İstedadlı şagirdlərimiz

İstedadlı şagirdlərimiz
“Həyatın mənası
çox və yaxud
az yaşamaqdan
ibarət deyil.
Onun əsas mənası
bu həyatda
öz yerini tapmaq,
öz mövqeyini
müəyyən etmək,
bacarıq göstərmək və
başqaları üçün
nümunə olmaqdır.

Heydər ƏLİYEV



İstedadlı şagirdlərimiz1. Adın daim zirvələrdə yazılsın, Səftər!

Hər işi öz ağlının təsdiqi ilə gör.
A.Bakıxanov


Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır!
Şam əgər yanmırsa yaşamır demək,
Onun yaşamağı yanmasındadır!


Bu dəfəki qəhrəmanımz həyata ümumi baxışını məhz böyük şairimiz Bəxtiyar Vahabzadənin bu misraları ilə ifadə edən Səftərdir.
Səftər Ceyhun oğlu Məmmədzadə 2002-ci il iyunun 4-də Salyan rayonunda ziyalı ailəsində dünyaya göz açmışdır. Hazırda o, Bakı şəhəri şəhid Azər Məmmədovun adını daşıyan 115 nömrəli tam orta məktəbin XI sinfində təhsil alır. Əla və yaxşı qiymətlərlə oxuyur. Nizam-intizama düzgün riayət etməsiylə, dərslərinə məsuliyyətlə yanaşmasıyla müəllim və şagird kollektivinin dərin rəğbətini qazanan Səftər haqqında məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, eləcə də, Azərbaycan dili və ədəbiyyat metodbirləşməsinin sədri Nəzakət xanım Cəfərova belə bəhs etdi: “Səftər məktəbimizin sevimli şagirdlərindən biridir. O, çox məqsədyönlü, ağıllı qətiyyətli və yüksək intellektual səviyyəli bir gəncdir. Dərslərinə həmişə diqqətlidir. Onun nümunəvi davranış tərzini yüksək qiymətləndiririk. Səftər məktəbin ictimai həyatında, eləcə də, rayon miqyasında keçirilən bütün tədbirlərdə yüksək fəallıq göstərir. O, incə hisslərə, həssas qəlbə malik bir oğlandır. Musiqiyə olan marağı onu erkən yaşlarından skripkada ifa etməyə sövq etmişdir. Deyərdik ki, Səftərin skripkanın ecazkar simlərinin təsiriylə qəlblərə yol tapması, həzin hisslərə qapılması ən sevimli məşğuliyyətidir. Onun parlaq gələcəyinə ümidlərimiz böyükdür”.
Qeyd edək ki, Səftərin nümunəvi şagird səviyyəsinə çatmasında, əsl vətəndaş kimi formalaşmasında bir müəllim kimi Nəzakət Cəfərovanın da əməyi böyük olmuşdur.
Müəllimin qeyd etdiyi kimi, Səftər rayon və şəhər üzrə keçirilən tədbirlərdə, müxtəlif müsabiqələrdə iştirak edərək, fəxri fərmanla mükafatlandırılmışdır. Həmçinin, bədii qiraət üzrə müsabiqələrdə uğurlu iştirakına görə diplom və sertifikata layiq görülmüşdür.
Qəhrəmanımız Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin nəzdindəki Mədəniyyət Mərkəzində artıq 10 ildir ki, skripka üzrə musiqi təhsili alır. O, 2017-ci ildə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Lənkaranda keçirilən “Nə, harada, nə zaman?” adlı tədbirin fəallarından biri kimi sertifikat alımışdır.
2016-cı ildə Polşada keçirilən 12-ci Beynəlxalq Musiqi Festivalının laureatı kimi Robert Komasz Zeba tərəfindən I dərəcəli diploma layiq görülmüşdür.
2016-cı ildə “Kimdir Azərbaycan qadını” layihəsi əsasında keçirilən “Bəşərin ədəbi tacıdır Ana” adlı ədəbi-bədii gecədə fərqləndiyinə görə məktəbin direktoru tərəfindən I yerə layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Cümhuriyyətin işığı ilə” adlı ədəbi-bədii gecədə, eləcə də Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı VIII yaradıcılıq festivalında yüksək fəallıq göstərdiyinə görə Binəqədi rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.
Səftər 2018-ci ildə - 20 Yanvar, 31 Mart Azərbaycanlıların Soyqrımı, 9 noyabr Bayraq Günü və Müstəqillik Günü ilə əlaqədar məktəbdə və rayonda keçirilən tədbirlərdə nümunıvi çıxışlarına görə fəxri fərman və diplom almışdır. O, təhsil aldığı məktəbin direktoru Məsud Babayevi bir şxsiyyət kimi həyatda özünün idealı sayır. Onun səriştəli bir rəhbər kimi şagirdlərin yüksək biliklərə yiyələnmələri naminə məktəbdə hər cür şərait yaratmasından razı qaldığını bildirir.
Səftər gələcəkdə Vətənə, Millətə layiqli bir övlad olmaq, xeyirxah əməlləri ilə cəmiyyətə fayda vermək arzusu ilə oxuyur, öyrənir. Düşünür ki, həyatda özünə layiqli mövqe tutmaqla, ailəsinin adını ucalda bilər, əsl vətəndaş adını doğrulda bilər. Bu onun üçün həyatda qazana biləcəyi ən böyük xoşbəxtlikdir.
O, xoşbəxtliyini orta məktəbi müvəffəqiyyətlə bitirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmaqda görür. Arzuları böyük və rəngarəng olan qəhrəmanımızın əsas mövqeyi gələcəkdə - çalğı alətləri arasında – tar, skripka və piano üzrə tanınmış musiqiçilərdən biri kimi yetişməkdir. Eləcə də, qazandğı uğurlarına görə hər zaman üzərində əvəzsiz əməyi olmuş müəllimlərinin, atası Ceyhun bəyin və anası Şaxanımın fəxarətinə çevrilməkdir.

Biz də redaksiyamız adından Səftərə həyatda uğur qazanacağı bütün arzularına çatmağı və tanınmış musiqiçi kimi ad-san sahibi olmağı arzu edirik.
Tanrı daim yardımçın olsun! - deyirik!



İstedadlı şagirdlərimiz 2. Böyük uğurlar arzusunda

Rəssam həqiqəti gözəlliklə uyğunlaşdırmalıdır.
L.Feyxtvanker


Vətənə, Torpağa, ailəsinə sevinc bəxş edən gənclərimizin səsi-sorağı yüksəklərdən gələndə hamımızda onlara qarşı fərəh hissi oyanır. Onların uğuruna yaxınları, doğmaları ilə birgə, bizlər də sevinirik. Bu yetişən gənclər bizim fəxrimiz, dayağımızdır.
Lalə həyata baxışlarını, duyğu və arzularını əsasən çəkdiyi rəsmlər vasitəsilə təsvir edir.
Lalə Mikayıl qızı Şirinzadə 2002-ci il martın 28-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Hazırda o, Bakıdakı 115 nömrəli tam orta məktəbin IX sinfində təhsil alır. Dərslərini bacardıqca yaxşı oxumağa çalışır. Sinif rəhbəri Nəzakət xanım Cəfərova Lalənin fərdi bacarıq və qabiliyyətinə yaxından bələddir: “Lalə tez qavrayan dərslərinə qarşı məsuliyyətli, hazırcavab, nizam-intizamlı və xoşxasiyyət bir qızdır. Özünə qarşı tələbkardır, çalışqandır. Məktəbdə və rayon üzrə keçirilən tədbirlərdə fəaldır. Sevimli şagirdimin uğurlu gələcəyinə inamım böyükdür”.
O, çəkdiyi rəsmlərə rənglərlə yanaşı, ürəyinin hərarətini və düşüncələrini də köçürür. Diqqət yetirdikcə, rəsmlərdən hiss olunur ki, Lalə həssas qəlbə, yüksək intellektə malik qızdırdır. Rəssam üçün bu duyğular böyük şərtdir.
Qeyd etdiyimiz kimi məktəbli qız təhsildən əlavə rəsmlə məşğul olur. Dərsdənkənar vaxtlarında rəssamlıq üzrə hazırlıq kursuna gedir. 2018-ci ilin dekabr ayında təhsil aldığı məktəbdə rəsmlərinin sərgisi keçirilmişdir.
Ən ümdə məqsədi isə gələcəkdə tanınmış rəssam olmaqdır. O, Azərbaycanın ilk qadın rəssamı Maral Rəhmanzadənin rəsmlərini yüksək dəyərləndirir və onun layiqli davamçılarından biri olmağı, və bu baxımdan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rəssamlıq üzrə ali təhsil almağı arzulayır.
Gözəl əl qabiliyyətinə malik olan, çəkdiyi rəsmlərlə ətrafındakıları heyrətləndirməyi bacaran məktəbli qızımız, gələcəkdə ikinci ali təhsil almaq, dövlət quluğunda və hərbi sahədə çalışmağı da arzulayır.
Valideynləri ona böyük dəstək olurlar. Arzularına qarşı çıxmırlar. O, dərsdənkənar vaxtlarında bədii kitab oxuyur, rəsmlər çəkir və ali məktəbə hazırlaşır.
Lalə qeyd edir ki, şagirdlərin yüksək bilik toplaması müəllimlərdən asılı olduğu qədər, təhsil aldığı məktəbin rəhbərliyindən də asılıdır. Bu baxımdan o, sinif rəhbəri Nəzakət xanım Cəfərovaya və məktəbin direktoru Məsud Babayevə rəğbətini bildirir: “Məsud müəllimin 3 illik rəhbərliyi dövründə məktəbimizdə istər dərslərin keyfiyyətində, istərsə də şagirdlərin nizam-intizamında köklü dönüş yarandı. Direktorumuz bizi hər an diqqətlə dinləyir, səhv hərəkətlərdən çəkindirir, ibrətamiz söhbətləri ilə hamımızı düzgün istiqamətə yönəldir. Biz Məsud müəllimdən qorxmuruq, lakin ona bir şəxsiyyət kimi böyük hörmət bəsləyirik, verdiyi nəsihətlərindən düzgün nəticə çıxarmağa çalışırıq. Şagirdlərlə belə sağlam münasibəti, səmimiyyəti o, özü yaradıbdır. Biz bugünkü uğurlarımıza görə sevimli müəllimlərimizə, əsasən də məktəbimizin direktoru Məsud Babayevə borcluyuq.
Lalə məktəbdə və rayon miqyasında keçirilən tədbirlərdə, bir çox sınaqlarda iştirak edərək biliyi sayəsində uğurlu nəticələr əldə etmişdir.
O, 2009-cu ildə “Uşaq ili” ilə bağlı keçirilən “İlin intellektuaı şagirdi” müsabiqəsində II yer tutduğuna görə, 2015-ci ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və bir də Səməd bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş “Bilik yarışmasında” I yeri tutduğuna görə, 2016-ci ildə “6-16” özfəaliyyət yarışı müsabiqəsində fəallıq göstərdiyinə görə, 2016-cı ildə “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” adlı tədbirdə fəal iştirakına görə, 2016-ci ildə “Ana dilimizi sevək, sevdirək” adlı ədəbi-bədii gecədə fəallğına görə, 2018-ci ildə. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqilliymiz ədəbidir” adlı inşa yazı müsabiqəsənində II yeri tutduğuna gərə, 2016-cı ildə “Multikultiralizm ili” çərçivəsində “Multikultiral dəyərlərimizi qoruyuq” adlı ədəbi-bədii gecədə və bu kimi digər tədbirlərdə fəal iştirakına görə - Binəqədi rayon İcra Başçısının və eləcə də təhsil aldığı məktəbin direktoru tərəfindən fəxri fərman, tərifnamə, təşəkkürnamə, diplom və sertifikat almışdır.
Biz də redaksiyamız adından Laləyə gələcəkdə arzuladığı zirvəyə çatmağı, faydalı işləri, əməlləri ilə daim Vətəninə, Millətinə baş ucalığı gətirməyi arzulayırıq.

İstedadlı şagirdlərimiz3. Xalqımıza həkim-cərrah kimi xidmət etmək istəyirəm

Müvəffəqiyyət - eldə edilmiş kamillikdir, kamillik isə asanlıqla qazanılmır.
Ü.Hacıbəyov


Haqqında söz açdığımız növbəti məktəblimiz öz biliyi, bacarığı və bir çox sahədəki istedadı ilə müəllimlərinin, valideynlərinin sevimlisi olan Fəridə qızımızdır.
Fəridə Elmir qızı Qasımova 2006-cı il, avqustun 19-da Bakı şəhərində dünyaya gəlib. Hazırda Bakı şəhərindəki 115 nömrəli tam məktəbin VII sinfində təhsil alır. Dərs əlaçısıdır.
O, ziyalı ailədə böyüyür. Atası Elmir bəy ixtisasca texnoloq-mühəndisdir. Anası Vəsilə xanım isə Azərbaycan Neft və Sənaye Universitetinin nəzdindəki Bakı Neft Energetika Kollecinin müəllimidir.
İnsanın həyatda nümunə seçdiyi şəxsiyyətlər olur. Bu onun valideynləri, müəllimləri yaxud da, öz xidmətləri, əməlləri ilə tanınmış, cəmiyyətə dəyərli insanlar ola bilər. Fəridənin həyatındakı idealı valideynləridir.
Onun özündən kiçik qardaşı Mətin də bu məktəbdə IV sinifdə təhsil alır. Ailənin son beşiyi Xanımın isə hələ 2 yaşı var.
Məktəbin Azərbaycan dili və ədəbiyyat metodbirləşməsinin sədri Nəzakət xanım Cəfərova Fəridəni çalışqan şagirdlərdən biri hesab edir: “Fəridə bütün dərslərə məsuliyyətlə yanaşır. Verilən tapşırıqları mükəmməl yerinə yetirir. Ağıllı, dərrakəli, həssas, prinsipial, hazırcavab, qeyri-adi keyfiyyətlərə malik bir qızdır. Məktəbin ictimai həyatında, keçirilən tədbirlərdə fəaldır. Yoldaşlarına qarşı səmimidir. Ona həvalə olunan hər bir tapşırığı dəqiqliklə və yüksək səviyyədə yerinə yetirməsi özünə qarşı tələbkarlığının bariz nümunəsidir. Onun parlaq gələcəyinə inamım böyükdür”.
Fəridə 4 il rəqs dərnəyinə gedərək, milli rəqslərimizin incəliklərini öyrənib. O, dərslərindən əlavə bədii kitav oxuyur, riyazi məsələ-misal həll edir, şahmat oynamaqla məşğul olur. 2014-cü ildən bu günədək Bakının Nəsimi rayonundakı 4 nömrəli Şahmat və İdman məktəbində dərs keçir. Sərbəst şəkildə şahmat oynayır.
İstedadlı şagirdlərimizBacarığını layiqincə nümayiş etdirən Fəridə 2016-cı ildə - yaşıdları arasında fərqləndiyinə görə “Heydərçi Gənclər” sıralarına daxil olaraq – Heydərçi Gənclər Təşkilatı tərəfindən fəxri diplom alıb. Eyni zamanda o, 2016-2017-ci tədris ilini müvəffəqiyyətlə bitirdiyinə, 2016-cı ildə 20 Yanvar faciəsinə həsr olunmuş “Şəhidlər unudulmur” adlı tədbirdəki fəallığına görə, 2018-ci ildə “Ana dilim şirindir” adlı inşa yazı müsabiqəsində III yeri tutduğuna, 2018-ci ildə “Yaddaşlarda əbədi həkk oldu şanlı tarix” adlı ədəbi-bədii kompozisiyada fəallığına görə, 2017-ci ildə “Kimdir Azərbaycan qadını” layihəsi əsasında hazırlanan “Bəşərin əbədi tacıdır Ana” adlı ədəbi-bədii gecədə və digər belə tədbirlərdə yüksək fəallıq göstərdiyinə görə təhsil aldığı məktəbin rəhbərliyi və eləcə də, Binəqədi rayonu İcra Başçısı tərəfindən fəxri fərman, tərifnamə, təşəkkürnamə və diplom alıbdır.
Fəridə gələcəkdə həkim-cərrah peşəsinə yiyələnmək istəyir. Əsasən də beyin cərrahiyyəsi ilə məşğul olmaq arzusundadır. Axı, həkimlər sağlamlığın keşiyində duran insanlardır. Bu səbəbdən də o, gələcəkdə dərin biliyi sayəsində tanınmış, eyni zamanda işində müvəffəqiyyətlər qazanmış dünya şöhrətli cərrah olmaq niyyətindədir. Elə buna görə də məktəbi əla qiymətlərlə bitirmək istəyir.
Xoşbəxtliyi sadə, xeyirxah insan olmaqda, ətrafdakılar tərəfindən sevilməkdə, nümunəvi bir şəxsiyyət olmaqda görür Fəridə.
Biz də öz növbəmizdə Tanrıdan Fəridənin arzularına yetişməsini diləyirik!

İstedadlı şagirdlərimiz4. Parlaq amal uğurunda

Elm və bilik qaynar bulaq, tükənməz bir xəzinədir.
S.Şirazi


Artıq XXI əsrdə yaşayırıq. Dünyada hər şey dəyişir, inkişaf edir. Bu quruculuq, bu inkişaf həyatımıza əlvan çalarlar gətirir. Həyat eşqimiz, qurub-yaratmaq istəyimiz artır, günü-gündən gözəllikdən zövq alırıq. Şübhəsiz ki, biz belə yüksək zövqlə, əhval-ruhiyyə ilə, xüsusən milli musiqimizi, xalq mahnılarımızı, muğamlarımızı dinləməyi daha çox sevirik, mənəvi cəhətdən saflaşırıq, ruhən təzələnirik.
Haqqında söz açdığımız qəhrəmanımızın da milli musiqi xəzinəmizin incilərinə məhəbbəti böyükdür.

Aydan Şahlar qızı Ağalarova 2005-ci il iyunun 16-da Bakı şəhərində zəhmətkeş bir ailədə dünyaya gəlib. Hazırda o, Bakıdakı 115 nömrəli tam orta məktəbin VIII sinfində, rus bölməsində təhsil alır. Onun özündən böyük qardaşı Röyal Azərbaycan Universitetinin I kurs tələbəsidir.
Aydan dərslərindən əla və yaxşı qiymətlər alır. Tarix, biologiya, rus və ingilis dillərini daha dərindən öyrənməyə çalışır. Məktəbin Azərbaycan dili və Ədəbiyyat metodbirləşməsinin sədri Nəzakət xanım Cəfərova Aydanın təhsildə qazandığı uğurlarını belə izah edir: “Aydan oxuduğu müddət ərzində özünü çalışqan, bacarıqlı və nizam-intizamlı bir şagird kimi tanıtmışdır. Yoldaşları ilə mehriban münasibəti diqqətəlayiqdir. Məktəbimizin ictimai həyatında, eləcə də rayon və şəhərdə keçirilən tədbirlərdə yüksək fəallıq göstərir. Yaxşı səsi olduğuna görə xalq mahnılarımızı, muğamlarımızı məharətlə ifa edir. Olduqca məsuliyyətli, iradəli və məqsədyönlü qızdır.
Biz inanırıq ki, Aydan gələcəkdə Vətənimiz, Millətimiz üçün ən layiqli övladlardan biri olacaqdır”.
Aydanın həyatında musiqinin, incəsənətin yeri başqadır. O, 5 il Bakıdakı Füzuli Musiqi Məktəbində Bayram müəllimin sinfində muğam dərsi alıb.
Onun ən böyük istəyi orta təhsilini uğurla başa vurub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmaqdır. Digər arzusu isə tanınmış muğam ifaçısı olmaq və bir də, televiziyada aparıcılıq etməkdir.
Yeri gəlmişkən qeyd edək ki, Aydan 2016-cı ildə “İdeal Vətəndaş” qəzetinin Respublikadakı məktəblərin şagirdlərinin arasında keçirdiyi “İstedad və bilik” sorğusuna əsasən “İlin ən yaxşı şagirdi” adına layiq görülmüş, fəxri fərman almışdır. 2018-ci ildə “Cümhuriyyətin işığı ilə 100 il” adlı ədəbi-bədii gecədə fəallığına görə, 2018-ci ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan Səninlədir, Sənsiz deyil!” adlı VIII yaradıcılıq fəstivalındakı iştirakına görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən, 2017-ci ildə VI yaradıcılıq festivalının laureatı aldığına görə, eləcə də 2017-ci ildə Azərbaycan Respublikasında “İslam Həmrəliyi İli” çərçivəsində keçirilən Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğinə həsr olunmuş VII yaradıcılıq festivalında iştirakına və bu kimi digər tədbirlərdəki fəallığına görə fəxri fərman, tərifnamə və diplom almışdır.

Biz də redaksiyamız adından Aydana, həyatda və təhsildə bol-bol uğurlar və bir də arzuladığı kimi, gələcəkdə ən yaxşı muğam ustası adını qazanmağı arzulayırıq!

İstedadlı şagirdlərimiz 5. Bayrağımızı dalğalandırmaq arzusu ilə

Zəhmətlə açırsan bağlı tilsimi,
Açdın, xəzinə çıxar, aydın gül kimi.

Nizami Gəncəvi


Sağlamlığı insan xoşbəxtliyinin təməli hesab edən Ramin sağlam bədəndə sağlam ruh olar prinsipi ilə yaşayır. Və bir də, “Sağlamlıq var-dövlətdən qiymətlidir” hikmətli kəlamı həmişə yaddaşında saxlayır.
Düşünür ki, insan çalışmadan, əziyyət çəkmədən arzu etdiyi məqsədinə, niyyətinə çata bilməz.

Ramin Seymur oğlu Cəfərov 2004-cu il martın 9-da Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Hazırda o, Bakıdakı 316 nömrəli tam orta məktəbin IX sinfində təhsil alır.
Məktəbdə tədris olunan bütün dərsləri əla və yaxşı qiymətlərlə oxuyan Raminin ən sevimli fənni idmandır. Çünki o, gələcəkdə Azərbaycanın bayrağını xarici dövlətlərdə keçiriləcək yarışlarda layiqincə təmsil edə bilən, qürur hissi ilə başının üstünə qaldıra bilən adlı-sanlı idmançı olmaq arzusundadır. O, daim öz üzərində çalışır, zəhmət çəkir. Bu müqəddəs məqsədinə, məramına doğru irəliləyir.
Ramin çox ağıllı, məsuliyyətli, nizam-intizamlı və hazırcavabdır. Dərin düşüncəlidir. İdmanı çox sevir. Əlavə məşqlərə gedərək gün rejimini səmərəli keçirir. İnanırıq ki, o, davamlı nailiyyətləri ilə Vətəninin layiqli övladı olacaqdır.
O, təhsildən əlavə vaxtlarını əsasən idmanla məşğul olur. Təhsildə və idmanda olduqca uğurlu olan istedadlı şagirdimiz sevdiyi sahədə diplomla təltif olunmuşdur.
2015-ci ildə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Alpaqut” döyüş növləri üzrə turnirdə 11-15 yaş qrupunda I yerə layiq görüldüyünə görə diplomla, Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyi tərəfindən 2-ci açıq Azərbaycan birinciliyində I yer tutduğuna görə diplom, Milli Bayraq Gününə həsr olunmuş turnirdə Alpaqut Turan Döyüş sənətinin Butik sistemi üzrə 10-11 yaş, 30 kq çəki dərəcəsində I yer tutduğuna görə diplom, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Alpaqut Turan Döyüşünün açıq turnirində I yer tutduğuna görə diplom, Alpaqut Turan Döyüş sistemləri üzrə açıq festivalda 10-12 yaş arasında I yer tutduğuna görə diplom, Alpaqut Turan Döyüş sənəti üzrə III Azərbaycan Kubokunda Bakı sistemində I yer tutduğuna görə diplom, 2016-cı ildə 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə və idmanda qazandığı yüksək nailliyyətlərə görə fəxri fərman, 2018-ci ildə Alpaqut Turan Döyüş sənəti üzrə III Azərbaycan kubokunda I yer tutduğuna görə diplom almışdır. Və eləcə də, Alpaqut Turan Döyüş sənəti üzrə 2 qat Bakı, 4 qat Azərbaycan, 3 qat Respublika, 1 qat Qafqaz, 2 qat Avrasiya, 2 qat Şəmkir, 1 qat Ağdam, Dünya Kubokunun 1-cisi Dünya çempionu adını almışdır.

Biz də redaksiyamız adından Raminə həyatda ataçağı bütün addımlarında uğur qazanmasını arzulayırıq. Və onun kimi Azərbaycan bayrağını gələcəkdə xarici dövlətlərdə dalğalandırmaq arzusu ilə yaşayan, çalışan bir oğul böyüdüb tərbiyə etdiklərinə görə valideynlərinə minnətdarlığımızı bildiririk.
Tanrı hər anında və bütün işlərində sənə yardımçı olsun, Ramin!


P.S.:
Neçə illərdir ki, qəzetimizdə əks olunanlar bizi fərəhləndirən şagirdlərin hamısı deyildir. Əminik hələ ki, yaza bilmədiyimiz minlərlə istedadlar var. Çox yaxşı ki, dövlətimiz, rəhbərimiz, təhsil işçilərimiz ölkəmizdə təhsil alan şagirdlərin hamısına yüksək səviyyədə diqqət və qayğı göstərirlər. İstedadlı uşaqlarla görüşdükcə düşünürəm: “Əgər min nəfər belə uşaqdan tam yarısı ümidlərimizi doğruldarsa, nələrə nail olarıq?
Axı, qarşıda elmin, iqtisadiyyatın, ədəbiyyatın incəsənətin, ümumilikdə mədəniyyətin inkişafının daha çətin və əhəmiyyətli kəşfləri vardır”.
Bu kiçik yazımızla Odlar Yurdumuzun, Günəşli Vətənimizin istedadlı balalarını təhsildəki uğurlarına görə alqışlayır, onlara həyatda – iradəli, dözümlü, qarşıya qoyduqları məsələlərin həllində inadlı olmağı arzulayırq.

Əziz məktəblilər, məsləhətimiz odur ki, – elmdə, ədəbiyyatda, incəsənətdə, ən adi işlərdə belə xəbislik etməyin! Bir-birinizdən öyrənin, həmkarlarınızın, dostlarınızın uğurlarına sevinin, darılıb öz daxilinizi çirkləndirməyin, heç kəsi uğuruna görə inkar etməyin. Onların sevincinə şərik olun! Səmimi, sağlam münasibət yaradın. Bir-birinizə ibrətamiz sözlər deyin. İbrətli sözlər eşidin ki, gələcəkdə çiçəkli Vətənimizdə uğurlu işləriniz çox olsun!

Söz də atom kimidi,
Tikən, sökən gücü var.
Söz də səma kimidi,
Məlum, məchul bürcü var.


Sizə hər cürə nemət verən Tanrıya, Torpağa, Vətənə, Sizə diqqət, qayğı göstərən insanlara Siz də nəyisə verməyə çalışın. Nailiyyətlərinizi insanlardan gizlətməyin, onu məhəbbətlə hədiyyə edin. Əminik ki, axtarışlarınız bəşərin sabahına böyük və misilsiz hədiyyə olacaqdır. Bu işdə Sizlərə uğurlar diləyirik.


Xanım Bilalqızı
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: