Məmməd İsrafil oğlu Məmmədov - 1930-cu ildə Borçalının ağır ellərindən olan Faxralı kəndində dünyaya göz açıb. Faxralıda kolxoz quruculuğunda fəal iştirak edən, təkcə doğma kəndində deyil, bütövlükdə Borçalıda dövrünün sayılıb-seçilən kişilərindən biri kimi tanınan, böyük nüfuz və hörmət sahibi olan, elmə, təhsilə yüksək qiymət verən atası İsrafil kişi övladlarının ali təhsil almasına çalışıb və buna nail olub.
Məmməd 1947-ci ildə Faxralı orta məktəbini bitirdikdən sonra Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika şöbəsinə daxil olub. 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirən M.Məmmədov təyinatla “Sovet kəndi” qəzetinə işə göndərilir. Uzun müddət həmin qəzetdə müxtəlif vəzifələrdə çalışaraq yüksək peşəkarlığı və tələbkarlığı ilə seçilib. Onun üçün əhəmiyyətsiz mövzu olmayıb heç vaxt, heç nəyə başdansovdu yanaşmayıb. Bir neçə cümləlik xəbər yazanda da, iri həcmli oçerk yazanda da eyni peşəkarlıq və məsuliyyətlə yanaşıb. Mövzunu yüksək zövqlə işləyib. Toxunduğu mövzular yeknəsək olmadığı üçün yazıları oxucunu yormayıb. Çoxlarının hər gün rastlaşdığı, narahat olduğu, lakin dilə gətirməyə belə cəsarət eləmədiyi problemləri qəzet səhifələrinə çıxarmaqdan çəkinməyib. Mətbuatın üzərində sərt senzuranın hökm sürdüyü, bütünlüklə Komminist Partiyasının nəzarətində olduğu bir vaxtda əsl həqiqəti qəzet səhifəsinə çıxarmaq doğrudan da böyük cəsarət tələb edirdi.
Daim yaradıcı axtarışda olan Məmməd müəllim sadəcə olaraq yazmaq xatirənə yazmırdı. Rastlaşdığı bir problem, aşkar etdiyi neqativ hal barədə qəzetdə məqalə yazmaqla işini bitmiş hesab etmirdi. Yalnız jurnalist kimi deyil, həm də bir vətəndaş yanğısıyla həmin problemin həlli prosesini izləyər, müsbət dəyişiklik olmayanda, o mövzuya yenidən qayıdardı.
İndiki kimi xatırlayıram, “İstisu” kurortu ilə bağlı, “İstisuda qaynar alver” adlı kəskin bir məqalə yazmışdı. Məqalədə bu kurort zonasında özbaşnalıqlara toxunulur, onu dünyanın ən yaxşı istirahət və müalicə mərkəzinə çevirməyin zəruriliyi əsaslandırılırdı. Yazı respublikada böyük əks-səda doğurmuşdu. Aradan bir müddət keçəndən sonra o, yenidən həmin mövzuya müraciət edərək “Bir daha İstisu” adlı məqalə ilə çıxış etdi.
Məmməd müəllimdə əsl jurnalistə və ziyalıya xas ola biləcək bütün müsbət keyfiyyətlər öz əksini tapmışdır. Mətbuat işçiləri və respublika ictimaiyyəti arasında kəsərli sözü, iti qələmi ilə böyük hörmət və nüfuz qazanmışdır. Səmərəli jurnalistlik fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuş, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdü.
M.Məmmədov həm də elmi-tədqiqat işi ilə məşğul olmuşdur. Professor Xəlil Əlimirzəyevin elmi rəhbərliyi ilə “Azərbaycan kolxozçusu” qəzeti Azərbaycan kəndinin yenidən qurulması uğurunda mübarizədə” mövzusunda dissertasiya işini 1972-ci ildə uğurla müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1978-ci ildən Politexnik İnstitutunda (indiki Texniki Universitetdə) Tarix kafedrasında müəllim kimi pedaqoji fəaliyyətlə məşğul olmuş, BDU-nun Mətbuat tarixi kafedrasında diplom rəhbəri kimi müntəzəm fəaliyyət göstərmişdir.
Pedaqoji fəaliyyət Məmməd Məmmədovun bioqrafiyasında, onun ibrətamiz ömür kitabında mühim yer tutur. Müəllimlik dövründə də prinsipiallığı ilə seçilmiş, həssaslığı və qayğıkeşliyi ilə dərs dediyi tələbələrin böyük rəğbətini qazanmışdır. Təsadüfi deyildi ki, onun bu keyfiyyətlərini yüksək dəyərləndirən tələbələr öz aralarında Məmməd müəllimi “Qızıl Məmməd” adlandırırdılar. Tədrisdə tələbələri, işdə isə gənc həmkarları ondan təkcə savad, təcrübə deyil, həm də həyatı, insanlıq fəlsəfəsini öyrənirdilər.
Özü də o təkcə tələbələrinə qarşı yox, bütün dostlarına, el- oğlularına qarşı da eyni münasibət bəsləyirdi, onu hamı sevirdi. Elə bu sevginin nəticəsi idi ki, namizədlik dissertasiyasının müdafiəsində iştirak etmək üçün yüzlərlə adam gəlmişdi.
Elmi-pedaqoji fəaliyyəti zamanı bir neçə monoqrafiya, 100-ə yaxın elmi məqalə yazan M.Məmmədov ömrünün sonunadək publistik yazılarla mətbuatda çıxış etdi. Qarabağ müharibəsi, torpaqlarımızın işğalı və öz dədə-baba torpaqlarından didərgin düşmüş həmvətənlərimizin taleyi ona rahatlıq vermirdi. Bədnam qonşularımızın əsassız torpaq ideyası ilə üzləşən Azərbaycanın haqq səsini dünyaya car çəkmək üçün Moskvaya “Pravda” və “İzvestiya” qəzetlərinə yazdığı məqalələr qısqanclıqla qarşılanır, onun kəsərli sözünün qabağında duruş gətirə bilməyən erməni havadarları çıxış yolunu həmin məqalələri dərc etməməkdə görürdülər.
O işlədiyi bütün sahələrdə xalqına layiqincə xidmət etmiş, halal şöhrət, nüfuz qazanmış, həqiqi ziyalı kimi seçilmişdir. Yorulmaq bilmədən yaradıcılıq eşqiylə uğurlardan uğurlara doğru irəliləmək onun halal haqqı, tale qisməti idi.
Bu gün kimi dindirirsən, Məmməd müəllim barədə ancaq xoş sözlər söyləyər. Məmməd müəllimlə bağlı mənim də şirin xatirələrim vardır. O, çox qayğıkeş və diqqətçil bir insan idi. Hələ Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul imtahanı verdiyim gündən daim mənimlə maraqlanar, dəyərli məsləhətlər verərdi. Ona o qədər isinişmişdim ki, ən çətin anlarımda yanına gedər, məsləhət istərdim.
Elə şirin söhbət edər, tövsiyələr verərdi ki, bir anlığa bütün çətinliklər yaddan çıxardı. Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi 20 kitabımın işıq üzü görməsində, bir neçə mükafat almağımda ilk növbədə məhz Məmməd müəllimə borcluyam.
Deyirlər dərd batmanla gəlir. Məmməd müəllimin ölümündən hələ özünə gələ bilməyən ailə dəhşətli bir faciə ilə üzləşdi. Məmməd müəllimin oğlu - Texniki Universitetin məzunu, bacarıqlı mühəndis, səmərəli təkliflərinə görə neçə-neçə müəlliflik şəhadətnaməsi alan Elşən Bakı metrosunda baş verən terror askiysı zamanı həyat yoldaşı və uşağı ilə birlikdə həlak olub.
...Bəzən həyat öz amansız qanunları ilə bizləri sınağa çəkir. İtirdiklərimiz nə qədər ağır olsa da, inam, sabaha ümid isə hər şeyə üstün gəlir. Bu gün Məmməd müəllimin və oğlu Elşənin dünyalarını vaxtsız dəyişmələri bizi sarsıtsa da, təsəllimiz bir ondadır ki, onların hər ikisindən xoş xatirələr, xeyirxah əməllər yadigar qalmışdır. Bir də ki, özündən sonra layiqli övladları, davamçıları olan valideyn heç vaxt ölmür. Məmməd müəllimin ixtisasca iqtisadçı olan oğlu Fikrət, filoloq qızı Sevda da atalarının adına layiq vətən övladlarıdırlar.
