki, professor Məmməd Xası oğlu Ürəyin Öyrənilməsi üzrə Beynəlxalq Elmi Cəmiyyəti (London), Beynəlxalq Patofizioloqlar Cəmiyyəti (Moskva), Beynəlxalq Limfoloqlar Cəmiyyəti (Özbəkistan), Azərbaycan Patofizioloqları Elmi Cəmiyyətinin (Bakı) kimi nüfuzlu qurumlarda milli elmimizi ləyaqətlə təmsil edir.
Professor Məmməd Əliyev sözün geniş mənasında əsl insanlıq mücəssəməsi, diqqət, qayğı və səmimiyyət nümunəsidir. Bir neçə ay öncə mən də kovid infeksiyasına yoluxmuşdum. Həkimlər səhhətimlə bağlı intensiv müalicələr tətbiq etsələr də ümidverici söz söyləməyə hələ tələsmirdilər. Belə ağır məqamda Məmməd müəllimin zəngi məni ruhlandırdı. Müalicə prosesi ilə maraqlandı. Tapşırdı ki, müalicə həkimindən soruşum: “Sağlamlığımla bağlı ehtiyac duyulan, amma xəstəxanada olmayan elə bir dərman varmı?”
Müalicə həkimim İsmayıl İsmayılov suala birmənalı və qəti cavab verərək dedi ki, xəstəliklə bağlı hər növ dərimanlarımız var və kənardan nə isə gətirməyə ehtiyac yoxdur. Həkimin adı ilə maraqlandı və bildirdi ki, Professor Məmməd Əliyev Tibb Universitetində mənim müəllimim olub. Çox diqqətcil və səmimi insandır.
Həkimlik – ürəkləri nurlandırmaq, özündən sonrakı nəsillərə işıq ünvanlamaq missiyasıdır.

Professor Məmməd Əliyevi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, elmi və elmi-pedaqoji fəaliyyətində uğurlar, möhkəm çansağlığı arzulayıram.

Asif Rüstəmli,
filologiya elmləri doktoru,
professor

Bakı, 15.09.2021


Şəkildə: Professor Məmməd Əliyev ilə.


REDAKSİYADAN:
Biz də bu səmimi təbrikə qoşulur, dəyərli eloğlumuz,
çox hörmətli ziyalı, tanınmış alim, tibb elmləri doktoru,
professor Məmməd Xası oğlu Əliyevi
Yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı
və şərəfli fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: