Əflatun AMAŞOV: "...Ana dilimiz dövlətimizin rəmzidir, dövlət müstəqilliyimizə münasibətimizin göstəricisidir..."

Əflatun AMAŞOV: "...Ana dilimiz dövlətimizin rəmzidir, dövlət müstəqilliyimizə münasibətimizin göstəricisidir..."
Milli Məclisin
19 fevral 2019-cu il tarixli
plenar iclasında
AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SƏDRİ, MİLLƏT VƏKİLİ,
ƏFLATUN AMAŞOV
"Azərbaycan Respublikasında dövlət dili haqqında""Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, həmçinin "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı müzakirə zamanı çıxış etmişdir.

Aşağıda həmin çıxışın mətnini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik:

“Ümumiyyətlə relamlarda dövlət dilinin işlənməsi məsələsi aktualdır. Bizim edəcəyimiz düzəliş isə əslində texniki xarakter dayışır. Amma ümumən durum ciddidir. Çünki bu sahədəki vəziyyət həqiqətən də bərbaddır. Hər birimiz küçələrdə reklam lövhələri və elektron reklam çarxları ilə üzləşirik. Görürük ki, əksər hallarda oradakı mətnlər dövlət dilinin tələblərinə cavab vermir, dildən istifadə qaydaları kobud şəkildə pozulur.

Bəzən onu da görürük ki, xarici dildə olan mətnlər böyük verildiyi halda, dilimizdəki mətnlər kiçik hərflərlə gedir, bəzən heç görünmür. Bu, qanunlarımıza zidd olması ilə yanaşı, əlbəttə dilimizə açıq hörmətsizlikdir. Bununla eyni zamanda ölkəmizə gələn xaricilərdə özümüz barədə mənfi rəy də yaratmış oluruq.

Nəzərə alaq ki, ana dilimiz dövlətimizin rəmzidir, dövlət müstəqilliyimizə münasibətimizin göstəricisidir. Həm dövlət dili, həm də reklam haqqında qanunlardakı dəyişiklik qanunların icrasına məsuliyyət məsələsini ön plana keçirməlidir. Bizim üçün vacib olan məhz budur. İnanmaq istərdim ki, əlaqədar qurum bu məsuliyyəti dərk edərək fəaliyyət göstərəcəkdir.

Bu gün müzakirə edəcəyimiz digər iki məsələdə də reklamdan bəhs edilir. Birincidə söhbət reklamın yerləşdirilməsinin qaydalarından, icazə ilə bağlı şərtlərin sadələşdirilməsindən gedir, ikincidə isə açıq reklamda reklam dairəciyinin dairəsinin müəyyən edilməsi və eləcə də digər məsələlərdən bəhs olunur. Bunlar çox yaxşıdır. Əlbəttə, səs verəcəm (...) Amma ana dilimizə hörmət məsələsi çox vacibdir. Bunları nəzərinizə çatdırmaq üçün ona görə qiymətli vaxtınızı aldım”.

****

“Bu məsələ də çox vacibdir. Tale elə gətirib ki, fəaliyyətimlə bağlı tez-tez xarici ölkələrdə oluram. Məlum problemlə mütəmadi olaraq qarşılaşıram. Tutaq ki, hansısa vacib məsələ ilə bağlı Bakıdan zəng gözləyirsən. Həmin zəng adətən başqa nömrədən və haralarasa dolaşıb gəlib çatır. Məsələn, Londondasansa sənə Bakıdan gələn zəng həm başqa nömrədən, həm də başqa məkandan, tutaq ki, Rusiyadan keçib gəlir. Yəni telefonun ekranında Azərbaycan yerinə, Rusiya yazılır. Bakıda da elə hallar olur və dəfələrlə təkrarlanır. Tutaq ki, Rusiyadan sənə kimsə zəng edir. Ekranda başqa nömrə və başqa ölkə. Görünür, kimlərsə müxtəlif yollarla bundan milyonlarla qazanc əldə edirlərmiş. Qanunun qəbulundan sonra yəqin bu hallar aradan qalxacaq.

Əgər söhbət telekommunikasiya sahəsindən gedirsə, mütləq bir məqamı da vurğulamaq istərdim. Bakıdan çıxıb Hacıqabula çatanda İran radiolarının dalğaları bizim radioların dalğalarını üstələyir. Hətta onları udur. Ağsu dolayında bizim radio dalğalarında ermənilərin radio verilişlərini eşidirik. Gəncədən o tərəfə gürcü radioları hakimdir. Hər bir dövlətin quru sərhəddi olduğu kimi, ona məxsus informasiya məkanının da sərhədləri var. Ölkəmizin gələcəyi naminə hər iki sərhəddimizi qorumalıyıq. İstərdim ki, bununla bağlı əlaqədar qurumlar qarşısında məsələ qaldırılsın”.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: