Mikayıl Müşfiq Dilbər Axundzadənin Dili ilə

Mikayıl Müşfiq Dilbər Axundzadənin Dili iləMikayıl Müşfiq 30 ildən az, lakin coşğun, mənalı bir ömür, yaradıcılıq yolu keçmişdir. Müşfiq gözəllik aşiqi, gözəllik vurğunu idi.
Xanımı Dilbər Axundzadə Müşfiqlə keçirdiyi xoş, həyatının ən gözəl illərini “Müşfiqli günlərim” adlı kitabında yad etmişdir. Xatirə kitabında Dilbər xanımın dilindən Müşfiqi təkcə şair kimi deyil, həyat yoldaşı, övlad, qardaş, dost kimi tanımaq imkanı əldə edirik. Dilbər Axundzadə yazırdı: “Müşfiq elə bir nadir istedad idi ki, 7 il müddətində mən onu tamamilə dərk edə bilməzdim. Onun coşğun qəlbinin döyüntülərini, parlaq zəkasını bütünlüklə qavramaq üçün uzun illər lazım idi.Həmçinin Dilbər xanımı Müşfiqlə keçirdiyi qısa həyatını ömrünün bahar fəsli kimi xatırlayırdı.
Dilbər Axundzadə Mikayıl Müşfiqlə Pedaqoji universitetin buraxılış gecəsində tanış olmuşdu. Dilbər xanımın əmisi arvadı Fəramuş Müşfiqlə tələbə yoldaşı idi. Bu təsadüfi tanışlıq Dilbər xanımın həyatında mühüm bir hadisəyə çevrilir, sadəcə şair kimi adını eşitdiyi Müşfiqi ilk dəfə yaxından tanıyır. Onun Müşfiqə aşiq olmasında Müşfiqin şair ruhunun, şeirlərinin də rolu danılmaz idi. Dilbər xanımın özü də şeir, sənət vurğunu idi. O, Müşfiqdən görüşə gələndə hər dəfə yeni şeirlər gətirməsini də xahiş etmişdi. Dilbər xanım qeyd edirdi ki, Müşfiq aşiqanə şeirləri əsas yaradıcılığı hesab etmir, o həmişə günün tələbinə cavab verən mövzulardan yazmağı üstün tuturdu. Söhbətarası Dilbər xanıma: “Dilbər, başımı yamanca qatmısan, müasir mövzulardan lap az yazıram. Qorxuram deyələr, Müşfiq məhəbbət şairi olub gedib”, -dediyi məlumdur.Dilbər xanımın xatirələrində Müşfiqin Səməd Vurğun, Mehdi Hüseyn, Hüseyn Cavid, Əhməd Cavad, Mir Cəlal, Rəsul Rza, Məmməd Rahim, Süleyman Rüstəm, Cəfər Cabbarlı kimi şəxsiyyətlərlə dostluq münasibəti olduğunu görürük. Səməd Vurğunun Dilbər xanıma “Dilbər bacı, qorxum yalnız Müşfiqdəndir, məni ötsə-ötsə Müşfiq ötəcək” deməsi də onun güclü şairlik qabiliyyətindən xəbər verirdi.
Müşfiqin Dilbər xanıma həsr etdiyi “Dilbərnamə” adlı şeirlər toplusu vardır:
Ey gözəl Gəncənin gözəl Dilbəri,
Nədir səndəki o mehriban əda?
O gündən bəridir nərdə bulunsam,
Gözümdə sən varsan, könlümdə sevda.

1933-cü ilin 20 iyununda onların kəbini kəsilir. Dilbər xanım yazır ki, birgə həyatımızın ilk günlərindən başa düşüdm ki, əsl şair həyatı, şair zəhməti nə deməkdir, onu gecə-gündüz üzərində işlədiyini, yazdıqlarını dönə-dönə gördükdə anladım ki, əsl şeir çağlar istedad sahibi olan şairdən də belə böyük və gərgin zəhmət tələb edir. Müşfiq hədsiz şəkildə səmimi, gözü, könlü tox, ilk görüşdən adamın qəlbinə yol açmağı bacaran, özünü sevdirmək istedadına malik şəxsiyyət idi.
Müşfiq deyirdi: “Dilbər, kasıb oğlan oğlan idim, sənin şeir vurğunu olduğunu görüb aldadıb aldım səni”. Dilbər gülümsünüb: “Var-dövlət müvəqqəti olduğu halda sənin adın, sənətin əbədidir. Mən səninlə fəxr edirəm”, -deyir. Müşfiq özü də qeyd edirdi ki, yazıçının həyat yoldaşının onun yaradıcılığında böyük rolu var. Onu başa düşsə, şərait yaratsa, onun ilhamı daha da artar. Həyat yoldaşı onun ilk oxucusu olmalıdır. Əgər həyat yoldaşı onu başa düşüb dərk etməsə ilhamını söndürə bilər.. Dilbər Axundazadənin 1935-ci ildə Tibb instituna daxil olmasında Müşfiqin dəstəyi, rolu böyük idi.
Cəmi 10 illik yaradıcılıq dövrü ərzində Müşfiq Azərbaycan ədəbiyyatının, poeziyasının ən parlaq nümayəndələrindən biri oldu. Coşğun ilhamlı nəğmələri, gözəl şeir və poemaları ilə geniş xalq kütlələrinin dərin məhəbbətini qazandı. Müşfiq 1939-cu ilin mart ayının 12-də vəfat etmişdir. “Müşfiqli günlərim belə qurtardı”.

Yadımdan çıxmayır nitqi-nidası,
Müşfiq davranışı, Müşfiq ədası.
Ürəyində coşan şeir dalğası,
Həyatın tufanlı dəryasındadır.



Sevinc Abdulxalikova,
BDU-nun Filologiya fakültəsinin
3-cü kurs, 048-ci qrup tələbəsi.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: