Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 23 aylıq bir müddətdə hökumət tərəfindən görülən işlər, yaradılan nazirlik və müəyyən qurumlar böyük önəm kəsb edib. Azərbaycan Xalq Cümhuriyyəti ilk qərarlarından biri Xalq Maarifi Nazirliyinin yaradılması haqqındadır: Cümhuriyyəti dövründə ölkənin təhsil və mədəni-maarif müəssisələri şəbəkəsinin fəaliyyətinə rəhbərlik edən dövlət orqanı idi. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının tapsırığı ilə Fətəli xan Xoyskinin yaratdığı Müvəqqəti Hökumət kabinəsi tərəfindən təsis edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1-3-cü kabinələrində maarif naziri Nəsib bəy Yusifbəyli idi. N.Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumət kabinəsində bu vəzifəyə Rəşid bəy Qaplanov, 5-ci Hökumət kabinəsində isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra isə Nurməmməd bəy Şahsuvarov təyin olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən xalqın maarifləndirilməsinə birinci dərəcəli əhəmiyyət verirdi.
XMN öz fəaliyyətinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövrdə xalq maarifinin vəziyyətinin öyrənilməsi və bu sahədə həyata keçiriləcək vəzifələrin müəyyənləşdirilməsi ilə başladı. Nazirlik xalq təhsilini sürətlə inkişaf etdirmək məqsədilə islahatlar keçirmək üçün qısa müddət ərzində təkliflər hazırlayıb Hökumətə təqdim edir. Xalq məktəbləri və tədris dairələrinin direktoru vəzifələri ləğv olunaraq, məktəb və təhsil işinin idarəolunması XMN-nin və xalq məktəbləri təlimatçılarının sərəncamına verilir.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra - iyunun 30-da Hökumətin qərarı ilə XMN-nə nazirliyin ştat cədvəlini müəyyənləşdirmək və Əsasnaməsini hazırlayıb Hökumətə təqdim etmək tapşırıldı. 1918-ci il avqustun 2-də xalq maarifi naziri tərəfindən hazırlanmış Əsasnamə baxılmaq və təsdiq üçün Hökumətə təqdim olundu.
Əsasnaməyə görə, XMN-nin ştatı nazirdən, nazir müavinindən, naziryanı şuradan, məktəbləri idarə etmək üçün ali və orta təhsil, ixtisas təhsili sahələri üzrə üç şöbədən ibarət təsdiq olundu.
Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri də Hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi idi. Azərbaycan Hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanması, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi oldu.
Azərbaycan Cümhuriyyəti Hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli, ali, ibtidai və orta tədris müəssisələrində isə dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan dilini bilməyən şagirdlər üçün 3-cü və 4-cü siniflərdə Azərbaycan dili şöbələri açılmalı və burada Azərbaycan dili elə intensiv tədris olunmalı idi ki, iki ildən sonra həmin şagirdlər artıq bu dildə təhsillərini davam etdirə bilsinlər.
Xalq maarifi naziri N.Yusifbəyli 1918-ci il dekabrın 31-də Azərbaycan qubernatorlarına göndərdiyi məktubda göstərirdi ki, Azərbaycan Xalq Cümhuriyyətində maarif sahəsində qarşıda çox böyük və çətin vəzifələr durur. Nazirlik yeni məktəblər, müəllim kursları açmaqla, təhsil sahəsində ölkəni mümkün qədər qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün bütün qüvvələri səfərbərliyə aldı. Məktubda qeyd edilirdi ki, indiki zamanda yalnız yüksək maarifə malik olan xalq tərəqqi edə bilər.
Cümhuriyyət Hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi.
Müəllimlər seminariyaları istisna olmaqla, 1919 və 1920-ci tədris ilində Azərbaycanın orta məktəblərində 9611 şagird təhsil alırdı ki, onların da 3115 nəfəri azərbaycanlı idi. Xalq təhsilini milli zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrlarına və dərs vəsaitlərinə böyük ehtiyac var idi. O dövrdə Azərbaycanda mövcud müəllim kadrları və dərs vəsaiti heç də kifayət qədər deyildi. Vəziyyətdən başlıca çıxış yolu Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaitləri gətirmək, habelə qısamüddətli kurslarda Azərbaycan dilini bilən savadlı şəxslərdən müəllim kadrları hazırlamaq idi. XMN məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədilə xüsusi komissiya yaratmışdı. Həmin komissiyanın fəaliyyətinə o dövrün görkəmli pedaqoqları Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə və b. cəlb edilmişdilər.
1919-cu il sentyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə xalq məktəbləri üçün Türkiyədən dərs kitabları almaq məqsədilə Xalq Maarifi Nazirliyinə bir milyon manat vəsait ayrılmışdı.
Azərbaycan Cümhuriyyəti Hökumətinin və Xalq Maarifı Nazirliyinin təhsil sahəsində qarşısında duran ən ümdə vəzifələrdən biri də ölkədə ali təhsilin təşkili və ali təhsilli kadrların hazırlanması idi. Cümhuriyyət Hökumətinin fəaliyyət göstərdiyi qısa müddətdə Azərbaycanda üç ali təhsil ocağının - Bakı Dövlət Universitetinin, Əkinçilik İnstitutunun və Dövlət Konservatoriyasının təsis edilməsi barədə məsələ qaldırılmışdı. Onlardan yalnız birini - Bakı Dövlət Universitetinin açılmasını reallaşdırmaq mümkün oldu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də “Bakı Dövlət Universitetinin təsisi haqqında” qanun qəbul etdi. 1919-cu il noyabrın 15-də Bakı Dövlət Universitetinin auditoriyalarında ilk mühazirələr oxundu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarı əsasında XMN-nin xətti ilə 100 nəfər azərbaycanlı gənc dövlət hesabına xarici ölkələrin ali məktəblərində təhsil almağa göndərildi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin xalq maarifi sahəsində həyata keçirdiyi mühüm tədbirlərdən biri də ibtidai təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi idi. Təkcə 1919-cu ildə Azərbaycanda dövlət hesabına 15 ali ibtidai məktəb fəaliyyət göstərirdi. Cümhuriyyət Hökumətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də yaşlıların savadlandırılması idi. Bu məqsədlə 1919-cu il sentyabrın 15-dən Bakı, Gəncə, Şuşa, Nuxa (Şəki), Zaqatala və Qazaxda yaşlılar üçün Azərbaycan dilini öyrədən xüsusi kurslar, 1919-cu ilin noyabrından isə Bakıda azərbaycanlı fəhlələr üçün texniki axşam kursları açıldı. Bu kurslarda 200 nəfərə yaxın azərbaycanlı fəhlə peşə təhsilini artırırdı. Xalq Maarifi Nazirliyi bu kursların işinə yaxından kömək göstərirdi. Azərbaycan Cümhuriyyəti Xalq Maarifi Nazirliyi ölkədə maarifin inkişafi üçün geniş tədbirlər planı hazırlamış, həmin plan Azərbaycan Hökuməti tərəfindən bəyənilmiş və onun həyata keçirilməsinə razılıq verilmişdi. Lakin aprel işğalı (1920) bu planların gerçəkləşdirilməsini yarımçıq qoydu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin cəmi 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində həyata keçirdiyi tədbirlər sonralar Azərbaycanda xalq maarifinin təşkili və inkişafına mühüm kömək göstərdi.
QEYD: Məqalənin hazırlanmasında “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”ndan və Əzizə Nəzərlinin “Azərbaycan Respublikasında xalq təhsili (1918-1920)” monoqrafiyasının materiallarından istifadə edilib.
Ceyhun AĞABƏYOV,
28. 04.2018
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.