Ziyarət zamanı akademik İsa Həbibbəyli çıxış edərək bildirmişdir ki, “Biz görkəmli alimlərimizin vəfatının on, iyirmi və sair illiyini qeyd etmək haqqında qərar qəbul etmişik. Üç görkəmli alimimizin məzarını ziyarət etmək istəyirik. Onlardan ikisinin - Yaşar Qarayevlə Bəkir Nəbiyevin qəbri İkinci Fəxri xiyabandadır. Onlara ehtiramımız yeni nəsillər üçün bir nümunədir. Həm institutumuzun, həm də ədəbiyyatşünaslıq elminin inkişafında xidmətləri olan böyük alimlərimizdir. Bu gün ünvan Yaşar Qarayev və Bəkir Nəbiyev müəyyənləşsə də, bura gəlib, bu məzarlıqda olan digər alimlərimizi də ziyarət etməsək olmaz. Onların qarşısında bizim borcumuz var, biz onların ənənəsini yaşadırıq, yollarını davam etdiririk. Azərbaycan nadir ölkələrdən biridir ki, görkəmli simalara belə yer ayırıb. Buranın bir əlamətdar cəhəti odur ki, burada bizim şəhidlərimiz də uyuyur, Polad Həşimovun qəbri buradadır.
Bu gün həm də Zəngilanın azad olunduğu gündür. Azərbaycan Prezidenti İlham Əliyevin dəmir yumruğu ilə Azərbaycan ordusu bu gün Zəngilan şəhərini azad edib. Cənab Prezident və ölkəmizin birinci xanımı Mehriban Əliyeva iki gündür ki, Cəbrayılda və Zəngilandadır. Biz bu gün Zəngilanın işğaldan azad olunmasını, iki il ərzində həyata keçirilən möhtəşəm bir işlə aeroportun açılması və bir ağıllı kəndin istifadəyə verilməsi ilə qeyd edirik”.
Akademik İsa Həbibbəyli əlavə edib ki, “Bəkir Nəbiyev bizim böyük alimimiz olub. Ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətləri var. O, ədəbiyyatı dərindən bilən, mətndən çıxış edən və akademik səviyyəsinə yüksələn bir adamdır. Filologiya elmləri doktorları, professorlar Qəzənfər Paşayev və İmamverdi Həmidov da Bəkir Nəbiyevlə bağlı xatirələrini bölüşüb, onun elmi fəaliyyətindən bəhs ediblər.
Eyni zamanda Yaşar Qarayevin ədəbiyyatşünaslıqda nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayıblar.
Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı və filologiya üzrə fəlsəfə doktoru Fəridə Hicran da Yaşar Qarayevin unudulmaz xatirəsindən müəyyən məqamlara toxunublar.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.