Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində müasir gürcü yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcümə edilmiş “Bir pyes, on yeddi hekayə” adlı toplusunun təqdimatı olub.

Muzeyin direktoru Leyla Əliyeva bildirib ki, yazıçı-jurnalist, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin əməkdaşı Nəriman Əliyevin tərcümə etdiyi pyes və hekayələrin müəllifləri gürcülər və azərbaycanlılar tərəfindən sevilir. Bu əsərlər xalqlarımız arasında mədəni əlaqələrin inkişafına töhfədir.

Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin və Azərbaycan-Gürcüstan “Varlıq” Mədəniyyət Mərkəzinin sədri Rafiq Hümbət deyib ki, N.Əliyev “Gürcüstan” qəzetində işlədiyi dövrlərdə də Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin inkişafına xidmət edib. Onun tərcümə etdiyi pyes və hekayələr əsasən bu günümüzün reallıqlarını əks etdirir.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev deyib ki, gürcü yazarların əsərlərinin Azərbaycan dilinə, eləcə də Azərbaycan ədəbiyyatı incilərinin gürcü dilinə tərcümə olunması və yayılması çox vacibdir. Bu kitablar ikitərəfli əlaqələrimizin inkişafı ilə yanaşı, gənc nəslin maariflənməsində mühüm rol oynayır.

Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı bu kitab-toplunu ölkələrimiz və xalqlarımız arasındakı dostluğun bariz nümunəsi adlandırıb.

Nəriman Əliyev kitabın çapına göstərdiyi maddi-mənəvi dəstəyə görə görkəmli Azərbaycan alimi, akademik Eyyub Bəşirova, layihənin müəllifi Azərbaycan-Gürcüstan “Varlıq” Mədəniyyət Mərkəzinə və Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinə təşəkkürünü bildirib. O deyib ki, bu əsərləri seçib tərcümə etməkdə məqsədi ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına xidmət etməkdir.

Bildirilib ki, hazırda Gürcüstanın Diaspor Məsələləri üzrə dövlət naziri işləyən Qela Dumbadzenin Azərbaycan dilinə tərcümə olunmuş və topluda yer almış “Gecə qonağı” pyesi “Yuğ” teatrı tərəfindən tamaşaya qoyulub. Tamaşanın yaxın vaxtlarda Tbilisidə də nümayiş etdirilməsi nəzərdə tutulub.

Sonra çıxış edənlər Gürcüstan-Azərbaycan dostluq münasibətlərindən, mədəni əlaqələrindən danışıblar.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin, Milli Kitabxanasının nümayəndələri, deputatlar, hər iki ölkənin mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

Xətayi Əzizov

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: