Fərdlər, yoxsa layihələr?

Fərdlər, yoxsa layihələr?

Cəsarət Hüseynzadə,
"Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyinin icraçı direktoru
qht.az saytının rəhbəri



Bütün dünyada şəffaflığın təmin olunması istiqamətində aparılan araşdırmalar nəticəsi olaraq, dövlət təşkilatlarının fəaliyyətində elektron xidmətlərin tətbiq olunması məqsədə uyğun bilinir.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası da, məhz bunu əsas götürərək uzun müddətdir ki, layihələrin qəbulunu elektron qaydada aparır. Layihələrin qəbulundan sonrakı proses - müsabiqə dövründə QHT-Şura əlaqələri sıfıra endirilib. Həmin dövrə qədər isə Şura tərəfindən QHT-lər üçün təlimlər, məsləhət və yardımlar təşkil olunur.

2016-ci ildən Şura daha bir mütərəqqi addım ataraq, layihələrin seleksiyadan keçməmə səbəbi, layihələrin ekspert qiymətləndirmə nəticələrini (topladığı ballar) açıqlayır. Eyni zamanda QHT-lərə Dövlət Dəstəyi Şurası təşkilatlara keçməyən layihələrinin mətbuatda çap olunması təklifini irəli sürür. Amma təəssüf ki, bu təklifdən hələ də heç bir təşkilat yararlanmayıb.

Layihə yazmaq komanda işidir

Təcrübə göstərir ki, layihə yazmaq komanda işdir. Problemin qoyuluşu, görüləcək işlər, fəaliyyət planı ayrı-ayrılıqda və bir-birindən fərqli prizmadan, davamlı sizin problemə və onun həllinə baxışlarınızı ehtiva edir. Layihənin büdcəsi isə ümumilikdə fəaliyyət planı və görüləcək işlər ilə bağlılıq təşkil etməlidir.

Müşahidələr isə göstərir ki, bəzi yazılan layihələr ədəbi janrda olan hər hansı əsəri xatırladır və büdcə ilə uyğunluq daşımır.
Layihə yazanlar bir qızıl qaydaya əməl etməlidirlər. Yazdığınız layihəni başqa bir insana verin və oxumasını xahiş edin. Həmin insanın sizə layihə ilə bağlı hər hansı sualı olarsa, deməli layihə yüksək səviyyədə hazırlanmayıb və həmin layihəni yenidən inkişaf etdirin.

Fərdlər yoxsa layihələr?

Bu məsələ bütün dünyada və hər 3 sektorda aktual və zaman-zaman mübahisə doğuran məqamlardandır. Dövlət, özəl və üçüncü sektorda əməkdaşlıq üçün nümayəndələr seçərkən kimlərə üstünlük verilsin?


Bu məsələ ilə bağlı öz hekayəmi də qeyd etmək istəyirəm. 2000-ci illərin əvvəllərində xarici ölkə səfirliklərinin birinin elan etdiyi qrant müsabiqəsində iştirak etdim. Layihəni hazırlayıb, müəyyən vəsait xərcləyib ingilis dilinə tərcümə etdirib, müsabiqəyə təqdim etdim. Layihə ilə bağlı məktub gəldi ki, sizin layihəniz başqa 2 təşkilatın layihəsi ilə bərabər ilkin variant kimi bəyənilib. Lakin hər 3 layihənin daha da inkişaf etdirilməsi xahiş olunur. Mən uyğun qurumlarla əməkdaşlıq razılaşmaları alaraq, layihəni bir az da inkişaf etdirib, yenidən əlavə xərc çəkərək tərcümə etdirib donora təqdim etdim.

Nəticələr məlum olanda gördüm ki, mənim layihəm qaliblər sırasında yoxdur (Səfirlik qrantlarında qaliblərin sayı 3-5 təşkilat olur). Qalib geniş işçi heyətinə malik bir böyük qurum idi. Mən bunu anlayışla qarşıladım və hesab etdim ki, onlar daha yaxşı təklif irəli sürüblər. Amma müxtəlif insanlarla müzakirələrdən sonra gəldiyim qənaət bu oldu ki, səfirliklər çox zaman layihələrə deyil, fərdlərə və onların mənsub olduğu siyasi qruplara qrantlar ayırır. Məhz həmin təşkilata da, qrant ayırma məhz onların müxalifətdə olması ilə əlaqəli idi. Mən isə heç bir siyasi qüvvənin təmsilçisi deyildim.

İndi bizdə də, cəmiyyətimizin bəzi dəyərli nümayəndələri var ki, həqiqətən onlar fəaliyyətləri ilə tanınmış QHT nümayəndələri sayılır və göründüyü qədər də bəzi dövlət qurumları tərəfindən də daima dəstəklənir və dövlət nümayəndələrindən xoş münasibət görürlər.

Bu fəaliyyətlər müsabiqədən kənar olan dəstəyi əhatə edir. Bəzi belə təşkilatlar müsabiqələrdə uğurlu çıxış edə bilmir.

Mənim subyektiv fikrimə görə, həmin təşkilatlar məsələyə başqa prizmadan yanaşmalı, nümayəndələrini təlimlərə göndərməli və bu sahədə bacarıqların artırılmasına diqqət etməlidir.
Bəlkə də, layihəsi müsabiqədən keçməyən təşkilat daha çox iş görməyə qadirdir. Amma fəaliyyətini layihə formasına daxil edə bilmir. Müsabiqədə sözsüz ki, bu amillər nəzərə alınmır.
Şəffaflıq və ədalətli qərarların qəbul olunması üçün məhz fərdlər deyil, onların təqdim etdikləri layihələr qiymətləndirilir.

Şuranın fəaliyyətində bu meyarı əsaslandırmaq üçün 2016-ci ilin 1-ci müsabiqəsinin nəticələrinə baxmaq kifayətdir.

Eyni zamanda layihələrinə arxayın olan təşkilatlar üçün Şuranın Apelyasiya Komissiyası fəaliyyət göstərir. Bu komissiyanın mövcudluğu mütərəqqi haldır. Ehtimal olunur və praktika da onu göstərir ki, Apelyasiya Komissiyasından müsbət cavab alan layihələr də olur.

Layihələrin qiymətləndirilməsində yeni yanaşma

QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-ci ildə müsabiqələr ilə bağlı mövqeyini müşahidə etdikdə, Şuranın layihələrin qiymətləndirilməsində yeni yanaşma göstərdiyini güman etmək olar.
Şura müsabiqələrin sayını artırmaqla QHT-ləri layihələrin yazılma və fəaliyyət keyfiyyətini artırmağa məcbur edir. Yəni layihəsi keçməyən təşkilat, artıq layihəni növbəti mərhələyə daha ciddi və dolğun hazırlamağa cəhd edir. Bir neçə ildir ki, Şura eyni mövqeyi layihələrin həyata keçirilmə keyfiyyəti ilə bağlı da sərgiləyir. Belə ki, layihələri aşağı səviyyədə keçirən və müvafiq maliyyə fəaliyyətini düzgün qurmayan təşkilatlardan müəyyən qrant vəsait saxlanılır və yaxud növbəti qrant müsabiqəsində "qara siyahıya" salınır.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: