MƏDƏNİYYƏTİN İNKİŞAFI VƏ TƏBLİĞİNDƏ GƏNCLƏRİN ROLU

MƏDƏNİYYƏTİN İNKİŞAFI VƏ TƏBLİĞİNDƏ GƏNCLƏRİN ROLU
GÜNAY HÜSEYNLİ,
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin
Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodiki Mərkəzin əməkdaşı.



Mədəniyyət məsələsi bütövlükdə bəşəri məsələdir. Bütün dövrlərin, keçmişin, bu günün və gələcəyin problemidir.
Mədəniyyət insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən nəsilə ötürdüyü maddi və mənəvi dəyərlər məcmusudur.
Mədəniyyətin yaranıb formalaşması ilə bağlı səciyyəvi cəhətlər elə millətin və xalqın formalaşmasının bütün xüsusiyyətlərini özündə ehtiva edir. Eyni zamanda, millət və xalqlar mədəniyyət vasitəsilə ictimai münasibətlərə, son nəticədə isə sivilizasiyaya daxil olur, ona öz töhfəsini verir, həmçinin onun nailiyyətlərindən istifadə edirlər.
Mədəniyyətlər unikal və təkrarolunmazdır. Mədəniyyətin özünə xas qiymət və dəyər meyarları mövcuddur, ona görə də, mədəniyyətin inkişaf səviyyəsi onun azadlığa, ləyaqətə olan münasibəti, şəxsiyyətin yaradıcı özünüreallaşması imkanları ilə müəyyən olunur. Bir mədəniyyətin digər mədəniyyətə təsiri labüddür. Mədəniyyətlərin bu dialoqunun mənbəyi-insandır.
Gənc nəsil mədəniyyətimizi qoruyub, inkişaf etdirmək üçün ilk öncə mədəniyyət tarixini və nəzəriyyəsini gözəl bilməlidir. Hər kəs mədəniyyəti sevərək mənimsəsə və onu təbliğ etsə hər zaman inkişafı labüddür.
Mədəniyyətimizin çoxşaxəli və zəngin olması xüsusi ayrıcalıqdır.
Mədəniyyətin inkişafı və təbliği yüksək səviyyədə olarsa, cəmiyyətin mədəni səviyyəsi də yüksək olar. Bu mənada mədəniyyət cəmiyyətdə mənəvi-psixoloji iqlimi tənzimləməkdə və beləliklə də vətənpərvərlik hisslərinin özünün ifadəsində və milli müəyyənliyin formalaşmasında əvəzsiz fəaliyyət göstərir. Belə şəraitdə ictimai münasibətlərin mədəniyyətlə bağlı olan sahəsi daha da genişlənir. Deməli, mədəniyyət insanlararası münasibətlərin bütün formaları üzərinə yayılaraq bu münasibətləri səciyyləndirən çox mühüm keyfiyyət göstəricisinə çevrilə bilir.
Gənc nəsil daim irəliyə can atır, daha doğrusu ata-babaların qoyub getdiyi mədəni irsi daha da inkişaf etdirərək yeni-yeni cizgi və əlavələr edərək onu təkmilləşdirir.Lakin mədəni dəyərləri qoruyub saxlamaqla öz mədəniyyətini təbliğ etmək lazımdır
Mədəniyyətdə geyimlər, sosial davranış tipləri və s. hamısı müxtəlif mənalar bildirirlər, ona görə də bildiricidirlər. Xarici ölkələrə nəzər salsaq gənclər öz geyimlərində mədəniyyət simvollarını əks etdirirlər. Bu, digər dövlətlərin vətəndaşları, turistlər tərəfindən həm maraqla qarşılanır, həm də onlar asan vasitə ilə mədəniyyət mənimsəmiş olurlar. Məsələn: kepka, çanta, köynək üzərində bayraq, milli ornamentlər, monumental abidələr və.s əks etdirməklə bir növ təbliğat aparmış olurlar.
Müasir dövrdə kommunikasiyanın inkişaf etməsi mədəniyyətin təbliğində mühüm rol oynayır. Belə ki, facebook, twitter, instagram və.s vasitəsi ilə gənclər müxtəlif ölkə vətəndaşları ilə əlaqə yaradaraq onlara məlumat verə bilirlər.
Xarici ölkələrə səyahət edərkən gənclər özləri ilə mədəniyyətin müxtəlif sahələrinə aid nümunələr aparmaqla xarici ölkə vətəndaşlarının mədəniyyətimiz haqqında biliklərinin daha da dərinləşməsinə şərait yaradırlar.
Mədəniyyətin inkişafında mədəniyyət siyasətinin mühüm rolu vardır. Mədəniyyət siyasəti-millətin mənəvi, iqtisadi və sosial inkişafının, onun intellektual potensialının artmasını, xalqın mənəvi sağlamlığının və rifahının möhkəmləndirilməsini təmin edən siyasətdir. Xarici mədəniyyət siyasəti milli mədəniyyətin özünəməxsusluğunu digər mədəniyyətlərdən qorunmasını və milli mədəni dəyərləri digər xalqlara tanıtmaq məqsədi ilə xaricdə təbliğini ehtiva edir. Mədəniyyət siyasətinin cəmiyyətdə yerinə yetirdiyi prinsipial funksiya sosial təcrübənin nəsillərarası ötürülməsini ( burada mədəni irs obyektlərin kompleksi nəzərdə tutulur ) təşkil edir.
Azərbaycan gəncliyi Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilib. Müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak ediblər. Azərbaycan gənclərinin cəmiyyətin müasir, inkişaf etmiş, yüksək intellektli nümayəndələri kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Ümumilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyib, dəfələrlə qeyd edirdi ki, “Azərbaycanın gələcəyi gənclərin əlindədir”. Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb. İndi əsas vəzifə bu imkanlardan yararlanaraq, müasir Azərbaycan mədəniyyət siyasətinin gənclər tərəfindən inkişaf etdirilməsidir.

İstifadə olunmuş ədəbiyyat:
1. Mədəniyyət Tarixi və Nəzəriyyəsi. Dərslik, Bakı – 2006
2. Beynəlxalq Mədəni Əlaqələr. Dərslik, II Cild Bakı – Sabah, 2009
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: