AMEA-nın professoru,
filologiya elmləri doktoru
AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ
(2020-2021-ci illər materialları əsasında)
2020-ci il Azərbaycan ədəbiyyat tarixçiliyində əsasən iki problemə diqqət yönəlmişdir. Bir tərəfdən, Azərbaycan ədəbiyyatının Türk xalqları ədəbi irsində mərkəzi yer tutmasının nəzəri əsaslandırılmasına aid tədqiqatlar fəal həyata keçirilmişdir. O biri tərəfdən, alimlər Azərbaycan ədəbiyyatının inkişafını fasiləsiz ədəbi proses olmasını əsaslandıran tədqiqatlara geniş yer ayırmışdılar. 2021-ci il Azərbaycan ədəbiyyat tarixçiliyi isə əsasən Azərbaycan ədəbi irsinin qorunması və digər xalqlar tərəfindən mənimsənilməsinə qarşı yönəlmiş tədbirlərlə çıxış etməsi diqqəti cəlb edir. Eyni zamanda, 2021-ci ildə ümumtürk ədəbiyyatı məsələlərinin tədqiqatına da xüsusi yer ayrılmışdır. 2020-2021-ci illər Azərbaycan ədəbiyyatı tarixçiliyini izləyərkən müəlliflərin nəzəri problemlərə münasibət bildirmələri diqqətdən yayınmır.
1. Türk xalqları ədəbi irsində Azərbaycan ədəbiyyatının mərkəzi yer tutmasının nəzəri əsaslandırılması
Azərbaycan xalqının Vətən müharibəsində qələbə əldə etməsi milli şüurun dəyişməsinə gətirib çıxartmışdır. İlk növbədə, bu özünu Azərbaycan xalqının türk xalqlarının müasır durumu və tarixində rolunun daha vacıb olmasında büruzə vermişdir. Ədəbiyyat tarixçiliyi də istisna deyil. Belə ki, 2020-ci ildə Azərbaycan ədəbi irsinin türk xalqları ədəbiyyatı tarixində daha əhəmiyyətli xarakter daşıması İsa Həbibbəylinin “Kitabi Dədə-Qorqud”: yazılı epos və ya epopeya” adlı monoqrafiyasında, “Xaqani Şirvaninin həyatı və yaradıcılığı” kitabında, “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin II və III cildlərində əksini tapmışdır. Azərbaycan ədəbi irsinin türk xalqları ədəbiyyatı tarixində daha əhəmiyyətli xarakter daşıması Mahirə Quliyevanın “Mən kiməm... Milli kimliyim və mənəvi zənginliyim ədəbiyyatda”, Tahirə Məmmədin “Milli kimilik və bədii mətn” kitablarında da əksini tapır. İslam Qəriblinin “Məhəmməd Hadi: həyatı və yaradıcılığı” kitabında Məhəmməd Hadinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən ərsəyə gətirilmiş “Molla Nəsrəddin” enisklopediyasında, Gülbəniz Babayevanın “Molla Nəsrəddin” jurnalı və milli ədəbi dəyərlər”, Mehman Qaraxanoğlunun (Əliyev) “Mirzə Cəlil yanğısı” kitablarında Mirzə Cəlil Məmmədquluzadənin tədqiq edilməsi də Azərbaycan ədəbi irsinin ədəbiyyatı tarixində əhəmiyyətinə aydınlıq gətirir.
İsa Həbibbəyli “Azərbaycan yazılı ədəbiyyatının hələlik bizə məlum olan ilk nümunəsi” hesab etdiyi “Kitabi-Dədə Qorqud” eposunu mükəmməl ədəbi abidə adlandırır: “Kitabi-Dədə Qorqud” – folklor motivləri ilə qədim dövr oğuz tayfalarının həyatı və mübarizəsindən alınmış hadisələrin sintezi əsasında yaradılmış mükəmməl ədəbi abidədir.” Dastana yeni baxışını əks etdirən akademik İsa Həbibbəyli bunu dastanda dini etiqad baxımdan üç istiqamətin olmasına toxunarkən də əks etdirir: “Totemizm, Tanrıçılıq və İslam”. İsa Həbibbəyli dastanda oğuzların aborigen olmalarını vurğulamaqla, türk xalqları ədəbiyyatında mərkəzi yer tutmalarına işarə edir: “inanc baxımından, yəni şamançılıqdan, totemizmdən – Tenqriçiliyə və İslama qədər oğuz tayfalarının keçdikləri təkamül proseslərinin vahid bir coğrafiyanı əhatə etməsi də oğuzların bu torpaqlara gəlmə olmadıqlarını, Qalın Oğuz Eli coğrafiyasının oğuzların dədə-baba vətəni olduğunu sübut edir.” İsa Həbibbəyli “Kitabi Dədə-Qorqud”: yazılı epos və ya epopeya” adlı monoqrafiyasında “Kitabi-Dədə Qorqud” dastanını şifahi “təkvariantlı bədii əsər nümunəsi” və Azərbaycan ədəbiyyatının ortaq başlanğıc dövrünün yazılı ədəbiyyat nümunəsi kimi təqdim edir: “...Kitabi-Dədə Qorqud”dan Azərbaycan yazılı ədəbiyyatının başlanğıc hadisəsi olaraq, milli ədəbiyyat tariximizin start nöqtəsi kimi çıxış etmək olar.” Müəllif “Kitabi-Dədə Qorqud” eposunun janrını konkret olaraq, “roman-epopeya” olmasını qeyd edir: “Uzun dövr ərzində şifahi xalq ədəbiyyatı abidəsi, epos-dastan kimi təqdim olunmuş “Kitabi-Dədə Qorqud” daha çox Azərbaycan yazılı ədəbiyyatının xüsusiyyətlərinə cavab verən möhtəşəm roman-epopeyadır.”
Azərbaycan ədibi Xaqani Şirvani irsinin tədqiqinə həsr edilmiş “Xaqani Şirvaninin həyatı və yaradıcılığı” adlı elmi tədqiqat 2020-ci ili xarakterizə edir. Kitabda ədəbiyyat tarixçiliyinin izlənilməsi baxımından bir çox faktlar maraq kəsb edir. Məsələn, Avropa şərqşünaslığında özünü göstərən bir sıra təhriflərin aradan qaldırılması, şairin avtobioqrafiyasına aid yanlışlıqlara aydınlıq gətirilməsi, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Xaqani Şirvani, Qivami Mütərrizi, İmad Xoyi, Əbubəkr ibn-Xosrov əl-Ustad və digər ədiblər haqqında məlumatlar və s. “Xaqani Şirvaninin həyatı və yaradıcılığı” kitabında Azərbaycan ədəbi və ictimai fikrində əvəzsiz rol oynamış Əfzələddin İbrahim Əli oğlu Xaqani Şirvaninin dövrü, mühiti, həyatı və yaradıcılığının tədqiq edilməsi ədibin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyinin göstəricisidir. İsa Həbibbəylinin Xaqani Şirvaninin əsərlərində əcəmi türkü olması və dəricə, yəni farsca əsərlər qələmə alınması faktının özünü göstərməsinə toxunmaqla, Azərbaycan ədəbiyyatının tarixiliyinə və milliliyinə nəzər yetirir: “Əfzələddin Xaqani Şirvani (1126-1199) əsərlərində “əcəmi türkü” olduğunu, lakin dəricə (fars dilində - İ.H.) əsərlər yazdığını bəyan etmişdir.”
2020-ci il Azərbaycan ədəbiyyat tarixçiliyinin izlənilməsində “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin II və III cildlərinin aparıcı mövqe tutması inkaredilməzdir. “Azərbaycan ədəbiyyatı tarixi”nin bu cildləri Azərbaycan ədəbiyyat tarixçiliyini ərazi baxımdan vahid, ümumtürkçülüyü təbliğ etməsi ilə diqqəti cəlb edir. Azərbaycan ədəbiyyatının ümumtürk aspektlərini, ədəbiyyatın keçdiyi ortaq başlanğıc, intibah, orta əsrlər dövrlərində formalaşmış ədəbiyyat və onun nümayəndələri haqqında elmi maraq oyadır. “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin ikinci cildi Azərbaycan ədəbiyyatının VII-X əsrlər və XI-XII əsrləri, yəni ortaq başlanğıc və İntibah dövrlərini əhatə edir. Kitabda Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü VII-X əsrlər, intibah dövrü isə XI-XII əsrlər kimi təqdim edilir. Azərbaycan ədəbiyyatşünaslığında İntibah dövrü ilə yaranmış mübahisələrə son qoyulur, konkret olaraq, XI-XII əsrlər olması təqdim edilir. Kitabda “Kitabi-Dədə Qorqud” eposunun Azərbaycan yazılı ədəbiyyatı nümunəsi olması kimi mübahisəli məsələyə aydınlıq gətirilir. Orxon-Yenisey abidələrinin ortaq ümumtürk ədəbiyyatı kontekstində inkişafı, VIII-XII əsrlərdə ərəb dilində yazıb-yaratmış azərbaycanlı şairlərin yaradıcılığına nəzər salınması ədəbiyyat tarixçiliyinin ümumtürk kontekstində tədqiq edilməsidir. Xətib Təbrizi, Nizami Gəncəvi və digər ədiblərin yaradıcılıqları da bu aspektdən təqdim edilir.
“Azərbaycan ədəbiyyatı tarixi”nin III cildi isə Azərbaycan ədəbiyyatının XII-XVI əsrləri, yəni orta əslər Azərbaycan ədəbiyyatının dövrlərini Azərbaycan ədəbiyyat tarixçiliyində zaman və coğrafi baxımdan vahid bir prosesin tərkibi kimi təqdim edir. Akademik İsa Həbibbəyli “Orta əsrlər Azərbaycan ədəbiyyatı: anadilli ədəbiyyat epoxası” adlı tədqiqatında ədəbiyyatın Orta əsrlər Azərbaycan ədəbiyyatı anlayışına aydınlıq gətirməklə, bu məqamları işıqlandırır. Azərbaycan yazılı ədəbiyyatının XII-XVI əsrləri əhatə etməsi məqamı diqqətdən yayınmır: “Ehtimal ki, Azərbaycan ədəbiyyatının qədim dövrünün tarixi çərçivəsinin müəyyənləşdirilməsində olduğu kimi, orta əsrlər ədəbiyyatı mərhələsinin sərhədlərinin cızılmasında da ictimai-siyasi hadisələr və ədəbiyyatda gedən proseslərdən birgə çıxış etmək daha məqbul yoldur. Əgər ictimai-siyasi hadisələrin və ədəbiyyatın istiqaməti, xarakteri dəyişmişsə, onda bu proses dövrləşdirmədə, o cümlədən ədəbiyyat tarixinin dövrləşdirilməsində də öz əksini tapmalıdır.” Azərbaycan ədəbiyyatşünaslığında Orta əsrlər Azərbaycan ədəbiyyatı dövrü ilə yaranmış mübahisələrə son qoyulmuş, “nə tarix, nə də ədəbiyyat baxımından XVII-XVIII əsrləri orta əsrlərə aid etmək doğru deyildr” fikri əsas götürülərək, konkret olaraq, XIII-XVI əsrlər olması göstərilir. III cilddə maraqlı faktlardan biri də, XII-XIV əsrlərin bir çox ədiblərin ortaq ümumtürk ədəbiyyatı kontekstində təqdim edilməsidir. Kitabda anadilli ədəbiyyatın formalaşması və təkamülündə xidməti olmuş ədiblərin yaradıcılıqlarının dəyərləndirilməsi milli ədəbiyyata yenidən baxışı əks etdirir.
Azərbaycan ədəbiyyatı tarixçiliyində Azərbaycan ədəbi irsinin türk xalqları ədəbiyyatı tarixində yer tutması sahəsində tədqiqatların aparılmasına Mahirə Quliyevanın “Mən kiməm... Milli kimliyim və mənəvi zənginliyim ədəbiyyatda”, Tahirə Məmmədin “Milli kimilik və bədii mətn” kitablarında rast gəlinir.
Mahirə Quliyevanın “Mən kiməm... Milli kimliyim və mənəvi zənginliyim ədəbiyyatda” kitabında Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və digər ədiblərin yaradıcılığına diqqət yetirilir. Müəllif ədəbiyyatların inkişaf yollarının iki cəhətinin olmasına və bu cəhətləri ədəbiyyat tarixinin üç əsas qola ayrılması faktları olmasına toxunur: “Sözsüz ki, milli ədəbiyyatların özünəməxsus inkişaf yolları, ədəbi növləri, bədii-üslubi ifadə üsulları və poetik quruluşun xüsusiyyətləri vardır. Bu da ədəbiyyatşünaslıqda iki cəhətin önə çəkilməsi ilə nəticələnir:
1. Ümumi, müştərək və oxşar nəzəri əsaslar, tipoloji yaxınlıqlar;
2. Milli-yerli ənənələr, mənsub olduğu ədəbi-poetik sistemə xas özəlliklər və kateqoriyalar.
Bu iki cəhət ədəbiyyat tarixinin üç əsas qola ayrılmış dönəmlərinə şamil edilə bilər:
1. Mifologiya və folklor dönəmi;
2. Ortaçağ klassik ədəbiyyatı;
3. Yeni dövr və müasir ədəbi proses.”
Tahirə Məmmədin “Milli kimilik və bədii mətn” kitabı Nizami Gəncəvi, romantizm, sosialist realizm nümayəndələrinin yaradıcılğında, Şimali və Cənubi Azərbaycan ədəbiyyatlarında milli kimlik məsələləri ədəbiyyat kontekstindən tədqiq edilməsi ilə diqqəti cəlb edir. Əsərdə Tahirə Məmməd Nizami Gəncəvinin “Xəmsə”sində türk imicini əks etdirən obrazları əsasən, iki qrupa ayırması ədəbiyyatın ümumtürk kontekstində təqdim etmək istəyini əks etdirir: “a) haqqa, gerçək eşqə doğru yol göstərən türk gözəli, türki-pərizad, b) dünyəvi mənada ağıl verən, yol göstərən türk”.
Azərbaycan ədəbi irsinin türk xalqları ədəbiyyatı tarixində daha əhəmiyyət xarakter daşıması XIX əsrin sonu XX əsrin əvvəllərində yazıb-yaratmış Azərbaycan yazarlarının həyat və yaradıcılığına aydınlıq gətirilməsində davam etdirilir. İslam Qəriblinin “Məhəmməd Hadi: həyatı və yaradıcılığı” kitabında XX əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus imzası olan Məhəmməd Hadinin “Həyat”, “Füyuzat”, “İttifaq”. “Dəbisitan”, “Təzə həyat”, “Sabah”, “Tərəqqi”, “Səda”, “Azərbaycan” və digər bu kimi mətbu səhifələrindəki ədəbi irsi, “Sabah”, “Tənin”, “Məhtab” kimi Türkiyə mətbuatındakı fəaliyyəti və s. ümumtürk ədəbiyyatı kontekstində tədqiq edilir. İslam Qəribli Məhəmməd Hadini həm şair, həm nasir, həm tərcüməçi, həm mətbuat sahəsində xidməti olan müxbir kimi tədqiq edir. Azərbaycan romantizminin yaradıcılarından olan Məhəmməd Hadinin keçdiyi həyat yoluna işıq salınması, 1905-1919-cu illər dərc olunmuş əsərlərinin ümumi mənzərəsinin təqdimi ədəbiyyat tarixçiliyinin maraq dairəsindədir. Monoqrafiyada Məhəmməd Hadinin ədəbiyyata gəlişinə təkan verən amillər açıqlanır, qəzet və məcmuələrdəki fəaliyyətinə nəzər salınır. Ən maraqlısı isə ədibin ictimaiyyətə məlum olmayan əsərlərinə aydınlıq gətirilməsi, əsərlərinin filoloji dəyərinin müəyyənləşdirilməsi, unudulmuş və ya diqqətdən yayınmış əsərlərin mətninin bərpa edilməsidir. Bu məqamlar ədəbiyyat tarixçiliyində Məhəmməd Hadi yaradıcılığının izlənilməsinə yardım etməklə, ədibin yaradıcılğının unudulmamasını təmin edir. Kitabda 60-dan çox orijinal şeir və poetik tərcümələrin üzə çıxarılması, 120-dən artıq publisistik və bədii nəsr nümunələrinin tədqiq edilməsi ədəbiyyat tarixçiliyinin izlənilməsinə şərait yaradır.
“Molla Nəsrəddin” jurnalının, mollanəsrəddinşünaslıq elmi məktəbinin tədqiq edilməsi Azərbaycan ədəbi irsinin türk xalqları ədəbiyyatı tarixində yer tuta bilməsini əks etdirir. Gülbəniz Babayevanın “Molla Nəsrəddin” jurnalı və milli ədəbi dəyərlər” kitabında “Molla Nəsrəddin” jurnalının problematikası, klassik irsə və folklora yaradıcı münasibət əksini tapır. “Molla Nəsrəddin” ensiklopediyasında əksini tapmış məqalələr ədəbiyyata yeni yanaşmanın günün tələbinə çevrilməsini göstərir. Məsələn, “Molla Nəsrəddin” jurnalının yalnız ədəbiyyatı deyil, cəmiyyəti də daim yeniləşdirilməsi ensiklopediyada əksini tapır: “Mollanəsrəddinçilik – ictimai satira vasitəsi ilə xalqın milli -mənəvi özünüdərkinə nail olmaq, cəmiyyəti dəyişdirməyə və yeniləşdirməyə xidmət etmək deməkdir.” “Molla Nəsrəddin” ensiklopediyasının əhəmiyyəti “Molla Nəsrəddin” jurnalı və onun banisi Mirzə Cəlil Məmmədquluzadənin fəaliyyətinin qorunması, gələcək nəsillərə çatdırılması ilə kifayətlənmir. “Molla Nəsrəddin” ensiklopediyası” həmçinin, Cəlil Məmmədquqluzadə ilə yanaşı mollanəsrəddinçilərin də ensiklopedik kitabıdır: “Molla Nəsrəddin” ensiklopediyası” - Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının, bütün mollanəsrəddinçilərin çoxcəhətli ədəbi - ictimai fəaliyyətinin ensiklopedik kitabıdır.”
Mehman Qaraxanoğlunun (Əliyev) “Mirzə Cəlil yanğısı” kitabında Mirzə Cəlil Məmmədquluzadənin yaradıcılığı təhlil edilir. Mirzə Cəlilin 150 illik yubileyinə hədiyyə olan kitab tarixi şəxsiyyət və ədiblərin yaradıcılığının qorunmasını göstərir. Kitabda Mehman Qaraxanoğlu Cəlil Məmmədquluzadə yaradıcılğına nəzər saldığı kimi Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığını da geniş təhlil obyektinə çevirə bilir. Müəllif Mirzə Cəlilin Ə.Haqverdiyevə yüksək dəyər verməsinə, Ə. Haqverdiyevin “Molla Nəsrədin”dəki fəaliyyətinə aydınlıq gətirir.
2. Azərbaycan ədəbiyyatı – fasiləsiz ədəbi proses kimi
Teymur Əhmədovun “Nəriman Nərimanov - həyatı, mühiti və ədəbi-bədii yaradıcılğı”, “Əziz Mirəhmədov”, “Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası” və s. kitablarında Azərbaycan ədəbiyyatının inkişaf prosesinin müxtəlif tarixi zaman və coğrafi əraziləri əhatə edən bir proses olması əsaslandırılır.
Teymur Əhmədovun “Nəriman Nərimanov - həyatı, mühiti və ədəbi-bədii yaradıcılğı” monoqrafiyası ictimai fikir tariximizdə böyük əhəmiyyət kəsb edən Nəriman Nərimanov yaradıcılığı ilə yaxından tanış olmağa imkan yaradır. Teymur Əhmədov ədibin “Nadanlıq”, “Dilin bəlası, yaxud Şamdan bəy”, “Nadir şah” pyesləri, “Bahadır və Sona” romanı, “Pir”, “Bir kəndin sərgüzəşti” nəsr əsərləri haqqında məlumatları təqdim edir. Qeyd etməliyik ki, müasir dövrümüzdə Nəriman Nərimanova münasibət birmənalı olmaması özünü göstərir. Bu münasibət ilk növbədə, onun siyasi fəaliyyəti ilə əlaqəlidir: Azərbaycan Xalq Cümhuriyyətinə qarşı apardığı mübarizəyə görə siyasi məsuliyyət daşıması, “günəşli” Azərbaycana aclıq gətirməsi (Volga bölgəsində, kannibalizmin bütövlükdə yayıldığı qədər fəlakətli olmasa da), Azərbaycan ərazilərinin paylaşması sazişi üçün Mərkəz xatirinə susması (Nəriman Nərimanovun Qarabağın özgələşdirilməsinin qarşısını almasında rolu xüsusi vurğulanmalıdır), bir sinif olaraq, Azərbaycan kəndlilərinin məhv edilməsinə göz yumması, Şimali Azərbaycanla Güney Azərbaycan arasındakı ziddiyyətli siyasi kursu dəstəkləməsi və s. Bütün ruhu ilə beynəlmilləlçi olan Nəriman Nərimanov millətçi adı ilə damğalanmışdır. Əlbəttə ki, Nəriman Nərimanov müsavatçı deyildir, ancaq onun Azərbaycanın siyasi və iqtisadi maraqlarını qorumaq uğrunda mübarizəsi Məmməd Əmin Rəsulzadənin fikirləri ilə uzlaşan siyasi platformanın meydana gəlməsinə təkan verdi. Dərin düşüncəli bir insan olan Nəriman Nərimanov Şərqdə sosialist inqilabının cəngavərinə çevrildi.
Azərbaycan ədəbiyyatı tarixçiliyinin izlənilməsi baxımından sovet dövr yazarlarının və onların qələmə almış olduqları əsərlərin tədqiqata cəlb edilməsi əhəmiyyət kəsb edir. AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov haqqında “Əziz Mirəhmədov” kitabında ədibin elmi yaradıcılığına nəzər salınır. Əziz Mirəhmədovun Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişaf tarixindəki rolu İsa Həbibbəylinin “Yeni tipli ədəbiyyatşünaslıq nümunəsi” adlı ön sözündə əksini tapır: “Əziz Mirəhmədovun elmi fəaliyyəti isə ədəbiyyat tarixçiliyi ilə nəzəriyyəçiliyin sintezi əsasında formalaşıb inkişaf etmişdir.” Akademik İsa Həbibbəyli həmkarının elmi fəaliyyətini yüksək dəyərləndirir: “bu mənada Əziz Mirəhmədov Azərbaycan ədəbiyyatşünaslığında ədəbiyyatın nəzəriyyəsi ilə tarixini uzlaşdıran yeni tipli elmi istiqamətin əsas yaradıcılarından biridir.”
“Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası” adlı kitab Sovet dövrü ədəbiyyatının nümayəndəsi Xanımana Əlibəylinin həyat yolu ilə yanaşı poetik yaradıcılığını əks etdirir. Akademik İsa Həbibbəyli Xanımana Əlibəyli yaradıcılığını “...Azərbaycan uşaq ədəbiyyatında Abbas Səhhətlə Zahid Xəlil arasında xüsusi mərhələ təşkil” etməsinə və “...uşaq şeirimizi yeni ideyalar və yaddaqalan obrazlarla” zənginləşdirməsinə toxunur.
Cənubi Azərbaycan ədəbiyyatına diqqət bu ədəbiyyatın vahid bir ədəbi prosesin tərkibi olmasından irəli gəlir. Solmaz Daşdəmirovanın “Pərvin Etisaminin həyat və yaradıcılığı” kitabı XX əsrin Cənubi Azərbaycan ədəbiyyatının nümayəndələrindən olan Pərvin Etisami, həmçinin Mirzə Əbdülhüseyn Şuri Bəxşayeşin haqqında məlumat təqdim edir. Qəvamüddövlə adı ilə tanınmış Suri Bəxşayeş həm Pərvin Etisaminin anası İxtiyarüllmülk xanımın atası idi. “Divanı” Təbriz Milli Kitabxanasında olan Şuri Bəxşayeşin “Şuri” və ya “Qəvvam” təxəllüsü ilə tanınan ədiblərdən biri olmuşdur.
3. Azərbaycan ədəbi irsinin qorunması
Azərbaycan ədəbi irsinin qorunması, tarixi Azərbaycan ərazilərində yaradılmış ədəbi əsərlərə özgələrinin sahib çıxmasına qarşı tədbirlərin həyata keçirilməsi 2021-ci ildə daha fəal xarakter daşımışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkədə “Nizami Gəncəvi İli” elan edilmişdir. İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı Nizami Gəncəvinin həyatı və yaradıcılığından, nəsil şəcərəsindən, əsərlərindəki ölkə reallıqlarından və bəşəri dəyərlərdən bəhs edir. Gövhər Baxşəliyevanın Nizami Gəncəvinin etnik mənsubiyyəti haqqında rus dilində nəşr edilmiş “Этническая идентичность Низами Гянджеви” (“Nizami Gəncəvinin etnik mənsubiyyəti”) kitabında şairin milli mənsubiyyətinə aydınlıq gətirilir. Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyası şairin obrazının bədii ədəbiyyatda necə inikas edilməsini tədqim edir.
Həmişə diqqət mərkəzində olan Nizami Gəncəvinin həyat və yaradıcılığını əhatə edən əsərlərdə Nizami Gəncəvinin Azərbaycan şairi olması tezisi əksini tapır. İsa Həbibbəylinin Azərbaycan, türk, rus, ingilis, çin, alman və gürcü dillərində nəşr edilmiş “Böyük Azərbaycan şairi Nizami Gəncəvi”, Teymur Kərimlinin “Nizami Gəncəvi və tarix”, Nüşabə Araslının rus dilində “Nizami və türk ədəbiyyatı”, Əzizağa Nəcəfzadənin transliterasiya etdiyi Məmməd Ələkbərovun “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı”, Nailə Səmədovanın ərəb əlifbasından transfoneliterasiya edib nəşrə hazırladığı “Ordubadi Məmməd Səid. Nizaminin dövrü və həyatı (məqalələr toplusu - II kitab)”, Xəlil Yusiflinin “Nizami Gəncəvi”, Seyfəddin Rzasoyun “Nizami Gəncəvi: etnogenez və mifologiya”, Xəlil Yusiflinin, Samir Pişnamazzadənin, Elnur Həsənovun həmmüəllif olduqları “Nizami Gəncəvinin şəcərə tarixi”, Eldar Əmirovun rus dilində “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında”, Siracəddin Hacının “Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisinin şərhi (II kitab), Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” və digərlərinin kifayət qədər yeni və ya təkrar nəşr hesab edilən kitablarında bu tezisin irəli sürülməsinin şahidi oluruq.
Akademik Gövhər Baxşəliyevanın “Этническая идентичность Низами Гянджеви” (“Nizami Gəncəvinin etnik mənsubiyyəti”) kitabında yalnız özünün deyil, tanınmış Nizami tədqiqatçılarının fikirlərinə istinad edərək, şairin etnik mənsubiyyətini əsaslandırması da maraq kəsb edir. Məsələn, İran şairi və ədəbiyyatşünası Səid Nəfisinin fikirləri bir daha Nizami Gəncəvinin Azərbaycan şairi olması haqqında fikirlərə aydınlıq gətirir: “Nizami fars şairi deyil, o, Azərbaycan mühitində yaşayıb-yaradıb və onun şeirləri fars üçün anlaşılmazdır”. Kitabda ədəbiyyatşünaslıq tarixçiliyi üçün əhəmiyyət kəsb edən bir çox məqamlara aydınlıq gətirilir. Müəllif “səbki-Azərbaycani” adlanan Azərbaycan üslubunun fərqlənməsinə, Qətran Təbrizi, Xaqani Şirvani, Əbul-Üla Gəncəvi, Fələki Şirvani kimi şairlərin yaradıcılığında özünü göstərməsinə, xüsusilə də bu üslubun farsca yazan, ancaq etnik Azərbaycan türkləri olan şairlərin yaradıcılığında rast gəlinməsi vurğulanır.
Nizami Gəncəvi yaradıcılığı haqqında diqqəti cəlb edən tədqiqatlarından biri də filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyasıdır. Monoqrafiya dahi şairin obrazının bədii ədəbiyyatda necə inikas edilməsinə elmi nəzər salır. Müəllif Nizami Gəncəvi obrazının ədəbiyyatın bütün növ və janrlarında əksini tapmasını işıqlandırır. Müəllif Nizami Gəncəvinin bədii obrazını formalaşdıran ilkin ədəbi qaynaqları nəzərdən keçirir.
Akademik İsa Həbibbəylinin Nizami Gəncəvinin həyatı və yaradıcılığından, nəsil şəcərəsindən, əsərlərindəki ölkə reallıqlarından və bəşəri dəyərlərdən bəhs edən “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı türk, ingilis, rus, alman, çin, polyak, gürcü, ukrayna və bolqar dillərində təqdim edilir. Nizami Gəncəvinin həyatı, yaradıcılığı, Şərq renessansı məsələsi kimi mövzuları əhatə edən kitab Şərq İntibahının Qərb İntibahından əvvəl yaranması faktını da açıq-aşkar şəkildə təqdim edir: “Ənənə və novatorluq baxımından Şərq müsəlman intibahı ilə Qərb xristian renessansı bir-birilə üzvi surətdə əlaqədardır. Şərq intibah ədəbiyyatının meydana çıxardığı bədii obrazlarla Qərb renessansının aparıcı obrazları arasındakı bənzərliklər onları eyni dərəcədə əhatə edən Renessans baxışlarından irəli gəlirsə, həmin qəhrəmanları ayıran cəhətlər isə Şərq və Qərb düşüncə tərzindəki fərqliliklərdən doğur.”
Azərbaycan ədəbi irsinin qorunması əvvəl nəşr edilmiş əsərlərin təkrar nəşr edilməsində də özünü göstərir. Sovet dövr ədəbiyyatının klassik şairi Səməd Vurğun haqqında Qurban Bayramovun “Vurğun poeziyası” və “Səməd Vurğun – lirik qəhrəman və zaman” (Səməd Vurğun poeziyasında lirik qəhrəman)” kitabları təkrar nəşr nümunələridir. Qurban Bayramovun “Vurğun poeziyası” kitabı 1976-cı ildə, “Səməd Vurğun – lirik qəhrəman və zaman” (Səməd Vurğun poeziyasında lirik qəhrəman)” kitabı 1986-cı ildə nəşr edilmişdir. Kitablardan Səməd Vurğun poeziyasında irik qəhrəmanın təşəkkül yolu, lirik qəhrəmanın yetkinliyi, lirik qəhrəman problemi və s. haqqında məlumatlar əldə edilir.
“Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyasının III cildində şair və dramaturq Hüseyn Cavid Sovet dövrü ədəbiyyatının nümayəndəsi kimi deyil, Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsi olan dövrün şairi kimi təqdim edilir. Şairin həyat və yaradıcılığına həsr olunmuş tədqiqatlar, publisistik yazılar Hüseyn Cavidin ictimai-fəlsəfi görüşləri, yaradıcılığının özünəməxsus xüsusiyyətlərini təqdim edir. Şairin özünün ictimai-siyasi, tarixi mövzularda yazdığı əsərləri, türkçülük və turançılıqla bağlı fikirləri, və s. haqqında müxtəlif araşdırmaları da ədəbiyyat tarixçiliyi baxımından əhəmiyyət kəsb edir. Fasiləsiz ədəbi prosesin tərkib hissəsi olan Sovet dövrü ədəbiyyatımızın ayrılmaz hissəsi olmasına baxmayaraq, Hüseyn Cavidin ədəbi irisinin qorunması sahəsində həyata keçirilən iş kimi dəyərləndirilməlidir.
Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi qeyd olunması da Azərbaycan ədəbiyyat tarixçiliyi üçün əhəmiyyət kəsb edir. Məhərrəm Qasımlının “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” kitabı çoxəsrlik folklor ədəbiyyatını tədqiq edərək, itirilmiş məkanlardakı ədəbi irsin qorunmasının göstərir. Azərbaycan milli ədəbiyyat və mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Zəngəzur və Göyçə ədəbi mühitinin tədqiq edilməsi tarixi baxımdan Azərbaycan məkanlarında formalaşmış ədəbiyyatın qorunmasını əks etdirir. Həmçinin tarixi məkanların Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edir. Qədim tarixə, zəngin mədəniyyətə malik olan, ictimai və ədəbi-estetik fikrimizin inkişafında böyük rolu olan Zəngəzur və Göyçə ədəbi mühitinin öyrənilməsi və tədqiq edilməsi Azərbaycan ədəbiyyat tarixçiliyi baxımından vacib amillərdən birinə çevrilməlidir. Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncam bu baxımdan əhəmiyyət kəsb edir.
Zəngəzur və Göyçə ədəbi mühitinin öyrənilməsi Vətən, torpaq itkisinin açdığı izlərin unudulmamasını, maddi-mənəvi abidələrimizin qorunmasını əks etdirən vacib məsələlərdən biridir. Tarixi ərazimiz olan Zəngəzur və Göyçə folkorunun Azərbaycan folklorunun xəzinəsinə daxil olmaqla yanaşı, ümumAzərbaycan ədəbiyyatı baxımından, xalqın mənəvi sərvəti, etnoqrafik yaddaşıdır. Etnoqrafik yaddaşın qorunması üçün xalqın tarixi yaddaşından süzülüb gələn, adət-ənənəsini əks etdirən folklor nümunələrinin də qorunub saxlanılması, tədqiq edilməsi zəruri məsələlərdəndir. Məhərrəm Qasımlının “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” kitabında aşıq sənətində özünəməxsus imzası, zəngin poetik irsi olan Aşıq Ələsgər haqqında dastan-rəvayət yer alır. Kitabda milli ədəbiyyatımızda özünəməxsus yer tutmuş Aşıq Ələsgərin həyatı, yaradıcılığı haqqında söz açan 30-a yaxın dastan-rəvayət təqdim edilir. Təqdim edilmiş dastan-rəvayətlərin bir qismi xalq ruhuyla səsləşən əsərlər yaratmış aşığın sağlığında, bir qismi isə onun ölümündən sonrakı dövrlərdə yaranmışdır. Dastan-rəvayətlərdə xronoloji-bioqrafik əhvalatların, xalq təxəyyülündən yaranmış Aşıq Ələsgərlə bağlı hadisələr, səfərlər əksini tapır.
4. Ümumtürk ədəbiyyatı məsələlərinin tədqiqatı
2021-ci ildə ümumtürk ədəbiyyatı məsələlərinin tədqiq edilməsi diqqətdən yayınmır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən tərtib olunmuş Yunus Əmrənin “Salam olsun” (“Divan”) kitabındakı İsa Həbibbəylinin “Yunus Əmrə dastanı” adlı ön sözü, Əbdülbaqi Gölpınarlının “Yunusun yaşadığı çağ” (1971) və Mustafa Tatçının “Yunus Əmrə şeirinə sözbaşı” (2021) araşdırmaları ümumtürkçülük aspektindən maraq doğurur.
Yunus Əmrənin vəfatının 700-cü ildönümündə UNESCO tərəfindən elan edilmiş “Yunus Əmrə İli” Azərbaycanda da geniş şəkildə həyata keçirildi. Onu vurğulamaq lazımdır ki, “Yunus Əmrə İli”nin keçirilməsi bir daha onu diqqətə çatdırdı ki, ümumtürk ədəbiyyatının yaranması üçün vahid bir ədəbi mühit formalaşmalıdır. Yunus Əmrə ətrafında gedən mübahisələr bunu daha qabarıq şəkildə əks etdirə bilir. Yeddi əsrdən artıq bir dövr keçməsinə baxmayaraq, müasir dövrümüzdə qələmə almış olduğu bədii əsərlərinin dili azərbaycanlı oxucusu üçün tam anlaşılan Yunus Əmrə ətrafında elmi mübahisələr hələ davam etməkdədir. Ədibin yaradıcılığına yüksək dəyər verilməsi, bizə gəlib çatmış əsərlərinin dilinin anlaşılıqlı olması mübahisələrə yol açır. Ədibin yaradıcılığını tədqiq edən müxtəlif ölkələrin tədqiqatçılarının Yunus Əmrəni öz milli ədəbiyyatlarına aid etmələri də başa düşüləndir. Yunus Əmrənin qələmə aldığı əsərlərinin dilinin müasir dövrümüzdə bütün türk dilli xalqlar tərəfindən anlaşılmasından irəli gəlir.
Təsəvvüf tərəfdarı kimi türkdilli ədəbiyyata təsir göstərmiş Yunus Əmrənin doğum və ölümü, harada anadan olması və vəfat etməsi ilə bağlı mənbələr mübahisə doğurmaqdadır. Bu da ədibin konkret olaraq, Azərbaycan və ya türk ədəbiyyatına aid olması ətrafında mübahisələrə yol açmışdır. Bu mübahisələr parəkəndə ümumtürk ədəbiyyatının nümayəndəsi olan ədibin qəbrinin həm Azərbaycanda, həm də Türkiyədə olması faktlarının irəli sürülməsində özünü büruzə verməkdədir. Sovet İttifaqı zamanı milli dəyərlərimizə sahib çıxa bilmədiyimiz bir dövrdə Türkiyə Cümhuriyyətinin Yunus Əmrəyə sahib çıxması ümumtürk ənənələrinin məhv olmadığına bir işarədir.
Amma Yunus Əmrə yaradıcılığını diqqətlə mütaliə etdikdə, əmin olursan ki, ədibin yaradıcılığı Azərbaycan dilinin dialektlərinə aid olan sözlərlə zəngindir. Yeddi əsr bundan əvvəl istifadə etdiyi sözlər bu gün Azərbaycanda, Gürcüstanda, Dağıstanda yaşayan azərbaycanlıların və digər türkdilli xalqların dilində də rast gəlinməkdədir. Azərbaycan dialektinin Qərb qrupuna daxil olan şivə və ləhcələrdə isə daha çox rast gəlinməsi, qəbrinin Qaxda yerləşməsi belə əsas çıxarmağa imkan verir ki, Yunus Əmrə qarapapaqlıların məskunlaşdığı məkanda yaşayıb yaratmışdır. O, “tərəkəmə-qarapapax ağzı”nda yazıb yaratmış ədibdir.
Yunus Əmrənin vəfatının 700-cü ildönümündə UNESCO tərəfindən elan edilmiş “Yunus Əmrə İli” çərçivəsində, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda keçirilmiş “21-ci əsrdə Yunus Əmrəni anlamaq” mövzusunda Beynəlxalq Yunus Əmrə Simpoziumunda akademik İsa Həbibbəylinin “Yunus Əmrə zirvəsi”, akademik Gövhər Baxşəliyevanın “Əsrlərdən günümüzə səslənən Yunus Əmrə”, Salidə Şərifovanın “Tərəkəmə-qarapapax ağzı”nda yazıb-yaratmış ədib: Yunus Əmrə”, Səadət Şıxıyevanın “Yunus və Nəsiminin “müştərək” şeirləri”, Rəna Rzayevanın “Yunus Əmrə mənəviyyatı”, Xuraman Hümmətovanın “Yunus Əmrə şeirində dünya modelinin poetik funksionallığı”, Barat Osmanovanın “Yunus Əmrə şeirlərində ilahi eşq”, Mustafa Tatcının “Yunus Əmrəyə müqəddimə”, Leyla İpekçinin “Yunusça yaşamaq, sevmək və yaratmaq”, Nurullah Çətinin “Yunus Əmrədə birlik fikri”, Mustafa Özçelikin “Yunus Əmrə əfsanələrindəki mesajlar”, Tolqa Keskinin “Yunus Əmrədə məna dilinin inşasında iqtisadi metaforalar”, Həmidullah Baltabayevin “Yunus Əmrə və özbək divan ədəbiyyatında xoca Əhmət Yəsəvinin təsirləri”, Züleyxa Rahmanovanın “Yunus Əmrə ilahiliyində mürşid obrazı”, Hülkaroy Baltabayevanın “Yunus Əmrə və Mehmet Akif Ərsoy əsərlərində mərifət qavramları” və s. mövzularda məruzə və çıxışlar ədibin yaradıcılığını ümumtürk ədəbiyyatı platformasında araşdırılmasına şərait yarada bildi.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Türkiyədə müxtəlif illərdə çap olunmuş divan nəşrlərindən istifadə olunmaqla tərtib olunmuş Yunus Əmrənin “Salam olsun” (“Divan”) kitabı da Yunus Əmrə ilinə töhfədir. Kitabda akademik İsa Həbibbəylinin “Yunus Əmrə dastanı” adlı ön sözü, Əbdülbaqi Gölpınarlının “Yunusun yaşadığı çağ” (1971) və Mustafa Tatçının “Yunus Əmrə şeirinə sözbaşı” (2021) araşdırmaları ədəbiyyat tarixiçiliyin vahid bir ədəbi mühitdə, ümumtürkçülük aspektindən izlənilməsi baxımından şərait yaratdı.
5. Ədəbiyyat tarixçiliyinin nəzəri problemlərinin tədqiqi
Timuçin Əfəndiyevin “Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri” müstəqillik dövr ədəbiyyatında mühüm yer tutan romantizm problemini tədqiq edir. Timuçin Əfəndiyev romantizmi dünya ədəbiyyatı və milli ədəbiyyat kontekstində təqdim edir. Azərbaycan romantizminin sosrealizm mərhələsini geniş tədqiq obyektinə çevirir, ədəbiyyatımızın keçdiyi inkişaf tarixini canlandırır. Romantizmin XX əsrin əvvəllərində başa çatmamasını, məhz sosrealizm dövründə də təşəkkül etməsi amilini göstərir. Həmçinin, Timuçin Əfəndiyev Azərbaycan romantizmini XX əsr hadisəsi kimi qəbul etmir, milli romantizmin başlanğıcını XIX əsrə gedib çıxmasına toxunur. Timuçin Əfəndiyev sentimentallığı romantizmin təzahürlərindən biri hesab edir: “Bu baxımdan romantizmin təzahürlərindən olan sentimentallıq bu dövrün ədəbiyyatında da bu və ya digər şəkildə öz əksini tapmışdır.” Timuçin Əfəndiyev İ. Qutqaşınlının “Rəşid bəy və Səadət xanım”, A.Bakıxanovun “Kitabi-Əsgəriyyə” əsərlərini romantik əsərlər kimi təqdim edir. Azərbaycan milli romantizminin təşəkkül tarixini Hüseyn Cavid, Məhəmməd Hadi, Əli bəy Hüseynzadə, Abbas Səhhət, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əliabbas Müznib, Əbdülxaliq Cənnəti və digər ədiblərimizin yaradıcılığında izləyir.
İsa Həbibbəylinin “Molla Pənah olan Vaqif” kitabında XVIII əsr ədəbiyyatınını şair və dövlət xadimi Molla Pənah Vaqif ədəbiyyatda erkən realizm ədəbi cərəyanının banisi kimi təqdim edilir. Akademik İsa Həbibbəyli tədqiqatda şairin həyatı, müasirləri ilə münasibətləri, ictimai-siyasi fəaliyyətinə bütöv şəkildə diqqət yetirir. Kitabda həmçinin ədibin ictimai-siyasi fəaliyyəti, bədii yaradıcılığı, XVII əsrdən etibarən Azərbaycan ədəbiyyatında baş verən keçid prosesləri, realist meyllərin Molla Pənah Vaqifin yaradıcılığında zirvə nöqtəsinə çatması, erkən realizm ədəbi cərəyanının banisi olması və kimi bir sıra məqamlara aydınlıq gətirilir. Müəllif tərəfindən erkən realizm sadəcə təmayül kimi deyil, ədəbi cərəyan kimi təqdim edilir: “Erkən realizm – Azərbaycan ədəbiyyatında realist hərəkatın təməli, bünövrəsidir. Erkən realizm – sadəcə təmayül deyil, özünəməxsus ideya-estetik prinsipləri olan ədəbi cərəyandır.” “Molla Pənah olan Vaqif” kitabı Azərbaycan ədəbiyyatının keçdiyi inkişaf yolu əks etdirə bilir.
“Xaqani Şirvaninin həyatı və yaradıcılığı” kitabında akademik İsa Həbibbəyli Xaqani Şirvaninin qəsidə janrına yeni poetik formalar gətirməsinə toxunur, “Həbsiyyə” , “Qəsideyi-şiniyyə” kimi qəsidələri ilə qəsidənin fərqli bir formasını yaratmasını qeyd edir. Xaqani Şirvaninin yaradıcılığında mühüm yer tutmuş poema janrına toxunan akademik İsa Həbibbəyli qeyd edir ki, “Xaqaninin poemaları liro-epik janrda qələmə alınmış və o, bu janrın əsasını qoymuşdur.” Akademik İsa Həbibbəyli ədibin “Töhfətül-İraqeyn və zubtətün-nəvazir” (1157) poemasını “Azərbaycan ədəbiyyatında ilk bədii nəsr nümunəsi hesab olun”masına toxunur. Ədibin “Mədain xərabələri” (1176-1177) poemasını “geniş mənada xarabazara çevrilmiş ölkələrin mərsiyəsi” olmasını vurğulayır. Qeyd etmək lazımdır ki, akademik İsa Həbibbəylinin əvvəlki illərdə ədəbiyyatın dövrləşdirilməsi ilə bağlı qənaətləri metodoloji baxımdan daha da inkişaf etdirilmişdir. Özünü “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin II, III, IV cildlərinin ön sözlərində və digər oçerklərində əksini tapır.
2021-ci ildə işıq üzü görmüş “Azərbaycan ədəbiyyatı tarixi”nin IV cildi “Erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər)” nəşr edilmişdir. “Erkən yeni dövr Azərbaycan ədəbiyyatında bədii nəsr”, “XVII əsr Azərbaycan ədəbiyyatı” və “XVIII əsr Azərbaycan ədəbiyyatı” bölmələrindən ibarət olan “Azərbaycan ədəbiyyatı tarixi”nin IV cildi XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatını milli ədəbiyyat tarixinin ayrıca bir inkişaf mərhələsi kimi təqdim edir. XVII əsr isə Azərbaycan ədəbiyyatı orta əsr romantik ədəbi ənənələrindən yeni dövrün realist ədəbiyyatına hazırlıq mərhələsi kimi göstərilir. “Azərbaycan ədəbiyyatı tarixi”nin IV cildində diqqəti cəlb edən məqam isə erkən realizm ədəbi cərəyanının formalaşmasının təqdimidir. Akademik İsa Həbibbəyli “Azərbaycan ədəbiyyatı tarixi”nin IV cildinin “Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər)” adlı icmalında XVII-XVIII əsrlər ədəbiyyatının özünəxas xüsusiyyətlərini ayadınlaşdırır, “klassik romantik ənənələrin yekunu və yeni realist ədəbiyyatın başlanğıcı olan tarixi mərhələ” hesab edir. Akademik İsa Həbibbəyli ədiblərin yaradıcılığını dəyərləndirir: “Saib Təbrizi Füzulidən sonrakı, Vaqifdən əvvəlki poeziyanın yaradıcısı, romantik şeiri realist ədəbiyyata doğru yönləndirən novatordur”, “M.P. Vaqifin yaradıcılığı ilə xalq şeiri və yazılı poeziya arasındakı fərq aradan qalxıb” və s. Akademik İsa Həbibbəyli realizm cərəyanına yeni münasibətini də əks etdirə bilir: “Azərbaycan ədəbiyyatı tarixinin bu mərhələsi erkən yeni dövr və ya erkən realizm dövrü adlandırılır. ...XVII əsr Azərbaycan ədəbiyyatı erkən realizmin hazırlıq dövrü, XVIII əsr ədəbiyyatı isə milli realist ədəbiyyatın başlanğıc dövrünün yetkin çağı... Erkən yeni dövr –Azərbaycan ədəbiyyatının XVII-XVIII əsrlər mərhələsinin adı, erkən relaizm isə həmin mərhələdə XVIII əsrdə formalaşmış ədəbi cərəyanın təyinatıdır.” Erkən realizmin belə dəyərləndirilməsi Azərbaycan ədəbiyyatına yenidən baxılmasının zəruriliyinə diqqəti yönəldir.
Ədəbiyyat:
“Molla Nəsrəddin” ensiklopediyası, Bakı, “Elm”, 2020.
Azərbaycan ədəbiyyatı tarixi. 10-IV . Bakı, “Elm”, 2021
Azərbaycan ədəbiyyatı tarixi. On cilddə, üçüncü cild. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XII-XVI əsrlər). Bakı, Elm, 2020.
Əlimuxtar Muxtarov. Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda. Gəncə, “Elm”, 2021.
Əziz Mirəhmədov. Seçilmiş əsərləri. Bakı. “Elm və təhsil”, 2020.
Gülbəniz Babayeva .“Molla Nəsrəddin” jurnalı və milli ədəbi dəyərlər. Bakı , “Elm və təhsil”, 2020.
Xaqani Şirvaninin həyatı və yaradıcılığı. Bakı, “Elm və təhsil”, 2020.
İsa Həbibbəyli. “Kitabi Dədə-Qorqud”: yazılı epos və ya epopeya. Bakı, Elm, 2020.
İsa Həbibbəyli. “Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyası” başlıqlı Ön söz // “Molla Nəsrəddin” ensiklopediyası, Bakı, “Elm”, 2020.
İsa Həbibbəyli. Böyük Azərbaycan şairi Xaqani Şirvani. Xaqani Şirvaninin həyatı və yaradıcılığı”. Bakı, “Elm və təhsil”, 2020.
İsa Həbibbəyli. Orta əsrlər Azərbaycan ədəbiyyatı: anadilli ədəbiyyat epoxası // Azərbaycan ədəbiyyatı tarixi. On cilddə, üçüncü cild. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XII-XVI əsrlər). Bakı, Elm, 2020.
İsa Həbibbəyli. Uşaq ədəbiyyatı və Xanımana Əlibəyli imzası haqqında söz // Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası. Bakı, “Elm və təhsil”, 2020.
İsa Həbibbəyli. Yeni tipli ədəbiyyatşünaslıq nümunəsi // Əziz Mirəhmədov. Seçilmiş əsərləri. Bakı. “Elm və təhsil”, 2020.
İslam Qəribli “Məhəmməd Hadi: həyatı və yaradıcılığı. Bakı, “Elm və təhsil”, 2020.
Mahirə Quliyeva. Mən kiməm... Milli kimliyim və mənəvi zənginliyim ədəbiyyatda. Bakı. “Elm və təhsil”, 2020.
Mehman Qaraxanoğlu (Əliyev). Mirzə Cəlil yanğısı. Bakı. Mücrü Nəşriyyatı, 2020.
Solmaz Daşdəmirova. Pərvin Etisaminin həyat və yaradıcılığı. Bakı, “Ulu” İKF.2020.
Tahirə Məmməd. Milli kimlik və bədii mətn. Bakı. “Elm və təhsil”, 2020.
Teymur Əhmədov. Nəriman Nərimanov (həyatı, mühiti və ədəbi-bədii yaradıcılğı. Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2020.
Timuçin Əfəndiyev. Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri: monoqrafiya. Bakı: Azərnəşr, 2020.
Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası. Bakı, “Elm və təhsil”, 2020.
Yunus Əmrə dastanı. Bakı, “Elm və təhsil”, 2021.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.