Azərbaycan Mətbuat Şurasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Azərbaycan-Gürcüstan parlamentlərarası
dostluq qrupunun rəhbəri Əflatun Amaşov
2017-ci il martın 25-dən 28-dək dost və qonşu
Gürcüstanda səfərdə olub.
Millət vəkili Əflatun Amaşov əvvəlcə
xalqımızın ümummilli lideri Heydər Əliyevin
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzində
ucaldılmış abidəsini ziyarət edib.
O, ulu öndərin əziz xatirəsini böyük hörmət və
ehtiramla yad edərək, abidə önünə təzə-tər
gül-çiçək dəstələri düzüb.
"Zirvə" İnformasiya Mərkəzi - ZiM.Az xəbər verir ki,
Millət vəkili Əflatun Amaşov
Gürcüstana səfərin ilk günündə
Kvemo Kartli qubernatoru
Paata Xizanişvili ilə görüşüb.
Görüşdə Əflatun Amaşov soydaşlarımızın
kompakt məskunlaşdıqları bölgədə
həyata keçirilən islahatlar haqqında,
Borçalı türklərinin son illər Gürcüstan cəmiyyətinə
inteqrasiyasından, həmçinin dost və qardaş,
mehriban ölkələr olan Gürcüstan-Azərbaycan
əlaqələrinin inkişafından söhbət açıb.
Kvemo Kartli qubernatoru Paata Xizanişvili bildirib ki, Gürcüstan prezidenti və baş naziri martın 21-də keçirilən
Novruz bayramı tədbirində Marneuliyə səfər ediblər,
sakinlərə təbriklərini çatdırıblar.
Millət vəkili Ə.Amaşov soydaşlarımız olan gənclərin
Gürcüstanın müxtəlif ali təhsil ocaqlarında
təhsil almalarının və dövlət dilini öyrənmələrinin
vacibliyini vurğulayıb.
O, hazırda üç minədək azərbaycanlı tələbənin
Gürcüstan universitetlərində müxtəlif ixtisaslar üzrə
ali təhsil almalarını sevindirici hal olaraq qiymətləndirib.
* * *
Səfərin ikinci günündə Əflatun Amaşov
Gürcüstan parlamentinin sədr müavini,
Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri
Zviad Dzidziquri ilə
görüşüb.
Gürcüstan parlamentinin deputatları - Ruslan Hacıyevin, Tamaz Naverianinin və Mahir Dərziyevin də iştirak etdikləri görüşdə hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarının aktiv və səmərəli fəaliyyət göstərməsi üçün yaxın vaxtlarda təkliflər paketinin işlənib hazırlanması barədə razılığa gəlinib.
Bu xüsusda mədəni, idman və digər vacib sahələrdə, həmçinin sərhədyanı ərazilərdə görüşlər və tədbirlərin keçirilməsi üçün planın müəyyənləşdirilməsi qərara alınıb.
Ə.Amaşov ilk tədbir kimi Gürcüstanın və Azərbaycan deputatlarının hər iki ölkəyə qarşılıqlı səfərlərinin həyata keçirilməsini irəli sürüb.
* * *
Əflatun Amaşov səfərin növbəti günü Gürcüstanda fəaliyyət göstərən “Ceyran” rəqs qrupunun üzvləri ilə görüşüb. Paytaxt Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən görüşdə deputat Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin inkişafından, bu işə soydaşlarımız olan gənclərin töhfəsindən söz açıb.
O, “Ceyran” rəqs qrupuna 20 dəst milli geyim forması hədiyyə edib.
Bildirib ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Gürcüstandakı soydaşlarımıza dəstəyi bununla kifayətlənməyəcək. Bu cür yardımlar davamlı olacaq.
Rəqs qrupunun rəhbəri Ceyran Qurbanova məlumat verib ki, qrupda azərbaycanlılarla yanaşı, gürcülər də çalışırlar, milli rəqslərimizi öyrənirlər. Bu isə hər iki xalq arasında dostluq və mədəni əlaqələrin inkişafından, qarşlıqlı inam və etimaddan qaynaqlanır.
Əflatun Amaşov həmçinin M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə kitablar hədiyyə edib.
* * *
Deputat martın 28-də həmçinin azərbaycanlıların kompakt yaşadığı Marneulidə yeni açılan Mərkəzi Kitabxanaya da 1048 kitab hədiyyə edib.
Həmin gün kitabxanada düzənlənmiş tədbirdə Gürcüstan parlamentinin deputatları Tamaz Naveriani, Ruslan Hacıyev, Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, rayon icra hakimiyyətinin başçısı Akif Əliyev və başqaları iştikar ediblər.
Ə.Amaşov çıxışında vurğulayıb ki, Azərbaycan dövlətinin məqsədi Gürcüstanda yaşayan soydaşlarımızın hərtərəfli inkişafıdır. Bunun üçün isə azərbaycanlı oxucuları da kitabxanalara cəlb etmək vacibdir.
* * *
Ə.Amaşov Gürcüstanda nəşr olunan Azərbaycandilli “Region Press” qəzetinin redaktoru Binnət Məmmədovu və ATV-nin Gürcüstan üzrə xüsusi müxbiri Nadir Almazoğlunu rəhbərlik etdiyi Azərbaycan Mətbuat Şurasının diplomları ilə təltif edib.
O bildirib ki, həm N.Almazoğlu, həm də B.Məmmədov uzun illərdir, media sahəsində səmərəli fəaliyyət göstərməkdədirlər.
Bu şəxslərin əməyi Azərbaycan jurnalistikasının inkişafına töhfədir. Həmçinin iki qonşu ölkələr arasında münasibətlərin dərinləşməsinə, Azərbaycan və gürcü xalqının bir-birinə daha sıx şəkildə bağlanması istiqamətində həyata keçirilən fəaliyyətə dəstəkdir. Bununla yanaşı jurnalistlərin Gürcüstanda yaşayan soydaşlarımızın durumuna həssas yanaşmaları, onların üzləşdikləri çətinlikləri daim gündəmdə saxlamaları mühüm peşəkarlıq keyfiyyətidir.
B.Məmmədov və N.Almazoğlu çıxışlarında əməklərinə verilən dəyərdən məmnunluqlarını ifadə ediblər.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.