Qəbulda Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, nazirlər, dövlət və hökumət təmsilçiləri, Tbilisidə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkədəki Azərbaycan şirkətlərinin rəhbərləri və əməkdaşları, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov mərasimdə çıxış edərək müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xalqımızın dövlətçilik tarixindəki mühüm rolu barədə ətraflı məlumat verib. Bildirilib ki, müstəqilliyini bərpa etdikdən sonra ilk vaxtlarda müəyyən çətinliklərlə üzləşən Azərbaycan yalnız 1993-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin böyük dövlət idarəçiliyi təcrübəsi sayəsində inkişaf mərhələsinə qədəm qoyaraq möhkəmlənib və dünyada öz layiqli yerini tutub. Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasət nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasına baxmayaraq, əsası Ulu Öndər tərəfindən qoyulan strategiya Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilib, dövlət müstəqilliyimiz daha da möhkəmlənib. İndi Azərbaycanı dünya ictimaiyyəti yaxından tanıyır və bizim fəaliyyətimizə böyük rəğbətlə yanaşır. Bakıda keçirilmiş Avropa Oyunları, “Formula-1” üzrə Avropa Qran-Prisi, IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu buna parlaq nümunədir.
Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq və qardaşlıq əlaqələrindən danışan diplomat deyib ki, dövlət və hökumət başçılarımızın, nazirlər və digər dövlət rəsmilərinin qarşılıqlı səfərləri nəticəsində münasibətlərimiz daha da möhkəmlənib və inkişaf edib. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və sərmayə yatıran əsas investorlardan biridir. SOCAR Gürcüstanın ən böyük vergi ödəyicisidir. Bakı-Tbilisi–Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Böyük İpək Yolu, TANAP və TAP layihələri Azərbaycanın və Gürcüstanın dünyada əhəmiyyətini və nüfuzunu daha da artırıb.
Ölkələrimiz BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirlər. Biz müdafiə sahəsində də səmərəli əməkdaşlıq edirik.
Bu il Azərbaycan-Gürcüstan diplomatik münasibətlərinin 25-ci ildönümünü qeyd edəcəyik. Çox şadıq ki, bu gün Azərbaycan ilə Gürcüstanın demokratik, öz uğurları və nailiyyətləri ilə beynəlxalq aləmdə tanınan, azad və işıqlı gələcəyi olan ölkələrə çevrilməsinin canlı şahidiyik.
Dursun Həsənov 26 May - Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar dost və qardaş gürcü xalqını bir daha təbrik edib, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili çıxış edərək Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Ölkələrimizin dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən danışan Baş nazir bildirib ki, Gürcüstan və Azərbaycanın ümumi dəyərləri, ortaq mədəniyyəti var. Azərbaycan və Gürcüstan siyasi və iqtisadi çətinliklərin öhdəsindən layiqincə gələrək inkişaf ediblər. İndi biz birlikdə strateji layihələr həyata keçiririk. Azərbaycan ilə Gürcüstan artıq bir-birini həmişə dəstəkləyən strateji tərəfdaş ölkələrdir. Biz Asiya və Avropanı, Şərq və Qərbi birləşdirən çox mühüm layihələr həyata keçiririk. Əsrin əvvəlində bəzi qüvvələr bu layihələrə şübhə ilə baxırdılar. Buna baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri, gürcü xalqının böyük dostu Heydər Əliyevin cəsarəti bu məqamlara qalib gəldi və onun rəhbərliyi ilə Gürcüstan, Türkiyə və Amerika liderləri böyük bir iqtisadi inkişafın əsasını qoydular.
G.Kvirikaşvili deyib: “Əminəm ki, həyata keçirdiyimiz layihələr xalqlarımızın rifah halının daha da yaxşılaşmasına, müstəqilliyimizin, dövlətçiliyimizin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcək”.
Sonra qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar, incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.