Ömrünü adı kimi yaşayan müəllim

Ömrünü adı kimi yaşayan müəllim TƏBRİK EDİRİK!..
Məlahət Şirinli- 65

O, 1951-ci ilin yayında Azərbaycanın dilbər guşəsində, təbiətin gözəllik boxçasını səxavətlə açıb tökdüyü füsünkar Şəki şəhərində Nadir kişinin halal ocağında dünyaya göz açıb. Gözünü açandan hansı səmtə boylanıbsa, uca və əzəmətli dağları görüb. Bu ucalıq, bu əzəmət ruhuna elə hopub ki, böyüdükcə, həyatı dərk etdikcə Vətəninə, torpağına, əhatəsindəki insanlara da hörmətlə, məhəbbətlə, saf niyyətlə baxmağa başlayıb. Orta və ali təhsil illərini uğurla başa vurub. Nə az, nə çox... düz 40 ildir ki, əmək dünyasında sevib-seçdiyi peşəsi ilə gənc nəslin təlim-tərbiyəsinə, təhsilinə xidmət göstərir. Təhsil fədaisi, Respublikanın Əməkdar Müəllimi, həm də gözəl ailə sahibi və iki övladın anasıdır. İllər ötdükcə, daha da təravətlənən, çöhrəsindən müəllimlik oxunan bu təhsil işçisinə üç nəvənin nənəsi olmaq duyğusu da nəsib olub. Bu il Məlahət Şirinli 65 illik yubileyini qeyd etdi. Bildiyimiz kimi insanın doğum günü ruhun, qəlbin bayramı, fikrin, sözün, elmin, təhsilin ad günüdür.

İstəyirik ki, biz də öz növbəmizdə Yubilyarın arzu və istəklərini Azərbaycanın böyük bir güzgüsü sayılan “Elm və Təhsil” qəzetinin oxucuları ilə bölüşək...
Qeyd etmək istərdik ki, müəllim haqqında deyilənlər, yazılanlar onlar üçün ən böyük mükafatdır...


-Müəllim ömrü bir şama bənzər. O, şagirdinin sabahı üçün zərrə-zərrə əriyir.
-Müəllim ömrü bir çırağa bənzər. Sönənə qədər bilik dolu hərarətini şagirdinin duyğularına, idrakına hopdurur.
-Müəllim ömrü bir Aya bənzər. O, şagirdinin mənəvi dünyasındakı qaranlıqları öz işığı ilə əridir və nurlandırır.
Bizim yaxşı tanıdığımız Məlahət müəllimə də belə müəllimlərdəndir. O, əsl zadəgan xislətli xanımdır. Kübarlıq deyərkən, ümumi mənada çoxlarının ağlına var-dövlətli, şan-şöhrətli olmaq kimi fikirlər gəlir, lakin nəzərdə tutduğumuz kübarlıq Məlahət müəllimənin yerişində, duruşunda, danışığında və simasında öz əksini tapıb. Bütün bu keyfiyyətlər də Azərbaycan qadınının gözəlliyi deməkdir. Xanım- xatunluğu hər qadın bacarmır və bu məziyyətlər təkcə zahirən ölçülmür, həm də zəngin mənəviyyatın, daxili gözəlliyin təzahürüdür. Deyərdik ki, daxili gözəllik insanın zahirində xüsusi cizgilərlə öz əksini tapır. Bu mənada Məlahət müəllimə daxili dünyası ilə zahiri - biri-birini mükəmməl şəkildə tamamlayan nadir xanımlardan biridir.
Məlahət müəllimənin sadəliyi də bir başqadır. “Müəllimin zahiri bər-bəzəyi elə olmalıdır ki, şagirdlərin diqqətini dərsdən yayındırmasın, onları əsas mətləbdən uzaqlaşdırmasın” - deyə o, müəllimliyi hər zaman eyni ucalıqda saxlamağa çalışır...

