Dolu ziyalı - VİDADİ ORUCOV (1956)

Dolu ziyalı - VİDADİ ORUCOV (1956) Haqqında söz açdığım sədaqətli dostum Vidadi Orucov Bor­çalının ye­­­tirmiş olduğu nadir ziyalılardan biri­dir. Mərifəti, mə­dəniyyəti, ləya­qəti öz yerində olan, əxlaqi fəzi­lət­lərə tapınan gö­­zəl bir insandır. İn­sanlığı isə hər kəs, məlum həqiqətdir ki, hə­­yatda yaxşı əməlinə görə qaza­nır, yoldaşlara, dostlara, ətraf­dakılara münasibətinə görə qaza­nır. Bu qazancı əldə et­di­rən fəzil sifətləri çox sadalamaq olar. Hər şeyin fövqündə in­sanlığı görən gözəl ziyalıdır Vidadi müəl­lim. Mən onunla dost oldu­ğu­ma görə fəxarət hissi keçi­ri­rəm.
Ocağında dövlət daşa, var daşa,
Dostun yoxsa kasıblardan kasıbsan -

Deyib şair Zeynal Vəfa.


Vidadi Ömər oğlu Orucov - 1956-cı il may ayının 12-də Gür­cüs­tanın Başkeçid (Dmanisi) rayonunun
Qızılkilsə kəndində müəl­lim ailəsində anadan olub.
1973-cü ildə Qızılkilsə kənd orta məktəbini, 1982-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakül­tə­sini bitirib. 1998-ci ildə “Karbon və azot atomlarının də­mir-ni­kel və dəmir manqan ərintilərində atomların paylan­ma­sına, faza keçidlərinə və xassələrinə təsiri” mövzusunda na­mi­zədlik dis­ser­­ta­siyası müdafiə edərək fizika-riyaziyyat elm­ləri namizədi alim­lik dərəcəsi alıb.
Əmək fəaliyyətinə 1973-cü ildə Bakı Tunel-Tikinti İdarəsin­də fəhləliklə başlayıb. 1983-cü ildə Bakı şəhər 25 saylı texniki-pe­şə məktəbinin azad komsomol təşkilat katibi, 1990-cı ildə Ni­zami rayonu “Bilik” cəmiyyətinin məsul katibi, 1992-1997-ci il­­lərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili İdarəsində mütəxəssis vəzifəsində çalışıb.
1997-ci ildən Bakı Sənaye-Pedaqoji kollecinin direktoru və­zi­fəsinə təyin olunub və 20 il bu təhsil ocağına rəhbərlik edib.
2016-cı ildən isə Bakı Dövlət Sosial-iqtisad kollecinə rəh­bər­lik edir.
Çox gözəl həmsöhbətdir Vidadi müəllim. Canında, qanında hərarət, qaynarlıq daim hiss olunur və ətrafdakılara müsbət mə­nada sirayət edir. Onunla ünsiyyətdə olan adam nə qədər əsə­bi, narahat olsa da, təmasdan az sonra ovqatı yaxşılaşır, aurası zən­ginləşir, əhval-ruhhiyyəsi düzəlir. Öz təcrübəmdən buna bələdəm. Biz - bu yazının qəhrəmanı Vidadi Orucov, içi çölün­dən duru, çölü içindən saf olan digər gözəl ziyalı eloğlumuz Vi­da­di Səlimov, bu sətirlərin müəllifi mən Səməndər Məmmədov, tez-tez bir araya gəlir, sonra dostlarımızdan Tacir qağanı, Alı qa­­ğanı tapırıq, cəm olub gedirik, Türk dünyasının böyük şairi Zəlimxan Yaqubu ziyarət etməyə, halal süfrədə Allah verən ne­mətlərdən təam edir, söhbətləşirik.
Allah onu var eləsin - dünyamızın böyük şairi Zəlimxan qa­ğa bizləri bir az da doğmalaşdırıb, münasibətlərimizi qırılmaz tel­lərlə bağlayıb. Bizim birləşməyimizdə, bu dostluğumuzun ana xət­ti Zəlimxan müəllim özü təşkil edib. Və bizim bu görüş­lə­rimizdə, hərdən asudə nəfəs alıb istirahət edəndə məclisimizi də Vidadi Orucov idarə edir. Çox yaxşı məclis aparmağı var - de­yə-deyə, gülə-gülə. Elə bil təpədən dırnağadək güllü-bülbüllü yaz havasıdı, sinədəftərdi, danışanda, maşallah, dilindən dürr tö­­külür. Sanki elə bil, Borçalının, Başkeçidin bulaqlarının su­yu­nun saflığından, havasının təmizliyindən yığıb çəkib içinə, in­di də yavaş-yavaş qədərində xərcləyir.
Zəlimxan Yaqubun bir şeiri var:

Min ömür uzadıb, ömür üzməyib,
Yersiz oynamayıb, yersiz süzməyib,
Usta bağlamayıb, zərgər düzməyib,
Sənə haqdan gəlib saz, Əmrah dayı.

Bu kişiyə də demək-gülmək, sözlərini bir-birinin ardınca ci­la­­layıb qoşmaq qabiliyyəti haqqdan gəlib. Biz hər dəfə Vidadi müəl­limlə görüşəndə, telefonla əlaqə saxlayanda dəstəyin o ba­şında, bu başında Borçalı ləhcəsi ilə danışıqlarımıza qulaq asan olsa, eşitdikləri həmin şəxsə sanki gözəl bir poeziya çələn­gi tə­sir bağışlayar. Zəlimxan Yaqubdan, digər söz sahiblərinin hik­­mət xəzinəsindən sitatlar gətirir, şeirlər söyləyirik. Vidadi müəl­­limin alimliyi, ziyalılığı bir yana dursun, həm də hərdən cu­şa gələndə qələmə sarılmağı, Zəlimxan Yaqubun müdrik söz­lərinin toplayıb nəşr etdirmək kimi xeyirxah təşəbbüsləri var.
Əlbəttə, Vidadi müəllimin alimliyi haqda, elmi-pedaqoji fəa­liy­yəti haqda məhz alimlərin dilindən eşitdiyimi çatdırmağı məq­sədəuyğun sayıram. Uzun müddət Azərbaycan Təhsil Prob­lemləri İnstitutunun direktoru olmuş pedqoji elmlər dok­toru, pro­fessor Şəmistan Mikayılovun dediklərindən: “Azər­baycan təh­­silinin Avropanın təhsil sisteminə inteqrasiya olun­maq pers­pek­tivlərini nəzərə alaraq təbiət-riyaziyyat, icti­mai-humanitar və praktik elmlərin əsasları üzrə inteqrativ kurs­ların yaradıl­ma­sı, çoxfənlilikdən azfənliliyə keçmək, yəni tələb­lərə uy­ğun pe­da­qoji-psixoloji və texniki təminat yaratmaq prob­lemi ən aktual problemlərdən idi. Vidadi Orucovun əmə­yi­nin məh­sulu olan və Azər­baycan Respublikası Təhsil Nazirliyi Təh­sil Problemləri İns­titutunun rəy verdiyi kitablarda müəllifin gəldiyi nəticələr və verdiyi təkliflər ciddi nəzəri əhəmiyyət daşımaqla, praktik həl­linin gözləyən bir sıra yeni ideyaları əhatə etməklə, həmin prob­lemin həllinə müəyyən dərəcədə kömək etməkdir. Vidadi müəl­limin müəllifi olduğu fizikanın tədrisi metodikasına dair dərs və­saitlərində bu sahə üzrə müxtəlif dövrlərdə aparılan elmi-tədqiqat işləri araşdırılmış, müəyyən istiqamətlər üzrə qruplaş­dırılmış və onlardan istifadə imkanları açıqlanmışdır. Həm­çi­nin, fizikanın tədrisi metodikası sahəsində əməyi olan Azər­bay­can alimlərinin elmi-pedaqoji fəaliyyəti haqqında məlumat ve­ril­miş və məktəb fizika kursunun tədrisinin müasir metodo­lo­ji əsasları açıqlanmış, nəzəri və eksperimental metodikası və tex­nologiyaları işlənmişdir”.
Respublikanın Əməkdar müəllimi, pedaqoji elmlər doktoru, pro­fessor Zahid Qaralovun dediklərindən: “Yaxşı yadımdadır, fizika metodikasının tarixini araşdırmağa marağını, tədqiqat­çı­lıq bacarığını və müəllimlik təcrübəsini nəzərə alaraq, “Azər­bay­canda fizikanın tədrisi metodikasının inkişafı: əsas istiqa­mətlər, metodlar, aktual problemlər” mövzusunda əsaslı araş­dır­­­­ma aparmağı fizika-riyaziyyat elmləri namizədi Vidadi Ömər oğlu Orucova həvalə etdik. O, fizika elminin tədqiqat me­­todlarını və tədris prosesində həmin metodlardan istifadə qay­da­larını yaxşı mənimsədiyinə görə, bizim tövsiyəmiz əsasında optimal həll yollarını və araşdırmağa başladı. Vidadi Orucov mövzunu təsdiq olunmuş plan ardıcıllığı ilə tədqiq etdi və dok­torluq dissertasiyası səviyyəsində müvəffəqiyyətlə başa çatdır­dı. Həmin tədqiqatın bir hissəsi olaraq 2006-cı ildə “Fizikanın öyrədilməsi ilə bağlı elmi fikirlərin inkişafı” adlı gözəl bir mo­noqrafiya ortaya qoydu. 2007-ci ildə isə Vidadi müəllimin “Fi­zikanın tədrisi metodikasının aktual problemləri” adlı növ­bəti mo­noqrafiyası işıq üzü gördü. Hərtərəfli pedaqoji-meto­di­ki-ta­ri­xi elmi araşdırmaların nəticəsi kimi meydana gəlmiş bu əsər bü­tün tip təhsil müəssisələrində çalışan müəllimlərin, şa­gird və tələbələrin, tədqiqatçıların, həmçinin, geniş oxucu audi­to­­riya­sı­nın istifadəsi üçün faydalı vəsait hesab olunur. Bütün bun­lardan başqa, Vidadi Orucovun ərsəyə gətirdiyi “Fizikanın təd­ris me­to­dikasının inkişafı” (Bakı, 2011), “Fizikanın tədrisi me­todikası üzrə nəzəri və eksperimental tədqiqatların metodi­kası və tex­no­logiyası” (Bakı, 2012) adlı əsərləri pedaqoji uni­ver­­­si­tet­lərin fi­zika fakültəsinin magistr və müəllimləri üçün əvəz­siz dərs və­sait­ləridir”.
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Vidadi Orucov Bakı Sə­naye-Pedaqoji Kollecinə rəhbərlik etdikdən sonra burada iş­lər, dərslərin keyfiyyəti, istər məktəbdənkənar, istərsə sinifdən­kənar tədris və tərbiyə işləri yüksək səviyyədə qurulmuşdur. Eyni za­manda, 5 əyani şöbə, istehsalat şöbəsi, 2 qiyabi şöbə fəa­liyyət gös­­tərmişdir. Kollecin rəhbərliyi gənclərin məktəb­dən­kənar və si­nifdənxaric tərbiyə işlərinin, asudə vaxtlarını düz­gün təşkil etmək üçün təkcə məktəb daxilində deyil, eyni za­manda tarixi yerlərə, şair və yazıçııların ev muzeylərinə tə­ləbələrin səya­hət­lərini təşkil edir. Kollecdə əlamətdar gün­lərdə keçirilən təd­bir­lər respublikamızın müxtəlif informasiya vasitə­lərində işıq­lan­dırılmışdır. Hərbi-vətənpərvərlik klubunun da fəa­liy­yət gös­tər­diyi kollecdə Vətənə, dövlətə sədaqət rəmzi ola­raq dövlətin him­­ni, gerbi, üçrəngli bayrağımız barədə məlu­mat­lar verilir, ən baş­lıcası isə kollecdə bütün dərslər Azərbay­can him­nin ifası ilə başlayır.
Burada yubiley bayramları xüsusi təmtəraqla keçirilir. Ulu ön­­dər Heydər Əliyevin, dünya şöhrətli oftalmoloq-alim Zərifə Əli­yevanın, görkəmli yazıçı Mir Cəlal Paşayevin, dahi mütə­fək­kir Həsən bəy Zərdabinin, Xalq şairi Zəlimxan Yaqubun, Kə­­­rəm Kürqıraxlının yubileyləri tələbələrə xüsusi zövq vermiş, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Kollecdə elm xadimləri, professorlarla görüşlər tez-tez keçirilir. Profes­sorlarla görüşlər tez-tez keçirilir. Professorlar E.Rüstəmov, Ə.Pa­­şayev və R.Əliyevlə keçirilən görüşlər buna misal ola bi­lər. Burada keçirilən N.Gəncəvinin. M.Ə.Sabirin, X.B.Natə­va­nın yaradıcılığına həsr olunmuş poeziya gecələri də tələ­bə­lərin estetik zövqünün formalaşmasına böyük təkan verir.
Əlbəttə, rəhbərlik etdiyi təhsil müəssəsində belə müsbət ten­den­siyaların formalaşması Vidadi müəllimin özünün ziyalı­lığı­nın ifadəsidir.
Mən Vidadi müəllimi böyük nüfuz sahibi, qayğıkeş insan, dost və sirdaş, ən başlcası isə həmişə millətinə gərəkli, Vətə­ni­nə qəlbən vurğun olan bir şəxsiyyət kimi tanıyıram. Çətin və mürəkkəb illərin eniş-yoxuşlarından inamla keçib, ömrünün mə­­­nasını xalqımıza xeyir verməkdə, elmimizin inkişafına töh­fələr bağışlamaqda, gənc nəslin təlim-tərbiyyəsində iştirak et­məkdə görmüş, bunu özünə ən böyük borc və vəzifə saymışdır. Vidadi müəllim özünə və ətrafdakı insanlara qarşı həm tə­ləb­kar, həm də diqqətcil adamdır. Diqqətcil olduğu qədər də səmi­mi­­dir.
Verilən ömrü xeyirxahlıqla, faydalı işlərlə, təmiz adla yaşa­yan şəxslər həmişə nümunə, örnək olurlar. Geniş qəlbə, insani ül­fə­tə malik olan Vidadi müəllimin dəyərli həyatı yüzlərimizin, min­­­lərimizin gözü qarşısındadır. Həmişə çalışıb ki, insanları mə­­­həbbətə, mehribançılığa sövq etsin. Hər birimiz bunları gö­zəl bilirik. Sevinirik ki, nə yaxşı belə bir dəyərli insanla yaxın olmuşuq, doğma qardaşlar qədər. Bizim üçün Vidadi müəllim doğrudan da Vətəndir, elimizin-obamızın, bütövlükdə xalqımı­zın sərvətidir, özü boyda Borçalıdır, özü boyda Başkeçiddir.
Onu fərqləndirən bir əsas cəhət də şan-şöhrətə aludə olma­ma­sı, yüksək ada-sana, mənsəbə kəsə yolla çatmağa çalış­ma­masıdır. Ona görə də layiq olduğu mənsəbi, ünvanı heç vaxt dilə gə­tirən deyil. Onun təvazökarlığını nəzərə alıb arzumuzu ifadə edi­rik: Qoy, tezliklə Vidadi Orucovu pedaqoji elmər doktoru el­mi də­rə­­cəsinə yiyələnməsi münasibətilə təbrik edək. Bax, on­da Sə­məndər Borçalı sinəsinin dağ havasının açacaq, har­dasa təbiətin qoynunda bu gözlədiyimiz hadisəni xüsusilə qeyd edə­cəyik, İn­şallah!
Allah Vidadi müəllimi qorusun!
Ona həyatda uzun ömür, can­­sağlığı, elmi-pedaqoji fəaliyyətində
yeni-yeni nailiyyətlər arzu­la­yıram.

Səməndər MƏMMƏDOV,
"Faxralılar və tarix yaradanlar". II cild. Bakı, 163-167.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: