mən o zaman ifyixarla belə deyərdim: Müəllim”!
(H.B.Zərdabi)
Səkinə Xanbaba qızı Niftaliyeva işlədiyi Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbin təcrübəli və qabaqcıl müəllimlərindən biridir. Məktəb pedaqoji şura iclaslarında onun ünvanına xoş sözlər deyilir, yaxşı işi qeyd olunur. O, sevib-seçdiyi peşəyə qəlbən bağlı olan müəllimlərimizdən biridir. Şagirdləri onu çox sevir. Səkinə müəllimə olduqca məsuliyyətli, özünə və şagirdlərinə qarşı tələbkar, mehriban və qayğıkeşdir. Baxmayaraq ki, 40 ilə yaxındır,pedaqoji sahədə çalışır, bu gün də əlavə kitablar oxuyur, elmi, pedaqoji, metodiki savadını artırır. Bir sözlə, Səkinə müəllimə çalışır ki, öz işini təhsil sahəsində aparılan islahatların tələbləri səviyyəsində qursun. Təcrübəli pedaqoq şagirdlərinə tədris etdiyi fənni sevdirmək üçün dərs məşğələsinin və sinifdənxaric tədbirlərin bütün imkanlarından səmərəli istifadə etməyə çalışır. Onun dərs dediyi şagirdlər məktəb və rayon üzrə keçirilən bilik yarışlarında fəal iştirak edirlər.
Səkinə müəllimə 1958-ci il iyul ayının 25-də Sabirabad rayonunun Qəzli kəndində müəllim ailəsində dünyaya göz açıb. Onun atası rəhmətlik Xanbaba Xanbabayev ixtisasca riyaziyyat müəllimi olub və 60 il pedaqoji sahədə işləmiş, məktəb direktoru vəzifəsinə kimi yüksəlmişdi. S.Niftəliyeva 8-ci sinfə kimi Qəzli kənd orta məktəbində oxuyub.Sonra təhsilini Sumqayıt şəhərindəki 13 nömrəli kimya təmayüllü orta məktəbdə davam etdirib. 1975-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olan Səkinə Nifta-liyeva 1981-ci ildə ali təhsilini başa vuraraq təyinatla vaxtı ilə təhsil aldığı Sabirabad rayon Qəzli kənd orta məktəbinə göndərilmiş və keçmiş müəllimləri ilə çiyin-çiyinə işləmişdir. 1982-ci ildə isə o, ailə vəziyyəti ilə əlaqədar Sabirabad şəhərinə köçmüş və həmin vaxtdan da M.Müşfiq adına 4 nömrəli tam orta məktəbdə ixtisası üzrə müəllim işləyir. Hazırda o,7-11-ci siniflərdə kimya fənnini tədris edir. Səkinə müəllimə dərsin keyfiyyətini həmişə diqqət mərkəzində saxlayır,bu məqsədlə dərsin hər dəqiqəsindən səmərəli istifadə etməyə çalışır ki, şagirdləri proqram materiallarını dərindən mənimsəsinlər. O, tədris etdiyi fənni şagirdlərinə daha dərindən sevdirmək üçün dərs məşğələləri ilə yanaşı,sinifdənxaric tədbirlərin imkanlarından da bacarıqla istifadə edir. Səkinə müəllimə pedaqoji sahədə işlədiyi dövrdə zəngin pedaqoji təcrübə toplamış, yaxşı işi ilə məktəb rəhbərliyinin şagird və valideynlərin, ictimaiyyətin hörmətini qazanmışdır. Gənc müəllimlər həmişə onun tövsiyə və məsləhətlərindən bəhrələnirlər. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nigar Cahangirovanın dedikləri:
“Vaxtilə bizə dərs deyən müəllimlərin hamısına minnətdarlığımı bildirirəm.Onların bizim üçün çəkdiyi zəhməti yüksək qiymətləndirirəm. Səkinə müəllimə bizim ən sevimli müəllimlərimizdən biri idi. Biz onu çox sevir, dərsini səbirsizliklə gözləyirdik. O, dərsini maraqlı qurur, çalışırdı ki, yeni mövzunu şagirdlər elə dərsdə mənimsəsinlər.