Yeri gəlmişkən:
-Məlahət müəllimə, Siz şagirdlərinizə hər zaman anlayışlı, səmimi və xeyirxah hisslərlə yanaşırsınız. Ümumiyyətlə, bu günün şagirdini təbəssümlə, sevgi ilə ələ almaq, qəlbinə yol tapmaq asandırmı?
-Qeyd edim ki, müəllim şagirdini sevməsə, özünü də sevdirə bilməz. Əvvəl sevgi- sonra tələbkarlıq, düzgün istiqamətə yönəltmək, məsuliyyət hissini artırmaq, dərin biliyə nail olmağı aşılamaq- bu kimi meyyarlarla yaxşı nəticə əldə etmək mümkündür.

Müəllim qayğıkeşliyi...

...1977-ci ilin sentyabr ayında Məlahət müəllimə yenicə müəllim çağrılırdı. Hər gün uşaqların özləri qədər həyacanlı olurdu. Dərs dediyi ibtidai sinifdə fənləri öyrətmək cəhdinin hər gün bir az da artması ona hədsiz sevinc bəxş edirdi. Amma bir şagirdinin dərsi tam hazırlayıb əla cavab verməsi, onlar lövhənin önünə çıxmaması gözündən yayınmırdı. Bunu hiss edən gənc müəllimə qəti qərara gəldi ki, bu gün nə yolla olur-olsun, bunun səbəbini öyrənəcək:

-Tənəffüs zamanı həmin şagirdin yerindən tərpənmədiyini görən Məlahət müəllimə özü ona yaxınlaşdı. Və... gözləri ixtiyarsız şagirdinin ayaqlarına xeyli böyük və olduqca nimdaş olan ayaqqabısına sataşdı. Sorğuya ehtiyac qalmadı. Növbəti dərsdə müəllimə: “uşaqlar, inşa yazdıracağam, kim birinci yeri qazansa, ona hədiyyələr veriləcək”- deyə elan etdi. Özü də nəzərində tutduğu həmin şagirdinin ölçüsünə uyğun - geyim üçün bütünlüklə nə lazımdırsa, (imkanı çatan səviyyədə) onları alıb, kiçik bir qutu hazırladı. Yuxarıdakı sətirlərdən təxmin etdiyimiz kimi inşa “müsabiqənin” qalibi də elə həmin şagird oldu. Məlahət müəllimə o kiçik qutunun içərisində nələr olduğunu uşaqlara açıqlamadan sahibinə təqdim etdi... Və beləcə... müəllimə sevimli şagirdinə sonradan bir neçə il də imkanı seviyəsində köməklik gösdərdi.

...Sevindirici haldır ki, aylar, illər ötdükcə Məlahət müəllimənin də qayğıkeşliyi, xeyirxahlığı yetirmələrinin yaddaşına yazıldı.
Xeyirxahlıq etmək, ehtiyacı olana istər maddi, istər mənəvi kömək durmaq ona irsən keçib. Məlahət müəllimənin ata babası Əhməd Rəsulovu yaşadığı dövürdə Şəkidə və ətraf kəndlərdə tanımayan az olub. Əhməd kişi ərəb və fars dillərini mükəmməl bilirmiş, yazıb-oxuyurmuş, bu dillərdə yazılmış çoxlu kitabları var imiş. Böyük hörmət və izzət sahibi olan bu müdrik insan ömrü boyu xeyriyyəçilik etmiş, insanlara diqqət və qayğı ilə yanaşmış, ətrafındakı ailələrin dolanışıqlarına imkanı çatan səviyyədə köməklik göstərmişdir. Bu baxımdan Məlahət müəllimənin də böyüdüyü ocağın Şəkidə sayılıb-seçilməsi məhz babasının səxavət və mərhəmətindən, bütünlüklə nəcib keyfiyyətlərindən qaynaqlanmışdır...

-Söylədiniz ki, müəllim vətənpərvərliyi, insansevərliyi, dürüstlüyü və vicdanlı münasibəti ilə şagirdinə bir nümunə olmalıdır...
-Müəllim şəxsi fəaliyyəti ilə nəinki şagirdinə, bütünlükdə cəmiyyətə nümunə olmalıdır. Çalışdığım 132-134 nömrəli Təhsil Kompleksində həmkarlarıma böyük sevgi ilə yanaşıram. Bildiklərimi bacardığım səviyyədə öyrətməyə çalışıram. Demirəm ki, sən bunu belə həll et. Təcrübəmə əsaslanmaqla, mən belə edərdim deyirəm. İstəyirəm ki, problemim həlli yollarını müəllimin özü sərbəst axtarsın. Bu zaman nəticə də gözəl olur.

-Hər zaman təmkinli, qürurlu və məğrur görünürsünüz. Sizi nələr kövrəldə bilir?
-35-38 il bundan əvvəl qarşımda əyləşən, bu gün isə cəmiyyətdə müxtəlif peşələrdə və vəzifələrdə çalışan yetirmələrim haqqında narahatedici nələrsə, eşidəndə qeyri-ixtiyari kövrəlirəm, eşitdiklərimi uzun müddət unuda bilmirəm. Onlara çox bağlıyam. Rastlaşdıqca həm sevinir, həm də təsirlənirəm.

-Geriyə boylananda həyatınızın hansı dövrü Sizə nağılvari gəlib və düşünmüsünüz ki, doğrudanmı, mən özümdə güc toplayıb bu çətin dövrü yaşamışam... İstədiklərimə zərrə-zərrə nail ola bilmişəm...
-Ömür yolumun 50-65 yaş arasındakı dövrü mənim üçün daha yadda qalandır. Bu illərdə müəllimlərlə birlikdə işlədiyimə görə Respublikamızın bölgələrini qarış-qarış gəzmişəm. Yeni fənn kurikulumlarının fəal təlimlə- tədrisi ilə bağlı treninqlər aparmışam. Gördüyüm işlərdə müsbət nəticələrə nail olmaqla bərabər, bu müddət ərzində böyük pedaqoji təcrübə də toplamışam. Eləcə də nəcib keyfiyyətlərə malik müəllimlərlə, ziyalılarla mütəmadi görüşmüşəm, səmimi ünsiyyətdə olmuşam. Bu gün də bölgələrimizdə çalışan təhsil işçiləri mənimlə əlaqə yaradır, tədris etdikləri fənlərlə bağlı məsləhətlərimi alırlar.. Qürur hissi ilə qeyd edim ki, Azərbaycanda təhsil sahəsindəki uğurlarımız ürəkaçandır.

-İnsan müəyyən yaş həddinə çatanda bir növ özü-özü ilə dərdləşir. Necə bilirsiniz, ömrünüzün bu işıqlı çağında özünüzlə dərdləşərkən, çəkidə Məlahət Şirinli ağır gəlir, yoxsa... fəxri adınız...

-Dərindən təhlil edəndə, Sizin dediyinizin hər ikisi çəki etibarı ilə birlikdə nizamlanır. İstər Mələhət Şirinlinin şəxsiyyəti, istərsə də ölkə Prezidentinin mənim əməyimə verdiyi fəxri ad... Məqsədə çatmaq naminə mən daim öz üzərimdə işləmişəm. Tanrıma şükürlər olsun...
...Qeyd etmək istərdik ki, Məlahət Şirinli çalışdığı illər ərzində bir müəllim kimi dövlətin qiymətini, öz gərgin zəhməti ilə qazanıb. Bu adı doğruldub. Təhsilimizə xidmət göstərməyi ömrünün ən böyük qayəsi hesab edib. Bu gün onun yetirmələri Respublikamızda və onun hüdudlarından kənarda rəhbər vəzifələrdə çalışırlar.

Söylədiklərindən...

...Tanrı mənim əlimdən tutub arzularıma doğru aparıb. Ürəyimə yalnız xeyirxah hisslər doldurub. Mən həyatı və insanları- xüsusən də uşaqları çox sevirəm. İstəyirəm ki, onlar hər zaman xoşbəxt olsunlar. Müəllimlik etdiyim bu dövrdə hansı sinifdə neçə uşağa dərs demişəmsə hamısının surəti yaddaşımdadır. Mən onlara deyərdim ki, məktəbi bitirməyinizə baxmayaraq, Siz həmişə mənim nəzərimdə uşaqsınız. Müəllimlik borcum hələ ki, bitməyib. Tərbiyənizdən arxayın olsam da hansı vaxtda, hansı məkanda görüşsəm, Sizə deyiləsi sözüm olacaq... Axı, zaman dəyişir!...


-Siz Vətənin ən yüksək mükafatını aldınız. Bu fəxri ad dövlətimiz tərəfindən Sizin çoxilllik pedaqoji fəaliyyətinizlə bərabər şəxsiyyətinizə də verilən dəyərdir. Bu şad xəbəri eşidəndə hansı hissləri keçirdiniz?
-Düşünürəm ki, Vətənin bu yüksək mükafatı mənim həyatımın, fəaliyyətimin ən yüksək zirvəsidir. Bir təhsil işçisi kimi bu zirvəyə çatdığım üçün özümü xoşbəxt hiss edirəm. Onu da qeyd edim ki, mən 2015-2016-cı tədris ilində Təhsil Nazirliyinin-Azərbaycan Respublikasının “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə də təltif olunmuşam. Hesab edirəm ki, bu ali ad təkcə mənə deyil, bütün məktəb kollektivinin əməyinə verilən layiqli qiymətdir. Çünki mənim bu səviyyəyə gəlib çatmağımda 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, özünəməxsus mənəvi keyfiyyətləri, cəmiyyətdəki nüfuzu ilə sayılıb-seçilən, müdrik şəxsiyyət, Respublikanın “Əməkdar Müəllimi” Sara xanım Xanlarovanın, eləcə də çiyin-çiyinə çalışdığım pedaqoqların rolu danılmazdır. Onu da qeyd edim ki, bu təhsil ocağında olduqca sağlam pedaqoji mühit yaradılıb ki, biz müəllimlər də bu əlverişli şəraitdən səmərəli şəkildə istifadə edirik. Mən ilk sevincimi də elə Təhsil Kompleksinin rəhbəri ilə bölüşdüm. Az sonra müəllim yoldaşlarımın çoxlu sayda təbrik zəngləri gəldi. Fürsətdən istifadə edib mənə bu sevinci yaşadan möhtərəm Prezidentimiz İlham Əliyevə, Təhsil Nazirimiz hörmətli Mikayıl Cabbarova və eləcə də məktəbimizin direktoru Sara xanım Xanlarovaya dərin minnətdarlığımı bildirirəm.

-Deyildiyi kimi ən gözəl natiq məharətlə və ehtiyatla danışan natiqdir... Bu qabiliyyəti daim Sizdə hiss etmişik...
-Zənnimcə, istər natiqlik məharəti, istərsə də hər hansı bir istedad-ən əvvəl Tanrı bəxş edir bunları insana... Mən öz içərimdən gələn sözləri olduğu kimi- sadə və başa düşüləcək tərzdə söyləməyi xoşlayıram. Eləcə də incə, rəvan, rahat söhbət edənlərlə ünsiyyəti bəyənirəm. Ancaq hər kəsin məharət və istedadının üzə çıxmasında təmsil etdiyi nəslin, valideynlərinin, xüsusən də böyüdüyü mühitin rolu böyükdür. Yadımdadır... Uşaqikən valideynlərimiz bizdə ədəbiyyata hədsiz maraq oyadar, kitab oxumağı tövsiyyə edərdilər. Sonralar dərk etdikcə, anladıq ki, mütaliə ən qüdrətli idrak vasitəsidir. Kitablar dünyaya açılan pəncərədir. Və insanın kitab qədər əziz, natiq dostu yoxdur.

-Ürəyiniz Sizi müəllimliyə bağladı. Və tale Sizi beləcə... neçə illərdir ki, dərs dediyiniz məbədgaha gətirdi. Dediyiniz kimi, əsl müəllim kimi yetişməyinizdə bu təhsil ocağının rolu böyük olmuşdur...

-Mən əvvəl həkimliyi sevib-seçmişdim. Ancaq müəllim olmağıma heç vaxt peşman olmadım. Çünki müəllim cəmiyyətə ağıllı, bilikli, yararlı vətəndaşlar yetişdirir. Doğrudur. Tale mənə sevimli Bakımızın mərkəzində yerləşən, möhtəşəmliyi ilə hamının diqqətini çəkən bir elm ocağında işləməyi nəsib etdi. Ötən illər ərzində qədirbilən, fenomen insanlarla, təhsil fədailəri ilə çiyin-çiyinə işlədim, onların işığından bəhrələndim, mükəmməl olmağa çalışdım. Sevinirəm ki, ömür yolumda qazandıqlarım, itirdiklərimdən daha çox olmuşdur.

-Yeri gəlmişkən, istərdik ki, müəllimə həsr olunmuş bir bənd şeir söyləyəsiniz...

-Şair-publisist Cavad Cavadlı- “Göz nurunu alıb səndən” adlı şeirinin son bəndində müəllim əməyini belə tərənnüm edir:

Fərəhin ən yeni kəşflər, üsullar.
Əsil bir insan da onun barıdır.
Yerdən kainata uzanan yollar
Müəllim ömrünün cığırlarıdır.


...Müəllimlik müqəddəs peşədir, peşələrin ən alisi, ülvisidir. Bu müqəddəsliyin hər addımda mükəmməl daşıyıcısı və təmsilçisi olmaq böyük hünərdir... Bəli. Bizim həyat cığırımız məhz məktəbdən, müəllimdən başlayır.

-Fikrinizcə, bu gün müəllimlərinə bənzəmək istəyənlər çoxdurmu?
-Sinif daxili tədbirlərdə sənət seçimi haqqında danışarkən, şagirdlərimin arasında müəlliminə bənzəmək istəyənləri müşahidə etdikcə, kövrək hisslər keçirirəm... Sevinirəm ki, yetirmələrimin yaddaşında yaşayıram. İndi onlar öz övladlarını mənim sinfimə gətirirlər...

-Müasir müəllim necə olmalıdır?
-Müəllimlik nümunəvilik deməkdir. Müəllimlik ən ləyaqətli duyğuların daşıyıcısı olmaq deməkdir. Müasir müəllim əsasən təhsilin tələblərinə cavab verməyi bacarmalı, arxayınlaşmadan öz üzərində çalışmalı, keçmişə istinad edərək yeni bilikləri şagirdin təfəkkürünün inkişafına yönəltməklə dərslərdə düşündürücü tapşırıqlardan səmərəli şəkildə istifadə etməlidir. Müəllimin ustalığı ilə verilən tapşırığın cavabını şagird özü tapmalı və yaxud da nəticəyə özü gəlməlidir. Burda əsas məqsəd dərsin dərindən mənimsənilməsinə nail olmaqdır.

-Ömrün zirvəsində özünüzü necə hiss edirsiniz?
-Hamı kimi mən də bu zirvəyə asanlıqla gəlib çatmamışam. Sinifə daxil olarkən bütün qayğılarımı unuduram. Hər gün dərsdən sonra düşünürəm; bu gğn ºagirdlərimə nə üyrətdim, nəyi təkrar elətdim. Yaxög nəticə əldə etmək ğzğn iºimi baºqa necə qura bilərdim... Qeyd edim ki, öyrənmək, öyrətmək baxımından heç vaxt ruhdan düşməmişəm. Ürəyimdə ülvi bir sevgi olub həmişə. Hər gün Tanrının mənə bəxş etdiyi bu sevgidən doğan yaşamaq, öyrətmək eşqi sanki... ömür yoluma ələnib. Ay işığının bəyaz qarı, dan yerinin al səhəri kimi məni bu dövrün maarifçiləri sırasına çıxarıb.

-Deyirlər ki, insan yaşa dolduqca tənhalaşır... Bu ifadəyə münasibətinizi bilmək maraqlı olardı...
-Mən bu ifadəni qəbul etmirəm. Hər kəsin dəyəri onun Vətənə, torpağa bağlılığı, insanlara sevgisi ilə ölçülür. Həyatın, yaşamağın, işləməyin özü əsl sevgi deməkdir. Çünki sevgi insanda ikinci ruhdur. İnsan öz sevgisi ilə var olur. Əgər, insanın daxilində sevgi yoxdursa, onun yerini qorxu hissi və tənhalıq tutur. Gərək, biz ürəyimizi həyatsevərliklə, yaşamaq eşqi, inam hissi ilə dolduraq. Mən açılan hər səhərin insanlara sevgi gətirəcəyinə, uğur gətirəcəyinə həmişə inanmışam. Və bu gün də ikiqat inanıram.

-İnsanı tamamlayan, bütövləşdirən hansı dəyərlərdir?
-Ədaləti anlamaq, gözəlliyi duymaq, yaxşını arzu etmək- şüurlu həyatın məqsədi budur. Əgər, insan ədalətli, vicdanlı, dürüst olmasa çətin ki, bütövləşsin. Hər kəsi tamamlayan onun nəcibliyi və mənəvi zənginliyidir...

-Bu gün ən çox nələrin haqqında düşünürsünüz?
-Düşünürəm ki, nə vaxtsa, məktəblə vidalaşanda - həmkarlarımın yaddaşında hansı keyfiyyətlərimlə qalacağam. İstərdim ki, tanıyanların yaddaşında yaxşı müəllim və yaxşı insan kimi qalım...

-Deyildiyi kimi - həyat ötən günlər yox, yadda qalan günlərdir. “65 yaş” yaşanan bir ömürdür. Bu baxımdan, ömür payınızdan razı qalmısınızmı?
-Tanrının bəxş etdiyi ömür payımdan yetərincə razı qalmışam. İstədiklərimə nail ola bilmişəm. Bu gün paytaxtımızın hansı tərəfində oluramsa, ötən illərdə kiçik barmaqlarından tutub hərif yazdırdığım şagirdlərimlə qarşılaşıram. Müəllim üçün bundan böyük xoşbəxtlik olarmı?

-“Yubiley” sevincinizi kimlərlə bölüşdünüz? Ümumiyyətlə, bayramları, əlamətdar günləri qeyd etməyi xoşlayırsınızmı? Bu zaman onlar Sizi əhatəsinə alır, və yaxud da iç dünyanıza qapadır?
-Çox xoşlayıram bayramları da, onları qeyd etməyi də. Qapanmağı isə yox, heç sevmirəm. Məni yaşadan, sevindirən səmimi ünsiyyətdir. Doğrudur müəyyən məqamlarda bir balaca sakitlik istədiyim anlarda olur. Ancaq mənə yalnız səmimiyyət, ünsiyyət kömək edir. “Yubiley” sevincimə gəldikdə isə... Bu sevincimi öz ailəmlə, dostlarıma, iş yoldaşlarımla, bir sözlə sevdiklərimklə birlikdə bölüşdüm...

-Dostlarınız çoxdurmu? Onları dar gündə tanımısınız, ya yaxşı gündə?
-Dostlarım çox deyil, ancaq var. Həm də elə dostlarım var ki, ola bilsin mən onlarla tez-tez görüşməyim. Ancaq buna baxmayaraq biz biri-birimizin ürəyimizdəyik. Ümumiyyətlə, qeyd etdiyim kimi, mən sağlam ünsiyyəti çox xoşlayıram. Həm də tanınmış yox, sadə insanlarla olan ünsiyyəti. Özüm rayon əhliyəm. böyüdüyüm, boya-başa çatdığım o yurd, o isti ocaq ki, var... məni daim özünə çəkir. Mənə elə gəlir ki, elə Vətən də hər kəsin pərvazlanlığı o məkandan, o yerdən başlayır. Sonradan insanın varlığında bütöv bir Azərbaycan adlı Vətən sevgisi cəmləşir. Hərdən məndən soruşurlar ki, qarabağlısan? Deyirəm ki, bəli. Mən həm qarabağlıyam, həm şəkiliyəm, həm şirvanlıyam, həm də muğanlı. Fərqi yoxdur, mən azərbaycanlıyam... Çox istəyirəm ki, göz açdığım bölgəyə, kəndlərimizə gedim, kənd adamları ilə bir süfrə başında əyləşim. Qohumlarla, xoş simalı insanlarla söhbətləşim, ruhum, bir qədərdə təzələnsin... Milli bayramlarımızda xüsusi ilə bu istəyimə nail olmağa çalışıram.

-Nədənsə narazısınızmı?
-Heç nədən narazı deyiləm. Hər bir şey Allahın, taleyin hökmündə ikən nədən narazı olmalıyam ki?.. Yaxşı bir məsəl var ki, hər qaranlıq gecənin bir işıqlı səhəri var. Ümid həmişə gələcəyədir.

-Bəs nəyə arxayınsınız, arxalanırsınız?
-Gücümə, mənəvi keyfiyyətlərimə, övladlarıma, yetirmələrimin sevgisinə. Əgər mənim haqqımda yaxşı düşünüb, danışan varsa, bu məni neçə sevindirməyə, arxayın etmiyə bilər? Elə bu sevgiyə də həm arxalanıram, həm də arxayın oluram.

-Daha çox gələcəklə yaşayırsınız, ya müasir zamanla? Planlaşdırmağın tərəfdarısınızmı?
-Mən özüm intizamın, qayda-qanunun tərəfdarıyam. Və Allaha bağlı bir insan kimi planlaşdırmağın elə də tərəfdarı deyiləm. Peyğəmbərimizin bir hədisində deyildiyi kimi, gərək “inşallah” və “maşallah” sözləri insanların dilindən qətiyən düşməsin. Hər şeyin mütləq olaraq lazımlısını, zamanını, məkanını bilən Allahdır. Biz isə yalnız dediyim qayda-qanun məsələsinə əsasən, özümüzə hər hansı bir rejm qura bilərik. Çünki biz və bizi əhatə edən hər bir şey yalnız Allahın himayəsindədir. Və yenə də hökm onun hökmüdür, fərman onun fərmanıdır.

-Nəyə görə yaşamağa dəyər?
-Həyat gözəldir. Arzular biri-birini əvəz etdikcə, həyatın gözəlliklərini duymağa, bu bənzərsizlikdən zövq almağa və yaşamağa dəyər. Arzular da ki... sonsuzdur.

-Şərəfli ömür yolunuzda müvəffəq ola bilmədikləriniz nələrdir?
-Mənim həyat prinsipim belədir; şikayətlənməmək, şükranlı olmaq, istədiklərimə öz gücümlə, bacarığımla nail olmağa çalışmaq. Deyərdim ki, ömür yolumda müvəffəq ola bilmədiklərim yoxdur.

-Bu yazının sonluğu üçün arzu və diləkləriniz...
-Hamı kimi mən də Vətənimi, torpağımı, millətimi çox sevirəm. Hər kəsin uğurlarına sevinirəm. Məmləkətimin, insanların firavanlığını, xoşbəxtliyini istəyirəm. Tanrıdan Qarabağımızın azadlığını diləyirəm. Ermənistan - Azərbaycan münaqişəsində Tanrı bizim haqqımızı bərpa etsin deyirəm.
... O, ömrünü adı kimi Məlahətli, Şərafətli, ləyaqətli yaşayıb və bu gün də belə yaşayır...

-Biz də “Elm və Təhsil” qəzeti olaraq, öz növbəmizdə Məlahət Şirinlini həm fəxri ad alması, həm də “Yubileyi” münasibəti ilə ürəkdən təbrik edir, Azərbaycan təhsilinin inkişafı yolundakı yorulmaz fəaliyyətində daha böyük uğurlar arzulayırıq. Tanrıdan ona ən gözəl günləri və yadda qalan xatirələri diləyirik.

Xanım Bilalqızı.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: