İnsanı insan kimi ucuzlaşdıran, dəyərini aşağını salan, ictimai davranış qaydalarını, etik normaları pozmasına vadar edən alkoqollu içkilər günümüzün bəlasına, kabusa çevrilib. Əvvəllər kişilərin bu “xəstəliyə” yoluxduğu müşahidə olunurdusa, artıq qadınlar da bu bəladan yaxa qurtara bilmir, heç cəhd də etmirlər, əksinə özlərinə qəhrəmanlıq bilirlər. “Yüz vur, düz dur” - deyib qədəhlər qaldırırlar. Sanki bu “yüz”ü vurmasalar düz dura bilmirlər. Vurduqdan sonra özlərini daha gümrah, şən hiss edirlər. Bir sözlə, spirtli içkilər onlara ruh yüksəkliyi “bəxş etməklə” yaşama sevinclərinə çevrilir. Onlar spirtli içki qəbul etməyi özlərinə qəhrəmanlıq bilirlər. “Aslanın erkəyi, dişisi olmaz” elə “bizim üçün deyilib” – deyə düşünərək, sosial şəbəkələrdə belə əllərində qədəh şəkillərini və ya içib özlərini itirərək, mənşəyi bilinməyən rəqslərinin videolarını paylaşırlar.
İçki ən çox və ən tez beyinə təsir edir. Alimlər içkinin beyinə təsirini bu cür izah etmişlər: spirt ilk olaraq beyinin fəaliyyətini sürətləndirsə də, bu sürət getdikcə azalaraq mənfi təsirə keçir. Beyin hissələrinə təsiri nəticəsində bacarıq, refleks və hərəkət gücü pozulur. Və bu zaman insan hərəkət və davranışlarını idarə edə bilmir.
Bir insan bir şəxsiyyətdir. Lakin alkoqol, spirtli içki şəxsiyyətə antonimdir.
İçki qəbul edərək yoldaşına işgəncə etmə, öz doğma analarına əl qaldırma, qonşusunun, qohumunun qızına və ya yoldan keçən qıza, zənənə təcavüz halları az deyil. Hətta evdən oğurluq edərək, övladlarının boğazından kəsərək son çörək pullarını içkiyə xərcləyənlər də var. Spirtli içkilər ucbatından nə qədər uşaq atalıykən atasız, nə qədər qadın ərliykən ərsiz yaşayır. Alkoqol nə qədər körpənin dünyaya şikəst, qüsurlu gəlməsinə bilavasitə şərait yaradır. Və bu gün alkoqol və aludəçiləri üzündən nə qədər uşaq körpələr evinə atılıb. Nə qədər yaşlı qocalar evinə məhkum edilib.
Bir düşünün! Bir içki düşkününün qızını kim evində gəlin görmək istər, cəmiyyətimizin düşüncə tərzinə görə içki düşkünü bir atanın qızı düzgün tərbiyə ala bilməz. Ən əsası bir sərxoşla qudalıq, qohumluq edilməz.
İçib gündüzləri, gecələri küçələrdə keçirən, skamyalarda gecələyən, yanından ötüb keçən insanları, qadınları söyüş atəşinə tutan, ağıla gələn və gəlməyən bütün nalayiq sözləri işlədən ailə başçısı necə və hansı şərtlər altında idarə edə bilər ailəsini və hansı normal tərbiyədən söz gedə bilər bu ailədə. Həm maddi, həm də mənəvi çətinliklər, əziyyətlər yaradan spirtli içkilərin qurbanları təkcə onu qəbul edən şəxs deyil, onun yaxınları belə olur. Bir sözlə, maddi və mənəvi ziyanından başqa heç bir xeyri, faydası yoxdur bu “acı sular”ın. Müqəddəs kitabımızda belə spirtli içki haram buyurulmuşdur. Hansı ki onları qəbul etdikdən sonra insan öz mənliyini, şəxsiyyətini unutduğu kimi uca tanrısını, yaradanını belə unudur. Həyatda hər şeydən çox sevdiyi spirtli içkini, “acı su”yu öz belindən gələn övladından və ona həyat bəxş edən valideynlərindən belə üstün tutur. Çünki içki onun mayedən ibarət oksigeninə çevrilir.
Alkoqol insanı cəllada, qatilə çevirir. Hətta öz ölümünü belə tezləşdirir. Bu ölümü ya sərxoş vəziyyətdə törətdiyi qəza gətirir, ya da hər gün qəbul edilən alkoqol orqanları sıradan çıxararaq öz qəbrini özünə qazdırır. Axır ki, tez ya gec, onun əzraili elə qəbul etdiyi spirtli içkilər olur.
Nisa surəsinin 43-cü ayəsində buyurulur: Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman – yol ötən müsafirlər müstəsnadır – qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.