(Zəlimxan Yaqubun
“Mövlana” poeması haqqında
düşüncələr)
Mövlanaya doğru
“Mövlana” poeması haqqında
düşüncələr)
Mövlanaya doğru
“Duymaq üçün könüllərin dərdini,
İnildəyən neydə səni gəzirdim.”
Şərqin iki böyük dahisi:
Mövlana və Şəms.
Adları bizim üçün nə qədər tanış və hətta doğma görünsə də, düşüncələrinə çox az bələd olduğumuz bu mütəfəkkir şairləri layiqincə təqdim edə bilmək üçün ən azı onların ruhuna doğma olan bir dil lazım idi. Yetkin, hikmətli və qüdrətli bir dil.
Təsəvvüfün də öz dili var. Azərbaycanda vaxtilə geniş yayılmış olan bu dil hələ kifayət qədər bərpa olunmayıb. Şəms Təbrizi kimi qüdrətli bir şəxsiyyətə yetərincə sahib çıxmamağımızın bir səbəbi də, görünür, təsəvvüf dilini doğmalaşdıra bilməməyimizdir.
Türkiyədə Şəmsin bir Azərbaycan türkü kimi deyil, sadəcə iranlı kimi tanınmasında bizim də təqsirimiz az deyil. Türkiyə türklərinin diqqət mərkəzində Mövlana durduğundan, Şəms Təbrizi uzun müddət arxa planda qalmışdır. Onun indi-indi “yada düşməsində” Əlif Şəfəqin “Eşq” romanının böyük rolu olmuşdur. Amma bizə Şəmsin sadəcə “yada düşməsi” deyil, bir Azərbaycan türkü kimi ön planda təqdimatı lazımdır.
Nəhayət, kimsə onun haqq etdiklərini özünə qaytarmalı idi. Nə yaxşı ki, bu şərəfli işi öz üzərinə müqtədir şairimiz Zəlimxan Yaqub götürdü. Çünki təqdimatdan çox şey asılıdır. Şəms vətənə qaytarılırsa, bu qayıdış həm də yetərincə təntənəli olmalıdır.
Mövlana bu dünyada haqqında ən çox yazılmış şəxsiyyətlərdən biridir. Xüsusilə Türkiyədə. Hər kitab dükanına girirsən, bütün dünya ədəbiyyatı, bütün dünya fəlsəfəsi bir yana, Mövlana bir yana. Bu ad az qala fetişləşdirilib. Nə qədər böyük sevgi, nə qədər böyük ilgi var! Haqqında nəinki şərhlər, tədqiqatlar, traktatlar, hətta kifayət qədər bədii əsərlər, poema və romanlar yazılmışdır.
Azərbaycanda isə Mövlana mövzusu hələ təzə-təzə aktuallaşır. Onun əsərləri indi-indi tərcümə olunur, haqqında bilgilər də yetərincə yayılmamışdır.
Şairlər adətən bəlli mövzuları nəzmə çəkirlər. Yəni tarix, elm öz işini gördükdən sonra, bir növ artıq məlum olan həqiqətlərin nəzmə çəkilməsi və obrazlı surətdə təqdim olunması ənənəsi vardır. Lakin etiraf etməliyəm ki, biz fəlsəfə tədqiqatçıları, bu sahədə öz sözümüzü hələ yetərincə deyə bilməmişik. Görünür, bu səbəbdən də, Zəlimxan Yaqub öz üzərinə eyni vaxtda həm tarixçi, həm filosof, həm də şair funksiyalarını götürür ki, bu da çox ağır bir yük olmaqla yanaşı, olduqca şərəfli bir missiyadır.
Təsəvvüf ucu-bucağı olmayan böyük bir dəryadır. Bu dəryaya baş vurub inci çıxara bilmək üçün gərək qəvvas olasan. Sadəcə mütaliə ilə, tədqiqatla sufi aləminin sakini olmaq mümkün deyil. Doğmalaşmadan, könüldən könülə körpü salmadan, fitrən duymadan, yaşanmışları yenidən yaşamadan böyük təsəvvüf mütəfəkkirlərinin heç müsafiri də ola bilməzsən. Yəni Zəlimxan Yaqub bu poemanı yazmaq üçün öncə özü dəyişməli, saflaşmalı, ariflik məqamlarına pillə-pillə yüksəlməli idi. Ruhun təmizlənməsi üçün təzələnməsi, yenidən doğuluşu lazım idi. Zəlimxan ömrünün müdriklik çağında məhz bu yolu seçdi.
Bu yola qovuşmur hər yoldan ötən,
Bu yolun seçilmiş elçiləri var.
Girişdən çıxışa uca dərgahın,
Dəqiq nizamları, ölçüləri var.
Hətta Zəlimxan Yaqub kimi söz sərrafı üçün də bu yolun yolçusu olmaq çətin bir sınaq idi. Taleyin işinə bax, dərddən yazmaq üçün dərd çəkmək də sanki özünün sifarişi ilə baş tutdu. Bu poemanın yazıldığı dövrdə “ölmədən öncə ölmək istəyirəm”, – deyə bilmək üçün şair həyatın sınaqlarını könüllü surətdə qəbul edir.
Görüm dözə bilərəmmi
ən ağır dərdə
Görüm savaş aça bilərəmmi
dərd adlı namərdə.
On beş il öncə Zəlimxan Yaqub Həccə gedib Kəbəni və Peyğəmbərin məzarını ziyarət etdi. Ondan bəri şairin mənəvi dünyasında yeni təbəddülatlar başlandı.
Bil deyirdin, bilmək üçün gəlmişəm,
Gör deyirdin, görmək üçün gəlmişəm,
Bu dərgahda canı ruha tapşırıb.
Bu dərgahda ölmək üçün gəlmişəm.
Hələ əvvəlki kimi bu dünyanın məziyyətlərini tərənnüm etməklə bərabər, qəlbində baş qaldıran yeni sevda onu dini bilgiləri daha dərindən mənimsəməyə sövq etdi. Bu ikiləşmə, zamanın zəmanə qatından ayrılıb daha dərin köklərə baş vurmaq əzmi, nəhayət, “Peyğəmbər” əsərinin ərsəyə gəlməsi ilə nəticələndi.
Bunları ona görə xatırladıram ki, Mövlananın həyatında olduğu kimi, ağıl-sezgi dilemması Zəlimxan Yaqubun öz şəxsi həyatında da daim mərkəzi yer tutmuşdur. Bu mühitlə qaynayıb-qarışmaq, öz zəmanəsinin övladı olmaq bir şeydir, Haqdan vergi, vəcd, ilham başqa şeydir. Zəlimxan Yaqubda bu iki qütb birləşir, daha doğrusu, qütblər arasında var-gəl duyulur. Əslində biz hamımız bu iki qütb arasındayıq. Amma Zəlimxan Yaqub yaradıcılığında başqalarından fərqli olaraq üçüncü bir qaynaq da var. Bu, min illərdən bəri süzülüb gələn dumduru xalq poeziyasının özündə daşıdığı ruhani potensialdır. Onu qüdrətli edən də əslində dilimizin ancaq şeriyyətini deyil, dəruni potensialını da açmaq əzmidir.
Zəlimxan Yaqub Mövlananın əvvəlki “mən”indən daha uca məqama yüksəlişinin dramatizmini təsvir edərkən əslində müəyyən dərəcədə öz şəxsi şair taleyini qələmə alır.
Yerə sığmır, eşqi dönüb yer-göy olur,
Qəlbi, ruhu gah saz olur, gah ney olur.
Zirvədə görüş
“İki dağ bir eşqə əydi qəddini.”
Dastan-poema Şəmsin Təbrizdən yola çıxıb Mövlananın görüşünə getməsi ilə başlanır. Amma o zaman Mövlana hələ o Mövlana deyildi. Onun Mövlana olması üçün ilahi eşqə ehtiyacı var idi. Və Şəms bu böyük tarixi doğuluşun, zühurun təməlini qoymağa tələsirdi. Bu görüşün siqlətini açmaq üçün Zəlimxan Yaqub öz ilhamının və sözün bütün qüdrətini işə salır. Bu görüş kosmik miqyas və kosmoqonik məna alır. Sanki bəşəriyyətin taleyində yeni bir mərhələnin başlanğıcı hazırlanırmış.
Mövlana dünyasında kiçik heç nə yoxdur. Çünki o, kiçikdə böyüyü, damlada dəryanı görür.
Yeddi qatda dayanmır,
yetmiş qatdan danışır.
Zərrənin içindəki
kainatdan danışır.
Amma Mövlana ilə görüşə hazırlanan Şəmsin timsalında, onun keçirdiyi hiss-həyəcanlarda, bu görüşə hazırlığın mənəvi təkamül kontekstində biz əslində Zəlimxan Yaqubun öz daxili təbəddülatlarını və iki böyük türklə görüşə hazırlaşan üçüncü bir türkün qəlb çırpıntılarını eşidirik.
Lakin Zəlimxan ötən əsrlərin nabələd yollarında tək deyil. O, Mövlana ilə görüşə getməyin siqlətini, məsuliyyətini, əsrarəngiz ruhani yüksəlişini Şəmsin simasında, obrazında təqdim etsə də, bu mübarək mənzilə təkbaşına yox, böyük sələfləri Vurğunla, Ələsgərlə, Qurbaniylə sözləşib-sazlaşıb birlikdə gedir. Hər əsrdən, qərinədən bir pirlə, mürşidlə yoldaş olub köklü-köməcli, ədəbli-ərkanlı bir karvanla gedir, önündə Yunus kimi bir sarvanla gedir.
Haqq aşiqləri ölmürlər, onlar müxtəlif dövrlərdə yeni simalarda zühur edirlər.
Hər dəfə tanrıya yaxınlaşanda,
Təzədən doğulur Haqq aşiqləri.
Səs kimi yayılır dünya üzünə.
Nur kimi dağılır Haqq aşiqləri.
Bəli, bu yol neçə-neçə əsrlərin qaranlığından keçir. Zaman dəyişib, dövran dəyişib, insan dəyişib, lakin dil dəyişməyib, söz dəyişməyib; qəlbin sarı simi elə həmin simdir. Həm də bizim zəmanədə bu simdə ən gözəl çalan Zəlimxan özüdür. Amma yenə də o bu yola tək çıxmır. Şəmsin simasında Təbrizdən başlanan yol öncə Zəlimxan yurdundan keçir. Borçalının və Göyçənin söz sənətində də, Haqq aşıqlarının eşq dastanlarında da üzünü Mövlanaya tutan bir Şəms var.
Onun gəlişi ilə Anadoluya
Haqqın əfsanəsi, şəmsi gəlirdi.
Yer üstə yeriyən bir xəzinənin,
Nəfəsi, ləhcəsi, ləmsi gəlirdi.
Bu nəfəs, bu ləhcə, bu ləmsin yeni ünvanı XXI əsrdə Zəlimxan Yaqub şeriyyətidir.
O zamanlar saz var idi, söz var idi, ürəklərdə köz var idi. Zəlimxan bu sazın, bu sözün, bu közün yadigarıdır. Və bu közün hərarəti bizim hamımızın Zəlimxanla, Şəmslə birlikdə Mövlana dünyasına köç etməyimiz üçün yetərlidir, – deyə düşünürəm. Məhz bu doğmalıq, bu mənəvi-genetik rabitə tarixin kəsilməzliyini təmin edir.
Sazın ney nisgili
“Yerə sığmır, eşqi dönüb yer-göy olur,
Qəlbi, ruhu gah saz olur, gah ney olur.”
Gah saz, gah ney!
Heç kimə sirr deyil ki, Zəlimxan Yaqub başdan ayağa saz əhlidir. Lakin bu gün biz onun yaradıcılığında yeni nida, yeni səda ilə rastlaşırıq. Ömrü boyu saz deyən Şair ömrünün müdriklik çağında həm də ney deyir! Sazda yaşayan və sazla yaşayan Zəlimxan hər şeyin modernləşdiyi bir dövrdə saza-sözə ikinci nəfəs verməklə kifayətlənməyərək, bir daha yolunu qədimlərdən salır və sazı neylə görüşdürür.
Saz ruh və bədənin birgə həyatıdır. Bu dünyanın sevinci də, qəmi də, bu dünyanın hayı da, harayı da saz dilində deyilir. Saz o taylı, bu taylı hər iki dünyanı tərənnüm edir. Amma o daha çox dərəcədə məhz bu dünyanın avazıdır. Saz heç də ancaq keçilmişlər üçün olmayıb, bütün camaatın, el-obanın, xalqın ruhunu ifadə edir. bu ruh hələ ayağı yerdən üzülməmiş bir ruhdur. Amma ney kimi dillənmək, neyin səsi olmaq iddiası yəqin ancaq xüsusi məqamlarda baş qaldırır.
Səslər dünyasının zili, pəsiyəm,
Sazın fəryadıyam, neyin səsiyəm.
Bu dünyanın fövqünə qalxan, ruhun dərinliyinə varan insanın halını ifadə etmək üçün isə ney gərəkdir. Ney könül dilində danışır; nəfəsdən nəfsə, nəfsdən könülə yol açır. Amma onu dilləndirmək üçün hər adamın nəfəsi çatmaz.
Ney səma dilində danışır və səmalara yol açır. Bizim dilimizdə “səma” sözü göy mənasındadır. Ərəb dilində bu sözün iki variasiyası var. Səslənməsindən asılı olaraq ya səma, ya da “dinləmək” mənasını verir. Mövləvilikdə əsas ayinlərdən biri olan səma rəqsi əslində neyin dinlənməsi mərasiminin bir komponenti olub, duyğularla həmahəng olan hərəkətlərdir; ruhun halının bədənin halına transformasiyasıdır. Burada səma sözünün ikinci mənası birincini tamamlayır və dinləyə bilənlərin səmaya yüksəlişinə işarədir.
Dinləmə mərasimi mövləvilikdə çox önəmli məqamdır. Neyi dilləndirənin halını yaşaya bilmək üçün dinləməyi bacarmaq lazımdır.
Haqdan başqa nə varsa,
Qəlbindən, ürəyindən
at hər şeyi dedilər,
Qeybdən bir səs gəldi,
dinlə neyi dedilər.
Əslində dinləyən öz qəlbini dinləyir, ney vəsilə olur. Lakin neyin vasitəçiliyindən yararlanmaq üçün yar həsrəti, eşq duyğusu lazımdır. Biz özümüz sanki bir neyik, bu neydə çalan (neyzən) isə ancaq eşq ola bilər. Mövlana özü belə deyir:
Eşq kimə bənzər, – dedi.
Eşq bir neyzənə bənzər, – dedim.
Eşq bir neyzənə bənzərsə, biz nəyik?
Bəli, – dedim, çox doğru.
Eşq bir neyzənə bənzərsə, biz neyik!
Səmaya ucalan səslərlə yanaşı, səmadan gələn səslər də var. Əslində hər səs adamı ucalda bilməz. Səmadan gələn Haqq səsini də hər adam eşidə bilməz. Ariflik məqamında “könül gözü” açıldığı kimi, “can qulağı” da açılır:
İlahiyə bağlanan
könül bağınla dinlə,
Bütün hissiyyatınla,
can qulağınla dinlə.
Elə ki, dinləməyi öyrəndin, səmadan gələn səsləri eşitdin, ney sənin qəlbində çalacaq, elə sən özün də ney kimi çalmış olacaqsan. Ancaq bu zaman özündə Haqqı dərk edəcəksən və sənin ruhun dəryadan qopmuş damla kimi öz vətəninə can atacaqdır.
Ürəkləri yaxan bu ney
kimdən deyir, nədən deyir,
O səs bütün varlığıyla
“Vətən!” – deyir, “Vətən!” – deyir.
Bu anın şeriyyətini duymaq üçün isə gərək Şəms yolu seçəsən. Düzdür, Zəlimxan Yaqubun dastanında bu yol da sazın sarı simindən keçir, amma sazın ney nisgili hər misrada duyulur.
Zahirdən batinə
“Dərində axtardı, batində gəzdi
Ömrün mənasını, şeriyyətini.”
Bu dastan-poemanın əsasında çox qısa bir tarixçə durur. Söhbət günlərin birində böyük bir elm adamının, ağıl sahibinin sezgi və sevgi qatına yüksəlişindən və ya başqa sözlə desək, ağılla eşqin görüşündən, vüsalından gedir.
Əslində poemada iki fərqli rakurs var; yəni bu dünyadakı hadisələrdən bəhs edən kiçik bir təhkiyə də vardır. Belə ki, Şəms Konyaya gəlir, söhbətləri ilə Mövlananın diqqətini cəlb edir və o özünün əvvəlki həyat tərzindən imtina edərək, ictimai şüur baxımından normal sayılan ənənəvi münasibətlərdən ayrılaraq, məntiqlə izah oluna bilməyən, anormal görünən yeni bir hala, məqama keçir. Bu vəziyyət ətrafdakıları, Mövlananın yaxınlarını narahat edir, bütün bunların günahını Şəmsdə görürlər və ona qarşı bir düşmənçilik münasibəti yaranır. Şəms itkin düşür. Tarixdə bunun bir neçə ehtimalları, versiyaları mövcuddur.
Zəlimxan Yaqub öz əsərində Şəmsə qəsd edilməsi versiyasını seçir. Görünür, bu, şairə eşqin əks qütbü kimi, nifrətin də poetik təsvirini vermək imkanı yaradır.
Beləliklə, hadisələrin adi normal adamların baxış bucağında görüntüsündən çox bəsit bir təhkiyə hasil olur. Əsərin əsas xətti isə cismani hadisələr kontekstində deyil, məhz normal adamlar üçün anlaşılmaz qalan könül hadisəsi, qəlb aləmindəki təbəddülatlardır. Bu artıq fəlsəfi bir problemdir. Burada hadisələr ağıl ilə eşq arasındakı məkanda baş verir. Bu müstəvidə hadisələr deyil, ideyalar tərənnüm olunur. Təsadüfi deyil ki, əsər müəllifin özü tərəfindən lirik-fəlsəfi düşüncələr poeması adlandırılır.
Dastanlarda eşq butası heç də oxumuş, savadlı, alim şəxslərə verilmir. Dünənə qədər savadsız olan bu gün birdən birə Haqdan halı olur. Hətta Peyğəmbərə də vergi veriləndə alimlik ilahi eşqlə birlikdə verilmişdi. Amma Mövlana öncədən alim idi. Burada məhz alimliklə aşiqliyin vüsalından söhbət gedir. Zəlimxan Yaqub bu məqamı duyduğundandır ki, onu müxtəlif çalarlarda, bir neçə dəfə vurğulayır.
Bir mələk gəlmişdi dərviş donunda,
Həqiqət şəklində, ərmiş donunda.
Peyğəmbərə ilahi dərgahın vəhy qapısını Cəbrayıl, Mövlanaya isə vəcd qapısını ərmiş donunda Şəms açdı. Mövlana vergisi vəhydən bir pillə aşağı olsa da, Haqq aşiqlərinə buta verilməsindən bir pillə yüksəkdədir. Çünki burada sezgi ilə əql bir şəxsdə birləşir. Şair məqamların bu fərqini həm də “dillərin” fərqi kimi təqdim edir. Mövlana göy dilində danışa bilməsə də, ney dilində danışır:
Mələklə danışıq göy dilindədi,
Könüllə danışıq ney dilindədi.
Şeyx Sənanı yada salaq. O da böyük bir üləma, ilahiyyat alimi, mütəkəllim idi. Ta-a o vaxta qədər ki, ilahi bir eşq qəlbinə hakim olur. Sezgi ilə, vergi ilə aydınlaşan həqiqət müqabilində öncə məntiqlə, rasional idrakla əldə edilmiş biliklər çox solğun görünür.
Ağlın gücü hələ ruhun gücü deyil. Hansı isə qanunauyğunluqları dərk etmək, məlum bilikləri mənimsəmək hələ azdır. Çox bilmək adamı qüdrətli etmir. Bilik iradə ilə bağlı deyil. Ən incə mətləbləri insan məntiqlə, təhlillə, mühakimə ilə deyil, “ürəyə dammaqla”, qəlbin işıqlanması, ruhun oyanışı ilə dərk edir; sanki həqiqət öz-özünə işıqlanır. Bax, bu işıqlanma ilahi eşq sayəsində mümkün olur.
Ya bir gözəl, ya bir dərviş, bəzən bir söz və ya işarə Şeyxin, Qazinin – din xadiminin normativ dini ayinlərdən ayrılaraq ilahi sevginin yüksək mərtəbəsinə qalxması üçün bir vəsilə olur. Ağıl mərtəbəsindən yuxarı qalxa bilməyən fəqihlər, qazilər vaxtilə Mənsur Həllacı da, Nəsimini də, Miyanəcini də başa düşə bilməmiş, onları dinsizlikdə təqsirləndirmişlər.
Azərbaycan folklorunda isə bir qayda olaraq aşiqlik alimlikdən üstün tutulmuşdur. Bizim dastanlarda ilahi sevgi – Haqq aşiqliyi adətən yuxuda buta verilməsi formasında rəmzləşdirilir. Düzdür, dastanlar heç də həmişə ilahi eşqin dünyəvi eşqdən fərqləndirilməsi səviyyəsinə qalxmır, amma fəlsəfəsini anladıqdan sonra folklor da tamamilə başqa müstəvidə mənalandırıla bilər. Məcnunluğun tərənnümü üzərində qurulan Füzuli ənənəsində də sanki əqlə qarşı bir etinasızlıq təlqin olunur. Halbuki, əsas məqsəd əqlin özünün də ikiləşməsi və eşqə qarşı duran primitiv praktik ağıldan fərqli, eşqlə birləşmək əzmində olan daha yüksək bir məqamı – kosmik, ilahi əql məqamı olduğunu dərk etməkdir. Yəni ya mövləvilik məcnunluqdan daha yüksək mərtəbə kimi təqdim olunmalı, ya da məcnunluq konsepsiyasına yenidən baxılmalıdır.
İki Mövlana var: bir – Şəmsə qədərki, bir də – Şəmsdən sonrakı. Birinci Mövlana hələ Mövlana deyil; öz dövrünün böyük üləması Cəlaləddin Rumidir. Onun üçün bir cismani dünya var, bir də müqəddəs Kitab. Lakin bu ikisi ayrı-ayrıdır. Dünyanın bu iki qütbünü birləşdirə biləcək yeganə qüdrət isə eşqdir. Vəhdət məqamında həyat özü də cismani dünyadan ayrılaraq müqəddəsliyin bir parçası olur, insan da bədən məqamından ruh məqamına yüksəlir. Bu məqama yüksəlmək üçün alimlik yetərli deyil, bunun üçün aşiqlik gərəkdir. Cəlaləddin Rumi də məhz ilahi eşqə tutuşanda ikinci Mövlana oldu.
Gördü alimlərin dayazlığını,
Gördü aləmlərin ləyaqətini.
Dərində axtardı, batində gəzdi
Ömrün mənasını, şeriyyətini.
Zəlimxan Yaqub elə lap əvvəldən ikinci Mövlanadan bəhs edir. Yəni Şəms hələ Mövlana ilə görüşməmiş də onu bir ilahiyyat alimi deyil, potensial bir arif, hal əhli kimi görür. Şair görüşdən əvvəl görüşdən sonranı bir gerçəklik kimi görürdü. Ona hər şey ayan idi. Çünki Şəms Mövlanadan öncə aşiq idi: Haqq aşiqi! O öz missiyasını gözəl bilir və “alim Mövlananı aşiq etməyə” tələsirdi.
Zəlimxan Yaqubun poeması bütövlükdə eşq ilə əql arasındakı bu önəmli fəlsəfi təzadın tərənnümünə həsr olunmuşdur. Qəlbi duyan, saza hayan, inildəyən, sızıldayan, yerin naləsini göyə çatdıran ney həsrəti onun poetik vüsəti ilə birləşərək bütün əsər boyu hadisələri ipə-sapa düzür, gah təhkiyə lirikanı, gah lirika təhkiyəni tamamlamış olur; oxucunun da ürəyindən şairə qatılaraq Şəmsin bələdçiliyi ilə Mövlana yolunun yolçusu olmaq keçir.
Səlahəddin XƏLİLOV
AMEA-nın mübir üzvü.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.