AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi iclası keçirilib 2017-ci il Dekabrın 28-də
AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) ümumi iclası keçirilib.

ZiM.Az xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək 2018-ci ildə AXC-nin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunacağını bildirib. O, Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar bölmənin institutlarına AXC parlamentinin üzvlərinin, eləcə də həmin dövrdə xaricə təhsil almağa göndərilən gənclərin həyat və fəaliyyətləri haqqında sanballı əsərlərin hazırlanması barədə tapşırıq verib.

Akademik İ.Həbibbəyli,
həmçinin 2018-ci ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün qeyd olunacağını bildirib. Dahi lider Heydər Əliyevin Azərbaycan üçün tarixi xidmətlərini xatırladan alim növbəti hesabat ilində ümumilli liderlə bağlı silsilə əsərlərin, konfransların keçirilməsi barədə tapşırıq və tövsiyələrini verib.

Sonra bölmənin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək bildirib ki, cari ildə İEB-də 9 elmi istiqamətdə 32 problem üzrə 113 mövzu, 305 iş üzərində elmi tədqiqat işləri aparılıb. O, bölmə institutları tərəfindən 1772 əsərin nəşr edildiyini, bunlardan 159-nun kitab, 1269-nun məqalə, 344-nün isə tezis olduğunu söyləyib. N.Axundova 12 kitab, 334 məqalə və 58 tezisin xaricdə çap olunduğunu diqqətə çatdırıb.

Bölmə üzrə 39 məqalənin impakt faktorlu jurnallarda dərc edildiyini deyən alim cari ildə İEB alimlərinin əsərlərinə 1300 istinadın olduğunu vurğulayıb. N.Axundova hesabat ilində bölmə tərəfindən 16 beynəlxalq və 18 respublika konfransının keçirildiyini bildirib.

Daha sonra institutların hesabatları dinlənilib.

Milli Azərbaycan Tarixi Muzeyinin illik hesabatını təqdim edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı hesabat ilində 4 problem üzrə 5 mövzunu əhatə edən 22 iş üzərində tədqiqatların aparıldığını söyləyib. Akademik il ərzində muzeydə 1261 ekskursiyanın baş tutduğunu, 17 min 500 nəfərin muzey ekspozisiyasını ziyarət etdiyini bildirib. O, hesabat dövründə muzeyin 16 əməkdaşının 2 respublika və 17 beynəlxalq səviyyəli elmi forumlarda iştirak etdiyini diqqətə çatdırıb. N.Vəlixanlı cari ildə muzey əməkdaşlarının 61 məqaləsinin, 29 məruzəsinin və 2 tezisinin çap olunduğunu, onlardan 7-sinin impakt faktorlu jurnallarda dərc edildiyini vurğulayıb.

Sonra Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək rəhbərlik etdiyi müəssisədə hesabat ilində 4 prob­lem üzrə 43 mövzunu əhatə edən tədqiqatların aparıldığını bildirib. Akademik cari ildə institut əməkdaşlarının 58 kitabının, 275-dən artıq məqaləsinin (98-i xaricdə, 4-ü impakt faktorlu jurnalda) dərc olun­duğunu deyib.

O, institutun 2017-ci ildə Türkiyənin Atatürk Araşdırma Mərkəzi, Türk Tarix Qurumu, Rusiya EA Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoq­rafiya İnstitutu, Rusiya EA-nın Böyük Pyotr adına Antropologiya və Etnoq­rafiya Muzeyi, Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutu və digər qurumlarla elmi əmək­daşlıq etdiyini deyib.

Fəlsəfə İnstitutunun illik hesabatı ilə bağlı çıxış edən institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə hesabat dövründə 2 elmi istiqamət, 3 problem, 9 mövzu üzrə 117 elmi-tədqiqat işinin aparıldığını bildirib. O, institut tərəfindən cari ildə 17 monoqrafiyanın (2-si xaricdə), 1 kitab, 2 dərslik, 1 broşur, 237 məqalənin dərc olunduğunu söyləyib. Alim xaricdə dərc olunan 68 məqalənin 7-sinin impakt faktorlu jurnallarda yayımlandığını diqqətə çatdırıb.

İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim İmanov çıxış edərək 2017-ci ildə müəssisə tərəfindən 311 elmi məqalənin və tezisin nəşr edildiyini, onlardan 80 məqalənin xaricdə yayımlandığını söyləyib.

N.İmanov “Milli İqtisadiyyat və İqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dovlət Proqramı”nın və digər Sərəncamların icrası istiqamətində tədbirlərin davam etdirildiyini deyib.

Tədbirdə Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli çıxış edərək cari ildə müəssisə əməkdaşlarının 18 kitab və monoqrafiya, həmçinin 40 məqaləsinin (11-i xaricdə) çap olunduğunu diqqətə çatdırıb. O, hesabat ilində Rusiya Elmlər Akademiyası, Çin Elmlər Akademiyası Dünya Tarixi İnstitutu, İtaliya Respublikası Qalileo Qaliley Elm Tarixi Muzeyi və digər qurumlarla elmi əməkdaşlıq edildiyini söyləyib.

Hüquq və İnsan Haqları İnstitutunun illik hesabatını təqdim edən qurumun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə hesabat dövründə 1 istiqamət, 6 problem, 14 mövzu, 24 iş və 14 mərhələ üzrə araşdırmaların davam etdirildiyini bildirib. Alim cari ildə institut əməkdaşları tərəfindən 5 kitab, 9 monoqrafiya, 125 məqalə (31-i xaricdə), 21 tezisin (10-u xaricdə) çap edildiyini diqqətə çatdırıb.

O, institutun YUNESKO-nun qurumları, Çin Xalq Respublikasının Sosial Elmlər və Müasir Beynəlxalq Münasibətlər akademiyaları, Moldova Elmlər Akademiyası və digər qurumlarla əməkdaşlıq etdiyini deyib.

Sonra Qafqazşünaslıq İnstitutunun (Qİ) direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı çıxış edərək hesabat ilində müəssisədə 1 elmi istiqamət, 5 mövzu üzrə 13 işin yerinə yetirildiyini bildirib. Alim cari ildə institut əməkdaşlarının 4 kitab və monoqrafiyasının, 42 məqaləsinin (24-ü xaricdə) çap olunduğunu diqqətə çatdırıb. M.Qasımlı Qİ əməkdaşlarının 2017-ci ildə 47 beynəlxalq konfransda ölkəmizi təmsil etdiyini söyləyib.

Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva qurumun illik hesabatını təqdim edərək cari ildə “İslam həmrəyliyi və Azərbaycan: reallıqlar və perspektivlər” adlı iş üzrərində elmi tədqiqatın aparıldığını, İslam həmrəyliyinin tarixi kökləri və bu istiqamətdə atılmış ilk addımların öyrənildiyini söyləyib. O, həmçinin institutda aparılan “Multikulturalizm və Şərq-Qərb etik normalar prizmasından ünsiyyət mədəniyyəti” adlı elmi tədqiqat işində multikulturalizm anlayışının mahiyyəti, tarixi, dünya və Avropa təcrübəsinin öz əksini tapdığını bildirib.

Akademik bundan əlavə, Cənubi Azərbaycan türklərinin mübarizəsinin tarixinin araşdırıldığını və “İran İslam inqilabından sonra cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər)” əsərinin çap edildiyini deyib.

Daha sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova çıxış edərək cari ildə “Qəbələ və ətrafının arxeoloji tədqiqi”mövzusunda tədqiqat işinin aparıldığını, ekspedisiya qrupu tərəfindən yeni oval planlı binanın qalıqlarının aşkarlandığını bildirib.

O, bundan əlavə, “Şamaxı və ətrafının arxeoloji tədqiqi” mövzusunda elmi tədqiqat işi nəticəsində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Dəmirçi kəndi ərazisindəki son antik-erkən orta əsrlərə aid nekropolda 20-dən artıq daş qutu qəbirin tədqiq edildiyini söyləyib.

Alim, həmçinin “Azərbaycanda yaşamış almanların etnoqrafik xüsusiyyətləri” adlı kitabın çapa hazırlandığını diqqətə çatdırıb.

Hesabatlar dinlənildikdən sonra müzakirələr aparılıb.

İclasda, həmçinin “Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə AMEA Rəyasət Heyətinin mükafatı haqqında əsasnamənin təsdiq edilməsi” haqqında təkliflər dinlənilib.

Bundan əlavə, iclasda Şərqşünaslıq İnstitutunun 60 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul olunub.

Sonda bir sıra cari məsələlərə baxılıb.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: