Halkidikidə keçirilən 18 yaşadək yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı başa çatıb.
Çempionatda Azərbaycanla yanaşı 92 ölkədən 1500-dən artıq zəka sahibi mübarizə aparırdı.
Bu yarışda müxtəlif yaş qruplarında 15 Azərbaycan şahmatçısı iştirak edib.
Yekun turda 12 yaşadək oğlanların çempionatında mübarizə aparan təmsilçimiz Məhəmməd Muradlı Rusiya şahmatçısı Arseniy Nesterov üzərində qələbə qazanaraq dünya çempionu adını qazanıb.
Çempionatın əsasnaməsinə görə ilk altılığa düşən şahmatçılar mükafatlandırılıb. Təltif olunanlar arasında həmyerlilərimiz - Aydın Süleymanlı, Ayan Allahverdiyeva və Səmra Qasımova da olub.
Belə ki, 10 yaşadək oğlanların çempionatında iştirak edən həmyerlimiz Aydın Süleymanlı liderlərdən yarım xal az toplayaraq 8,5 xalla 3-5-ci yerləri bölüşdürüb. 8 yaşadək qızların yarışında Səmra Qasımova 8 xal toplayaraq 5-6-cı yerləri bölüşdürüb. Ayan Allahverdiyeva isə 10 yaşadək qızların çempionatında aktivinə 8 xal yazaraq 4-9-cu yerləri bölüşdürüb və əlavə göstəricilərə görə 6-cı yerin sahibi olub.
Digər şahmatçılarımız da uğurlu çıxış edərək ilk onluğa düşüblər. M.Muradlı ilə eyni qrupunda mübarizə aparan digər həmyerlimiz - Əhməd Əhmədzadə sonuncu turda rəqibi ilə xalları yarı bölüb və 8 xalla ilk onluqda qərarlaşıb. Biləsuvar şahmat məktəbinin yetişdirməsi Xəzər Babazadə isə 8 xal toplayaraq 9-cu yerin sahibi olub. 14 yaşadək qızların yarışında mübarizə aparan Xanım Balacayeva aktivinə 7,5 xal yazaraq 8-15-ci yerləri bölüşdürüb. 18 yaşadək qızlar arasında yarışan Aytən Əmrayeva isə çempionatı 11-ci pillədə başa vurub.
Həmçinin, Azərbaycan ümumi komanda hesabında 92 ölkə arasında 4-cü yerə çıxıb.
Çempionat İsveçrə sistemi ilə 11 turdan ibarət olaraq keçirilib.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.