Mərziyyə Nəcəfova: "Xocalı soyqırımı bədii ədəbiyyatımızda"

Mərziyyə Nəcəfova: "Xocalı soyqırımı bədii ədəbiyyatımızda"Mərziyyə Nəcəfova,
filologiya elmləri doktoru



Qələbə sevincini eşidən ilk dəqiqədə yadıma düşən Xocalı soyqırımı oldu və bir də analoqu olmayan bu faciəni misralarında yaşadıb, “ahın” portretini çəkən şairlər. Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, Nurəngiz Gün, Nüsrət Kəsəmənli, Ələmdar Quluzadə, Ələkbər Salahzadə, Əlirza Xələfli və başqaları.
Bu ağrıları uşaq və ana obrazında canlandırırdı Nurəngiz Gün də, Zəlimxan Yaqub da, Nüsrət Kəsəmənli də... Bir ananın - Nurəngiz Günün misralarında bu ağrıları hamilə qadının hələ dünyaya gətirmədiyi körpəsinin ana bətnində ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsindən ağrılı səhnə ola bilməz.


Nurəngiz xanım şeirində, bir-birinin üzünü görməyən ana və balanı bir-biri ilə tanış edir. Həyatında iki müharibə yaşayan Nurəngiz xanım erməni qaniçənlərinin xislətini dünyaya çatdırırdı. Əslində şairə bu ağrıları yaza-yaza yaşadığı kimi, həm də obrazların şəklini çəkirdi. Bu tablolarda ananın, qızcığazın və erməni vəhşiliyinin portretini yaradırdı.

Kim öldürdü körpə səni,
Doğulmayan əllərini?
Kim öldürdü gözlərini?
Kipriklərin uzundurmu,
Tellərin nə rəngindəydi,
Qaramı, qızılıydımı?
-deyə insanlığa qarşı törədilən ağır, ürəkdağlayan cinayəti bədii sualların, poetik ifadələrin təsir gücü ilə oxucuya ünvanlayır, erməni vəhşiliyinin dəhşətlərini poeziyaya gətirirdi. Ana bətnində erməni gülləsinə tuş gələn körpənin və ananın faciəsi əslində bütün bəşəriyyətin faciəsidir.

Qan içində olan körpə barmaqlarının ana döşü aramağa macal tapmaması, ana sinəsində gəzə bilməməsi dünyada ən ağır mənzərə, sətirlərə sığmayan, sözlə ifadəsi mümkün olmayan müsibətdir:

Barmaqların qan içində.
Cuqqanacıq o barmaqlar
Ana döşü aramadı,
titrəmədi sinəsində.
Ana qoxusu dadmadın,
Qızınmadın istisində.

(Nurəngiz Gün, “Kərəm ol sən, o gözəlin Allahı”)

Bu kədərli duyğular silsiləsi şairənin “Xocalı simfoniyası” poemasında da davam etdirilir. “Xocalı simfoniyası” əsəri Xocalıda şəhid olmuş insanların xatirəsinə həsr edilən ən dəyərli əsərlərindəndir. Dünyaya ucalan haqq səsidir, Xocalı soyqırımının qurbanlarına ucaldılan sənət abidəsidir.

Nurəngiz Günün bu əsəri “İlahi, sən onlara rahatıq ver!...” ifadəsi ilə başlaması özü ağrılarımıza, müsibətlərimizə işarədir. Poema şair harayıdır, şair fəryadıdır. Müəllifə görə, torpaq altındakı dipdiri ölülərə ancaq rahatlıq gərəkdir. Onların ruhları nə qədər rahatsızdır, əzgindir, yaralıdır, onlar ölməyiblər, daha doğrusu onlar ölə bilməyiblər. Bu insanlar təhqir olunublar. Dünyaya gəlməyən körpələr anaların bətnində süngüyə keçiriliblər, balaca uşaqlar qəddarlıqla öldürülüblər, ixtiyar qocaların başları kəsilib, gözləri çıxarılıb, qadınlar diri-diri yandırılıblar.



Amma bu insanlar ölə bilməyiblər. Rüzgarla (küləklə) dərdləşən şair, ona meydan oxuyur, olanları dünyaya çatdırmaq istəyən şairə həqiqətləri sanki külək metaforası ilə dünyaya hayqırır:

Yox, Rüzgar! O cürə əsmə sən!
Torpaqda...
Torpağın altında
dip-diri ölülər var!
Diksinə bilər Onlar...
Alt-üst etmə torpağı, ey Rüzgar,
Onlar onsuz da yazıq!
Tələf olubdur, Onlar!

Əsərin fərqli xüsusiyyətlərindən biri də müəllifin hadisələri torpağın üstündə deyil, altında, dünyanın bu üzündə deyil, o biri üzündə baş verməsini əks etdirməsidir. Torpağın altında ölə bilməyən insanlar, xüsusi ilə körpələr, onların torpaq altında havasız, anasız zarıltıları, inqaları, ən əsas isə əmmək istədikləri ana döşü...

Cocuqlar bir təhər ovunar
Havasız...nəşəsiz...Torpağın altında...
Ancaq ki, ana məməsi istəyir körpələr,
Torpağın altında!
Heç bir şey anlamır inqa səsləri!...
Səslər ana döşü əvəzinə
İndicə torpağı əməcəklər!...

Ahın, nalənin şəklini çəkir, Nurəngiz Gün . Bu soyqırımı- körpələrin, qadınların, qocaların fəryadını, naləsini dünyaya çatdırmaq üçün şairə rüzgardan fırça istəyir.Və fırçayla bu zülmü dünyaya çatdıracağına inanır:

Və varındısa...sən allah, ey Rüzgar, fırça gətir!
Mən bu Qlobal Ahın şəklini çəkərəm!

(Nurəngiz Gün, “Xocalı simfoniyası”)
44 günlük savaşda da ədəbiyyatın, sözün Azərbaycan döyüşçüsünün vətənpərvərlik hisslərinə təsirsiz ötüşmədiyini gördük. Söz adamlarının əllərindəki qələmi süngüyə çevirdiklərinin şahidi olduq. Emin Piri, Oğuz Alparslan, Elvin İntiqamoğlu və onlarca jurnalistimiz torpaqlarımızı azad etməklə, həm də Vətən müharibəsinin salnaməsini yazdılar.

Apardığımız araşdırmalardan görünür ki, 44 günlük Vətən müharibəsi mövzusunda yaranan poeziyada da Xocalı ağrısı nəinki unudulmayıb, hətta o igidlərimizi Xocalı hadisələri hər zaman qisasa səsləyib. İstər poemalarda, istərsə də lirik poeziya nümunələrində, belə demək mümkünsə, Zəfər sevinclərinin elə içində o ağrı yenidən qövr edib. Döyüşçü-şair Oğuz Alparslanın Xocalı haqqında şeirində bir mətləb hasil olur. Azərbaycan döyüşçüsünün 30 illik Xocalı ağrıları ilə yaşadığının şahidi oluruq. Bunu ən çox döyüşçü-şairlərin - Oğuz Alparslanın, Emin Pirinin, Elvin İntiqamoğlunun yaradıcılığında izləmək olur. Oğuzun Xocalıda təcavüzə uğrayan 13 yaşlı qıza ünvanladığı şeirdə isə o ağrıların qövr etdiyinin reallığını görmək olur:

Yaddaşımın qan yeri,
Oyan! Qaldır üzünü...!
Bax... Sökülür dan yeri.
“Otuz il”lik yaddaşına bir daş at,
Xocalının dəhşətini yaşayan,
Erməni nifrətini öz bətnində daşıyan,
O, balaca qızcığazın ağrıları dindimi?
Acıları dindimi?
Şeirdə o qızcığazın öcünü almaq üçün canını qurban verən bir Azərbaycan əsgərinin obrazı da var. Bu əslində ümumiləşdirilmiş Azərbaycan əsgərinin obrazıdır. 44 günlük döyüş zamanında bu qızcığazın ağrıları o oğulların yaddaşından itməyib.


Gözləri qarşısından donmuş baxışları, şaxtadan, sazaqdan don vuran ayaqları, yaşadığı utanc çəkilib getməyib:

Donmuşdu baxışları,
Yalın ayaqları tək,
Soyumuşdu ürəyi,
Fevral sazaqları tək.

Qızcığazın yaşadığı təcavüz illərdi bu xalqın qırılan qaməti olub. Bunları müharibədə düşünən bir əsgər o qızların donmuş gözlərinə bir gün baxa bilmək üçün güllələr önündə mərdliklə dayanır. Bu kədərli misralardan bir qəhrəmanlıq, ərlik də oxunur, şair tarixə üz tutur:

Bağrı yandı Qarabağın o gecə,
Qanı dondu insanlığın o gecə.
Yaşlı-cavan demədən,
Körpə çağa demədən,
Süngüyə keçirildi,
Yüzlərlə can ,o gecə.
Neçə-neçə qızcığaz,
Təcavüzə uğradı,
Neçə körpə doğulmamış,
Onu güllə doğradı.
Nələrə şahid oldun?
Nə yaşadın, qızcığaz?

Sualların cavabı elə əslində bu qısasın alınmasıdır. Amma bundan da Azərbaycan döyüşçüsünün ürəyi rahatlıq tapmır. O qara ləkəni silə bildikmi ? - deyə döyüşçü qızcığaza şeirin sonunda içini göynədən o sualı sorur:

Yaşamısan sən, necə?
Sağalarmı ürəyinin yarası?
Silinərmi ahımızın qarası?
Anam, bacım...qızcığaz,
Xocalıdan danışsam,
Ağrın dinərmi biraz?
Ayağın isinərmi?
Ürəyin isinərmi?


Ədəbiyyatın vaxtında qopardığı fəryadlar, səsləyişlər özünü savaş meydanlarında göstərirdi. Oğuz Arpaslan çıxışlarının birində deyir ki, “Mən Xocalı azad edildikdən sonra bu şeiri yazdım və uzun zaman heç nə yaza bilmədim”.

Bu ideya Eminin də yaradıcılığında ağrılıdır.

Onun şəhid məzarları qarşısında söylədiyi sözlər döyüşçülərimizə bir çağırış olub:

Şəhid məzarlarını
Mərmərə bükdük,
Daş qoyduq başlarına
Qalxa bilməsinlər
Üzümüzə tüpürməyə.

(Emin Piri ”Başdaşları utandırdı məni”)

Və döyüş zamanı Xocalı-fevral soyqırımı döyüşçünün gözləri önündən çəkilmir:

Əsgər sinəsi axtarır
Isinməyə
Fevral şaxtasından
Üşüyən güllə.

(Emin Piri)

Eminin Xocalı soyqırımı törədənlərə verdiyi böyük bir dərs də tariximizdə qırmızı bir xətlə qaldı.



Emin Piri “Uşaqlardan uşaqlara Xocalı” adlı müharibə gündəliyində yazır: “Xocalıdayıq. Daha doğrusu kəndlərində. Ordumuzun işğaldan azad etdiyi o müqəddəs torpaqlarda...
Xocalı adı elə adamı vahiməyə salır. Uşaqlıqdan izlədiyimiz videolar, yazılar, şahid ifadələri Xocalını düşüncəmdə cəhənnəm bir məkan kimi formalaşdırır. Amma ayağımı o torpağa qoyandan əvvəlki düşüncələrim 180 dərəcə dəyişir. Yeni bir Xocalı yaradıram özümə”. Xocalı ilə bağlı ağrıları unudub özünə cənnət Xocalı yaradaraq girdiyi bir erməni evində qalaq-qalaq şəkillər, uşaq arabası, uşaq geyimi görən şair döyüşçünün düşüncəsini alovlandırır. Onun düşüncəsi dünyaya meydan oxuyur. Bu yerlərdə hələ dünyaya gəlməyən uşaqları ana bətnində şişləyib çıxaran bir erməni obrazı ilə Azərbaycan döyüşçüsünün obrazı bütün dünyaya səs salmalıdır. Döyüşçü-şair yerə dağılan o uşaq şəkillərini bir-bir yığır. 10-12 yaşlarında olan bir uşağın şəkillərini qarşısına yığan əsgər yazır: “Bir anda ruhumdakı vəhşi yoxa çıxır. Hara gedib, bilmirəm. İndi Emin Piri ilə birgəyəm bu otaqda və qarşımda albomdan mənə boylanan uşaq... 10-12 yaşında olan uşağın şəkilləri. Doğulandan bu yaşa kimi olan şəkillər. Bəlkə də, bu evdə ondan qabaq azərbaycanlı uşaq yaşamışdı, yaşı bizdən böyük, bizdən əvvəl doğulan, amma heç zaman böyüməyən bir uşaq... Təkəm, uşaq çarpayısında oturub albomu vərəqlədikcə hönkürürəm”.

Ev-ev gəzib uşaq şəkillərini yığan döyüşçü-şair bütün uşaq şəkillərini özü ilə Bakıya gətirməyə söz verir. Uşaqlıq xatirələrini Xocalı qırğınında itirən o məsumları xatırlayır. Bu hadisə Azərbaycan xalqının itirmədiyi xarakteridir. Sonda isə “İndi düşünürəm: şəkillərini yığdığım o uşaqlar sağ-salamat qala bildimi?” deyən Eminin bu sualı Xəlil Rzanın, Zəlimxan Yaqubun misralarını yadıma saldı. Xocalı soyqırımını dünyaya çatdıran Xəlil Rzanın o ötkəm səsi qulaqlarımda cingildədi:

Süngülərə keçirdilər, yüz uşağı, min qundağı,
Ağsaqqalı, ağbirçəyi, ayüzlünü, gül dodağı.
Od qarışıq külə döndü yun şalının hər saçağı,
Uçdu, qondu buludlara igidlərin çal papağı.
Unutmazsan o papağı, Odlar yurdu, Od torpağı!
(Xəlil Rza Ulutürk)
“Azərbaycan xalqının zülmü yerdə qalmasın” - deyə qələmini süngüyə çevirmiş Zəlimxan Yaqubun isə bütün əsərləri Xocalı soyqırımının yaşantılarını əks edirdi. “Ey Vətən oğulları” adlı poemasında şair Azərbaycan əsgərini zəfər zəngini çalmağa çağırırdı və o böyük zəfəri görürdü.

Ey vətən oğulları!
Çalın zəfər zəngini,
Bu torpağın səsinə, sorağına çevrilin!
Yandırın işıqları yurdun kəhkəşanında,
Gözümüzün nuruna, çırağına çevrilin!
(Zəlimxan Yaqub)



Müharibəyə «yox» deyərək insanlıq naminə bəşəriyyətə çağırış edən və bu ideyanı bütün əsərlərinin ana xəttinə çevirən Nurəngiz Gün isə “bəşəri zalımlara”a öz qadın səsiylə, ana hayqırtısı ilə bir növ üsyan edərək deyir:

Əl çəkin! Qırın hərbin belini!
Dağıdın təbilini siz onun!
Doğrayın müharibə sözünü,
Siliniz lüğətlərdən!
İnsanı düşünün! Ürəksiz Məliklər!
Dünya Kələkbazları!
Dü-şü-nünn!..
Dünya yalnız sizin deyil!
Düşünün!!!
Düşünməyə çox dəyər!..

(Nurəngiz Gün, “Xocalı simfoniyası” poeması)

Bu kimi çağırış tipli ədəbiyyat nümunələrinin bugünkü Qələbəmizdə əhəmiyyəti danılmazdır. Bu gün Xocalı soyqırımında vəhşiliklə qətlə yetirilənlərin ruhu nə qədər şaddırsa, bir o qədər də ədəbiyyat adamlarının ruhu şaddır. Xocalı qisasını alan, Ali Baş Komandanın ətrafında birlik, bərabər olan bütün Azərbaycan oğullarına, Azərbaycan Ordusuna min alqış. Var olsun qamətimizi dik, başımızı uca edən Azərbaycan Ordusu!

ZiM.AZ


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: