Amansız ölümün ona etdiyi qəsdin baş tutacağı zamanı belə ağlıma gətirə bilmirdim. Bilmirdim ki, “ayrılıq var, ölüm var”... Bu acı xəbəri sosial şəbəkələrdən aldım. Çox mütəəssir oldum. Ölümün gözünə dik baxan, pillə-pillə ucalan bir insanın, bir müdrikin, bir kamilin qəflətən əlvida edəcəyinə inanmırdım. Hətta keçmiş xatirələr məni çulğayanda belə onun əbədiyaşar, ölümsüz bir insan olduğuna nağıl kimi inanırdım. Tələbəlikdə mənə mənəvi dayaq olmuşdu, mənimlə öz döğması kimi davranırdı, elmin qapılarının açarını vermişdi mənə. həmişə də deyərdi ki, o qapını özün aç, mən sənin mayakınam.
Bu Mədəd müəllimin böyüklüyü idi, əsl müəllim taktikası idi. Mən mühazirələrinə qulaq asanda onun hər kəlməsindən böyük bir insanlıq fəlsəfəsinin auditoriyaya hakim kəsildiyinə, hər mülahizəsində böyük bir elmi təsdiqin təntənəsinə, hər hərəkətində, jestində böyük bir şəxsin iddialarına valeh olurdum. İnstitutda hər müəllimimdən bir xüsusiyyət əxz edirdim. Ancaq Mədəd müəllimdən götürəcəyim çox şeylər var idi.
Bu gün, eləcə də yaxın keçmişdə yazacağım məktubdan məqsəd Mədəd müəllimin başqalarından mənə daha çox şeylər verdiyini izhar eləmək, ona öz minnətdarlığımı bildirmək idi. Nə yazıq ki, bu məktubda yazdıqlarımı Mədəd müəllim oxuya bilmədi. O, sıramızı bizdən xəbərsiz tərk elədi.
İnsan dünyasını dəyişəndə məyus olursan. Lakin Mədəd Çobanovun ölümü bzim üçün onun yenidən doğum günü oldu. Mənə belə gəlir ki, biz Mədəd Çobanovu itirmədik, əksinə onu yenidən qazandıq. Biz uduzmadıq, biz udduq. Biz Mədəd Çobanov ömrünü pillə-pillə aşağı enmirik, əksinə həmin pillələrlə onun ömrünün zirvələrinə yol gedirik.
Mədəd müəllimin adının qarşısına yazılan titulları, fəxri adları, elmi dərəcələri, mükafatları bir yerə yığsaq, altmış beşillik əmək fəaliyyətinə verilən dəyərlər onun gördüyü işlərin müqabilində bir quruşdur. Bu böyük Ustad heç kəsdən heç şey ummamışdı. Monoqrafiyalar, dərsliklər, saysız-hesabsız elmi məqalələr yazarkən əvəzində dövlətdən və ya hər hansı bir elmi qurumdan nəsə ummaq amacı olmamışdı. Sırf milli olan, xalqına, Vətəninə, millətinə təmənnasız xidmət göstərən Mədəd müəllim müqayisəyəgəlməz bir şəxs olmuşdur. Təvazökar, hər kəsin ehtiyacını duyan, dara düşən hər kəsə kömək əli uzadan, hər göz yaşı tökən insana gülüş bəxş etməyi bacaran bu insanı rəngarən çalarların xırmanı saymaq da azdır. Mədəd müəllimdə hər şeyin böyüyü var idi: insanlığın da, müəllimliyin də, alimliyin də, dostluğun da, yoldaşlığın da, sadiqliyin də, ən başlıcası isə mənəvi atalığın da.
“Gecikmiş məktub” adlandırdığım bu yazını bəlkə də vaxtında yazmışam. Ancaq mənə elə gəlir ki, bu məktubu felin keçmiş zamanında yazsaydım, tamam başqa məzmun kəsb edərdi. Lakin mən onu indiki zamanda yazdım, özü də ismin adlıq halında.
Məkanın cənnət olsun, Ustad!
Əbdüləli İBRAHİMSOY,
Qarayazı
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.