Dil çox maraqlı, həm də möcüzəli bir sistem, varlıqdır. Adını unutduğumuz bir müəllif qeyd edir ki, xalqın kimliyini, tarixini araşdırmada tarix elmindən daha çox dilçilik elmi fakt verir. Həqiqətən də, bir sözün düzgün izahı bir xalqn keçmişi haqqında dəyərli fikirlər söyləməyə imkan verir. Bəzən belə olur ki, göz önündə olan bir fakt diqqətdən kənarda qalır. Hansı ki, həmih fakta istinad edib dilin dərin qatlarına enmək mümkündür.
Məsələn, götürək dilimizdəki "ha" hissəciyi ilə formalaşan ("haçağ//havaxt", "hansı", "hara", "hanı") bir sıra sual əvəzliklərni. Fikrimizcə, bu sözlərdəki "ha" hissəciyi "nə?" sual əvəzliyinin fonetik variantıdır. Başlayaq ən asan izah olunun "haçağ//haçan" və "havaxt" sözlərindən. Sinonim isimlər olan "çağ" və "vaxt" sözlərininin məhz "ha" hissəciyi ilə işlnərək sual məzmunu qazandığını qəbul etsək, irəlidəki fikrimiz qüvvətlənmış olar. (yəni, "nə vaxt?", " nə çağ?") "hansı?" əvəzliyinə gəldikdə isə buradakı sonuncu sait səs ("ı") mənsubiyyət, ondan əvvəlki samit səs isə ("s") bitişdiricidir. "n" samitinə gəldikdə isə onun lüzum olmadan bəzi çəkilçilərin tərkibində bitişdirci samit funksiyasında çıxış etməsinin dilimizdə anoloqu var. ("ondan", "bundan") Bundan başqa "hansı?" əvəzliyinin dialektlərimizdə "ha:sı?" (bəzən isə birinci hecası vurğulu) şəklində işlədilməsi faktı da məlumdur. Fikrimizcə, sadalanan sual əvəzliklərindən ən çətin izah olunanı "hara?" sözüdür. Amma qədim türk, o cümlədən "Orxan-Yenisey" abidələrində yerlik hal şəkilçisi kimi "ra" şəkilçisindən istifadə edilməsi faktı dilçılər tərəfindən qeyd olunub. ("sonra", içrə", "ora", "bura".
Deyinələnləri ümumləşdirib belə nəticəyə gəlirik ki, sadalanan əvəzliklərdəki "ha" ünsürü "nə?" sual əvəzliyinin fonetik variantıdır. Fikrimizi bir daha əsaslandırmaq üçün qeyd edək ki, adi danışıq dilində də bu hissəcikdən sual məqsədi ilə istifadə olunur.
Məsələn, bəzi dialektlərimizdə sözün çətin eşidildiyi məqamlarda, daha dəqiq desək, eşidilən sözü dəqiqləşdirmək üçün "nə?" sualı əvəzinə "hə?" sualından (bəzi dialektlərimizdə isə "ha:y?" şəklində) istifadə edilir.
Xəyyam NƏBİYEV,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.