Müəllim ömrü

Müəllim ömrü Elimizdə Novruz hər bir ailənin böyük coşqu, sevinclə qarşıladığı bayramdır. 1956-cı ilin həmin günü isə hilli Muradovlar nəsli üçün ikiqat sevincə səbəb oldu. Bu sevinci onlara Nəsrəddin kişi ilə Sahibət arvadın ailəsində bir körpənin, gələcəkdə çoxlarının qibtə edəcəyi qədər uğurlara imza atacaq oğlan uşağının dünyaya gəlişi bəxş etmişdi.

Tale elə gətirdi ki, 1978-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika və texniki fənlər fakültəsini bitirən həmin oğlan - Zeynəddin müəllim, hələ uşaqlıqdan sıx əlaqədə olduğu Hiloba kənd məktəbinə təyinat aldı.

Əmək fəaliyyətinin ilk günlərindən kollektivə isinişən, doğmalaşan Zeynəddin Muradov, çox keçmir ki, irəli çəkilərək məktəbin dərs-hissə müdiri təyin olunur. Bilik və bacarığı, kollektivlə işləmə vərdişləri nəzərə alınaraq ona, 2012-ildə bu məktəbin direktorluğu etibar edilir.
Kiçik kənd məktəbinin öz özəllikləri, şagird, müəllim kollektivlərinin fərqli xüsusiyyətləri var. Kənd müəllimi şəhərli həmkarından fərqli olaraq həm iş, həm yaşayış yerində şagird və valideynlərə daha yaxındır, onun əmək fəaliyyətinə, yaşam tərzinə diqqət, tələb daha güclüdür. Zeynəddin müəllim həm pedaqoq, həm rəhbər kimi bu ciddi imtahandan da alnıaçıq çıxan nüfuzlu ziyalıdır.
Onun rəhbərlik etdiyi kollektivin yetirmələrinin hər biri ali və orta ixtisas təhsili alaraq respublikamızda və onun hüdudlarından kənarda uğurla fəaliyyət göstərir. Zeynəddin müəllimin öyüd-nəsihətləri ilə boya-başa çatan kənd cavanları Vətən müdafəsində də böyük şücaətlər göstərmiş, doğma el-obanın adını layiqincə ucaltmışlar.

Saçını gənc nəslin təlim-tərbiyəsi yolunda ağaran bir pedaqoqu, ömrü boyu Validə xanımla can deyib can eşidən bir həyat yoldaşını, qayğıkeş və mehriban bir atanı, gülərüz və nurani bir babanı 65 illik yubileyi münasibətlə ürəkdən təbrik edir, ona cansağlığı və gələcək həyatda da böyük uğurlar arzulayırıq.

Hiloba kənd məktəbinin kollektivi

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: