XƏYALLARINIZDAKI MƏKTƏB BUDUR

XƏYALLARINIZDAKI MƏKTƏB BUDUR İnsanın vicdanı susanda onun daxilində bütün haqsızlıqlar qalib gəlir. Bu insan cəmiyyət üçün yarasız olaraq, yalnız özünü düşünüb yaşayır. İnsanın bu yaranışı üçün ilk öncə onu yaradan ailə təməli və ətraf mühit məsuliyyət daşıyır. O ailə ki, ata və ananın hələ orta məktəb təhsili natamamdır, yaratdığı varlığı yalnız yeməklə böyüdərək təhsil almasını düşünmədən hər şeyi bu uşağın gələcəyindən gözləyir. Belə ailələrdə tərbiyə düzgün qurulmadığı üçün böyüyən uşaqlarda vicdan ya olmur, ya da susmuş olur…. Bəzən belə deyilir ki, ata da, ana da savadsızdır… amma uşaqlardan hansısa həm tərbiyəlidir, həm də yaxşı oxuyur… Bu yalnız o halda olur ki, ətrafında olan insanlar ona yaxşı örnək olub. Evdəki mühitlə ətrafındakı mühit arasındakı fərqi dəyərləndirən şagird ərtaf mühiti seçir və onlar kimi yaşamaq istəyir. Bu istək ona güc verərək, düşünməyə məcbur edir o valideynlərinin düzgün olmayan yaşayış tərzindən bezir, utanır və evdəki ağır mühitdən azad olmaq üçün yaxşı oxumağa çalışır və məqsədinə nail olur.
Bəzən də əksinə, ziyalı ailənin iradəcə zəif uşaqları kənardan qazanılmış tərbiyəyə malik olurlar. Bu uşaqlar gördükləri hər bir hərəkəti təkrarlamağa çalışırlar. Bu zaman da valideyn bunu hiss etməli, təbliğat vasitəsilə övladının kim olduğunu ona başa salmalıdır. Daha sonra övladının dərsdən sonrakı həyatını dəyərləndirməli, onun asudə vaxtının əyləncələrə deyil, idmana, musiqiyə və s.maraqlı dərnək və tədbirlərə sərf olunmasına çalışmalıdır. Əks təqdirdə kənardan qazanılmış bu hərəkətlər məktəblidə kök atır… sonra gec olur.
Cəmiyyətdə bu baxımdan məktəblərdə tədris və tərbiyə çox önəmlidir. Valdeynlər övladlarına məktəb seçəndə də diqqətli olmalıdırlar. Aparılan araşdırmalar göstərir ki, məktəb rəhbərinin özünün nümunəvi bir müəllim, vicdanı təmiz və nüfuzlu olması vacibdir. Belə rəhbərin kollektivində vicdanı susmiş müəllim ola bilməz.
İndi ölkəmizdə belə məktəblər çoxdur. Bu məktəblərdən biri də Bakının Səbail rayonunda yerləşən 6 saylı tam-orta məktəbdir. Məktəbin direktoru Gülşən Orucova hələ direktor vəzifəsində çalışmadığı zamandan Əməkdar müəllim adına layiq görülmüşdür. Məktəbin bəxti elə onda gətirdi ki, Əməkdar müəllimi direktor təyin etdilər. Elə həmin vaxtdan bu məktəbdə hər şey yenidən quruldu...bir əməkdar müəllim səviyyəsində. Bu gün orda təhsil alan şagirdlər müəllimləri sayəsində yüksək səviyyədə təhsillərini başa vururlar. Məktəbin bütün müəllimləri Gülşən Orucovanın rəhbərliyi ilə bu şagirdlərə canlarını belə verməyə hazırdırlar. Bu məktəbdə müəllim-şagird münasibəti çox gözəldir... onları bir yerdə görəndə elə bildim şagird valideyni ilə danışır, sonra öyrəndim ki, müəlliməsi ilə danışırmış. Məni çox duyğulandırdı...müəllimənin şagirdə olan gözəl münasibəti. Kaş ki, bütün məktəblərin belə müəllimləri olaydı və o şagirdlər də bu qayğını görəydilər. Balalarımızın belə qayğıya çox ehtiyacı var. Demək olar ki, bu məktəbdə müəllim problemi yoxdur. Mən inanmıram ki, burada valideyn hansısa bir müəllimdən narazı qalsın. Məktəbdə bir qayda da var. 11-ci sinifi qurtaran bütün şagirdlər 100%-lə xaricdə və ölkəmizdə ali məktəbə qəbul olunurlar. Azərbaycan belə gəncləri ilə həmişə uca zirvələrdə olacaq.
Bütün bu uğurlar məktəbin rəhbəri Gülşən Orucovanın zəhmətidir. Onun rəhbərlik etdiyi təhsil müəssisəsində çalışan müəllimlər mən deyərdim ki, Azərbaycanın nümunəvi müəllimləridir, onların təcrübələri digər təhsil müəssisələrinin müəllimləri üçün nümunə olmalıdır.
Mən bir jurnalist həm də valideyn kimi gördüklərimi, bildiklərimi və eşitdiklərimi yazdım...oxucularımızın bu məktəbi görməsi lazımdır ki, mənim fikirlərimə haqq versinlər.
Müəllim Günü münasibəti ilə 6 saylı məktəbin direktoru Gülşən Orucovanı və onun rəhbərliyində çalışan bütün müəllimləri təbrik edirəm və onlara sükanı belə saxlayın deyirəm- biz sizinləyik!.

Maral Əlimirzəyeva,
AzTU-nun mətbuat xidmətinin əməkdaşı


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: