Həmin dəhşətli qətl hadisəsində günahlandırılaraq ömürlük həbs cəzası almış Nizami Nağıyevin atası, YAP-ın qurucularından biri, Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı Adil Nağıyev "Yeni Müsavat”a müsahibəsində qətl hadisəsi ilə bağlı ilginc məlumatlar verib. O, uzun illərdən sonra ilk dəfə çox ciddi etiraflarını dilə gətirib, oğlunun qətldə iştirakını birmənalı şəkildə təsdiqləyib.
ZiM.Az həmin müsahibəni ixtisarlarla təqdim edir:
"Oğlum bütün nəslimə zərbə vurub, hamımızı işdən çıxarıblar. 4 oğlum, 1 qızım, 13 nəvəm, 13 nəticəm var. Hamımıza zərbə dəyib. Oğlanlarım hamısı dövlət qurumlarında işləyirdilər. 18 ildir heç birimiz işləmirik, "kor qız” kimi oturmuşuq evdə. Bizə böyük zərbə dəyib. Mən çox fikirləşirəm ki, bu zərbəni bizə kim vurdu axı? Mənim oğlumun atası icra başçısı işləyir... 2 oğlum akademiyanı qurtarıb, biri Nərimanovda DYP rəisi işləyir, digəri sahə rəisi işləyir. Hökumət adamı olmuşuq, niyə bizi bu oyuna saldılar?”
O sonradan bu sualın cavabını tapdığını bildirib: "Birincisi, o vaxt istintaq orqanlarına, müxbirlərə deyirdim ki, əgər mənim oğlum Ziya Bünyadovun qətlində iştirak edibsə, ya onu vurubsa, elə oğul mənə lazım deyil, aparın, dar ağacından asın! Mən elə oğul böyütməmişəm. Mən 7 yaşında Ermənistanda ata-anadan yetim qalmışam, yetimliklə, əziyyətlə böyümüşəm. 1969-cu ildə ermənilərin təzyiqinə məruz qaldığım üçün qaçıb Bakıya gəlmişəm. Allahdan başqa heç kəsim olmayıb. Mən oğlumdan çox incidim, heç 10 il onun yanına getmədim. Kişi, sən nə ...yemisən?! Belə şey olar? Akademik Ziya Bünyadov hər adamın tayı deyildi... Düzdür, Ziya Bünyadovla heç zaman üz-üzə gəlməmişəm, ancaq televizorda görmüşəm. Mənim ona simpatiyam var idi. Çünki o, ermənilərə qarşı kəskin mübarizə aparırdı. Mən də millətçi olmuşam, ermənilərin əlindən qaçıb gəlmişəm”.
A.Nağıyev oğlunun belə dəhşətli əməli törətməsini belə izah edib: "Mən əvvəlcə belə qərara gəldim ki, oğlumla görüşməyim, çünki nəinki mənə, bütün nəslimə zərbə vurdu. Amma inanmırdım ki, mənim oğlum belə iş görə bilər. Sonra mən öyrəndim ki, niyə Ziya Bünyadovu aradan götürüblər? Tarixçi Moisey Kalankatuklunun "Alban tarixi” kitabını yazıb və Ziya Bünyadov onu tərcümə edib. Kalankatuklu 254-cü səhifədə İslam peyğəmbərini aşağılayıb. "Hizbullah” təşkilatının "Nəsrullah” adlı bir üzvü Bakıya gəlir. Burada dindən istifadə edərək, müəyyən adamları ətrafına toplayır. O cümlədən də bunların başçısı Tariyel Ramazanov və Cavanşir Aslanov olub. Bu Tariyel Ramazanovla mənim oğlumun bağlılığı hardandır? Sovet dövründə Kuril adalarında bir yerdə əsgərlikdə olublar. Oğlumu yoldan çıxaran, bu işə cəlb edən o vicdansız... Özü də ali təhsilli adam, atası Ramiz Rzayev də akademiyada işləyib. Burada "Nəsrullah”ın tapşırığı ilə dəstə düzəldirlər.
Oğlum Məkkəyə gedib-gəlmişdi, namaz qılırdı. Mən özüm araq içən idim. Baxdım ki, oğlum, həyat yoldaşı namaz qılır, oruc tutur, mən də içkini tərgitdim. Sonra bu, bir müddət ortalıqda görünmədi, yox oldu”.
Keçmiş başçı oğlunun həmin vaxt vəzifdə işlədiyini vurğulayıb: "Aeroporta, gömrükdə işləyirdi. Özü də Odlar Yurdu Universitetinin hüquq fakültəsinin 4-cü kursunda qiyabi oxuyurdu. Mənim heç bir şeydən xəbərim olmayıb. Xəbər tutsaydım, özüm gedib Heydər Əliyevə deyərdim, bu işin üstünü açardım, heç bizə də bu qədər zərbə dəyməzdi.
Ziya Bünyadovun qətlindən sonra 3 il sərbəst gəzdi. Ziya Bünyadovu 1997-ci il fevralın 21-də qətlə yetiriblər, Ziya Bünyadovu tapança ilə ağzından vuran Qalib Babayev 3 gün sonra İrana keçəndə öldürülüb. Nizami isə 2000-ci ilin 28 sentyabrında həbs edildi. Bütün məhkəmələrdə iştirak etdim. O ərəfədə hökmdən çox narazı qaldım. Niyə? Çünki təşkilatçı, sifarişçi qaçıb aradan çıxıb. Əgər mənim oğlum da qaçsaydı, hardan tutacaqdılar? Oğlum qaçmadı. Hörmətli prokurorumuz Zakir Qaralov vəzifəyə təyin olunandan sonra bu cinayətkar dəstəni ifşa etdi və oğlumun da orda iştirakını sübuta yetirdi. İndi yalandan durub deyək ki, elə deyil, belədir, yox! Bu vaxta kimi cəmiyyətdə iki hissə var idi: bir hissə inanırdı ki, Adil Nağıyevin oğlu bu işi edib, bir hissə inanmırdı. 21 fevralda Ziya Bünyadovun qətlinin ildönümüdür. Mən səmimi şəkildə, bütün ictimaiyyətə etiraf etmək istəyirəm. Çünki 82 yaşım var. Ölüb gedəcəyəm, qoy yalan deyib bu dünyadan getməyim. Oğluma da ən ağır cəza veriblər, onunla da razılaşdım.
O, oğlunuzun günahını etiraf edib: "Əvvəllər etiraf etməmişəm, amma indi etiraf edirəm. Ziya Bünyadovun qətlinin təşkilatçısı Tarıyel Ramazanov və Cavanşir Aslanovdur. Onlar bu işi təşkil edib, mənim də oğlumu təhrik ediblər, Allah onların hər ikisinin evini yıxsın, çırağını keçirsin! Bizi nə günə saldılar?
Mən Heydər Əliyevin komandasında işləyə-işləyə, ömrümü ona həsr edə-edə...
Sizə bir faktı deyim. 90-cı ildə mən Zirədə sovxoz direktoru idim, Abşeronda plenum idi. Heydər Əliyevin haqqında o qədər danışdılar ki, ürəyim partlayırdı, axır durdum ayağa, dedim ayıb olsun sizə, Heydər Əliyev Azərbaycanı qurub! Heç olmasa, o, sizin havanızı təmizləyib, nə qədər üzüm bağları, yaşıllıqlar salıb.
Bunun şahidi də Pirşağıdakı əkinçilik institutunun direktoru Əsəd Musayevdir, çıxdı eşiyə, dedi, halal olsun sənə, Adil!
İki gün sonra məni bu sözümə görə Zirədən, direktorluqdan qovdular”.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.