İqtisadiyyat İnstitutuna ağır itki: dosent İlkin Soltanlı vəfat etmişdir

İqtisadiyyat İnstitutuna ağır itki: dosent İlkin Soltanlı vəfat etmişdir AMEA İqtisadiyyat İnstitutunun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsi”nin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Qalib oğlu Soltanlı
2018-ci il sentyabrın 20-də elmi yaradıcılığının ən məhsuldar bir vaxtında qısa sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.


İyulun 27-də 50 yaşı tamam olmuşdu və sonuncu Elmi Şurada İnstitutun rəhbərliyi və kollektiv adından yubiley təbrikləri də söylənmişdi...


İlkin Qalib oğlu Soltanlı 1968-ci ildə Ağsu rayonunun Kalva kəndində ziyalı ailəsində anadan olmuşdur. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti)daxil olmuş, 1992-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1992-1993-cü illərdə Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa kömək Komitəsində iqtisadçı, 1993-1994-cü illərdə MKM Holdinqdə iqtisadi təhlil və informasiya mərkəzinin rəhbəri, 1994-2000-ci illərdə Azərbaycan İqtisadçılar İttifaqında biznes məsələləri üzrə məsləhətçi, 2000-2001-ci illərdə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin əməkdaşı, 2001-2002-ci illərdə “Mətanət –A” şirkətində iqtisadi əlaqələr üzrə baş menecer və iqtisadi məsələlər üzrə müşavir işləmişdi.

2002-ci ildən AMEA İqtisadiyyat İnstitutunda çalışırdı. 2011-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2013-cü ildə isə dosent elmi adını almışdır. “Rəqabət mühitində aqrar sahənin dayanıqlı inkişafının təmin olunmasının nəzəri problemləri” adlı elmlər doktorluğu dissertasiyası üzərində çalışırdı.

İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən aqrar sahədə rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşması və dayanıqlı inkişafı, modernləşmə və innovasiya, klasterial inkişaf, istehsal-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi, sahibkarlıq fəaliyyətinin, həmçinin müxtəlif infrastruktur bölmələrin inkişafı problemlərinə həsr olunan 2 fərdi, 4 kollektiv monoqrafiyanın, 150-yə yaxın elmi məqalə, tezis, digər elmi-populyar əsərlərin müəllifi idi.

AMEA İqtisadiyyat İnstitutunda işlədiyi müddətdə kollektivin dərin hörmətini qazanmışdı. İnstitutun elmi-ictimai həyatında yaxından iştirak edirdi. İnstitutun nəzdindəki Elmi Seminar, Kreativ Klub və Dəyirmi Masalarda çox fəal idi, onun elmi məsləhətləri və tövsiyələri həmişə dəyərləndirilirdi. İ.Q.Soltanlı onu tanıyanların yaddaşında səmimi, yoldaşlarına diqqətcil, bütün əməkdaşların uğurlarını, şəxsi problemlərini ürəkdən bölüşməyi bacaran, mehriban, münaqişələrdən uzaq, heç kəsə pisliyi toxunmayan, xeyirxahlığını heç kəsdən əsirgəməyən bir əməkdaş və yoldaş kimi qalacaqdır.

AMEA İqtisadiyyat İnstitutunun kollektivi İ.Q.Soltanlının vaxtsız vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə və yaxınlarına, onu tanıyan bütün dost və yoldaşlarına dərin hüzünlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Müzəffərli (İmanov) N., Muradov A.N., Alıyev Ş.Ş., Abdullayeva R.S., Alıyev İ.H., Beqdayeva Y.N., Əliyeva Y.Ə., Gülalıyev M.G., Həsənov Ə.H., Hüseyn.A.A., Hüseynov T.H., İslamova Ş.İ., Qənbərov F.Ə., Quliyev C.B., Muradov Ş.M., Musayev A.F., Paşa T.Ə., Sultanova R.P., Talıbova B.Q., Yüzbaşiyeva G.Z.

REDAKSİYADAN:
Biz də AMEA İqtisadiyyat İnstitutunun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsi”nin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Qalib oğlu Soltanlının vaxtsız vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, həmkarlarına, dostlarına, bir sözlə, bütün yaxınlarına və doğmalarına
dərin hüznlə başsağlığ veririk. Allah rəhmət eləsin!..


Müşfiq BORÇALI,
ZiM.Az
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: