Tanınmış heykəltəraş-rəssam Cümşüd İbrahimli

Tanınmış heykəltəraş-rəssam Cümşüd İbrahimli TƏBRİK EDİRİK!..

Bu gün - Mayın 28-i
Borçalıın dəyərli övladı,
tanınmış heykəltəraş-rəssam
Cümşüd Rəşid oğlu İbrahimlinin
doğum günüdür!..


O, 1941-ci il may ayının 28-də
qədim Borçalı mahalının
Sarvan kəndində - indiki
Gürcüstan Respublikasının
Marneuli şəhərində kolxozçu ailəsində
dünyaya göz açıb.
1948-ci ildə Sarvandakı 1 saylı Azərbaycan orta məktəbinin I sinfinə daxil olub, 1958-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.
Sonra Gəncə İnşaat Texnikumununda təhsilini davam etdirib.
İki il istehsalatda çalışdıqdan sonra, 1964-cu ildə sənədlərini Tbilisi Rəssamlıq Akademiyasının "Monumental heykəltəraşlıq" fakültəsinə verib və oraya daxil olub. İki ay oxuduqdan sonra ordu sıralarına yollanıb. 1967-ci ildə ordudan tərxis olunaraq Tbilisi Rəssamlıq Akademiyasında təhsilini davam etdirib, 1973-cü ildə oranın tam kursunu bitirib.

Təyinatla Bakıya gələn (1973) cavan heykəltəraş 1974-cü ildə Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutunun aspiranturasına qəbul edilib. "Sovet Azərbaycanının portret heykəltəraşlığı" adlı dissertasiya mövzusu ilə yanaşı, Cümşüd Rəşid oğlu 1976-cı ildə paralel olaraq SSRİ Rəssamlıq Akademiyası (Bakı filialı) nəzdində ikinci aspiranturaya (əyani) daxil olub və 1978-ci ildə məşhur bəstəkar və dirijor Niyazinin obrazı üzərindəki geniş hesabat işi ilə oranı bitiribr. Həmin əsər hazırda maestronun ev muzeyində saxlanılıb.

Heykəltəraş Cümşüd Rəşid oğlunun yaradıcılığında bir sıra portret və kiçik həcmli heykəl-kompozisiyalarla yanaşı, onlarca monumental layihə əsərləri də diqqəti cəlb edir. Onu da qeyd etməliyik ki, layihələrin əksəriyyətinin memarlıq həllini heykəltəraşın özu vermişdir.

O, indiyə qədər 50-yə yaxın sənət və monumental əsəri hazırlayıb. Belə əsərlərdən "İmadəddin Nəsimi", "Niyazi", "Cəvahirləl Nehru", "İndra Qandi", "Koroğlu", "Şah İsmayıl Xətai", "Qaçaq Kərəm", "Pənah xan", "Rəşid Behbudov", "Zeynalabdin Tağıyev", "Nəsrəddin Tusi", "Y.Məmmədəliyev""Babək" əsərlərini göstərmək olar.
Bu böyük sənətkar hazırda "Borçalı şəhidləri" adlı monumental kompozisiya üzərində çalışır.

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından Borçalıın dəyərli övladı,
tanınmış heykəltaraş-rəssam Cümşüd Rəşid oğlu İbrahimlini
doğum günü münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik,
ailə səadəti və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Dəyanət OSMANLI,
Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: