Bu teatrda Mustafa Mərdanov, Möhsün Sənani, Əli Qurbanov, İbrahim İsfahanlı, Mirzəli Abbasov kimi qüdrətli səhnə ustaları yetişmiş və fəaliyyət göstərmişlər. Onlardan biri də görkəmli komik, bədii qiraət ustası, Gürcüstanın əməkdar artisti Abbas Qurbanov idi.
Bir vaxtlar Borçalıda, onun hüdudlarından kənarda çox məşhur idi bu ad. Onu tez-tez mədəniyyət evlərində, kənd klublarının səhnəsində, bilavasitə kənd əməkçilərinin iş yerlərində - tarlalarda, fermalarda, xırmanlarda, tütün sahələrində görmək olardı, səsi radio dalğalarından eşidilərdi. Abbas Qurbanov gülüş bəxş edərdi. Ürəkdən gələn sağlam, mənalı gülüş... El məsəlinə, söz-söhbətlərin şirinliyinə çevrilmişdi onun adı: «Abbas Qurbanov demişkən», «Abbas Qurbanov dəsti», «Abbas Qurbanovun ərizəsi kimi»...
O, 1912-ci ildə Tiflis şəhərində doğulub. Elə həmin il Tiflis teatrsevərlərinin həyatında fərəhli bir hadisə baş verib. «Şeytanbazar» deyilən yerdə Azərbaycan teatrı üçün xüsusi bina - «Auditoriya» açılıb. Abbasın qardaşı Əli (Azərbaycanın Xalq artisti Əli Qurbanov) və xalası oğlu Möhsün (Azərbaycanın Xalq artisti Möhsün Sənani) bu teatrın səhnəsində çıxış edirdi. Onun teatra bitib-tükənməz məhəbbəti də o vaxtlar yaranıb.
Abbas 1925-ci ildən etibarən qardaşı Əlinin təşəbbüsü ilə Tiflis Azərbaycan teatrının aktyoru olub. (Əli bu zamanlar həmin teatrın tanınmış aktyorlarından idi).
Abbas Qurbanov bu teatrda bir çox maraqlı və yaddaqalan obrazlar yaratmışdır. «Şeyx Sənan»da Şeyx Əbuzər və Serqo, «Sevil»də Atakişi və Babakişi, «Almaz»da Baloğlan və Şərif, «Oqtay Eloğlu»nda Mazandaranski, «Hind qızı»nda Cəlaləddin, «Özgə uşağı»nda (S.Şaniaşvili) Sençina, «Şamil»də (Vangeli) Musa, «Koroğlu»da Vəzir, «Otello»da Rodriqo, «Müfəttiş»də Dobçinski, «Qaçaq Nəbi»də Koxa, «Kinto»da (A.Sereteli) Kinto və bir çox başqa obrazlar Abbas Qurbanovu hələ gənc yaşlarından tamaşaçıların sevimlisi etmişdi.
M.F.Axundov adına Tiflis Azərbaycan Dram Teatrının problemləri az deyildi. Bəzən iqtisadi çətinliklər, bəzən yersiz hücumlar teatrın inkişafına müəyyən qədər təsir göstərə bilmişdir. Lakin bunlar Tiflis teatrının öz sözünü deməsinə, uğurlu tamaşalar yaratmasına mane ola bilməmişdir.
30-cu illərdə A.Qurbanov teatrın bir çox uğurlu tamaşalarında çıxış etmişdi. 1938-ci ildə Tur qardaşları və A.Şeynin «Üzləşdirmə» pyesinin tamaşası böyük müvəffəqiyyət qazanmışdı. Rejissor V.Quşitaşvilinin hazırladığı tamaşada Abbas Qurbanov Qureviç obrazını yaratmışdı. «Yeni kənd» qəzeti 21 fevral 1938-ci il tarixli nömrəsində bu tamaşanı «teatrın parlaq qələbəsi» adlandıraraq yazırdı k, Qurbanov bu rolla “inam və sədaqətlə dolu bir aləm yaradıb”.
1938-ci ildə teatrın daha bir tamaşası - «Arşın mal alan» böyük müvəffəqiyyət qazanır. Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının hazırladığı tamaşada Vəli rolunda A.Qurbanov çıxış edirdi. Tiflis Azərbaycan teatrının tarixinə aid qiymətli əsər yaratmış filologiya elmləri doktoru, professor Abbas Hacıyev yazır ki, həmin tamaşaya baxmaq üçün Gürcüstanın uzaq kəndlərindən belə Tiflisə gələnlər olurdu. Tamaşanın uğur qazanmasında Vəli rolunun ifaçısı Abbas Qurbanovun da əməyi vardı. Bu faktı İ.İsfahanlı təsdiq edərək belə yazmışdı: «Vəli rolunu, həmişə olduğu kimi, Abbas Qurbanov məharətlə ifa edirdi».
«Toy» komediyasında A.Qurbanovun yaratdığı Kərəmov obrazı da mətbuatın nəzərini cəlb etmiş, onun barəsində xoş sözlər söylənmişdi.
Böyük Vətən müharibəsi illərində teatr Rza Şahvələdin «Qız qalası» əsərini tamaşaya qoymuşdu. İ.İsfahanlının hazırladığı bu tamaşa böyük müvəffəqiyyət qazanmış, Gürcüstan mətbuatı ilə yanaşı, Azərbaycan mətbuatını da maraqlandırmışdı. «Ədəbiyyat qəzeti»nin 25 iyun 1944-cü il tarixli nömrəsində «Qız qalası» Tiflis Dövlət Dram Teatrı səhnəsində» adlı yazıda tamaşa geniş təhlil edilmiş, Kəndbaşı rolunun ifaçısı A.Qurbanovun öz gözəl oyunu ilə hadisələri daha da canlandırdığı, ümumi müvəffəqiyyətə çox yardım etdiyi xüsusi qeyd olunmuşdu.
Abbas Qurbanov bu teatrda Mirzəli Abbasov, İbrahim İsfahanlı, Mirzəxan Quliyev, Əli Qurbanov kimi sənətkarlarla çalışmış, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mustafa Mərdanov, Mərziyə Davudova ilə eyni tamaşalarda çıxış etmişdi.
1947-ci ildə Tiflis Azərbaycan Dram Teatrı öz fəaliyyətini dayandırdıqdan sonra onun aktyorlarının əksəriyyəti başqa teatrlara getdilər, bəziləri başqa sahələrdə işə keçdilər. A.Qurbanov isə doğma şəhərdən, bir də öz sevimli peşəsindən ayrılmadı.
O, 1947-ci ildən etibarən taleyini özfəaliyyətə bağlayıb, Tbilisi şəhər Xalq Yaradıcılığı Evi və Marneuli rayon mədəniyyət evi kollektivləri ilə birlikdə çıxış edib.
Bu kollektivlərdə kiçik həcmli tamaşalar və tamaşalardan parçalar hazırlayıb, həmin tamaşaların rejissoru (bəzən də müəllifi) və əsas aktyoru olub. Onun «truppası» maraqlı proqramlarla dəfələrlə Tbilisi şəhərində, Borçalının ən ucqar kəndlərində çıxış edib, tamaşaçıların dərin hörmətini qazanıb. «Lənkəran xanının vəziri», «Arşın mal alan», «O olmasın, bu olsun», «Beş manatlıq gəlin», «Durna», «Toy kimindir?» və bir çox başqa tamaşaları, onlardan parçaları Abbas Qurbanov tamaşaçılara təqdim etmişdi. Yüksək sənətkarlığı və gözəl səsə malik olması onu Mirzə Həbib, Sultan bəy, Məşədi İbad, Dursun, Qoşun, Quluş bəy kimi obrazların məşhur ifaçısı etmişdi.
O, eyni zamanda, Gürcüstan radiosunun Azərbaycan redaksiyasının hazırladığı radio-tamaşalarda çıxış edərək «Lənkəran xanının vəziri», «Hacı Qara», «Kinto», «O olmasın, bu olsun» və s. tamaşalarda yaddaqalan obrazlar yaradıb.
Elə bu gün də el məsəlinə, söz-söhbətlərin şirinliyinə çevrilib onun adı: «Rəhmətlik Abbas Qurbanov demişkən...»
Bax, beləcə yaşayır aktyor. Tamaşaçı beləcə yaşadır aktyoru...
Adilxan Bayramov,
Filologiya elmləri doktoru
19.05.2010.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.