Hamı xəbərdardı - Xəbərin olsun...

Hamı xəbərdardı - Xəbərin olsun...Hələ çaylar eşitməyib səsimi,
Hələ dağlar xəbərsizdi sözümdən –


Knyaz Aslan bu misraları qələmə alanda cəmi 18 yaşı var idi. Yaş 18 olsa da düşüncə, təfəkkür çox qədim idi – Borçalının, şairə görə hələ onun sözündən xəbərsiz olan əzəmətli dağları, nəğməli çayları kimi. Əslində isə dağlar, çaylar – bütünlüklə təbiət onun şairliyindən, sözündən çoxdan xəbərdar idi. Çünki bu istedadı, bu ilhamı elə bu əzəmətli təbiət vermişdi Knyaz Aslana. Dağlar da, daşlar da, quşqonmaz qayalar da onun həssas ürəyini hamıdan tez duymuşdu və ilhamı, istedadı kimə vermək lazım olduğunu da hamıdan yaxşı bilirdi. Çörəyi ver çörəkçiyə – deyib babalarımız. Dağlar bu həqiqəti, bu hikməti hamıdan yaxşı bilirdi və bilirdi ki, onu kim daha yaxşı vəsf eləyə bilər, kim onun təəssübünü daha yaxşı çəkə bilər. Bizim yaşı bilinməyən folklorumuzda, mifilogiyamızda dağ obrazı bir kult təşkil edir, bu obrazın mifoloji atributları mövcuddur. Türk mifologiyasında insanın dağdan yaranması, dağın uşaq doğması kimi dünyagörüşlər əksini tapıb. Necə ki, Koroğlu onu yaradan qüvvənin dağlar olduğunu deyirdi:

Məni binadan bəslədi
Dağlar qoynunda, qoynunda.
Tülək tərlanlar səslədi,
Dağlar qoynunda, qoynunda.

Necə ki, Knyaz Aslanın özünə ustad bildiyi Səməd Vurğun ilhamını dağlardan aldığını bəyan edirdi:

Binələri çadır-çadır
Çox gəzmişəm özüm, dağlar!
İlhamını sizdən aldı
Mənim sazım, sözüm, dağlar!

Eləcə də Knyaz Aslan da poeziyaya dağ havasından, dağ ruhundan gəldiyini bəyan edir:

Dağlar obamdı mənim,
Qoynu yuvamdı mənim!
A qayalar, a daşlar,
A yamaclar, a qaşlar,
Dağlar babamdı mənim!..
Dağlar babamdı mənim!..

Əslində doğulduğu, böyüdüyü təbiətin şairin yaradıcılığına təsiri şəksiz və eyni zamanda qanunauyğundur. Bu mənada ilhamını dağlardan alan, şeirə, sözə dağ ruhundan gələn Knyaz Aslanın dağlara üz tutması, dağları vəsf etməsi təbiidir. Amma Knyaz Aslanın təbiətə vurğunluğu o qədər müqəddəs, o qədər qutsaldır ki, o digər mövzularda yazdığı şeirlərdə də təbiətin təəssübünü çəkir, onun gözəlliklərinin məhv edilməsi ilə barışa bilmir. Şairin bombardman edilmiş bir ölkə haqqında sənədli filmə baxdıqdan sonra qələmə aldığı misralar bu mənada xarakterikdir. Şeirdə dağıdılmış, talan edilmiş ölkədə yarımçıq qalan insan ömrü, məhv edilmiş insan taleyi ilə yanaşı məhv olmuş təbiət də şairin ürəyini ağrıdır. Mənə elə gəlir, aşağıdakı misralar təkcə Knyaz Aslan yaradıcılığında deyil, bütövlükdə ədəbiyyatımızda təbiətə həssas münasibətin ən yaxşı örnəklərindən biridir:

Mat qalıb dünyanın min bir sirrinə,
Elə bil sükutla barışıb daha.
"Ulduz şüası”nın düşüb sehrinə,
Əriyib sellərə qarışıb daha,
Hayıf, zirvələrin qarına hayıf!..

Knyaz Aslan təbiət mövzusundakı şeirlərini sanki təkbaşına yazmır, dağlarla, dərələrlə, xan çinarlarla, gur bulaqlarla yoldaş, sirdaş olaraq birgə yazır. Bunu onun misralarından sezməmək mümkün deyil:

Salam, a Xan Çinar!..
Salam, Gur Bulaq!..
Salam, köhnə dostlar!..
Bir baxın bəri!..
Gəlmişəm üçümüz
Üç yoldaş olaq...

Vaxtilə dağların, çayların onun səsindən, sözündən xəbərsiz olduğunu deyən, bundan narahatlıq keçirən Knyaz Aslanın şeirlərindən, poeziyasından artıq hamının, hər kəsin xəbəri var. Knyaz Aslan poeziyasının pərəstişkarları uzun illərdi ki, bu ayrılmaz yoldaşların – Knyaz Aslanın və onun dostlarının – əzəmətli dağların, nəğməli çayların, xan çinarların, gur bulaqların baş-başa verib yazdıqları misraların, səs-səsə verib oxuduqları nəğmələrin cazibəsindədirlər.

***
Knyaz Aslanın şeirlərində doğulduğu təbətin havası, ruhu ilə yanaşı mənsub olduğu xalqın ruhu, adət-ənənələri, gələnəkləri də öz əksini tapır. Bu şeirlərdə bizim bir xalq olaraq, bir etnos olaraq keçdiyimiz ömür yolu, yaşadığımız həyat tərzi, günümüz-güzaranımız var. Onun poeziyasında folklor süjetləri, folklor motivləri yenidən və orijinallıqla qarşımıza çıxır. Eyni zamanda xalq dilini dərindən bilməsi, unudulmuş, unudulmaqda olan xalq ifadələrinin poeziyaya gətirilməsi baxımından da Knyaz Aslan yaradıcılığı diqqəti cəlb edir. Aşağıdakı misralar həm xalqımızın həyat tərzinin əks etdirilməsi, həm də xalq dilində, xalq ruhunda olan ifadələrin ədəbiyyata gətirilməsi baxımından çox maraqlıdır:

...Qaş qarala, mal örüşdən dağıla,
Qız gəlinlər boz arxaca yığıla,
Qaşqa inək şırhaşırla sağıla,
Gümüş sərnic dümağ südlə tez dola...

Yaşıl yarpız doğram-doğram doğrana,
Ayran qıza, mis qazanda buğlana,
Hamı yeyə, "ləzzət” – deyə dovğaya,
Bir cam yenə istəməyə üz ola...

Şair bu lirik parçada xalqın həyat tərzini, məişətini ustalıqla əks etdirir, burada xalqımıza, güzəranımza aid olan tipik lövhələr bir-birini əvəz eləyir. Sanki bu lirik parça çağdaşımız olan bir şairin misraları deyil, dastanlarımızın, eposlarımızın bir hissəsidir. "O zaman ki, şair öz zəkasının bütün gücü, ehtirası və əqidəsi ilə xalq həyatının lövhələrini çəkir – bu, eposdur”(Səməd Vurğun). Şeirin sonrakı misraları həqiqətən də bizi keçmişimizə – folklorumuzun, mifologiyamızın dərin qatlarına, dastanlarımıza, eposlarımıza aparır:

Bağda nənə taxtda qura bardaşı,
Nəvələri əyləşələr yanaşı,
Bir cırtdandan, bir Fatmadan danışa,
Nağılları çözələyən söz ola...

...Gah Qəribdən, gah Kərəmdən söz düşə,
Ötən günlər pərdə-pərdə ötüşə...
Ötən günlər oğrun-oğrun öpüşə,
Könüllərdə məhəbbətdən köz ola...

Bu misralar mövzusu, obrazlar aləmi baxımından ədəbiyyatımızda önəmli yer tutmuş, xalqımızın gələnəklərini, gün-güzəranını özündə əks etdirən bir sıra məşhur əsərləri, o cümlədən Osman Sarıvəllinin "Gətir, oğlum, gətir”, Şəhriyarın "Heydərbabaya salam” əsərlərini xatırlatsa da, mövzu və obrazlar sistemi baxımından həmin əsərlərin davamı olsa da, qətiyyən həmin əsərləri təkrar etmir, müəllifin mövzuya orijinal yanaşması kimi qarşımıza çıxır. Şeirin son misrası isə xalq həyatını əks etdirməklə yanaşı, bir poeziya nümunəsi kimi sözlərin, səslərin bir-birini izləməsi, bir-biri ilə səsləşməsi baxımından da bir bədii fakt olaraq diqqəti cəlb edir. Bəndin qafiyə sistemi, harmoniyası, sözlərin, səslərin bir-birinə uyumluğu, xüsusilə "ş” səsinin bənd boyu səsləşməsi şeirə gözəllik və əlvanlıq gətirir:

İlyas kişi şirni qata şənliyə,
Eşidənlər şirin-şirin dinləyə...
...Səhərisi səs yayıla şenliyə,
Knyaz Aslan yüz danışa, az ola!..

Ümumiyyətlə, Knyaz Aslanın şeirləri mövzu dairəsi və obrazlar sistemi ilə yanaşı forma və janr rəngarəngliyi, qafiyə quruluşu, eyni zamanda bədii təsvir və bədii ifadə vasitələrinin zənginliyi ilə də diqqəti cəlb edir. Bütün bunlar onun əsərlərinə emosionallıq gətirir, obrazlarını daha canlı edir. Knyaz Aslan poeziyasında rəngarəng, orijinal və obrazlılıqla bilavasitə bağlı olan metaforaların cərgəsi genişdir. Aşağıdakı parça bu baxımdan şairin fərdiliyini üzə çıxarır:

Sərin meh kəhərlə keçdi çəməndən,
Çiçəklər nazlanıb yırğalandılar.
Baxıb torpaqdakı su güzgüsünə,
Gümüş damcılarla sırğalandılar.

Bu parçada çiçəklərin nazlanıb yırğlanması, torpaqdakı su güzgüsünə baxıb gümüş damcılarla sırğalanması kimi metaforalar sıradan bir fakt kimi də izah oluna bilər. Amma sərin mehin çəməndən kəhərlə keçməsi Knyaz Aslan tərəfindən yaradılmış mükəmməl metaforadır və nə yaxşı ki, onun poeziyasında bu kimi nümunələr çoxdur. Bütün bunlar isə onun poeziyasını daha təsirli və yadda qalan edir. "Sənət tarixində bir-biri ilə daxili əlaqəsi olmayan hadisə və predmetlərin "uyuşmasından” yaranan obrazların bədii təsir qüvvəsi gözlənilməz və dərin olur”(Şirindil Alışanlı).
Knyaz Aslanın obraz yaradıcılığında diqqət çəkən və təqdir olunası daha bir məqam isə onun obrazı məhz özü kimi – öz dilində, öz ruhunda danışdırmaq qabiliyyətidir. Bu, obraz yaradıcılığında çox mühüm amildir. Vaxtilə Səməd Vurğun yazırdı ki, adi bir insanı alim kimi, filosof kimi danışdırmaq real vəziyyəti təhrif etməkdir və bu da nəticədə çox gülünc alınır. Obrazı özü kimi ifadə etməyin, danışdırmağın elə ən yaxşı örnəklərini də biz Səməd Vurğunun əsərlərində görürük. Şair "Komsomol” poemasında aşıq Vəlinin dediyi sözləri məhz aşıq obrazına uyğun şəkildə – gəraylı formasında verir. Və bununla bir daha ifadə edir ki, hansı janrda yazılmış əsər olursa olsun obrazı məhz özü kimi danışdırmaq vacib şərtdir:

Aldı sinəsinə sazını Vəli
Simlərin üstündə gəzdikcə əli,
Görək nə dedi:

Ay ağalar, ay paşalar,
Dərd başımdan aşdı yenə.
Açıldı Tanrının gözü,
Sellər, sular daşdı yenə...

Knyaz Aslanın poeziyası da qeyd etdiyimiz kimi bu mənada təqdir edilməldir. O da məhz obrazı öz dilində danışdırmağın ustasıdır. Şairin 80-ci illərin sonlarında Bakıda qarşılaşdığı Göyçəli qocaya həsr etdiyi "Göyçə qocasının türksü” şeiri bu mənada çox xarakterikdir. Qarlı-çovğunlu bir qış günündə küçədə qarşılaşdığı göyçəli qocadan onun əhvalını elə onun öz ruhunda və öz dilində soruşur Knyaz Aslan:

Niyə dərdlisən, – soruşdum,
Dinmədi Göyçə qocası.
Qəmdən od tutub alışdı,
Sönmədi Göyçə qocası.

Şairə görə, əslində Ələsgər yurdundan, saz-söz məbədgahından olan göyçəli qoca ona dərhal cavab verməli idi – özü də saz götürüb, söz atına minərək. Amma üzləşdiyi dərdlər, çəkdiyi ağrılar ona bu fürsəti, bu imkanı vermir, o, hələ də öz xəyallar aləmində, Göyçəli günlərindədir:

...Keçənlər düşdü yadına,
Ağı qoşdu öz adına.
Saz götürüb söz atına
Minmədi Göyçə qocası.

Amma dərd adamı əvvəl-axır danışdırır, dərdli adam əvvəl-axır dərdini dərdbilənə söyləyir və bununla sanki bir təsəlli də tapır. Necə ki, Knyaz Aslanın "Göycə qocası” bu söhbətin axarında danışır. Həm də necə danışır: dastanlarımızda, nağıllarımızda dərdli aşıqların, qəmli aşiqlərin danışdığı kimi:

...Qəm sazının zilini zil,
Bəmini də bəm eylədi.
Sonra kövrələ-kövrələ
Aldı görək nə söylədi.

Göründüyü kimi, şair obrazı öz ruhunda, öz dilində – xalqdan, folklorumuzdan, dastanlarımızdan gələn "aldı görək nə söylədi” intonasiyasında danışdırır. Bu isə onun danışdıqlarını daha səmimi, daha təbii və inandırıcı edir. Göyçə qocası öz dərdini pafosla, filosof cümlələri ilə deyil, xalq dilində, Göyçənin aşıq ruhunda və eləcə də Göyçənin şirin ləhcəsində ifadə edir. Bu təqdimat isə mövzunun bədii həlli baxımından çox uğurlu alınır. Göyçə qocası aldı görək nə söylədi:

Göyçənin göy çəmənindən
Keçəmmirəm, aağrın alım...
Çeşməsindən yaş süzülür,
İşəmmirəm, aağrın alım...

Bu misralar Göyçəsizliyin qoca üçün ağır bir dərd, ağır bir yük olduğunu tünd boyalarla ifadə edir. Qocanın dilindən verilən aşağıdakı misralar isə sanki Knyaz Aslanın qələmindən çıxan şeir parçası deyil, folklorumuzun dərin qatlarından gələn, dədələrimizin-nənələrimizin elin dar günündə bədahətən dedikləri bayatı, çəkdikləri hay-haraydı:

O gəmi köç gəmisidi,
Sinəmdə yad qəməsidi.
Bu zəmi qan zəmisidi,
Biçəmmirəm, aağrın alım...

Knyaz Aslanın poeziyasında yalnız Göyçə, Qarabağ dərdləri deyil, Təbriz həsrəti də tünd boyalarla əks etdirilir. Onun üçün Azərbaycan obrazı bütövdür, tamdır, o, quzey Azərbaycanın dərdini hansı təəssübkeşliklə, hansı ağrı ilə çəkirsə, yurdumuzun güneyinə də eyni münasibəti göstərir. Ədəbiyyatımızda XX əsrin 30-cu illərindən təşəkkül tapmağa başlayan cənub mövzusu və bu mövzudan doğan obrazlar milli ədəbiyyatımızın təməlləri üzərində formalaşan Knyaz Aslan poeziyasında da öz əksini tapmışdır. Onun bu mövzuda yazdığı şeirlərdə Araza müraciət, Araz obrazı səciyyəvidir. Məlumdur ki, cənub mövzusu ədəbiyyatımızda öz ifadə formalarını, obrazlar sistemini formalaşdırmışdır. Araz çayı, Xudafərin körpüsü artıq milli ədəbiyyatımızda öz semantikasına görə bədii obraz səviyyəsinə yüksəlmişdir. Bu anlayışlar Azərbaycanı əsrlərdir parçalayan həsrətin metaforasına, simvoluna çevrilmişdir. Knyaz Aslan Arazı bir bədii obraz olaraq bütöv bir xalqın göz yaşlarına bənzədir. Bu bənzətmə cənub mövzusunda yazılmış şeirlər arasında həqiqətən də öz orijinallığı ilə seçilir:

Arazım nə yaman dəyişib belə,
Lal sular fikirli baxışlarıdı.
O Araz nur kimi çağlardı elə,
Bu Araz bir xalqın göz yaşlarıdı!..

Knyaz Aslanın cənub mövzusunda qələmə aldığı poetik nümunələrin sırasında Araza qoşulmuş bayatılar xüsusi sislilə təşkil edir. Məlumdur ki, şifahi xalq ədəbiyyatımızdan üzü bəri hər hansı kədərli, nisgilli hadisənin təsviri zamanı bayatı janrına müraciət ənənə halını almışdır. Bayatı özünün ifadə sistemi, deyim tərzi, eyni zamanda xalq ruhunda təzahürü ilə hər hansı kədərli hadisəni daha tünd boyalarla, həzin duyğularla təsvir edir, obrazları məhz xarakterik cizgiləri ilə canlandırır. Bu da öz növbəsində mövzunun bədii həlli baxımından uğurlu alınır. Knyaz Aslanın cənub mövzusundakı bayatıları bu baxımdan xarakterikdir:

Bu nə oyundur, Araz?
Sinəm oyuldu Araz!
Aramızı kəsmə gəl,
Sabah toyumdu, Araz!..

Dağlar başı qar, Araz!
Ömrün qışı var, Araz!
Həsrətim selə dönüb
Səni daşırar, Araz!..

Knyaz Aslanın cənub mövzusunda yazılmış şeirlərindən həsrət və nisgillə yanaşı bir ümid də boylanır ki, bu da poeziya üçün çox mühüm amildir. O da Bəxtiyar Vahabzadənin "Gülüstan” poemasında yazdığı kimi bu bölünmənin yalnız kağız üzərində, sənəddə olduğuni inadla və inamla ifadə edir. Bəxtiyar Vahabzadə "Gülüstan” poemasında əminliklə yazırdı:

Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.

Knyaz Aslan da eyni əminliklə bu bölünmənin yalnız kağız üzərində olduğunu və bu həsrətin əbədi olmayacağını bildirir. Şairə görə Vətən müvəqqəti bölünsə də, arzu, muraz və bu arzu, murazı, eləcə də bu böyük Vətəni yaşadan ürəklərimiz heç zaman bölünməyəcək, sözümüzdə, ruhumuzda bölünməyən Vətənimiz isə bölünməyən ürəklərimiz kimi əvvəl-axır birləşəcək. Oxucu bu mövqeyə inanır və deyir: təki hər birimiz bu bölünməzliyin, bu bütövlüyün divanəsi olaq – Knyaz Aslan kimi!

Mən ki, bütövlüyün divanəsiyəm
Muraz haçalanar, dilək bölünməz!..
Hər iki sahilin pərvanəsiyəm,
Vətən bölünsə də ürək bölünməz!..

***
Knyaz Aslanın məhəbbət lirikası da özünün poetik tutumu, məna yükü ilə seçilir. Onun məhəbbət şeirləri yalnız bir insanın digərinə olan duyğularının əksi ilə kifayətlənmir. Bu şeirlər də folklora, milli ədəbiyyatımızın ənənələrinə bağlılığı ilə seçilir ki, məhəbbət lirikasında biz bununla heç də tez-tez qarşılaşmırıq. Bu, Knyaz Aslanın məhəbbət lirikasının xarakterik cəhətlərindən biridir. Onun məhəbbət şeirlərinin baş obrazı, lirik məni folklorumuzdan, dastanlarımızdan boylanan bir obrazdır:

Yaxşı sənsən, Sarı mənəm,
Həsrətindən sarı, mənəm.
Gəl, könlümü sarı, mənəm,
Yandırmasın bu dağ məni.

Knyaz Aslanın məhəbbət mövzusunda yazdığı şeirlərdə yalnız obrazın gözəllliyi vəsf edilmir, eyni zamanda bu nümunələrdə obrazın xarakterik cizgiləri, milli kimliyi də öz əksini tapır:

Yeriyəndə sona kimi sallanar,
Danışanda dodaqları ballanar.

"Bu qızın” rədifli lirik şeirin yuxarıdakı ilk iki misrası yeriyəndə sona kimi sallanan, danışanda dodaqları ballanan gözəlin zahiri gözəlliyini ifadə edirsə, sonrakı misralar onun milli kimliyindən gələn xarakterini, abır-həyasını, daxili gözəlliyini əks etdirir:
Söz soruşsan yanaqları allanar,
Nələr keçər ürəyindən bu qızın!..

Artıq oxucuda heç bir şübhə yeri qalmır ki, söz soruşsan yanaqları allanan bu qız öz abır-həyası, isməti ilə hamıya nümunə olan Azərbaycan xalqına mənsubdur. Bu, olduqca incə bir məqamdır və bu misra məhəbbət mövzusunda yazılmış şeirin nüvəsini təşkil edir.
Şairin məhəbbət mövzusunda yazdığı şeirlərinin xarakterik cəhətlərindən biri isə bu nümunələrin həm bədii sənətkarlıq, həm də fikrin məna yükü baxımından diqqəti cəlb etməsidir. Bu şeirlərdə yüksək bədii sənətkarlıqla yanaşı xalq hikməti, xalq müdrikliyi, milli adət-ənənələrimiz də öz əksini geniş şəkildə və incəliklərlə tapır ki, məhəbət lirikasında bütün bunların bir arada olması əslində nadir hallarda rast gəlinən hadisədir:

Həsrətimiz bir ocaqda qalandı,
Külə döndü, küləklərdə talandı...

Bu parçada yüksək bədii sənətkarlıq, obrazlılıq var. Ocaqlarda qalanan sevginin, həsrətin külünün küləklər tərəfindən talanması orijinal bir bənzətmədir. Eyni zamanda burada səslərin, sözlərin bir-birini izləməsi, bir-biri ilə səsləşməsi də cazibədardır: Külə döndü, küləklərdə talandı... Bəndin digər iki misrasında isə biz sənətkarlıqla yanaşı xalq hikmətini, "könül sevən göyçək olar” – deyən xalq müdrikliyini görürürük ki, bütün bunların bir arada, məhəbbət lirikasında yer almasının özü bir orijinallıqdır:

Sevgi varsa, yüz ayrılıq yalandı, -
Elin sözü qənddi, baldı, qadası!..
...Bir söz deyim, nə küs məndən, nə inci:
"Könül sevən...” – düz misaldı, qadası!..

Sonrakı misralarda isə el adət-ənənəsinin daha bir məqamı ilə qarşılaşırıq. Xüsusilə, indiki məqamda – kürəsəlləşmənin heç də həmişə müsbət təzahürləri ilə qarşımıza çıxmadığı bir şəraitdə – yeni texnologiyalar kimi yad adət-ənənələrə hədsiz dərəcədə meyil edən gənclərin ailə həyatına böyüklərin xeyir-duasını almadan başladığı, ənənəmizə görə qohum-qardaşın müəyyən etdiyi ağsaqqalları elçi göndərmədən, "elçiliyi xəlvət özlərinin etdiyi” bir dövrdə bu misralar çox gərəklidir:

Qohum-qardaş əncam çəkir bir işə:
Bizdən sizə elçiliyə kim düşə?!

Bəndin son iki misrası isə xalqımızın milli yaddaşının, təbiətimizin, məhəbbət lirikamızın Qurbanidən üzü bəri gələn obrazlar aləminin və intonasiya tərzinin və nəhayət bütün bunları özündə əks etdirən yüksək bədii sənətkarlığın təzahürü kimi qarşımıza çıxır:

Sinəm üstə boyun bükən bənövşə
Toy gününə bir sualdı, qadası!..

Mənə elə gəlir, əsl məhəbbət şeiri elə bu cür də yazılmalıdır: həm yüksək bədii sənətkarlıqla, orijinal metaforalarla, həm də milli ədəbiyyatımızın, milli adət-ənənlərimizin, gələnəklərimizin – bir sözlə xalqımızın ruhuna uyğun şəkildə.

***
18 yaşında Hələ çaylar eşitməyib səsimi, Hələ dağlar xəbərsizdi sözümdən – deyən Knyaz Aslanın 55 yaşı olur. Artıq onun poezyasının uca səsini çaylar da eşidib, dağlar da onun sözündən xəbərdardır.

Əziz Knyaz Aslan, təkcə çaylar, dağlar deyil, vəsf etdiyin, şəninə nəğmələr qoşduğun Bakılı, Borçalılı, Göyçəli, Təbrizli, Naxçıvanlı, Qarabağlı Azərbaycanın hər bir guşəsi, hər bir eli-obası bu səsdən, bu sözdən xəbərdardır – xəbərin olsun!

Ələmdar Cabbarlı
filologiya üzrə fəlsəfə doktoru, dosent



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: