Azərbaycanın musiqi tarixində
ilk peşəkar pianoçu,
ziyalı və ictimai xadimdir.
Stalin repressiyasının qurbanı olan bu ziyalı xanımın faciəli taleyi haqqında, tanınmış akademiklər Ziya Bünyadov və Rəfael Hüseynov,
eləcə də, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
Bakı Musiqi Akademiyası musiqi tarixi kafedrasının professoru Fərəh xanım Əliyeva və başqaları da araşdırmalar aparsalar da və Milli Təhlükəsizlik Nazirliyində onun istintaq işi saxlanılsa da, deməliyik ki, çox təəssüflər olsun ki, bizlər Xədicə xanım Qayıbova haqqında hələ də çox az məlumata malikik.
Xədicə Osman qızı Müftizadə (Qayıbova) -
24 may 1893-cü ildə Tiflisdə öz dövrünün
tanınmış şəxslərindən və məşhur ruhanilərindən olan
və eyni zamanda, Torpaq idarəsində çalışan,
Osman Müftizadənin ailəsində altıncı uşaq olaraq dünyaya gəlib.
Anası Züleyxa xanım XIX əsrdə burada məskunlaşan tatar əsilli məşhur Terequlovlar ailəsinə mənsub
tanınmış bir zadəgan idi. (Qeyd edək ki, bu ailənin daha iki qızı Məleykə xanım və Badigülcamal xanım - Üzeyir Hacıbəyovun və Müslüm Maqomayevin həyat yoldaşı olub.)
Atası Osman Müftizadə qızına mükəmməl təhsil vermək arzusunda olub. Ona görə də bütün imkanlarından istifadə edərək onun Müqəddəs Nina qızlar məktəbinə daxil olmasına nail olub.
Uşaq yaşlarından musiqi istedadı ilə fərqlənən Xədicə Qayıbova burada orta təhsillə yanaşı, eyni zamanda, burada ilk musiqi təhsilini alıb, elementar musiqi nəzəriyyəsi, fortepianoda çalmağı öyrənib. 1911-ci ildə Xədicə xanım “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurub, eyni zamanda professor N.Nikolayevin fortepiano sinfində xüsusi kursu müvəffəqiyyətlə bitirdiyi üçün "Qızıl haşiyəli diplom"a layiq görülüb.
Ancaq atası, bacısı və qardaşını vərəmdən itirən Xədicə xanım təhsilini davam etdirə bilməyib.
18 yaşlı gənc Xədicə xanım
“Məşhur Azərbaycan şairlərinin şeirləri” adlı dördcildlik toplunun müəllifi, Qori Müəllimlər Seminarıyasında Azərbaycan bölməsinin yaradılmasının təşəbbüskarlarından olan tanınmış Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbovun oğlu və Azərbaycanın
ilk şəfqət bacısı Nigar xanım
Şıxlinskayanın qardaşı - mühəndis Nadir Qayıbovla ailə qurub.
Sonrakı bir neçə ildə Xədicə Qayıbova qadınlar üçün nəzərdə tutulan rus-müsəlman məktəbində dərs deyib.
Bir müddət sonra isə, daha dəqiq desək, 1919-cu ildə o, ailəsi ilə birlikdə Bakıya köçüb. Burda musiqiçi, müəllim, tədqiqatçı və maarifçi kimi fəaliyyət göstərib. Öz istedadı ilə tez bir zamanda Bakıda şöhrət qazanıb. Pianoçu xanım konsertlər təşkil edib, kübar məclislərin sevimli qonağına çevrilib. Fortepianoda xalq mahnıları və muğamları əsasında maraqlı improvizasiyaları hər kəsi heyran edib. Onun təşkil etdiyi məclislərdə dövrünün ən öndə gedən ziyalıları, musiqiçiləri - Ü.Hacıbəyov, H.Sarabski, Bülbül, Q.Primov, R.M.Qliyer, L.Rudolf, M.L.Pressman, L.Ab və başqa şəxslər iştirak ediblər.
İsmailiyyədə baş tutan konsertlərdə çıxış edən Xədicə xanıma Hacı Zeynalabdin Tağıyevin xüsusi hörməti olub. Hətta ona üstündə öz şəkli olan servis və çox qiymətli briliant qaşlı üzük də bağışlayıb.
Sovet ordusunun Bakını işğal etməsindən sonra Azərbaycan SSR Xalq Təhsil Komissarlığında
Şərq musiqisi şöbəsinə rəhbər təyin edilib.
Musiqiçinin təşəbbüsü ilə «Qısamüddətli Şərq musiqi kursları» təşkil edilib, uşaq xoru yaradılıb. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycanlı qadınları üçün musiqi-dram studiyası yaradılıb. O illərdə qurulan Şərq konservatoriyasının banilərindən hesab olunan Xədicə xanım fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazanıb. Şərq və Avropa musiqisinin gözəl bilicisi kimi o, respublikanın mədəni həyatında fəal iştirak edib.
1927-ci ildə məşhur çıxışlarının birində söyləyib ki, "Qadın istərsə, başarar, nail olar. Tək gərək savad və maarif üçün çalışmaqdır. Mən vətənimin qızlarına sonsuz etimad edirəm."
1927-1931-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil alıb.
Eyni zamanda, görkəmli sənətkarlarla müntəzəm əlaqə saxlayıb, Azərbaycan musiqi folklorunun toplanmasında böyük rol oynayıb.
XX əsrin 30-cu illəri Azərbaycan mədəniyyətində, ictimai siyasi həyatında faciəvi illər kimi yazılıb.
Xədicə Qayıbova və ailəsi də bir ziyalı kimi bu terror maşınından yan keçə bilməyib. 1933-cü ildə sovet hüquq-mühafizə orqanları tərəfindən əks-inqilabçılıqda ittiham olunub, şübhəli şəxs kimi casus adı ilə üç aylıq həbsə atılıb. O, əks-inqilabi fəaliyyəti və türkçülük ideyalarının yayılmasında, müsavatçılara olan rəğbətinə görə ittiham edilib. Lakin heç bir dəlil və sübüt olmadığına görə 3 ay sonra azad edilərək sərbəst buraxılıb. Buna baxmayaraq onun ailəsi hər zaman nəzart altında olub. Xədicə xanım çox keçmədən öz peşəkar fəaliyyətinə davam edib. 1934-cü ildən Xədicə xanım Azərbaycan Dövlət Konservatoriyasıda elmi-tədqiqat işi aparmağa başlayıb və o, Azərbaycanın musiqi mirasının araşdırılması ilə vəzifələndirilib.
Repressiya 1937-ci ildə daha da çoxalıb, amansızlaşıb.
16 mart 1938-ci il tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini leytenant Tevosyan belə bir arayış tərtib edib:
"Türk və İngilis qərarqahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş, Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində musavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M.Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edib. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib Azərbaycan SSR CM-nin 68 maddəsinə əsasən istintaqa cəlb edilməlidir".
Məhz bu arayışa əsasən 17 mart 1938 tarixində, ikinci həyat yoldaşı Rəşid Qayıbovun "satqın" kimi həbs olunmasından qısa müddət sonra Xədicə xanım Qayıbova “xalq düşməni” kimi yenidən həbs edilib.
1938-ci il aprelin 28-ə kimi Xədicə xanım müstəntiq tərəfindən 9 dəfə dindirilib.
Şahidlərin dediyinə görə, Xədicə xanım çox qürurlu, iradəli, ən çətin anlarda belə şuxluğunu qoruyub saxlaya bilən bir qadın olub. O, güllələnəcəyini heç ağlına belə gətirməyib...
Lakin... 1938-ci il mayın 7-də Xədicə Qayıbovanın işi üzrə istintaqın başa çatması barədə protokol tərtib edilib. Bu ittihamnaməyə əsasən Xədicə xanım Qayıbova Azərbaycan SSR CM-nin 68 maddəsi ilə müqəssir hesab edilib. Azərbaycan SSR XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il 19 oktyabr tarixli qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızı Türkiyə konsulluğu ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilib.
Məhkum olduğu illərdə eyni hücrədə qaldığı Zivər xanım Əfəndiyeva (Sultanməcid Əfəndiyevin xanımı) sonrakı illərdə xatirələrində qeyd edib ki, hər kəs Xədicə xanımın sürgün ediləcəyini düşünürdü. Ancaq bilinməyən bir səbəbdən 15 dəqiqəlik bir məhkəmə prosesi güllələnmə əmrilə başa çatıb. Xədicə Qayıbovanın adı Azərbaycanda təkcə fortepianoda muğamların ilk ifaçısı kimi deyil, həm də repressiyaya məruz qalan bir musiqiçi kimi də tarixə düşüb.
Cəza cəmi 1 həftə sonra Bakıda icra olunub. 1954-cü ildə Xədicə xanımın qızı Sultanova Alanqu Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edərək anası haqqında məlumat istəyib. 1955-ci il aprelin 28-də Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi şöbəsinin müstəntiqi Menyayev A.Sultanovanın ərizəsi ilə bağlı bunları bildirib:
"Qayıbova Xədicə xanım yoxlanmamış və səthi ifadələrlə ifşa olunub. İstintaq Qayıbovanın casusluğunu təsdiq edən heç bir material əldə etməmişdir. Buna görə də Azərbaycan XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il oktyabrın 19-da Qayıbova Xədicə xanım Osman qızının güllələnməsi haqda qərarı əsassız hesab edilib, ləğv olunmalı və işdə cinayət tərkibi olmadığı üçün iş xətm olunmalıdır."
Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızına bəraət verilmiş və fevralın 29-da qızı Alanquya bu haqda arayış təqdim edilmişdir.
Bir sözlə, Xədicə xanım Qayıbova təkcə musiqiçi kimi deyil, eyni zamanda,
öz dövrünün ictimai həyatında da dərin iz qoymuş böyük şəxsiyyətlərdəndir.
Allah ona rəhmət eləsin... Ruhu şad olsun!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.