Natəvan DƏMİRÇİOĞLU: "Mənim üçün ədəbi mükafatların artıq heç bir dəyəri qalmayıb..."

Natəvan DƏMİRÇİOĞLU: "Mənim üçün ədəbi mükafatların artıq heç bir dəyəri qalmayıb..." ZiM.Az xəbər verir ki, Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, BDU- nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru, DİM-in eksperti, yazıçı Natəvan Dəmirçioğlu SalamNews-a müsahibə verib.

Aşağıda həmin müsahibəni dəyərli oxucularımıza təqdim edirik.


-Natəvan xanım, sizi salamlayırıq.
Söhbətimiz müxtəlif istiqamətlərdə olacaq.
Ən əvvəl 20 Yanvar Ümumxalq Hüzün Günü ilə bağlı fikirlərinizi bizimlə bölüşməyinizi istərdik.


-Mən də sizi, redaksiya əməkdaşlarını və oxucularımızı salamlayıram. Deyim ki, toplumu millətə çevirən amillər dil ilə bərabər milli iradə, milli-mənəvi dəyərlər sisteminin olması və tarixi keçmişə sahiblikdir. 20 yanvar hadisələri məhz azərbaycanlıların milli iradəsinin real ifadəsi idi. Bunlar qəhrəman olmaya bilər, amma şəhiddirlər. Hər bir 20 Yanvar şəhidi ayrılıqda qəhrəman olmasa belə, bu hadisənin ümumi mahiyyəti əsl qəhrəmanlıqdır. 20 Yanvar sovetlərin çöküşünü şərtləndirdi və qaçılmaz etdi. Çünkü bu insanlığa idealoji təpki idi. Ailəsinə çörək alarkən güllələnmiş insanın ölümünə necə cavab vermək olar?! Radio-televiziya susduruldusa, bu xalqı susdurmaq deməkdir. Bu dövləti təhlükədir. Bu təhlükəni küçəyə çıxmaqla həll eləmək olmaz. Amma o dövrdə insanların küçəyə axışması, əliyalın tankın üzərinə yeriməsi, insanların bütün xəbərdarlıqlara baxmayaraq evlərinə və nisbətən təhlükəsiz yerlərə çəkilmək istəməməsi başqa məsələ idi. Bu milli oyanış idi. İdarəolunmaz xalq iradəsi idi. Əsarətə, ikinci xalq hesab edilməyə, haqsızlığa qarşı mütəşəkkil xalq üsyanı idi. 20 Yanvar Azərbaycan üçün qanlı faciə olmaqla yanaşı, həm də xalqın tarixində şərəf səhifəsidir. Xalqın qəhrəmanlıq tarixindən bir epizoddur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə 20 Yanvar qurbanlarına “20 Yanvar şəhidi” fəxri adı verildi. Bu hadisə həm də Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində dönüş nöqtəsi oldu və Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdi.

Sovetlərdəki 15 respublika da 20 yanvar Bakı qətliamını unutmamalıdır. Çünkü, imperiya burada- Azərbaycanda iflasa uğradı, öz “sovet ailəsinin bir üzvü olan” xalqa qarşı ağır və zəhərli silahlar işlətməklə özünü biabır etdi, rəsmən çökdü. Azərbaycan müqəddəs torpaqdı, çox fatehlər burada son nəfəsini verib, Sovet imperiyası da burada “dəfn olundu”.

-Natəvan xanım, bildiyimiz qədəri, siz 1989-cuildə BDU-nun jurnalistika fakültəsini bitirmisiz, elə həmin ildən Respublika Radiosunda redaktor kimi fəaliyyətə başlamısız, cəmi beş ildən sonra Güney Azərbaycan şöbəsinə müdir təyin edilmisiz, üst-üstə düz otuz ilə yaxın radiojurnalist fəaliyyətiniz var. Elmi yaradıcılığınız da jurnalistika ilə bağlıdır, üstəlik, BDU-nun jurnalistika fakültəsində dərs deyirsiz və Dövlət İmtahan Komissiyasında jurnalistika üzrə ekspertsiz. Demək, həm təhsili, həm fəaliyyəti, həm də elmi yaradıcılığı jurnalistikaya bağlı olan bir insan kimi bu günkü jurnalistikamıza dair nə deyərdiz? Bu sahədə savad lazımdırmı?

Jurnalistikamızda peşəkarlıq problemi getdikcə dərinləşir. Gəlin əvvəlcə IV hakimiyyətin dörd prinsipinə diqqət yetirək:

1. azad fikrin tirbunasına çevrilmək;
2. media etikasını qorumaq;
3. vətəndaş cəmiyyətini formalaşdıraraq, ictimai insitutu təşkil etmək;
4.seçki prosesində və demokratiyanın qorunmasında əsas vasitə olmaq.
İndi mən sizdən soruşuram: Bu qədər ciddi və ağır yükü təcrübəsiz və savadsız insanlara etibar etmək olarmı?!

-Əvvəl deyirdilər jurnalist təhsili vacib deyil, istənilən ali təhsilli adam jurnalist işləyə bilər, sonra orta təhsillilər bu cərgəyə qoşuldu, hazırda kifayət qədər orta məktəb bazası ilə jurnalistikada işləyənlər var. Bir azdan yəqin orta məktəbdə oxuyanlar da jurnalist fəaliyətinə qoşulacaqlar. Olsun. Bəs narahatçılıq nədədir? Bilirsiz, o zaman ki, biz bir məsələdən az məlumatlıyıq, orda elə bildiklərimiz də yetər. O zaman ki, bizim bildiklərimiz çoxdur, onda öyrənəcəyimiz də hələ kifayət qədər mətləblər var. Bax, burda da vəziyyət təxminən belədir. Bəzən deyirlər , “iyirmi adamı bir yerə yığa bildin, mikrafon tutmağı bacardın, buyur verliş apar, verliş deyəndə ki, adi müsahibədir da”.

Halbuki, müsahibə götürmək özü də məsuliyyət və hazırlıq tələb edir.

Bu “adi müsahibənin“ özünün şərtləri var, müsahibə texnologiyası var. Elektron KİV- də müsahibə almağın əsas şərtləri nədir? Diskusiyaya mükəmməl hazırlıq, qızışdırıcı suallar verməmək, hər dəfə yalnız bir sual vermək, müsahibə sözünü bitirmək imkanı yaratmaq, müsahibi sualdan yayınmağa qoymamaq, susmaqdan faydalanmağı bacarmaq, sualın sual kimi qavranılmasına əmin olmaq , əsas və yardımçı sualların yerini və ardıcıllığını təmin etmək, müsahiblə göz təmasını düzgün quraraq, maksimum sərbəstlik yaratmağı bacarmaq, canlı dialoqa nail olmaq… Müsahibə götürən jurnalist müsahibdir, müstəntiq deyil – iddialılıq yolverilməzdir. Burada müsahibəyə psixoloji hazırlıqdan, müsahibin şəxsiyyətinə hörmətdən, dəvət etdiyin çıxışçının danışdığı məsələdə nə dərəcədə səlahiyyətli olmasından da söhbət gedir. Bunlar hələ hamısı deyil… sadəcə bunlar təməl prinsiplərdir. Ən sonuncunu götürək: Təsəvvür edin, uşaq tərbiyəsinə həsr olunmuş verlişə ekspert dəvət olunur. Bu nə ailə qurmayıb, nə nümunəvi uşaq tərbiyə etməyib, nə uşaq tərbiyəsi üzrə psixoloq deyil, nə uşaq həkimi deyil, nə uşaq tərbiyəsi müəsisəsində işləmir, nə uşaq hüquqları üzrə ixtisaslaşmış hüquqşünas deyil, orjinal fikir və təklifləri də yoxdur. Bu ekspertin uşaq tərbiyəsi ilə bağlı nə bilgisindən öyrənmək, nə təcrübəsindən faydalanmaq mümkün deyil. Bəs nədən burdadır?! Məsələn, aparıcının xalası ilə bir yerdə işləyir, vaxtilə anası ilə bir xəstəxanada müalicə olunub, nənəsigilin qonşusudur, atasının dostudur və sair. Olarmı bu səviyyədə işləmək? Dəvət etdiyi şəxslə bağlı jurnalistin bu suallara cavabı olmalıdır: kimi çağırıb, niyə çağırıb, nəyə çağırıb. Bunu jurnalist bilməlidir, bilmirsə kanal rəhbərliyi bilməlidir, o da bilmirsə nəzarət qurumları müdaxilə etməlidir. Belə olmaz axı! Jurnalist yaşlıdırsa onun güclü, dəyərli təcrübəsi əsasdır, jurnalist cavandırsa onun orjinallığı, kreativliyi, aktivliyi üstünlükdü. İksinin sintezi peşəkarlıqdır.

-Natəvan xanım, “Kaspi” qəzetinin 2012- ci il, 15-17 dekabr sayında jurnalistin “Yaxın beş ildə ədəbi mənzərəni necə təsəvvür edirsiniz?” - sualına bu günlə səsləşən cavab vermisiz:”Təxmin edirəm ki, vəziyyət bir az da çətinləşəcək. Ədəbiyyata şou qaydaları gəlməkdədir. Onlar tam yerləşəndə ölçülər daha çox itəcək.” demisiz. Təxminən beş ilin tamamında biz bunu müşahidə edirik.

İndi isə ədəbiyyata böyük bir qasırğa yaxınlaşmaqdadır. Bu qasırğa sel suları kimi özü ilə daha nələr gətirmir ki! Şou mərhələsinə daxil olmuşuq. Şou-biznesdə bu gün nə var, hamısı eyni qaydada ədəbiyyatda görünməkdədir. Həmən populyarlaşma üsulları, oxşar eyforiya əlamətləri, efirləri zəpt etmə yolları, sənəti, şəxsiyyətləri ayağının altına qoyub, boy göstərmə cəhdləri…Demək olar ki, hər cəhətdən eyni yolu gedənlər komandası…və bu ədəbiyyata, bir tərəfdən daha ağır, daha dözülməz fəsadlar verə bilər. Digər tərəfdən, bu təkcə bizdə belə deyil. Müasir dünyada artıq bu yolu keçiblər. Parnoqrafiya, erotika, ədəbiyyatda şou priyomları ilə oxucu”tutmaq”, ucuz, çoxbilmiş populyarlaşmaq yolları və sair. Ədəbiyyat ağır və ciddi sahədir. Belə oyunlar çox getməz ədəbiyyatda. Üst qatda ola bilər, amma dərin ədəbiyyatda özünümühafizə gücü var.

“Qaldı ki, gənclərin əvvəlkiləri tənqid və inkar etmələrinə. Məncə, bu həyatın və sənətin təkamül qanunauyğunluğudur. Bir də ki, inkar təsdiqə yol açır” bu da həmin müsahibədən sizin fikrinizdi. İnkar gərəkdir ki, nihilist olmasın. Nihilizm zərərlidir və yolverilməzdir.

-Bu sualı, əksərən, yazarlara veririk. Azərbaycan yazıçılarından kimin Nobel mükafatını ala biləcəyini düşünürsünüz?

-Bir dəfə də demişdim. Mənim üçün ədəbi mükafatların artıq heç bir dəyəri qalmayıb. 2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının laureatı yapon əsilli Britaniya romancısı Kadzuo İsiquro oldu. Bir dəfə Nobel mükafatçısı Xose Saramaqo haqqında oxudum. Portuqalya yazıçısı Xose Saramaqonun “Beynimdə konkret, yaxşı iş standartları var, yazmaq istədiyim əsər istədiyim kimi alınırsa, mənim üçün vacib olan budur” fikri məni çəkdi. Ona görə maraqlandım və oxudum. Sonra gördüm ki, Xose Saramaqo Portuqalyada bir sıra dəyərlərə qarşı çıxıb, hətta ölkəsinin insanları onu yerli mükafatlardan məhrum etdiyinə görə xalqının nümayəndələrinin hərəkətlərini “barbarvari” hərəkət adlandırıb. Doğma şəhəri Lissabonu tərk edib, başqa yerdə yaşayıb və öz doğma yeri haqqında “darıxmırsız” sualına “Lissabonda olanda keçirdiyim hiss darıxdığım yeri görmək hissi deyil, gedəsi heç yerin olmaması hissidir” cavabını verib.

Mən Bakı neftinin pulu ilə əsası qoyulan bu mükafatın azərbaycanlı almasını çox istəsəm də, bu ölçülərlə yanaşılırsa indi heç bir azərbaycanlı yazıçının Nobel mükafatı almasını xalqıma və o yazıçıya arzu etmirəm. Azərbaycan Xalq yazıçısı Yusif Səmədoğlunu Nobel mükafatı almış çox yazıçılardan qat-qat uca tutmaq istərdim. Yusif müəllimin “Qətl günü” romanı İttifaq və dünya miqyasında tanındı və yüksək qiymətləndirildi. Buna baxmayaraq, əminəm ki, O, Nobel mükafatı üçün xalqımıza qarşı heç yarım addım da atmazdı. Bu etimad ən böyk mükafatdır.

-Siz az yazan yazıçılarımızdansınız, bu nə ilə bağlıdır? Məsuliyyətdəndir, yaradıcılığa daha peşəkar yanaşmaqdandır, işinizin çoxluğundandır ya başqa səbəb var?

-Ciddiyyətdəndir. Hazırda bir roman üzərində işləyrəm. Dostlar və tanıdığım oxucular tələsdirsə də mən tələsə bilmərəm.

-Ötən il Bakı 2017 İslam Həmrəyliyi Oyunları, 2015 Birinci Avropa Oyunları, dünyada çox söhbət mövzusu oldu. Oyunların təhlükəsiz və uğurla keçirilməsi , möhtəşəm açılış və bağlanış mərasimləri qürurverici idi. Amma oyunlara qarşı qərəzli münasibət də hər birimizdə təssüf hissi oyatdı. Siz necə dəyərləndirirsiz olub, bitənləri?

-Adlarını çəkdiyiniz beynəlxalq yarışlarla bağlı Avropanın bəzi dövlətlərindən və beynəlxaq təşkilatlardan gələn təpkiyə məncə üzülməyə dəyməz. Çünki, müqavimətin olması iddiaçının gücünü artırır. Əgər ortada naliyət varsa və bundan əvvəl qarşı güclər vardısa, demək qələbə daha möhtəşəmdir.Avropalılar bütünlüklə bizi dəstəkləsəydi,onda bəlkə də bədhaxlarımız deyəcəkdi ki, Qərbin dəstək verdiyi bu işləri Azərbaycan reallaşdırdı. Bunu hansı ölkəyə etsələr bacarardı. Amma indi belə olmadı. Nə qədər istəyən vardı, o qədər də istəməyən vardı. Azərbaycan isə bacardı, budur əsas məsələ.

-Vətənimizdə zəngin neft və qaz yataqlarının olması, təbii sərvətlərin bolluğu, iqlim gözəlliyi və zənginliyi, dünyanın bir sıra bölgələrinə quru və hava məkanında körpü rolunu oynaması Azərbaycanı daha güclü dövlətlərin maraq dairəsində saxlayır. O səbəbdən bizə qarşı qərəzsiz ola bilmirlər. İnşallah biz qalibik. Nəticə göz qabağındadır.

-Bilirsiz, burda söhbət istəyənlərin yaxşı deməyindən getmir, istəməyənlərin pis deyə bilmədiyindən gedir. Bu beynəlxalq tədbirlərə beynəlxalq miqyasda pis demək istəyənlərin sayı, yaxşı demək istəyənlərin miqdarına təxminən bərabər idi. Nəticədə nə oldu? Yaxşı demək istəyənlər əla dedi, pis demək istəyənlər yaxşı deməyə məcbur oldu. Qaldı ki, qarayaxma kompaniyası, o başqa məsələdir. O məsələnin arxasında çox mətləblər var. İslam faktoru var, müsəlman dövlətinin sivil, dünyəvi səviyyədə özünü sərgiləyə bilməsinə qarşı qısqanclıq var, ümumtürk inkişafının bəzi dövlətlər üçün xofu var, Azərbaycanın müstəqil dövlət kimi öz sərvətlərinə yiyə durmasının və milli kimliyinə sahibliyinin narahatçılığı var. Azərbaycanı müəyyən məsələlərdə sıxışdırmasalar, beynəlxalq layihələrdə, müqavilələrdə ondan istədiyəni qopara bilməzlər deyə bir ambisya var. Biz bunları bilirik. Dövlət, xalq bunu anlayır, əgər anlam varsa, müqavimət də var, müqavimət varsa nəticə də ola bilər və oldu da.

Bilirsiz, xarici siyasətdə ehtiyatlı, düşünülmüş, təmkinli siyasət aparıcı rol oynayır. Azərbaycan prezidenti cənab İlham Əliyev də Azərbaycana yönəlik məkirli siyasətin qarşısında çox professional davranır, daxili retinqə hesablanan tələsik, çılğın, sərt bəyanatlar vermir, təmkinli siyasət aparır. Eyni zamanda lazimi məqamda, yerdə lazimi dairələrə gərəkən mesajını ünvanlayır. Mənim publisistik səviyyədə bu proseslərin içərisində olmağım, hadisələri daha yaxından müşahidə etməyimə şərait yaradır və şəxsi qənaətlərim belədir.

-Natəvan xanım, müsahibəyə görə təşəkkür edirik.

-Mən sizə təşəkkür edirəm və kollektivinizə böyük uğurlar arzulayıram.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: