Başlayan həm də ömürlərin başlanğıcı olur.
Kim deyir ki, nağıllar uydurmadı, fantaziyadı və yaxud da xəyallardı.
Əsla belə deyil, hər nağıl bir həyatdı...
Əvvəli və sonu olan bir həyat.
Film kimi bir həyat.
Həyatlar fərqli, ömürlər müxtəlif...
Hər həyatın, hər nağılında öz qəhrəmanı olur. Doğulur, həyat mücadiləsi aparır, yaşam və çırpıntılarıyla bəzən ürəkləri belə ağıza gətirir, bəzən həyəcanlandırır, bəzənsə insanı varından yox edir. Belə həyatların birindən danışacağıq.Ölümüylə ölümün üzünü ağ edən birisinin nağılını. Azər Nəsib oğlu Ələkbərovun film kimi həyat nağılı. 1967-ci ilin bir qaynar günündə, avqust ayının 9-da dünya ya gəldi Azər.Gəlişiylə ailəyə sevinc, səadət gətirdiyini isə çox sonralar anladı.Valideynləri ona evimin işığı, gözümün nuru deyəndə bildi ki, bir ailənin nur ünvanı, bir nəslin davamçısı, bir elin yurd keşikçisidi.Amma o yerlərə, o məqamlara qədər hələ çox yol getməli, çox əziyyətlərə qatlaşmalı idi. Qatlaşacaqdı da. Bunun üçün ilk olaraq arzularının ünvanını tapmalı,və hədəfə doğru inamla irələməliydi.Və yolun başlanğıcına çıxmalıydı. Çıxdı da. Ömrün uşaqlıq illərini başa vurmağın zamanı 1984-cü ilə təsadüf etdi. Orta məktəbi əla qiymətlərlə bitirdi.. Həm təhsili, həm tərbiyəsi məktəbin birincisi olmağı bacaran Azər müəllimlərinin də sevimlisinə çevrilməklə həyat yolunda işığa doğru getdiyinin bir daha anonsunu verdi. Göstərdi ki, insanı ucalığa aparan yol məhz tərbiyədən, böyüyə hörmətdən, kiçiyə mərhəmətdən keçir. İsbatladı ki, ona bir hərf belə öyrədənin qarşısında hər vaxt minnətdarlıqla dayanmaq insanı daha da ucaldır,zirvələrə doğru aparır.Zirvələri hədəfləyən Azər həyat düsturuna çevirdiyi bu keyfiyyətlərlə uşaqlığın son gününə vida dedi, yeni bir həyata, gəncliyə gəlirəm söylədi. 1985-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi bayramlar rejissorluğu ixtisasına qəbul olundu. Bununlada həm də arzularının ilk qapısını açmış oldu. Amma əsgəri xidmətə çağrıldığından bir müddət təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldı.Əsgəri xidmətdə olarkənsə nə istəyindən,nə də arzularından bir addım geri çəkildi. Kişilik məktəbinin məzunu olmağı həm borc, həm də şərəf saymaqla borcundan da şərəfindən də məmnun oldu. 1989-cu ildə əsgəri borcunu yerinə yetirib də, geriyə vətənə qayıtdı və təhsilini davam etdirməyə başladı. Başlanansa həm də Azərin sənət uğurları və könül çırpıntılarının məqamları oldu. Söz sərraflarının sırasına qoşulmaq üçün ilkini “Bahar sabahı”nı yazdı.Gələcək həyatının koordinatlarını hədəflədi.
- Baharın ilk günü, ilk səhəri idi. Kamran gecə yatmamışdı.İndi onun yorğun gözləri öz-özünə yumulurdu.Lakin yuxulamaq istəmirdi.Nigaran idi.Sevinci düşünürdü.Sevincini, gözəl və mehriban arvadını.
Bir gənc həyat yoldaşının, atanın keçirdyi hissi,həyəcan və nigarançılığın məqamlarını belə cızdı Azər kiçik hekayəsində. O gənc ata ki, hamilə həyat yoldaşı ana olmağa hazırlaşır. Kim bilir bəlkə də Kamran obrazı onun özüydü. Özünün protototipiydi.Kim bilir bəlkə gözünün, könlünün sultanı da varmış. Onun. Bəlkə elə qəlbinin sahibini Sevinc obrazında canlandırıb. Bəlkə də özünün gələcək xoşbəxt ailə modelinin cizgilərini cızıb bu hekayədə.Bəli, bütün bu bəlkələrin cavabları yenə də onun üzərində cəmləşir.
- Kamran başını anasının sinəsinə söykədi.Lap uşaqlıqda olduğu kimi,mən sənin həmişə uşağın, körpən olaraq qalacam dedi, möhkəm və iti bir hərəkətlə anasına sarıldı,ətrini sinəsinə çəkdi.Sonuncu dəfə çəkirmiş kimi.Qəhrəmanın dili və jestlərilə anaya, Anasına olan sonsuz sevgisini bax belə dilə gətirdi Azər. Sevgisi isə tükənməz və sonsuz idi. Hələ qarşıda onun daha böyük sevgiləri olacaqdı. Yaradan, anadan və dünyadan da şirin olan bir sevgisi.Vətən və yurd sevgisi. Azərbaycanın müstəqilliyi uğrunda həyatını itirmiş 131 şəhiddən birisi olacaqdı.Ona doğru getdiyini, o günə tələsdiyindən də xəbərsiz idi. 1990-cı ilin qara yanvarı onu da udacaqdı,ölməzlik tarixinə onun da imzasını qoyacaqdı. Amma bu sonralar olacaqdı. Hələ ki, Azər xəyallarında qurduğu ailənin mənzərəsini yaradır, xoşbəxtliyin məqamlarını qələmə alır və təqdim edirdi.
- Birdən zəng çalındı. Bu zəng başqa zənglərə bənzəmirdi.Həyəcanlı, cingiltili idi. Kamran özünü telefona yetirdi.Lakin anasının ehtiyatla telefona yüyürdüyünü görüb də ayaq saxladı.Anasısa ürəyi,ayaqları,yanaqları titrək,var gücüylə qışqırdı:
- Təbrik edirəm oğul, qızın olub, 3-cü qızın, Sevincin də sağ salamatdı.
Kamran heyrət və təəcüblə, doğrudan-deyə sual etdi. Və xeyli susdu. Durğun və çaşqın gözlərindənsə xoşbəxtlik tökülürdü..
Bax belə.Bu da yazarın yəni Azərin xoşbəxt ailə modelinin sonuncu akkordları. O sonuncu hiss və duyğularını elə gözəl ifadə edir ki, bunun özünün yaşamaq istədiyi həqiqətini inkar etmək mümkünsüz olur. Məncə elə son duyğularıyla özünü bütünlüklə ələ verir Azər..
Bəli Azər əslində özünü,öz taleyini qələmə almışdı.Gələcək xoşbəxt həyatını belə təsəvvür etmişdi, belə qurmuşdu. Sadəcə tələsmişdi,zamanı qabaqlamaq istəmişdi. Amma sən saydığını say,gör fələyin saydığı nədi.Fələk onun taleyinə bir qara yanvar faciəsinin qurbanı olmaq yazmışdı. Şaxtalı-sazaqlı bir gecənin qurbanına çevrilmək qədəri vermişdi. O qanlı şənbə gecəsində şəhərə daxil olan rus qoşunlarının qırğın törətdiyini eşidincə atası küçəyə çıxıb və geri dönməmişdi. Azərsə bir müddət gözlədikdən sonra,atasının evə qayıtmamasından narahat olaraq onu axtarmağa çıxmışdı.O gecənin qaranlığında da bir dəfəlik itmişdi sanki.O gecənin yoxluğuna qarışmışdı.Atası evə qayıtsa da Azər evə qayıtmamışdı.
2 gün, 2 gecə axtarışlardan sonra isə cansız bədənini tapmışdı övladının. Qucaqlayıb da doya doya öpmüşdü, hönkürmüşdü. Və Sonuncu kərə evlərinə qonaq kimi gətirmişdi Azərini.Bu dəfə yeni qiyafətdə, yeni adda.. Bu adı ona Tanrıdan verilmişdi.Yaradandan gəlmişdi əmri. Bu ad ona ölməzlik qazandırmışdı.Bu ad həm də onun mənsub olduğu ailəyə,yurda, nəslə də şərəf gətirdi.Bu adla yenidən doğuldu Azər, yenidən yaşamını təzələdi və göylərə bülənd oldu.
Vətən uğunda ölənlərə öldü, - deməyin onlar həmişə diridilər kimisi xəbərdarlığı edən müqəddəslərin uca məqamına yüksəlmişdi.
Bu gün adı, özü, sorağı oralardan ucalardan gəlir...
O zirvəliklərə diqqətlə baxanda, o ucalıqlar boylananda orda gözə dəyən ən parlaq ulduzlardan biridə onunkudu..
Heç vaxt axmayan və sönməyən ulduz. Azər Nəsibovun ulduzu.
Elşən Alar
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.