Məmməd müəllimin dostu, tələbə yoldaşı, Borçalıda yaşayıb-yaradan “Şöhrət” ordenli istedadlı qələm ustası, Gürcüstanın əməkdar jurnalisti Dünyamalı Kərəm Məmməd müəllimin qocalığa yetişmədən dünyasını dəyişməsinə təsirlənsə də, bu aqibəti də ilahi qismət hesab edir. “Şükürlər oslun ki Məmməd haqq dünyasına oğul, gəlin və nəvə dağı ilə getmədi”.
Dünyamalı Kərəm “Region-press” qəzetinin 20.05.2011-ci il tarixli sayında dərc olunmuş “Ağır elin ağırçəkili oğulu” başdıqlı məqaləsində yazır: “O, həqiqətən ürək dostu, sağlam fikirli, etibarlı, sadiq, münis-qardaş idi. Kiminlə dostluq edəcəyini süzüb ələkdən keçirirdi. Onun dostu mənim və İsaxanın dostu, mənimlə İsaxanın dostu onun dostu olurdu. Şöbəmizdə sonralar xalq şairi adına layiq görülmüş Xəlil Rza Ulutürklə, filologiya elmlər doktoru, professor Qulu Xəlilovla, elmlər namizədi Əliş Nəbiyevlə, dil-ədəbiyyat şöbəsindən akademik Bəkir Nəbiyevlə, filologiya elmləri doktoru, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovla, “Komminist” qəzetinin baş redaktor müavini işləmiş Rəfael Nağıyevlə, bizdən I kurs yuxarı oxuyan, Faxralı elindən olan pedaqoji elmlər doktoru Şəmistan Mikayılovla çox səmimi dostluq əlaqələrimiz var idi. Məmmədin ürəyi incə və zərif idi, o bahar müjdəçisi bənövşəyə, dağ çeşməsinin duru və saf suyuna bənzəyirdi. Sevgisi, eşqi, məhəbbəti günəşin nuru kimi idi... Məmmədlə olan dostluq xatirələrimi dəryalar mürəkkəb, meşələr qələm olsa belə, yazıb qutarmaq olmaz... İnsana xas olan bütün nəcib və ülvi xüsusiyyətləri Allah-təala öz qüdrətli əli ilə Məmmədin gülər üzünə həkk etmişdir. Qeybət qırmağı, söz gəzdirməyi, kimsənin arxasınca danışmağı xoşlamazdı”...
Dünyamalı müəllim “Təhsil problemləri” qəzetinin 24 iyun 2012-ci il tarixli 723-cü sayında yer alan “İllərin izi var xatirələrdə” səhlövhəli məqaləsində də Məmməd Məmmədov haqqında xatirələrini bölüşür: “Onun hər sözünə, vədinə qeyd-şərtsiz etibar etmək olardı. O, yalan danışmağı sevməzdi, yalan danışanların qənimi idi. Təvazökarlıq Məmməd müəllimin ən gözəl əxlaqi dəyərlərindən birinə çevrilmidşi... Nəcib və ülvi duyğulara malik olan, vətən, xalq, ailə sevgisini dünya malından və mənsəb hərisliyindən üstün tutan İsrafil Məhəmməd oğlu Məmmədovun oğlu Məmməd də öz atasının getdiyi haqq-ədalət yolu ilə getməli idi. Məmməd də atası İsrafil kişi kimi ailəcanlı, mehriban, munis kişi atalardan biri idi...”
Məmməd müəllim onu tanıyan hər bir kəsin ürəyində unudulmaz əməlləri, yaddan çıxmaz xeyirxah işləri ilə özünə abidə qurmuşdur. O, yenə də Dünyamalı Kərəmin təbili ilə desək, ömrünün yalnız birinci hissəsinə vida demiş, qələmə aldığı məqalələrini, əsərlərini oxuyan oxuyucularının qəlbində ikinci ömür, ölməzlik qazanmışdır.
Səməndər MƏMMƏDOV,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.