Onun təşkil etdiyi bilik yarışlarında,kimya gecəsində həvəslə iştirak edirdik. Sevimli müəllimimə uzun ömür,can sağlığı, pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”.
Səkinə Niftəliyeva uzun illərdir metodbirləşmə rəhbəri kimi səmərəli fəaliyyət göstərir. Onun keçmiş şagirdləri arasında müxtəlif peşə-sənət sahibləri vardır. Pedaqoji sahəni seçənlər də az deyil,Səkinə müəllimə mənimlə söhbət zamanı, pedaqoji sahəni seçmiş, hazırda onunla çiyin-çiyinə çalışan, keçmiş şagirdlərindən İntizar müəllimənin, riyaziyyat müəllimləri Nigar müəllimənin, Ülviyyə müəllimənin, Xoşbəxt müəllimənin, coğrafiya müəllimi Nurlana müəllimənin, informatika müəllimi Minarə müəllimənin adlarını çəkdi və ali təhsil alan cəmiyyətdə layiqli mövqe tutan keçmiş şagirdləri ilə fəxr etdiyini söylədi. Səkinə müəllimə söhbət zamanı, onu da bildirdi ki şagirdi Xədicə Hüseynova kimya fənni üzrə olimpiadanın rayon turunda 1-ci, respublika turunda isə 3-cü yerə layiq görülüb. S.Niftaliyevanın səmərəli pedaqoji fəaliyyəti rayon Təhsil Şöbəsi və işlədiyi məktəbin rəhbərliyi tərəfindən Fəxri Fərmanlarla qiymətləndirilmişdir. 2007-cu ildə Səkinə müəllimənin dərs dediyi şagirdlərin ali məktəblərə qəbul zamanı, yüksək bilik nümayiş etdirdiklərinə görə ona 2007-ci ilin sentyabr ayının 6-da Sabirabad rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman təqdim olunmuşdur.
S.Niftaliyeva həmçinin Azərbaycan Respublikasının inkişafında göstərdiyi layiqli xidmətlərinə görə “Qanın Xəbər” qəzeti tərəfindən Fəxri Diplomla mükafatlandırılmışdır.
Səkinə müəllimə həmkarı Aygün Rəhimova və laborant Aidə Əkbərova ilə birgə təşkil edtiyi “Möcüzəli kimya” adlı kimya gecəsi haqqında Sabirabadda çıxan “Suqovuşan” qəzetinin 16 mart 2018-ci tarixli nömrəsində yazı çap olunmuşdur.
Səkinə müəllimə həm də mehriban, qayğıkeş anadır.
O,ömür-gün yoldaşı ali təhsilli mühəndis Ədil Ağamirzə oğlu Niftəliyev ilə cəmiyyətimiz üçün 3 layiqli övlad böyüdüb tərbiyə etmişdir.
Ailənin ilk övladı Aytəkin Rəhimova indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsini bitirib. Hazırda M.Müşfiq adına 4 nömrəli tam orta məktəbdə işləyir. Ailənin 2-ci övladı Ramilə Əliyeva Azərbaycan Müəllimlər İnistitunun Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. Hazırda Sabirabad şəhər S.Vurğun adına 3 nömrəli tam orta məktəbdə işləyir.
Ailənin sonbeşiyi Namir Niftaliyev isə həkimdir. Hazırda Sabirabad rayon Mərkəzi Xəstəxanasında həkim-kardioloq işləyir .
İndi Səkinə müəllimə nəvələri Fidanın, Badamxanımın (ata nənəsinin adını daşıyır), Rəsulun, Gülümün, Rəhmanın və Adilin (ata babasının adını daşıyır) qayğıları ilə yaşayır.
Alik Rzayev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
“Qızıl qələm” mükafatı laureatı
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.