Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib

Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib “Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib.
Diplom Şuranın İdarə Heyətinin bu gün keçirilmiş iclasında nəşrin baş redaktoru Akif Aşırlıya təqdim edilib. Mətbuat Şurasının İdarə Heyəti fəaliyyətinin 20 ili tamam olan qəzetin müasir media ənənələrinin formalaşmasındakı xidmətlərini əsas götürüb.

Qeyd edək ki, MŞ “Şərq” qəzetinə təbrik məktubu ünvanlayıb. Məktubda bildirilib ki, müasir dövr mətbuatımızın keçdiyi yolu xarakterizə edərkən bir neçə qəzetin adı yada ilk növbədə düşür. Bu qəzetlərdən biri də 20 illik yubileyini qeyd edən «Şərq»dir.

“Şərq” qəzeti dövlət müstəqilliyimizin kövrək olduğu zaman kəsiyində yarandı. Hadisə və proseslərə məxsusi yanaşması ilə təkcə qəzetçilik ənənələrinə söykənən missiya yerinə yetirmədi, eyni zamanda hər zaman aktual əhəmiyyət daşıyan söz azadlığının, plüralizmin dəyər qazanmasına özünün layiqli töhfəsini verdi. Nəşrin təqdimatları bu dəyərlərin sərhədlərini təkcə ayrı-ayrı jurnalistlərin yaradıcılığı müstəvisində genişləndirmədi, sözün qüdrətini bütövlükdə ictimai şüur və düşüncə sistemimizə hopdurdu. Bu cəhət “Şərq”in son dərəcə böyük nailiyyətidir.

“Şərq” yenə də öz dəst-xəttinə sadiqliyi ilə seçilir. Bu, eyni zamanda əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan klassik mətbuat ənənələrimizə sadiqlik ruhudur. Yubilyar nəşrin geniş oxucu kütləsinə sevdirən də elə məhz budur. Çünki bu sadiqlikdə Vətənə, torpağa, doğma yurda, el-obaya bağlılıq, Vətən övladına sonsuz sevgi jurnalistikanın tələbləri ilə çulğalaşaraq peşəkarlıq keyfiyyətini doğurur. “Şərq” baş redaktor Akif Aşırlı olmaqla peşəkar jurnalistlərin yaradıcılıq məbədi, özlərinə doğma və əziz bildikləri məkandır”, - deyə təbrikdə vurğulanıb.


REDAKSİYADAN:
Biz də ZiM.Az-ın Redaksiya Heyəti adından "Şərq" qəzetinin fəaliyyətə başlamasının 20 illik Yubileyi münasibətilə Baş redaktor Akif Aşırlını və qəzetin bütün yaradıcı heyətini ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI.



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: