Kənddə yaşayan, çörəyini daşla qamqalağın arasından çıxaran, dırnağının hər damcı qanına bir qəpik belə qazana bilməyən kəndli valideynlər nə yolla olur olsun, hansı şərtlər altında olmasının fərqinə varmadan özlərinin çəkdiyi zülmləri gələcəkdə qızlarının çəkməməsi üçün yeganə qurtuluşu qızlarını şəhərə ərə verməkdə görürlər. Kənddə yaşayıb fiziki əziyyətlərə qatlaşan valideynlər qızlarını şəhərə ərə verməklə həmin qızın həm fiziki, həm də mənəvi iztirablarla yüklənəcəyini bilmirlər. Qızlarının qurtuluşu adlandırdıqları şəhərdə gəlin olmaq xülyası qızlarının həyatını mənəvi iztirablarla dolu cəhənnəmə çevirir.
Biçarə kəndlinin nə özünə geyim seçib almağa, nə də hansısa şəhərli qızlar, gəlinlər kimi kef məclislərinə getməyə, günlərini əyləncələrdə, kompüter arxasında keçirməyə haqqı çatır. Axı şəhərli qızlardan bu xüsusiyyətlərə görə qaçan qaynana idarə etdiyi bu robotu cəmiyyət içinə çıxaraq görüb götürməsinə, gözlərinin açılmasına imkan verə bilməz. O, bu evə avam kəndli qız kimi girdi və belə də cəsədi çıxmalıdır.
Şəhərli qız gəlib ayrı ev, rahat, sərbəst həyat tələb edəcəkdi. Kənddən gətirdiyi “heyvan” isə aza da qane olur, çoxa da. Hər iztiraba, çətinliyə sinə gərir. İztirablar içində qovrulsa da, söz deməyə özündə cəsarət tapmır. Axı dözməməyə, səs çıxarmağa haqqı yoxdur. Əgər səsini çıxarsa, qaynana adlanan kraliça “qudurmusan, səni ağ günə çıxardım, palçığın içindən çıxarıb, gətirib, evimdə arvad etdim” deyib, çıxdığı yeri başına vuracaq.
Qız övladına təhsili lazımsız bilən valideynlər! Şəhərə ərə verib, elm vermədiyiniz qızınızın şəhərdə xanım olacağını düşünürsünüzsə, çox böyük səhvə yol verirsiniz! Siz öz övladınızı şəhərə gəlin yox, xadimə göndərirsiniz!
“Gəlin evin süpürgəsidir, harada qoysam, orada da durmalıdır”. Bəli, belə avam gəlini elə süpürgədən başqa müqayisə etməyə münasib bir əşya yoxdur.
Bizim mentalitetimiz böyüyə hörmət etməyi, kiçiyə qayğı göstərməyi tələb edir. Yoldaşının valideynlərini öz doğma valideynlərin gözündə görməyi, onlara sevgi və nəvaziş göstərməyi mənəvi borc bilir. Lakin böyük adlandırdığımız o şəxslər kiçiyə qayğı göstərirmi? Xeyr... “Yad qızıdır, yad qızından bizə nə” deyib kənara çəkilirlər. Axı gəlin onların canından, qanından olan öz qızları deyil. Üstəlik o qəlbində kin bəsləməyən, pisliyə yaxşılıqla cavab kasıb bir kəndlidir.
Kəndli qızı evində gəlin görmək istəyən qaynana, qayınata daha bir məqsəd güdür – nəsillərini yetərincə artırmaq, çoxlu nəvə sahibi olmaq. Şəhərli qızın 1-2 uşaqdan artıq dünyaya gətirmədiyi halda, yazıq kəndlini camış kimi ildə bir bala verməyə vadar edirlər.
Şəhərli qızın qızıl, brilyant, brend libaslar əmr etdiyi halda, bir kəndlinin başını ucuzvarı bir qızıl dəsti ilə qatıb, qoyun tək sürüyüb evlərində gəlin yox, qul edirlər. Yazıq gəlinin gününü qara edən qaynana onun avamlığından istifadə edərək, gəncliyini məhv edir, hüquqlarını tapdalayır. Öz doğma övladını tərbiyə etmək, övladına arzuladığı adı qoymaq haqqını əlindən alır. Axı savadsız kəndlidir. Çünki ona qarşı ilk haqsızlığı öz doğma valideynləri edərək, onu təhsildən yayındıraraq savadsız yetişməsinə səbəb oldular. Artıq həyatı haqsızlıqlar üzərində qurulan kəndli qız nə uşaqlığını, gəncliyini yaşaya biləcək, nə də gəlinliyini. Çünki avam birinin şəhərə gəlin gəlməsi özü bir faciədir. Gəlin gəldiyi ailə tərəfindən verilən əziyyət və əzablar onun qara boyanmış həyatını faciəyə çevirir. Şipşirin yuxusuna belə haram qatılır. Gəlin səhər 8-dən ayaq üstdə olmalıdır. Onun yuxu yatmağa haqqı yoxdur. Axı o, kənddən şəhərə gəlmiş bir gəlindir. Evin qulu, nökəridir. Evdə gəlindən, ailə üzvündən başqa qulluqçu, nökər, xadimə kimi missiyaları yerinə yetirən bir ünsürdür.
Bir kəndli qızın haqsızlıqlara, əziyyətlərə məruz qalmasının tək səbəbi öz hüquqlarını bilməməsidir. Mən özüm də kəndliyəm. Kəndli olduğumu heç vaxt gizlətmirəm, kəndli olduğumdan utanmıram. Kəndli qızları əzilməməyə, vüqarlı olmağa səsləyirəm. Çünki bir insan kəndliliyindən deyil, öz insani xüsusiyyətlərindən utanmalıdır!!!
Hz. Əli buyurmuşdur: “İnsanlarla yaxşı davranın ki, bir vaxt dünyadan köç etsəniz, yaxşı sifətlərinizi yada salıb, sizin üçün ağlasınlar. Qalsanız, sizin tərəfdarınız olub, sizə əşbət etsinlər”.
Elida Muxayeva
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.