Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...
Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasına davam edir. Bu rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilmədiyiniz məlumatları sizlərə təqdim etməyə çalışırıq.
Bu dəfəki təqdimatımız Azərbaycanın sabiq baş naziri, eləcə də keçmiş xarici işlər naziri, hazırda ölkəmizin Polşadakı səfiri Həsən Həsənovun oğlu Zaur Həsənov barəsindədir.
Sabiq xarici işlər naziri Həsən Həsənov mərhum prezident Heydər Əliyevin komandasında təmsil olunmuş eks-nazirlər sırasına daxildir. Həsən Həsənov hələ Kommunist Partiyasının zamanından yüksək vəzifələr tutub. O, Bakı şəhəri Səbail Rayon Partiya Komitəsinin 1-ci katibi (1975-1978), Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci katibi (1978-1979), Gəncə Şəhər Partiya Komitəsinin 1-ci katibi (1979-1981) vəzifələrində çalışıb.
1981-1990-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə, tikinti məsələləri üzrə, iqtisadiyyat məsələləri üzrə katibi olub.
Eks-prezident Ayaz Mütəllibov zamanında, 1991-1992-ci illərdə H.Həsənov Azərbaycan Respublikasının baş naziri vəzifəsində çalışıb.
AXC hakimiyyətə gələndən sonra o, Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi təyin edilib və 1992-1993-cü illərdə bu vəzifədə çalışıb.
Heydər Əliyev hakimiyyətə gələndən sonra H.Həsənov Bakıya çağırılaraq, nazir postuna təyin olunub. Bu,1993-cü ilin sentyabrında baş verib. H.Həsənov düz 5 il Heydər Əliyev iqtidarının xarici işlər naziri olub. 1998-ci ilin fevralında H.Həsənov elə mərhum prezident tərəfindən nazir vəzifəsindən azad olunub. Amma həmin vaxt Milli Məclisin də üzvü olan H.Həsənov 2000-ci ilədək deputat mandatı gəzdirib.
İlham Əliyev prezident seçiləndən sonra, 2004-cü ildə H.Həsənova yeni vəzifə verilib. Həmin il o, Azərbaycanın Macarıstandakı səfiri təyin edilib. 2010-cu ilin martında isə H.Həsənovun diplomatik xidmət yeri dəyişdilib. İndi o, Azərbaycanın Polşadakı səfiridir.
Həsən Həsənov siyasi və dövlət xadimi, diplomat olmaqla yanaşı, alim- tarix elmləri doktorudur.
2004-cü ildə Bakıda "SSRİ-də milli təmayülçü hərəkat" mövzusunda namizədlik, 2006-cı ildə Tiflisdə "Tarixin fəlsəfəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Həsən Həsənov elmi fəaliyyətdən əlavə bədii yaradıcılıqla da məşquldur. O, Azərbaycan Dövlət Dram Teatrınn səhnəsində tamaşaya qoyulmuş dahi mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və fəaliyyətinə həsr edilmiş "Brüsseldən məktublar” pyesinin müəllifidir. H.Həsənov “Tarixin hədəfi” (“Tarixin fəlsəfəsi”), Nəriman Nərimanovun milli dövətçilik baxışları və fəaliyyəti, “Türklüyümüz”, “Misir amuleti və ieroqlifləri Azərbaycanda” adlı monoqrafiyaların, “Azərbaycanın Avropaya inteqrasiyası” əsərinin, çoxsaylı çıxışlar və məqalələr toplularının müəllifidir.
Bu il 77 yaşını tamam edən H.Həsənov Azərbaycan, türk, ingilis, rus, gürcü dillərini bilir.
Həsən Həsənovun iki övladı var. Oğlu Zaur Həsənov hazırda Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və etnoqrafiya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.
Tarix üzrə fəlsəfə doktoru elmi dərcəsinə malik olan Zaur Həsənov Azərbaycanda skiflər və kimmerlər üzrə mütəxəssis sayılır.
O, 22 iyul 1969-cu il tarixində Bakı şəhərində doğulub.
Maraqlıdır ki, Azərbaycan Tibb Universitetini bitirərək, cərrah həkim ixtisasına yiyələnən Zaur Həsənov daha sonra təhsilini tarix üzrə davam etdirib. O, ABŞ-dakı Nortvestern Universitetinin Kellogg Ali Menecment Məktəbinin magistraturasında təhsil alıb.
Z.Həsənov 2008-ci ildə “Kimmerlər və onların Azərbaycan tarixində yeri” adlı dissertasiya müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru olub.
Onun 49 elmi əsəri çapdan çıxıb, xaricdə 39 əsəri nəşr edilib.
2017-ci il mayın 17-də AMEA-nın Tarix İnstitutunda skiflərin Azərbaycan tarixindəki roluna həsr olunmuş doktorluq dissertasiyası müzakirə edilib. “Skiflər və onların Azərbaycan tarixində yeri” mövzusundakı doktorluq dissertasiyasının müəllifi tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovdur. Zaur Həsənov ilk dəfə olaraq dissertasiya şəklində “çar skiflər” və “şişpapaq saklar”ın etno-dil mənsubiyyətini araşdırıb. Z.Həsənov öz əsərlərində “çar skiflər”in və “şişpapaq saklar”ın türk mənşəli olmasını sübut edib.
Alim dissertasiyasında skiflərlə bağlı Azərbaycandakı arxeoloji tapıntıları və onların dəfn adətlərini Macarıstan, Ukrayna, Rusiya və Qazaxıstandakı analoji materiallarla müqayisə edib.
Qeyd edək ki, Zaur Həsənov “Şişpapaq saklara” məxsus İssık yazısını oxuyub və bununla bağlı araşdırması Rusiya Elmlər Akademiyasının (REA) Şərqşünaslıq İnstitutunun “Şərqin Epiqrafikası” (“Эпиграфика Востока”) jurnalında çap edilib.
A.Qorxmaz
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.