Təxəllüsü Vidadi Ağdamlıdır. Dörd oğlu, dörd gəlini, on nəvəsi var.
1969-cu ildə Ağdam şəhər 1 nömrəli orta məktəbi, 1974-cü ildə Azərbaycan Xalq Təsərrüfatı institutunu bitirib, ixtisasca iqtisadçıdır.
Ədəbiyyatı çox sevir. 1968-ci ildən şeir yazır.
“Alnımda yaranan qırışdan soruş” ,“Uğursuz illər”, “Həyat məni dara çəkir ”, “Düşür bu ömrümün son yarpaqları”, “Qaytar gəncliyimi, qaytar, Allahım”, “Hanı mənim obam, elim, torpağım”, “Acı bir talehi yaşadım dünya”, “Kimdi müqəssir”, “İki həsrət çəkir qəlbimi dara”, “Pünhan gəzirəm”Qarabağnamə-1”, “Qarabağnamə-2”, ”Qarabağnamə-3”, ”Qarabağnamə-4”, “Sevirəm sevmişəm sevəcəyəmdə”, “Aqdamım mənim” və “Vətən harayına gələ bilmədik” kitabları işıq üzü görüb.
On yeddinci kitab müəllfi olan Vidadi Muxtarov Türkuyədə Altun qələmlərin üzvüdü.
İqdirdə 71 şairlə birlikdə Altun qələmlər adlı kitabda onunda şeirləri çıxıb.
2016-ci ildə İstanbulda çap olan ,,Unutulmayan Hocalım" , "ATƏŞ" - " Azərbaycan Türk Ədəbiyyatı Şöləni" antologiyalarinda şeirləri çap olub.
2013-cü ildə Azərbaycan Milli Mədəniyyətin Təbliği İctimai Birliyi tərəfindən diplomla təltif olunub.
Şair 2015-ci-il 30 noyabrda Azərbaycan Kütləvi informasiya İşçilərinin Həmkarlar birliyi tərəfindən “Qızıl qələm” və 2015-ci il 16 dekabrda “Xalqın Nüfuzlu ziyalısı”, “Dövrün vətənpərvər şairi” fəxri mediya mükafatı, vəsiqəsi və diplomu ilə təltif edilmişdir.
Ağdamın işğalından sonra Bakı şəhərinin Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayır.
Bu günlərdə isə Vidadi Ağdamlının “Vətən harayına gələ bilmədik” adlı daha bir kitabı nəfis şəkildə işıqüzü görüb.
Biz də "ZİM.Az"-ın bütün Yaradıcı Heyəti adından hörmətli Vidadi Ağdamlını yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də bədii yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulamaqla yanaşı, aşağıda onun bir neçə şeirini oxucularımıza ərmağan edirik!..
Vüsal ŞABİZADƏ
BAĞLA PƏNCƏRƏNİ, QOY TƏNHA QALIM
Danışma, sus bir az, istəmirəm mən,
Bağla pəncərəni, qoy tənha qalım.
Doymuşam mən artıq,yersiz sözündən,
Özüm,öz odumla alışım, yanım,
Bağla pəncərəni, qoy tənha qalım.
İçimdə bir sevgi rahat yatıbdı,
Bilməyir, o gözəl məni atıbdı,
Bu bahar sevgimə xəzan qatıbdı.
O duyğunu içimdə xumarlayım,
Bağla pəncərəni, qoy tənha qalım.
Çinar şahididi bizim sevginin,
Bulaqlar sözüdü ilk məhəbbətin,
Mən səni gördüyüm, o aynabəndin.
Şirin anlarıyla xəyala dalım,
Bağla pəncərəni, qoy tənha qalım.
Yadındamı,o aylı bir gecədə,
Mən səni sevmişdim, bilsən necə də?
İndi mohtac olan acı həsrətə.
İçimdə özümlə özüm danışım,
Bağla pəncərəni, qoy tənha qalım.
İstəmir ürəyim duya səsini,
Gizlət məndən,görməyim gözlərini,
Bir vaxtlar sevmişdim, ey gözəl səni.
Cismin mənim deyil, ruhunla yanım,
Bağla pəncərəni, qoy tənha qalım.
Vidadi sevmişdi bir ala gözü,
Artıq susub ürək, yoxdu bir sözü,
İstəyir tərk etsin dünyanı özü.
Qapını çöldən ört, qəlbimlə anım,
Bağla pəncərəni, qoy tənha qalım.
Bakı – 05.01.2012, saat 12.59
BAŞIM ÜRƏYİMLƏ DİL TAPA BİLMİR
Ömür səhifəmə bir nəzər salsan,
Başım ürəyimlə dil tapa bilmir.
Alnımın yazısın, açıb oxusan,
Ürəyim zamanla barışa bilmir,
Başım ürəyimlə dil tapa bilmir.
Mənim qəlbimdəki dərd-kədərimi,
Alnımda yaranan qırışdan soruş.
Ömrümdə iz qoyan sazaqlarımı,
Başımda ağaran saçımdan soruş,
Alnımda yaranan qırışdan soruş.
Bu necə taledi, necə zamandı?
İçimdə ürəyim yaman üşüyür.
Gəncliyi qocalıq hara qovladı?
Ürək taqətsizdi, hərdən döyünür,
İçimdə ürəyim yaman üşüyür.
Qarğa dövran sürür sar oylağında,
Sərçələr bülbülə muğam oxuyur.
Tülkü həccə gedir, xoruz qoynunda,
Aslana çaqqallar meydan oxuyur,
Sərçələr bülbülə muğam oxuyur.
Dubayın yolları açılan gündən,
Qeyrət də bazarda hərraca çıxıb.
Xalqım inciməsin mənim sözümdən,
Ürəyim dözməyir bunlara baxıb,
Qeyrət də bazarda hərraca çıxıb.
Vidadi qocalıb gedir dünyadan,
Başım ürəyimlə dil tapa bilmir.
Əcəl də qapımı döyür durmadan,
Gözümun yaşını əllərim silmir,
Başım ürəyimlə dil tapa bilmir.
Bakı – 07.01.2012, saat 21.00
BİR QOCA GÖRDÜM
Getmişdim seyr edəm dənizi bir az,
Sahildə əyləşən bir qoca gördüm.
Xəyala getmişdi, dərin xəyala,
Alnında qırışa dikildi gözüm,
Sahildə əyləşən bir qoca gördüm.
Paltarı nimdaşdı, əli əsirdi,
Gözləri kimisəni yaman gəzirdi,
Birdən o,yerindən durmaq istədi.
İstədim əl atım,onu ötürüm,
Sahildə əyləşən bir qoca gördüm.
Yox-yox, sağ ol dedi,oxşatdım onu
Çaş saldı qəlbimi əynində donu,
Sandım yoldaşımdı, gələn qadını.
Deyəsən, aldatdı məni də gözüm,
Sahildə əyləşən bir qoca gördüm.
Dedim,çox bədbinsən səbəbi nədi?
Dedi,heç soruşma oğul dərdimi,
Dedim,fikir etmə dünya fanidi.
Dedi,qəm-kədərlə ötübdü ömrüm,
Sahildə əyləşən bir qoca gördüm.
Dedim,danışarsan, yoxsa ki, sirdi,
Dedi,çox ağırdı qocanın dərdi,
Bağçamın gülünü fələklər dərdi.
Artıq tənhalığa qalmayıb dözüm,
Sahildə əyləşən bir qoca gördüm.
Dedim, oğlun-qızın, baxmayır sənə?
Dedi,taleh övlad vermədi mənə,
Baxdım o qıyılan yaşlı gözünə.
Onun talehini bir an düşündüm,
Sahildə əyləşən bir qoca gördüm.
Düşündüm həyatın zalımlığını,
Kimsəsiz qocanın öz dünyasını,
Çoxun dərdə salan fani dünyanı.
Onun timsalında çoxun düşündüm,
Sahildə əyləşən bir qoca gördüm.
Dedim,gedək bizə oğlun olaram,
Ata deyib,sizə səcdə qılaram,
Atamın yurdunda sizi duyaram.
Dedi, yox ay oğul ötübdü ömrüm,
Sahildə əyləşən bir qoca gördüm.
Öpüb əllərindən, durdum ki, gedəm,
Gördüm yaş axıdır üzümə didəm,
Az qaldı çat versin ağrıdan sinəm.
Daha bu dünyaya qalmadı sözüm,
Sahildə əyləşən bir qoca gördüm.
Vidadi, yox ədalət, haqq da itibdi,
Deyəsən dünyanın sonu yetibdi,
Güllərin yanında qanqal bitibdi.
Gözləyir haçansa hamını ölüm,
Sahildə əyləşən bir qoca gördüm.
Bakı 25-05-2013
PƏNCƏRƏMƏ ŞÖGƏ DÜŞDÜ, ELƏ BİLDİM GƏLMİSƏN
Sükut otaq, xəyala dalmışdım zülmət içində,
Pəncərəmə şögə düşdü, elə bildim gəlmisən.
Dalğalar da şahə qalxıb sahilləri döyəndə,
Sanki məni səsləyirdi,qalx ayağa şairim,
Pəncərəmə şögə düşdü,elə bildim gəlmisən.
Gördüm bürüyübdü zülmət bağça-bağımı,birdən
Titrədi ağacda yarpaqlarda sənin səsindən,
Diksindim yerimdən,aynabəndi açdım qəfildən.
Qaranlıq zülmət idi çöl-bayır,əsdi əllərim
Pəncərəmə şögə düşdü,elə bildim gəlmisən.
Gördüm göy üzünü bulud alıb,tutqundu səma
Baxdım,güclə görünən qoca qarlı dağlarıma,
Düşündüm bu röyamı,nədi gəldi xəyalıma.
Qəfildən səs gəldi,bu sənsən,zülmətdə gəzirsən
Pəncərəmə şögə düşdü,elə bildim gəlmisən.
Qayıtdım mən çarpayıma,səssiz,sakit,kirimiş,
Bu gördüyüm nə idi,bəlkə o, idi o,gəlmiş,
Uzandım tənha otaqda yenə sakit,kirimiş.
Axı o yox idi, onu öncə illər itirdim,
Pəncərəmə şögə düşdü,elə bildim gəlmisən.
Tərk etmədin sən məni ah, fələk aldı əlimdən,
Ancaq çıxara da bilməz səni fələk qəlbimdən,
Bu da mənə bir cəza, tənhayam mən sən gedəndən.
Düşündüm ki,bu sənsən,sən ocağına dönmüsən,
Pəncərəmə şögə düşdü,elə bildim gəlmisən.
Bakı 05-08-2013.
BU SƏNLİ DÜNYADA NİYƏ SƏNSİZƏM?
Hara baxıramsa səni görürəm,
Bu sənli dünyada niyə sənsizəm?
Sanki,dəryalarda batmış gəmiyəm,
Yelkənsiz qayıqla hara üzürəm?
Bu sənli dünyada niyə sənsizəm?
Ləpə tək sahilə hey çırpınıram,
Səhralarda Leylimi axtarıram,
Bu dünyada özümə yer tapmıram.
Eşqin əzabına dözə bilmirəm,
Bu sənli dünyada niyə sənsizəm?
Hanı əhdi-peyman, hanı o günlər?
Mənə rişxənd edir bağçamda güllər,
Niyə ayrı düşüb iki sevənlər?
İlk görüş yerinə gedə bilmirəm,
Bu sənli dünyada niyə sənsizəm?
Qınayır tək çinar,qınayır bizi,
Yarpaqlar əks edir sözlərimizi,
Sənlə görüşdüyüm o gecəmizi.
Düşündükcə axtarıram ,gəzirəm
Bu sənli dünyada niyə sənsizəm?
Vidadini hicr oduyla yandırdın,
Sevən qəlbin əllərinlə qopardın,
Sən getdin,özünlə məni apardın.
Bəs niyə dönmədin,hey gözləyirəm?!
Bu sənli dünyada niyə sənsizəm?
Bakı, 06-08-2013.
DƏYMƏ QƏLBİMƏ, AMANDI…
Toxunma qəlbimə, toxunma gözəl,
Hər gecənin işıqlı bir sübhü var.
Mənim hisslərimlə oynama gözəl,
Ürəkdə gizlənən nifrət oyanar,
Səni də, məni də pis günə salar.
Çəkmə əllərini mənim əlimdən,
Ayrılıq hissləri keçər qəlbimdən,
Sınar bu ürəyim bilirsən, səndən.
Əlimdə əlinin izləri qalar,
Səni də, məni də yaman yandırar.
Üzmə dodağını dodaqlarımdan,
Açma qollarımı sən öz boynundan,
Çıxarma əlimi isti qoynundan.
Mənsiz o dodaqlar alışar-yanar,
Yanaqlar qızarar, gözlər ağlayar.
Sevgi həm nəşəli, həm qəmli olur,
Ona dözməyənlər çiçək tək solur,
Ümüd həsrətlərdən yaranır, doğur.
Qırma ümüdləri, ürək oyanar,
Tufan da, boran da, sazaq da qalxar.
Bir yaxın gəl öpüm,sənin gözündən,
Yar inciməz sevdiyinin sözündən,
Belə tez-tez,sən də çıxsan özündən.
Şeytan girib aramıza qan salar,
Səni də, məni də pis günə qoyar.
Bakı – 31.05.2010.
SINDIRMA BİR QƏLBİ, BİR GÜN AĞLARSAN
Həyat çoxlarını sındırıb,gedib
Sındırma bir qəlbi,bir gün ağlarsan.
Bənövşə həmişə kolluqda bitib,
Yandırma kimsəni,səndə yanarsan,
Sındırma bir qəlbi,bir gün ağlarsan.
Əvvəl dost deyirsən,həm də qardaşım
Yumaz dərdlərimi mənim göz yaşım.
Əgər,bir gün sönsə mənim çırağım,
Sönən çırağıma matəm saxlarsan,
Sındırma bir qəlbi,bir gün ağlarsan.
Bəs niyə vəfasız oldun dünyada?
Sıxır varlığımı zalım dövranda.
Hörmətim qalmadı kimsə yanında,
Mənə hayan oldun,indi qaçırsan
Sındırma bir qəlbi,bir gün ağlarsan.
Sənə inanırdım,indi nə deyim?
Qəlbindən keçəni niyə bilmədim?
Bəlkə də hər şeyi artıq itirdim.
Gedərəm bu yerdən,məni tapmazsan
Sındırma bir qəlbi,bir gün ağlarsan.
Ürək bir şüşədi sındı,düzəlməz
Əgər gedər olsa,şairin dönməz,
Yerimi,yurdumu kimsələr bilməz.
Yurdumda kol bitər,onda anlarsan,
Sındırma bir qəlbi,bir gün ağlarsan.
Vidadini həyat çəkibdi dara,
Qəlbində yaranıb qanlı bir yara,
Kin–kidurət gördüm,mən baxsam hara.
Yandırma kimsəni,səndə yanarsan,
Sındırma bir qəlbi,bir gün ağlarsan.
BİLMİRƏM,O MƏNDƏN NƏYİ İSTƏYİR
Yenə pəncərəmə qonubdu kədər,
Bilmirəm,o məndən nəyi istəyir.
Dünya əbədidi biz gəldi-gedər,
Qaranlıq gecələr məni izləyir,
Bilmirəm,o məndən nəyi istəyir.
Yuxum da çəkilib ərşə gecələr,
Məni yaman yorub bu düşüncələr,
Açmır ürəyimi keçən bu günlər.
Köçkün-köçkün deyib,məni səsləyir,
Bilmirəm,o məndən nəyi istəyir.
Yatağım dönübdü tikana mənim,
Axtarır zülmətdə nuru gözlərim,
Silinib vətəndə olan izlərim.
Puç olan ümüdüm sözümü kəsir,
Bilmirəm,o məndən nəyi istəyir.
Otaqda yatıbdı hamı sakitcə,
Döyünür sinəmdə ürək də necə,
Yorub düşüncələr məni bu gecə.
Vətən yolumuzu çoxdan gözləyir,
Bilmirəm,o məndən nəyi istəyir.
Dolubdu sinəmə həsrətli kədər,
Sıyırıb qılıncın yaman gecələr,
Üzür ürəkləri illərdi dərdlər.
Mənim də xəyalım Ağdamı gəzir,
Bilmirəm,o məndən nəyi istəyir.
Dünya əbədidi,biz gəldi-gedər,
Haçansa içimdə ümüd göyərər,
Vidadi, vətənə sən dönsən əgər!
Taparsan ümüdü, vətən gözləyir,
Bilmirəm,o məndən nəyi istəyir.
Bakı – 18.01.2012.
DÜŞÜR BU ÖMRÜMÜN SON YARPAQLARI
Gözəllər gözünü çəkir gözümdən,
Düşür bu ömrümün son yarpaqları.
Artıq yorulmuşam özüm-özümdən,
Külək titrətdikcə hey ağacları,
Düşür bu ömrümün son yarpaqları.
Əsir əllər, göz də eynək istəyir,
Ürək nələr çəkir adam bilməyir,
Xəstəlik anbaan səni izləyir.
Dövran dara çəkir bu insanları,
Düşür bu ömrümün son yarpaqları.
Gecələr sübhətək oyaq qalırsan,
Baxıb aynabəndə fikrə dalırsan,
Ötən günlərini yada salırsan.
Bir-bir ötürürsən qəmli illəri,
Düşür bu ömrümün son yarpaqları.
Bəs niyə yaratdın məni, ay Allah!
Açılmır yenə də açılmır sabah,
Deyəsən olmuşam ölmə nişangah,
Beləcə açıram hər sabahları,
Düşür bu ömrümün son yarpaqları.
Qəmgin Vidadiyəm,talehi qara,
Çıxıb ürəyimə amansız yara,
Bölünüb ürəyim, olubdu para.
Gözlərim hey gəzir bu məzarları,
Düşür bu ömrümün son yarpaqları.
Bakı 30-09-2015.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.