TƏBRİK EDİRİK, HƏQİQƏ XANIM!..

TƏBRİK EDİRİK, HƏQİQƏ XANIM!..
Bu gün
Əməkdar müəllim
çox hörmətli
Həqiqə Məmmədovanın
doğum günüdür.

Azərbaycanda ilk müəllif məktəbinin yaradıcısı,
istedadlı məktəbşünas,
“Mehdi Mehdizadə” mükafatı laureatı, Azərbaycan təhsilinin ölkəmizin hüdudlarından uzaqlarda da
ləyaqətlə təmsil edən
Həqiqə xanımı
ZiM.Az-ın
yaradıcı heyəti və
Azərbaycan Təhsil Şurasının çoxsaylı üzvləri adından təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulamaqla yanaşı, hörmətli həmkarımız - qələm dostumuz Böyükağa Mikayıllının "HƏQİQƏT ADAMI adlı məqaləsini aşağıda dərc edirik...
Müşfiq BORÇALI.

HƏQİQƏT ADAMI

Həqiqə xanım haqqında qələmə aldığım bu yazını onun yubiley yaşına hədiyyə edirəm...
Həqiqə xanımın yarım əsrə yaxın pedaqoji fəaliyyətinə nəzər saldıqda zəngin ideyaya, tükənməz enerjiyə malik həyat kredosunun sahibi ilə sanki üz-üzə dayanırsan. Təhsil, pedaqoji sahə elə bir xüsusiyyətə mailkdir ki, burada müvəffəqiyyət əldə etməyin əsasında, məhz qeyd etdiyim kimi, ideyalılıq dayınır. Zamanın dayanmadan inkişaf edən dinamikası bu sahənin mütəxəssisindən daim yeni-yeni ideyalarla fəaliyyətini zənginləşdirmək tələb edir. Sözsüz ki, bu ideyalar sonda həmin sahənin inkişafına öz töhfəsini verəcək. Necəki, biz, Həqiqə Məmmədovanın ömür yoluna nəzər yetirdikdə bunu müşahidə edirik. Həqiqə Məmmədovanın pedaqoji fəaliyyətinin az qala hər bir anından onun yaradıcılıq təfəkkürünün məhsulu olan fundamental işlər boylanır.
O, 1946-cı il mart ayının 20-də Naxçıvan şəhərində anadan olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib. Həmin illərdə yalnız Azərbaycanda deyil, SSRİ – nin demək olar ki, hər yerində kimya sənayesinin inkişafı fundamental xarakter almaqda idi. Azərbaycan kimyaçılarının dünya kimya elminə verdikləri töhfələr, şübhə yoxdur ki, gənclərin bu sahəyə maraq göstərməsinə stimul yaradırdı. Kimya sənayesinin inkişafı məktəblərdə kimya laboratoriyalarının yaradılmasını, kimyaya maraq yaradan müxtəlif tədbirlərin keçirilməsini də labüd edirdi. Belə bir dövrdə, belə bir şəraitdə Həqiqə Məmmədovanın kimyaçı olmaq arzusu reallaşdı və o, ömrünü bu sehrli peşənin ağuşuna atdı. Mən həmişə əsl kimyaçılara sanki qeyri-adi gücə malik olan insanlar kimi baxmışam. Mənə elə gəlib ki, onların əlində sehrli çubuq var və bu çubuq hər şeyə qadirdir. Elə Həqiqə Məmmədovanın ömür yoluna nəzər saldıqda da, gözlərimiz önündə canlanan böyük bir fəaliyyət dairəsi, az qala bu işlərin sehirli bir qüvvə tərəfindən icra olunduğu qənaətini hasil etsin. Əslində isə bütün bunlar zəngin yaradıcı təfəkkürün, təşkilatçılıq istedadının məhsulu kimi meydana çıxıb.
O, 1972-ci ildə pedaqoji fəaliyyətə başlayıb. Bakı şəhərindəki 32 və 17 nömrəli tam orta məktəblərdə kimya müəllimi kimi çalışıb. Fəaliyyətinin ilk illərindən novatorluğa meylli olan Həqiqə Məmmədova zaman-zaman dövrünün ən mütərəqqi texnoloji, əyani-texniki vasitələrini tədris prosesinə gətirməklə, həm öz peşəsinə, həm də şagirdlərinə olan sevgisini ifadə edib. İşlədiyi məktəblərdə təşkil etdiyi bir-birindən maraqlı kimya gecələri, görkəmli kimyaçı alimlərlə görüşlər, yaratdığı fənn kabinetləri onun yaxşı müəllim olmaqla bərabər, həm də təşkilatçılıq bacarığının sübutu idi. Gənc müəllimin öz bacarığını daha geniş arenada nümayiş etdirməsi üçün meydan lazım idi. Bu meydan isə özünü çox gözlətmədi. Pedaqoji fəaliyyətinin onuncu ilində - 1981-ci ildə Həqiqə Məmmədovaya Bakının böyük təhsil ocaqlarından olan 264 nömrəli tam orta məktəbə rəhbərlik həvalə olundu. Həqiqə xanımın bu təhsil ocağına rəhbərlik etdiyi 19 il, yalnız bu məktəbin deyil, Azərbaycanın məktəb tarixi üçün bir sıra nüanslarla yadda qaldı. Bu həmin illər idi ki, Azərbaycanın bir sıra məktəblərinin beynəlxalq əlaqələri yaranır, məktəblərin özlərinəməxsus dəsti xətti formalaşırdı. Əlbəttə ki, belə məktəblər barmaqla sayılacaq qədər az idi. Nümunəvi məktəblər sırasında SSRİ Xalq müəllimi Zahid Şöyübovun yaratdığı Xaldan kənd məktəbi, Sona Tağıyevanın yaratdığı 190 nömrəli tam orta məktəblər öndə gedirdi. Həqiqə Məmmədova və onun yaratdığı 264 nömrəli tam orta məktəbin də adı bu təhsil ocaqları ilə yanaşı çəkilməyə başlamışdı. Bu da təsadüfü deyildi. Həqiqə Məmmədova qısa müddət ərzində bu məktəbdə həyata keçirdiyi islahatlar sayəsində 264 nömrəli tam orta məktəbin “Müəllif məktəbi” statusu almasına nail olmuşdu. Bəs Həqiqə xanım burada hansı yenilikləri həyata keçirmişdi, “Müəllif məktəbi” hansı mahiyyətə malikdir? Burada birinci növbədə məktəbin demokratik əsaslarla idarəolunmasından bəhs etmək yerinə düşərdi.Məktəbin dövrün tələbləri səviyyəsində müasir üslubda zövqlü tərtibatı, burada təlim-tərbiyə işinin keyfiyyətcə yüksəlməsinə şərait yaradırdı. Təsadüfü deyildir ki, 1987-ci ildə Moskvada Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində öz nailiyyətlərini nümayiş etdirən 264 nömrəli tam orta məktəb SSRİ miqyasında kifayət qədər şöhrət tapdı. Bir məqama diqqət yetirmək lazımdır ki, Həqiqə Məmmədova bu böyük nailiyyəti direktorluq fəaliyyətinin vur-tut altıncı ilində əldə etmişdi.
Həqiqə Məmmədovanın “Müəllif məktəbi”nin uğurları ilbəil artırdı. “Müəllif məktəbi” ideyasının əsasında bacarıqlı və istedadlı uşaqlardan ibarət siniflərin komplektləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının erkən tədrisinin təşkil edilməsi, 9-11-ci siniflərdə şagirdlərin arzu və istəklərinə rəğmən tədrisin qurulması və s. mühüm əhəmiyyətli, müasir pedaqoji xarakterli işlər, daha dəqiq desək, ideyalarla zəngin olan pedaqoji təfəkkür dayanırdı. Həqiqə Məmmədovanın liderlik xüsusiyyəti, zamanın pedaqoji-psixoloji ab-havasını, inkişaf tendensiyalarını dəyərləndirmək bacarığı bütövlükdə “Müəllif məktəbi” ideyasının özəyini təşkil edirdi. Məktəbdə “İKT-nin erkən tədris edilməsi” layihəsinin məntiqi nəticəsi olaraq şagirdlər bu sahəyə böyük maraq göstərir, beynəlxalq müsabiqələrdə uğurlu nəticələr əldə edirdilər. Təsadüfü deyildir ki, məktəbin 8-ci sinif şagirdi Neştun Denis Cənubi Afrika Respublikasında 64 ölkənin 10-11-ci sinif şagirdləri arasında keçirilən beynəlxalq informatika olimpiadasının bürünc medalını qazandı. “Müəllif məktəbi” ideyasının əsaslarından birini də məktəbin beynəlxalq əlaqələri təşkil edirdi. Rusiya, Türkiyə, Fransa, İsrail, Ukrayna, Belarus, Gürcüstan respublikalarının pedaqoji, təhsil ictimaiyyəti ilə qurulan əməkdaşlıq əlaqələri məktəbin pedaqoji kollektivinin təcrübə mübadiləsinə, şagirdlərin dünyagörüşünün inkişafına, tədrisin keyfiyyətinin yüksəldilməsinə yol açırdı. 1989 -cu ildə Kursk şəhərində keçirilən və kimya fənninin tədrisi problemlərinə həsr edilən Ümümittifaq elmi-təcrübi konfransda Həqiqə Məmmədovanın tərtib etdiyi 8-11-ci siniflər üçün kimya fənnindən dərinləşmiş proqramı müzakirə edildi, bəyənildi və Sovetlər məkanında fəaliyyət göstərən rus dilli məktəblərdə istifadə üçün tövsiyyə olundu.
Həqiqə xanımın təşkilatçılığı sayəsində məktəbin elmi-pedaqoji ictimayyətlə də sistemli əlaqəsi yaradıldı. Sözsüz ki, bu əlaqələr də tədrisin keyfiyyətinin yüksəldilməsinə yol açırdı. Əgər Əjdər Ağayevin məktəbin pedaqoji kollektivi ilə görüşü onların təhsil, pedaqoji-psixoloji elmlər sahəsində dünyagörüşlərinin formalaşmasına yol açırdısa, akademik Mustafa Salahovla, akademik Mark Aleksandroviç Dalinlə keçirilən görüşlər kimya-biologiya elmlərinin inkişaf tendensiyaları ilə onları tanış edirdi. Alimlərin, Elmi-Tədqiqat İnstitutlarının iştirakı ilə keçirilən elmi-təcrübi konfranslar məktəbə əsl elm mühitini gətirirdi. Bu mühit hər bir müəllimin, şagirdin həyatının ayrılmaz tərkib hissəsinə çevrilirdi. Hər kəs bu mühitdən öz payını götürüb, həyatın qoynuna atılırdı. Məzunlar Azərbaycanın, eləcə də xarici ölkələrin ali məktəblərinə uğurla qəbul olur, ali məktəblərdə də təhsillərini müvəffəqiyyətlə davam etdirirdilər. Məktəbi gümüş, qızıl medalla bitirənlər də az deyildi. Həqiqə Məmmədovanın “Müəllif məktəbi” ideyası 1991-ci ilin 28 avqust tarixində Təhsil Nazirinin 630 nömrəli əmri ilə öz rəsmi təsdiqini tapdı. Mən deyərdim ki, “Müəllif məktəbi” ideyası Azərbaycanda yeni tipli məktəblər, ümumilikdə, müasir texnologiyalarla işləyən təhsil ocaqlarının yaradılması üçün təməl ideyalardan biri hesab oluna bilər.
Həqiqə Məmmədova 2000-ci ilə qədər 264 nömrəli tam orta məktəbə rəhbərlik etdi. Bundan sonra isə o, idarəçilik sahəsində daha böyük vəzifəyə-Xətai, daha sonra isə Binəqədi Rayon Təhsil Şöbəsinə müdir təyin olundu. Həmin illərin statistikasına nəzər saldıqda görmək mümkündür ki, Həqiqə Məmmədova hər iki rayonda fəaliyyəti ərzində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib. Yaradıcı müəllimlərin, istedadlı şagirdlərin üzə çıxarılması istiqamətində orijinal, maraqlı tədbirlərin reallaşdırılmasına nail olub. Şagirdlərdə Vətənə, milli bayramlarımıza, tariximizə, adət və ənənələrimizə, ədəbiyyatımıza məhəbbət və hörmət tərbiyə etmək keçirilən tədbirlərin əsas məqsədi olub.
2002-ci ilin aprel ayında Həqiqə xanım Bakı şəhərindəki 177 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edildi. Həqiqə xanımın bu təhsil ocağına rəhbərlik etdiyi 12 ildən artıq müddət ərzində dəfələrlə burada keçirlən tədbirlərdə, açıq dərslərdə iştirak etdim. Əgər belə demək mümkünsə, Həqiqə xanımın təşkilatçılığı ilə məktəbin inkişafı, onun müasir dövrün tələbləri səviyyəsində inkişafını izləmək mənə də nəsib oldu. Əslində, o, burada 264 nömrəli məktəbdə həyata keçirdiyi ideyaların davamını tətbiq edirdi desəm yanılmaram. Amma fərq onda idi ki, zaman dəyişmişdi. Dövrün tələbləri fərqli idi. Həqiqə Məmmədova uzaqgörən məktəbşünas kimi zamanın tələblərini aşkar duyur, gələcəyin mükəmməl panoramasını cıxır, məktəbin gələcək inkişaf strategiyasını Azərbaycan və dünyanın qabaqcıl təhsil strategiyaları əsasında planlaşdırırdı. Bunun üçün o, dünyanın qabaqcıl təhsil ənənələrini öyənir, onların Azərbaycan mühiti üçün mütərəqqi tərəflərini müəyyənləşdirir və tətbiqə nail olurdu. Moskva şəhərində fəaliyyət göstərən «Məktəb Şuralarına Dəstək Beynəlxalq Assosiasiyası»-nın vitse-prezidenti kimi Azərbaycan Respublikasını təmsil etməsi, bu təşkilatın elmi-təcrübi konfranslarına mütəmadi olaraq qatılması Həqiqə Məmmədovaya beynəlxalq təcrübəni öyrənməkdə yardımçı olurdu. Şübhəsiz ki, bunun nəticəsi olaraq qabaqcıl pedaqoji təcrübə məktəbə yol açırdı. 177 nömrəli tam orta məktəbin demokratik idarəetmə təcrübəsi 2009-cu ildə Moskva şəhərində Beynəlxalq konfransda müzakirə edildi, bəyənildi, ayrıca broşur şəklində çap olundu və konfrans iştirakçılarına istifadə üçün tövsiyyə edildi.
Zaman ötdükcə məktəbin mütərəqqi təcrübəsi formalaşmaqda idi. 2004-cü ildən məktəbdə "İkimərhələli tədrisin təşkili" eksperimenti həyata keçirilirməyə başladı. Bu eksperimentə əsasən 9-11-ci siniflərdə tədris iki mərhələdə reasllaşırdı. Birinci mərhələ bütün siniflər üçün icbari - baza təhsili sinif qruplarında, ikinci mərhələ isə şagirdlərin seçimi əsasında fənn qruplarında keçirilidi.
Həqiqə Məmmədova özünün pedaqoji prinsiplərinə burada da sadiq idi. Bu dəfə elm-məktəb əlaqələri daha mükəmməl təməllər və müasir prinsiplər üzərində qurulmuşdu. Məktəbdə yaradılmış “Kiçik Akademiya” şagird özünüidarə orqanı kimi diqqəti cəlb edirdi. “Kiçik Akademiya”ya görkəmli alim Mustafa Salahov rəhbərlik edirdi. Azərbaycanın tanınmış alimləri, professorlar Əjdər Ağayev, Ramiz Məmmədzadə, Vidadi Xəlilov, Mirzəli Mürğuzovla keçirlən görüşlər məktəbin tarixinə əlamətdar hadisə kimi yazıldı. 177 nömrəli tam orta məktəbin də şagirdləri respublika fənn olimpiadalarında, müsabiqələrdə, yarışlarda fəal iştirak edir, çoxsaylı diplom, sertifikat və fəxri fərmanlarla təltif edilirdilər.
Pedaqoji kollektiv və şagirdlər yerli və beynəlxalq layihələrdə, treninqlərdə iştirak edir, öz dünya görüşlərini və səriştələrini artırırdı.
Bu məktəbin də beynəlxalq əlaqələri şagirdlərin şəxsiyyət kimi formalaşmasında böyük rol oynayırdı. Az bir zamanda məktəbin xoş sədası yalnız Azərbaycandan deyil, hətta xarici dövlətlərdən də gəldi. Demokratik idarəetmə, müəllim, şagird və valideyn özünüidarə orqanlarının fəaliyyəti istiqamətində məktəbin apardığı sistemli iş Rusiyanın mütərəqqi təhsil dairələrinin, pedaqoji ictimaiyyətinin diqqətini cəlb etdi. 2009-cu ildə məktəbin qabaqcıl iş təcrübəsi Azərbaycan Təhsil Şurası tərəfindən öyrənilərək Respublikaya yayıldı. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 177 nömrəli tam orta məktəb "Azərbaycan Pespublikasının 50 ən yaxşı məktəbi" müsabiqəsinin qalibi elan edildi. Bütün bu nailiyyətlər Həqiqə Məmmədovanın təhsilimizin inkişafı naminə gördüyü məqsədyönlü işlərin məntiqi nəticəsi idi. O, öz məntiqi dəyərini bir də ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə Respublikanın əməkdar müəllimi fəxri adına layiq görüləndə aldı.
Mən bu yazıda ömrünü gənclərin mükəmməl təhsil alması, təhsilimizin milli-mənəvi dəyərlər zəmnində inkişafı, onun dünya təhsilinə inteqrasiyası yolunda böyük fədakarlıq göstərmiş, zəngin ictimai fəaliyyəti ilə daim diqqət mərkəzində olmuş, Azərbaycan Müəllimlərinin, Azərbaycan Qadınlarının Qurultaylarında fəal iştirakı ilə seçilmiş, Respublikanın Əməkdar müəllimi Həqiqə Məmmədovanın məktəb rəhbəri, təhsil şöbəsinin müdiri kimi təşkilatçılıq fəaliyyətinin bəzi məqamlarından bəhs etməyə çalışdım. Əlbəttə ki, pedaqoji sahədə uzun bir yol keçib zəngin bir məktəb yaratmış bir məktəbşünas haqqında bir yazıda tam təfsilatı ilə bəhs etmək mümkün deyil. Sonda Həqiqə xanımın müəllimlik fəaliyyətinin bəzi məqamlarına toxunmaq istərdim. Əslində o, direktor da, təhsil şöbəsinin müdiri olarkan da, müəllimliyindən bir gün belə qalmamış, fəaliyyətinin təməl prinspini müəllimlik təşkil etmişdir. Hələ 2012-ci ildə onun 177 nömrəli tam orta məktəbə nümayiş etdirdiyi “Ustad dərsi” izləyiciləri tərəfindən heyranlıqla qarşılandı. Bu dərs Həqiqə Məmmədovanın zəngin təcrübəsi, pedaqoji ustalığı, metodiki bacarığının meyarı kimi meydana çıxmışdı. İllər Həqiqə Məmmədovanı hansı ustalığa malik məktəb rəhbəri, təşkilatçı kimi formalaşdırmışdırsa, müəllim kimi də ustad səviyyəsinə yüksəltmişdir. Bunu onun həyatda özünə layiqli yer tutmuş övladlarının, yetirmələrinin də simasında aydın görmək mümkündür. Aktiv pedaqoji, ictimai fəaliyyəti Həqiqə xanımın analıq, vətəndaşlıq məsuliyyətini bir an belə unutdurmayıb. Övladları Seyfəli, Səbinə və Nərmini layiqli vətəndaş kimi yetişdirib cəmiyyətə təqdim edib. Onların hər biri savadlı, səriştəli, öz sahələrinin peşəkarı olan mütəxəssislərdir. Nəvələri Nəzrin, Məhəmməd, Fidan, Nicat, Murad, Suad ailə ənənələrinin davamçılarıdırlar.
Həqiqə Məmmədova haqqında yazını qələmə alarkən bir məqama da toxunmağı vacib saydım. O, atasını erkən itirib. Dayıları, xüsusən də Əkrəm dayıları atasız qalan altı bacıya, başsız qalan anaya dayaq olub, onları öz övladlarından ayırmayıb. Əkrəm dayının mənəvi və maddi dayağı sayəsində altı bacının hər biri ali təhsil alıb, həyatda layiqli yer tutub. Altı bacıdan ikisi Respublikanın əməkdar müəllimi, biri isə Respublikanın əməkdar poliqrafçısı fəxri adına layiq görülüb, dövlət tərəfindən orden və medallarla təltif ediliblər.
Həqiqə xanım dərs dediyi şagirdlərlə, onların valideynləri ilə, rəhbərlik etdiyi məktəbin pedaqoji kollektivi ilə münasibətləri həmişə qarşılıqlı hörmət prinspi əsasında qurub. Buna görə də illərin keçməsinə baxmayaraq məzunlar öz müəllimlərini yaddan çıxarmır, onun məsləhətlərindən bəhrələnir, problemlərini, qayğılarını, sevinclərini onunla bölüşürlər. Onun keçdiyi ömür yolu “bütün ömrü boyu həqiqətə tapınmaqlığın yoludur...”
Böyükağa MİKAYILLI

Həqiqə Məmmədovanın ömür yolundan sətirlər...

Məmmədova Həqiqə Şahbaz qızı 20 mart 1946-cı ildə Naxçıvan şəhərində anadan olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib.
1972-ci ildə pedagoji fəaliyyətə başlayıb. 1981-ci ilədək Bakı şəhərinin 32 və 17 nömrəli məktəblərində kimya müəllimi işləyib.
1981-2000-ci illərdə Bakı şəhəri 264 nömrəli məktəbə rəhbərlik edib. «Müəllif məktəbi» ideyasının müəllifidir. 1991-ci ildə rəhbərlik etdiyi məktəbə «Müəllif məktəbi» statusu verilib.
2000-2002-ci illərdə Xətai və Binəqədi rayonlarının Təhsil şöbələrinə rəhbərlik edib.
2002-2013-cü illərdə Bakı şəhəri 177 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb.
«İkimərhələli tədrisin təşkili» ideyasının müəllifidir və həmin ideyanı 2004-cü ildən 177 nömrəli tam orta məktəbdə tətbiq edib.
Pedaqoji fəaliyyəti dövründə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Fəxri fərman və diplomlarla ilə təltif edilib.
Azərbaycan Kütləvi İnformasiya Vasitələri işçilərinin Həmkarlar İttifaqı tərəfindən «Xan qızı Natəvan» mükafatına layiq görülüb.
1985-ci ildən bu günədək «Azərbaycan məktəbi» jurnalının redaksiya kollegiyasının üzvüdür.
1986-cı ildə «Azərbaycan SSRi Xalq maarifi» əlaçısı nişanı ilə təltif olunub.
1987-ci ildə «N.N.Krupskaya» adına medala layiq görülüb.
1988-ci ildən başlayaraq Respublika Muəllimlər Şurasının sədr muavini kimi uzun illər fəaliyyət göstərib və müəllimlərin sosial problemlərinin həlli, təhsildə olan problemlərin həlli istiqamətində məqsədyönlü işlər həyata kecirib. Təhsil Qanununun hazirlamasinda fəal iştrak edib. Təhsil Nazirinin əmrinə əsasən, Təhsil İslahatı Proqramını hazırlayan ekspert qrupunun üzvü olub.
1989-cu ildə «SSRİ maarif əlaçısı» döş nişanı ilə təltif olunub.
1990-cı ildən Azərbaycan Respublikası Yaradıcı Muəllimlər İttifaqının sədr müavini kimi fəaliyyət göstərib və 1995-ci ildə təşkilat tərəfindən «M.Mehdizadə» adına diplom ilə təltif edilib.
1998-ci ildən bu günədək Respublika Təhsil Şurasının İdarə heyətinin üzvüdür. 2011-ci ildə Təhsil Şurasının «Ustad müəllim» fəxri diplomu ilə təltif olunub.
2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Respublikanın əməkdar müəllimi fəxri adına layiq görülüb.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: