AZƏR ALLAHVERƏNOV: Yenə axtarışdadır bu gərgin RUHum...

AZƏR ALLAHVERƏNOV: Yenə axtarışdadır bu gərgin RUHum...Azər Kərim oğlu Allahverənov -
20 fevral 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1979-1989 illərdə Bakı şəhəri Nəsimi rayon 152 saylı orta məktəbdə təhsil aldıqdan sonar, Kazan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və 1996-cı ildə həmin təhsil müəssisəsini bitirərək «tarixçi və tarix müəllimi» ixtisasına yiyələnmişdir.
1989-cu ildən əmək fəaliyyəti ilə məşğuldur. Müxtəlif vaxtlarda Bakı və Kazan şəhərlərində (Rusiya Federasiyası, Tatarıstan Respublikası) yerləşən dövlət və özəl müəssisə və idarələrdə çalışmışdır. Belə ki, 1991-1993 illərdə Kazan şəhərində fəaliyyət göstərən azərbaycanlıların mədəni mərkəzi sayılan və ətrafında 30 mindən çox azərbaycanlını birləşdirən “Oğuz” Cəmiyyətinin sədr müavini olmuşdur. 1993-1997 illərdə Azərbaycan Gənclər İttifaqının Nəsimi Rayon Komitəsinin sədr müavini, 1997-1999 illərdə isə Uşaq və Gənclərin Xeyriyyə Fondunun sədri, 1999-2000 illərdə Azərbaycan Gənclər İttifaqının beynəlxalq məsələlər üzrə sədr müavini, 1998-2002 illərdə Odlar Yurdu Universitetində, Dnepropetrovsk Dövlət Universitetinin Bakı filialında və digər təhsil müəssisələrində baş müəllim vəzifələrindən çalışmışdır.
2000-ci ilin avqust ayından “Həyat” Beynəlxalq Humanitar Təşkilatında müxtəlif vəzifələrdə çalışmış və hal-hazırda bu təşkilatın sədri vəzifəsindədir.
2015-ci ildən isə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri vəzifəsini icra edir.

Fəlsəfə üzrə Fəlsəfə doktoru Azər Allahverənov sosial və humanitar məsələlərlə əlaqədar bir sıra elmi tədqiqatın, otuzdan artıq elmi məqalənin, yazıların, həmçinin sosial müstəvidə müxtəlif mövzulara aid metodik tövsiyələrin və ədəbi nəsr janrında yazılmış kitabın müəllifidir.

Azər Allahverənovun dostluq, ülvi hissələr, insaniyyətlik, kamillik və bəşəri dəyərlər mövzularında yazdıqları və sosial mediada böyük populyarlıq qazandığı şeirlərinin geniş oxucu auditoriyası var.


Ruhum

Gecəyə yenə də baş vurmaqdayam,
Yorğunam, hələ də ayaqdayam.
Dincəlmək istəyir əzgin vücudum,
Yenə axtarışdadır bu gərgin RUH-um.

Dərindən düşünüb olub-keçəni,
Yaşanan hər günü, hər bir gecəni.
Onlarda mən varam, var MƏN-im yoxum,
Yenə axtarışdadır bu gərgin RUHum.

Zamandır hər şeyə həkim kəsilən,
Hər nəyin sonunu bir tək O, bilən.
Varlığım O-nundur! Necə unudum?
Yenə axtarışdadır bu gərgin RUH-um.


Gördüyüm əslində xoş xəyal imiş...

Qərq oldum yuxuya mən birdən-birə,
Ruhumu uyutdum mən bilə-bilə.
Könül röyasında nələr var imiş?!
Gördüyüm əslində xoş xəyal imiş.

Dostlarım da vardı, düşmənlərim də,
Xoş rəftar da vardı, sərt davranışda da.
Ülviyyət, səadət, həsrət var imiş!
Gördüyüm əslində xoş xəyal imiş.

İnsansevərlik idi alidə duran,
Mürvətim zülməti daxildən yaran.
Burada dəyərlər qorunan imiş,
Gördüyüm, nə yazıq, xoş xəyal imiş.


Solmuş misralar

Toz basmış rəfdən aldım dəftəri,
Açmadım mən onu illərdən bəri.
Hisslər aləmidir orda yazılan,
Solmuş misralardır tək səndən qalan.

Titrək əllərimlə vərəqləyirəm,
Gözümdə canlanır hər bir baxışın.
Yaddaşa kəsilsə qənim də zaman,
Solmuş misralardır tək səndən qalan.

Açdığım əslində könül sirridir,
Yazılan əbədi həkk olunubdur.
Onlarla yaşamaq çox ağrılı an,
Solmuş misralardır tək səndən qalan.

Bilmədin o vaxtın sən dəyərini,
Həyatda maraqlı hədəflər seçdin.
Sınmadım, çıxdım mən qürurla bundan,
Solmuş misralardır tək səndən qalan.


Don əllər

Götürdüm fırçanı çəkəm rəsmini,
Xəyalda canlandı bütün cizgilər.
Gözündə axtardım ülvi hissimi,
Tapmayıb qəfildən don oldu əllər.

Yadıma bir anda çöhrən düşərkən,
Heyrandan çəməndə diksindi güllər.
Tabloya ilk xətti incə çəkərkən,
Soyuq baxışlardan don oldu əllər.

Gücümü toplayıb rəsmə başlarkən,
İlk əvvəl görkəmə mən çəkdim tellər.
Boyayla üzünə rənglər verərkən
Yaşaran gözlərdən don oldu əllər.

Boz rəngli kətana çalar atarkən,
Şux doğan günəşdən oyandı ellər.
Anidə dodaqdan gülüş qaçarkən,
Ümidsiz xəyaldan don oldu əllər.

Yaranan dünyaya özümü qatdım,
Cəhalət dözmədi, daşdırdı sellər.
Qorudum səni mən, son dəfə baxdım,
Don qaldı naminə məhv olan əllər!


Qeyri-bərabər savaş

Həyatın çox qəliz tərəfləri var,
Bu yolda daima sınanır dostlar.
Çevrəmdə çox fərqli simalar da var,
Nə olsa sipərdir həmləyə dostlar.

Düşmənlər giribdir mələk cildinə,
Hər tində bir pusu qurublar bizə.
Çatıblar israrla hücum həddinə,
Ruhumuz güc verir Tam olan bizə.

Bütün silahları salıblar işə,
Zərrətək rəhm də qalmayıb Şərdə.
Cəhalət zülmətlə girib sazişə,
Müsibət salıbdır İnsanı dərdə.

Açıq mübarizədə güclər tən deyil,
Ülviyyət, nəciblik sıxılıb küncə,
Xəyanət hökm edir: “Məğlubsan, əyil!”,
Qürurla son baxdım oda girincə.


Bizim Gülhanə

Kövrək baxışlarda tapmıram istək,
Yazsan da ülviyyət barədə namə.
Mum kimi əriyir sonuncu dilək:
Qalmasın bülbülsüz bizim Gülhanə!

Hər səhər o bağda bir oyanardıq,
Şənlənən hər şehə vardır bəhanə.
Hər gülün başına bir dolanardıq,
Bir tamlıq yeridir bizim Gülhanə!

Yaşıllıq qəlbləri çəkib aparır,
Təbiət qoynunda var məhrəmanə.
Hər ağac bir sirri gizli saxlayır,
Gözəllik məskənidir bizim Gülhanə!

Gəzərkən tək tənha açan gülzarı,
Hər çiçək kəsilir cana dürdanə.
Unutmaq çox asan dərdi-azarı,
Bir cənnət bağıdır bizim Gülhanə!

Tənhalıq bu ruha olmadı məlhəm,
Çün sevgi vadisi qaldı viranə.
Verdiyin hər ilqar olacaq məhrəm,
Çün eşqə sadiqdir bizim Gülhanə!


Gecikmiş namə

Açılan şux bahar səhərində sən
Bir kağız parçası göndərdin mənə.
Çox qısa yazılmış bu namədə sən
Ülviyyət barədə söz açdın mənə.

Yazdığın hər misra sirli dünyadır,
Onun sakinləri kimlərdir görən?
Fikirlər qaynayan sonsuz dəryadır,
O hissin qayəsi kimlədir görən?

Aparır uzağa dalğın fikirlər,
Canlanır gözümdə yaşanan anlar.
Duyğular içinə qərq edir əllər,
Könlümü hey çəkir ətirli bağlar.

Gülərüz tək sima süzüb maraqla
Kədəri gözündə görürəm nədən?
Qalaraq tək tənha yazıram qanla:
“Tərk etdin sən məni görəsən nədən?”.

Bu namə əlimdə get-gedə solur,
Saçılan nura da qərq oluram mən.
Dalımca tikilən baxışlar donur,
Hər yanda VAR-ımı görəcəksən sən.


Hava limanı

Bəxtiyar var ikən aldım bir xəbər,
Səfərə ehtiyac yaranmış səhər.
Həvəssiz düzləndim yola bir təhər,
Nə danım? Getdikcə boğurdu qəhər.

Bu xəbər sarsıtdı həm də Gözəli,
Tapmadı nə bir söz, nə də bir kəlmə.
Yaddaşda canlandı sevda əzəli,
Yanağa yayıldı nəmlənən sürmə.

Baxışlar toqquşdu, susdu dodaqlar,
Tək ruhlar qiyama qalxdı bu anda.
Bir zaman qaldıran eşqi qanadlar,
Tam aciz qalmışdı, donmuşdu qan da.

Qoyaraq geridə müdhiş anları
Söz verdik and üstə o həmin gecə.
Susaraq yad edib doğma bağları
Limana biz çatdıq bilmirəm necə.

İnsanlar yol üstə sevincəkdirlər,
Yalnız biz, çox yazıq dururduq orda.
Aşiqlər bilirlər görüşəcəklər,
Tək bizdə əminlik yox idi bunda.

Gözlərdə var idi həsrət, qəm-qüssə,
Ürəklər çırpınıb edirdi tüğyan.
Sükutu pozaraq kənardan kimsə
“Tez keçin!” – hökm etdi, çatıbmış zaman.

Əlimdə yol çantam məyus vəziyyətdə,
Trapın önündə dayandım bir az.
Arxaya son baxıb, kədər içində
Gördüm ki, tez söndü vəfasız almaz...

Epiloq:

Nə qədər yar olsam, hər şeyim hədər,
Çün bir söz ürəkdə qalıb paslandı.
Məchulluq yolunun mayası kədər,
Çün o gün əbədi hicran başladı.

Düşünüb dərindən açdın dəftəri
Vədini yadına salmaq istədin.
Olsam da hər zaman eşqin sərvəri,
Soruşma indi sən: “Niyə dönmədin?”.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: