Ayağ Qarayazı, başı Başkeçid,
Başkeçid baş qapı – Turana keçid,
Çəmənlər, çeşmələr növ, çeşid-çeşid,
Borçalımın torpağıdı bu yerlər !
Bu torpağ mənimki, mərkəzi Sarvan,
Sarvandan yol salmış dünyaya karvan,
Qaraçöp, Bolnisim, o yan İrəvan,
Borçalımın torpağıdı bu yerlər !
Dağı birdi, bağı birdi, yağı bir,
Dili birdi, dini birdi, diqqət bir,
Məhəbbət bir, hüsn – rəğbət, riqqət bir,
Borçalımın torpağıdı bu yerlər !
Yaylaxlarım yadigardı, bilirəm,
Gül-çiçəkdi, gülüstandı, bilirəm,
Qışda başı duman, qardı, bilirəm,
Borçalımın torpağıdı bu yerlər !
Elim birdi, selim birdi, yelim bir,
Sazım birdi, sözüm birdi, telim bir,
Havam birdi, havacatım, halım bir,
Borçalımın torpağıdı bu yerlər !
Söz dəmirdi, isti - isti əy də döy,
Kənd-kəsəklər, türklər demiş, deyək köy,
Hər bir həyət, hər bir ocax, hər bir öy,
Borçalımın torpağıdı bu yerlər !
El eşitsin düzünü, etiraflar,
Səməd ağa, Emin ağa, Zuraflar,
Kişilikdə ad qazandı o saflar,
Borçalımın torpağıdı bu yerlər !
Babalarmız bir olubdu, bir mənəm,
Torpağ nə sən, nə bir nakəs, mən kiməm,
Bu torpağı bölgələrə bölmərəm,
Borçalımın torpağıdı bu yerlər !
Ayrılığ nə demək, ay Azərbaycan?
Ellərim can deyib, can eşidib, can,
Dağ - aranım hardan oldu Gürcüstan?
Borçalımın torpağıdı bu yerlər !
* * *
Ağlağanım, Ağrıdağım,
Anaxatır axan ağrım,
Sənəkuçan, Yastı Qarım,
Göy Bulaq, Muşul, Muğanım,
Borçalımın torpağıdı bu yerlər !
And içirəm, andım Quran,
Divsiz dərin, Keçiqıran,
Adlamışam addım - addım
Soyuqbulaq, Armuddudan,
Borçalımın torpağıdı bu yerlər !
Hər qaya qanadım, qolum,
Quzuqulaq, quşəppəyi,
Gözüm üstə duz - çörəyi,
Yollarına qurban olum,
Borçalımın torpağıdı bu yerlər !
Bələk, beşik hər bucağı,
Qundağa ana qucağı,
Odlayandı od – ocağı
O açandı ovqatımı,
Borçalımın torpağıdı bu yerlər !
Nərimanım, Şaiqim var,
Alim, mömin, şairim var,
Yadigarov qardaşları
Fəqət, fəxrim, generalım.
Borçalımın torpağıdı bu yerlər !
Hacıxəlil, Haley bəyim,
Neçə ağam, xanım, bəyim,
Xırda - xırda üyüdəcək,
Ələyəcək söz ələyim,
Borçalımın torpağıdı bu yerlər !
Neçə - neçə şir nərəli,
Pələng kimi pəhləvanım,
Kamandarım, Rəşidim var,
Qollarını fil bükənməz.
Saymağ ilə, yazmağ ilə
Sinəm üstdən söz tükənməz,
Borçalımın torpağıdı bu yerlər !
Böyük Şenlik Türk əsilli,
Borçalım əsil – nəsilli.
Şair Nəbim, Kəblə Qaram,
Eh, qopartdın niyə yaram,
Say, sırada mən də varam,
Yazacağam aram – aram,
Borçalımın torpağıdı bu yerlər !
Zəlimxanım söz zəfərim,
Öz qələbəm, öz zəfərim.
Saz sevincim, saz qəhərim,
Sazsız açılmaz səhərim.
Borçalımın torpağıdı bu yerlər !
Təhməz mənim tər təbimdi,
Dərdimə dərman, həbimdi,
Məhəbbətim, mətləbimdi,
Candara canım qurbandı,
Borçalımın torpağıdı bu yerlər !
Sınıx Körpüdən başlanır,
Adam getdikcə yaşlanır,
O yerlərçün yanır, anır,
Qardaş, vallah qanan qanır,
Borçalımın torpağıdı bu yerlər !
Vurğunuyam mahalımın, al - əlvan,
Varmı vəsfə ayrı, özgə əlavən?
“Mənzil uzaq, ömür yarı”, kim cavan,
Səngərliynən* söylə varmı söz davan,
Borçalımın torpağıdı bu yerlər !
* - Səngərli /Hüseyn Faxralı/
27.01.2011
Özüm Borçalıyam
Alması, heyvası, axçası gözəl,
Baharda bar verən baxçası gözəl,
Boşalmaz xəzinə, boxçası gözəl,
Gözəldən gözəldi gözüm Borçalı !
Hər qaya dibindən bir bulaq qaynar,
Şimşəyi qılıncdı, buludu oynar,
Yazda yaşıl, payız xaşıl boyanar,
Od – ocağım, qaynar közüm Borçalı !
Söz yükün ağırdı, batmandan ağır,
Uca dağ başına daim qar yağır,
Gözlərim yol çəkir, dilim də yağır,
Mübtədam, xəbərim, sözüm Borçalı !
Ağrın alım, aylar, illər ayrısıyıq,
Sızlar sazın, sarı simin sayrısıyıq,
Necə olsa bir xamırın mayasıyıq,
Hə de dönüm, demə dözüm Borçalı !
Darıxmışam sənnən ötrü duman, çən,
Səngərliyəm, çeşid çeşmə, ay çəmən,
Özgəni neynirsən, ölmüşəmmi mən ?
Özüm Borçalıyam, özüm Borçalı !
08.03.2012-ci il
Salam olsun Borçalıya !
Hər tala, qaya, qalaya,
Çökək, çuxur, hər çalaya,
Dam - daş, dəyə, hər çalıya,
Salam olsun Borçalıya!
Çəmən, çəhlim, çəpər olmaz,
Cılız canda təpər olmaz,
Sinə gərib, sipər olmaz,
Oğul olsun Borçalıya !
Bir tikədi, yağlı quymaq,
Doğma yurddan olmaz doymaq,
Ovsunludu oba – oymaq,
Borcumuz var Borçalıya !
Gen dünyası dar olacaq,
Yara ona yar olacaq,
Xatırlanıb, xar olacaq
Xain baxan Borçalıya !
Hüseyn, bağdı, bağça, bostan,
Keçmişi var, nağıl, dastan,
O nə haydı, nə hayastan,
Halal olsun Borçalıya !
20.10.2012-ci il
Bizim Borçalının
Sarılaram Sarvanına,
Qoşularam karvanına,
Bürünərəm yorğanına
Belə bizim Borçalının !
Daşı üstə daş qoyaram,
Yaşı üstə yaş qoyaram,
Başkeçiddə baş qoyaram
Belə bizim Borçalının !
Bolnisi var bol dərd - sərli,
Qərib quş tək qəm - qəhərli,
Dağı – daşı ləl, gövhərli
Belə bizim Borçalının !
Qarayazı qan qardaşı,
Cah - cəlallı, can sirdaşı,
Ölməz ömür – gün yoldaşı
Belə bizim Borçalının !
Ruhani çəkdirə ahı,
Saz dünyamın xanı, şahı,
Hardan alım Xan Əmrahı,
Belə bizim Borçalının ?!
Məscidlər azanə çəkə,
Ədalət mizanə çəkə,
Kamandar təzanə çəkə,
Belə bizim Borçalının !
Saraclı mayə, qayədən,
Söz sala surə, ayədən,
Bircə ağız “Minayə”dən,
Belə bizim Borçalının !
Nəfəsim təngiyir, tıxac,
Gözlərini xain xap aç,
Təpələrində gördüm xaç
Belə bizim Borçalının !
Arsız insan, axta gördüm,
Baş, beyini taxta gördüm,
Neçə qəlbi saxta gördüm
Belə bizim Borçalının !
Hüseyn hüsnünə söz dedi,
Nə əyri, nəyi düz dedi,
Yaşını neçə yüz dedi
Belə bizim Borçalının ?!
24.11.2012-ci il
Müşfiq Borçalı
Müşk - ənbər ətirli müjdələr gəlir,
Qələm də, varağ da, mən də sevinir.
Xoş xəbər dalınca xoş xəbər gəlir,
Mən sözə müştağam, Müşfiq Borçalı !
Təmənna ummayan ziyalısan, sən,
Bir sərraf sayğılı, sayalısan, sən,
Maşallah, Borçalı mayalısan sən,
Mən saza müştağam, Müşfiq Borçalı !
“ZİYA”da müstəsna mövqeyin vardı,
Günəş öz nurunu saçar, yayardı,
İşığsız bir dünya başıma dardı,
Mən nura müştağam, Müşfiq Borçalı !
Səsimə səs verən, səs – sədasan sən,
Zamanla yetişmiş vaxt – vədəsən, sən,
Yaxşı ki, «zim.az»da, “ZİRVƏ”dəsən sən,
Mən Sizə müştağam, Müşfiq Borçalı !
Ziyam “ZİRVƏ”
Günəş kimi parla göydə,
Şölə, nur saç üfüqlərdə,
İşıqlansın Yer də, Göy də,
Ey ziyalım, ziyam “ZİRVƏ” !
Gözün qırpma, bax şəhanə,
Misra - misra, xanə - xanə,
Sazı – sözü yay cahana,
Ey ziyalım, ziyam “ZİRVƏ” !
Kamal səndə, kəlam səndə,
Vurğun oldum sənə mən də,
Yüksəl, ucal pillə - pillə
Ey ziyalım, ziyam “ZİRVƏ” !
Mən pərvanə, sən də bir şam,
Söz mülkündə eylə qiyam,
Qoy çin olsun yuxum, röyam,
Ey ziyalım, ziyam “ZİRVƏ” !
Hüseyinə arxa, dayaq,
Elm, bilik, alim sayaq,
Yol göstərən, sən ol mayak,
Ey ziyalım, ziyam “ZİRVƏ” !
30.07.2018
GÖRMƏY İSTƏRDİM
Müşfiq Borçalının
"Qızıl Qələm" Ali Media Mükafatı ilə
təltif olunması münasibətilə
Bir qartal olaydım, kaş yurd salaydım,
Yuvamı qayada hörməy istərdim.
Alçaqlarda alçaqlarla nə işim ?
Özümü "ZİRVƏ"də görməy istərdim...
Açıla baharım, yazım tez gələ,
İşvəli, qəmzəli nazım tez gələ,
"Sarıtel" havalı sazım tez gələ,
Səfalı bir vədə görməy istərdim...
"ZİRVƏ" də işıqdı, ziyadı, nurdu,
Sözə dəyər verdi, sözündə durdu,
Müşfiqlə daima nəbzi bir vurdu,
Mən onu hər vədə görməy istərdim...
Uğurla atılır addım, qədəmlər,
Sözün mükafatı "Qızıl qələm"lər,
Davamlı qoy olsun Hüseyn bu dəmlər,
Zəkanı "ZİRVƏ"də görməy istərdim...
15.07.2021
Cavanşirin bulağında
Başkeçidi bəyənməyən
Xain, xoflu, müxənnətdi,
Sür səfanı, el cənnətdi,
Cavanşirin* bulağında.
~~~~
* - general Cavanşir Məmmədov
Bir yanda quşlar oxuyar,
Hər yan müşk-ənbər qoxuyar,
Gözəllikdən gözmü doyar
Şair, Şahmarlı dağında ?
Yaddaşında saxla anı,
Təravətli, tərdi yanı,
Doyunca doldur dolçanı,
İç, dərmandı suları da.
Daş, qayadan qaynar bulaq,
Bulaq başı dincdi qulaq,
Müşfiq məllim, xoşhal olaq
Sərin bulaqlar başında.
21.08.2018
Mən də Borçalıyam
Mahalın halından mən də halıyam,
Elə bilmə karam, koram, lalıyam,
Köz versən köksümdə ocaq qalıyam,
Mən də Borçalıyam, mən də, Borçalı !
Mahalın məcnunu, dərd, məlalıyam,
Aşiqi, məşuqu, baş bəlalıyam,
Elimə, obama ah, vəfalıyam,
Mən də Borçalıyam, mən də, Borçalı !
Mahalın halalca öz övladıyam,
Doğmayam, kim deyir özgəyəm, yadam?
Fəsillər fəsliyəm, fəğan, fəryadam,
Mən də Borçalıyam, mən də, Borçalı !
Bir qəmli bülbüləm, dil - dil ötərəm,
Bülbül yalan, bülbüldən də betərəm,
Oğul desən hay, hoyuna yetərəm,
Mən də Borçalıyam, mən də, Borçalı !
Ögeylik damğası sinə dağıdı,
Vətən gözlərimin yarı, yağıdı,
Mən burda ölüyəm, o sapsağıdı,
Mən də Borçalıyam, mən də, Borçalı !
Mahalım, sığınnam Sınıx körpüyə,
Bir candı qoyaram girov gömrüyə,
Hörmət qoya, yaralarım hömrüyə,
Mən də Borçalıyam, mən də, Borçalı !
Hüseynəm, sığmıram yerə, nə göyə,
Kim istər qapısın qəriblik döyə?
Həsrətəm ocağa, oda, kösöyə,
Mən də Borçalıyam, mən də, Borçalı !
04.01.2013-cü il
Borçalım
Ziyarət eylərəm hər axşam, səhər,
Virtual aləmdə səni Borçalım.
İçdiyim zəhərdi, yediyim qəhər,
Başıma sən səpdin dəni, Borçalım.
Ələdin gözümə dumanı, çəni,
Görmürsən çəhlimi, yoxsa çəməni?
Yazda cücərəndə yaşıl səməni,
Başıma sən səpdin dəni, Borçalım.
Anasından ayrı düşmüş, illərlə,
Quzu kimi mələr qaldım, dillərlə,
Nələr qandım, nələr yandım, zillərlə,
Başıma sən səpdin dəni, Borçalım.
Ayırdın o vaxtdan, ellərə saldın,
Didərgin eylədin, çöllərə saldın,
Sonası sovrulmuş göllərə saldın,
Başıma sən səpdin dəni, Borçalım.
Dəyişir fəsillər, dəyişir illər,
Dəyişir əsillər, fəqət nəsillər,
Hüseyn bilməz nə möcüzə, nə sirlər,
Başıma sən səpdin dəni, Borçalım.
18.07.2014
Qazaxdan o yana olan eldənəm
Xaloğlu Hüseyn də xatirəmdədi,
O, Hüseyn Arif də hafizəmdədi,
Sazı zil, bəmdədi, zurna dəmdədi,
Bir yandan boşalan, dolan eldənəm.
Qazağın adını ucadan dedin,
Şirin dilli, şəhla gözlü dilbərin
Qollarım belini quca dan dedin,
Yaylaqdan kəkotu yolan eldənəm.
Yaz ayları gəl - gəl deyir o yanlar,
Əl - üzünü kəhrizlərdə yuyanlar,
Söz sərrafı, sazı - sözü duyanlar,
Gülləri gözümdə solan eldənəm.
A dostum, görörəm yaman kövrəksən,
Yaşın dal çağında çağlar ürəksən,
Dünya dərya-ümman, sənsə kürəksən,
Kürü kürəkləyib qovan eldənəm.
Divanədi Didivanın yolları,
Ünü yetmir, əli çatmır, uzalı,
Göygölümün Göyçəm sarı qolları,
“Xram” çayı çalan - çapan eldənəm.
Qardaş olub Borçalımla Qazağım,
Bir qopub çovğunum, soyuq-sazağım,
“Sınıx” körpü aramızda göz dağım,
Dar anda dayanıb, duran eldənəm.
Göyəzən gözümdü, Ləlvər ləl, zərim,
Meyvəli bağların barını dərim,
Can deyən dostlarsız nə xeyrim-şərim?
Mərəkə, məclislər quran eldənəm.
Addıyıf Şıxlını, keçif gederəm,
Diyardan diyara köçüf gederəm,
Yaxşını, yamanı seçif gederəm,
Qazaxdan o yana olan eldənəm.
21.08.2014
Ağrın alem
Yada düşər “Yanıx Kərəm”,
Belə dərdə dözən nərəm,
Pərvanəyəm, sınıx pərəm,
Aralıyam, ağrın alem.
Neçə yerdən parçalanmış,
İtə - qurda tən calanmış,
Mən keçən dərslər yalanmış,
Paralıyam, ağrın alem.
Qabaq-qənşər, belə öndən,
Neçə yerdən, yandan-yöndən,
Arxa dolananım, gendən
Yaralıyam, ağrın alem.
Təbrizliyəm, Dərbəndliyəm,
Zəngəzurlu, Göyçəliyəm,
Köklü – köməcli kəndliyəm,
Haralıyam, ağrın alem?
Qarabağlı, Qaradağlı,
Muğam, kaman, tara bağlı,
Xarıbülbül, xarabalı,
Şuşalıyam, ağrın alem.
Meşələri sərin yelli,
Dərələri dərin, belli,
Şişqayalı, şirindilli,
Laçınlıyam, ağrın alem.
Çəmən yaşıl, çəhlim güllü,
Qızılgülü şən bülbüllü,
Ruzigarı, ruhu milli,
Buralıyam, ağrın alem.
Basakeçər, Ağdabanlı,
Başkeçidli, Qardabanlı,
Sarvanlıyam, sinəm dağlı,
Borçalıyam, ağrın alem.
Sazı sahman, gümüş telli,
Bəmi bəmli, zili zilli,
“Zarıncı”lı, “Sarıtel”li,
Faxralıyam, ağrın alem.
29.08.2014
Borçalım
Dağlar kəmər kimi qucaqlayıbdı
Belecə belini canım Borçalım.
Qayalar boyunbağ, boynunda sal-sal,
Eləcə oduna yanım Borçalım !
Özgə candı mahalların mahalı,
Babakərdən, Əyriqardan meh alı,
Bahadırdı, bazubəndi bahalı,
Şərəfim, şöhrətim, şanım Borçalım !
Yalandı yanımda Cümayla, Cünun,
O məsum Leylidi, mən ona Məcnun,
Nəyinə vuruldum ay Allah bunun?
Qapında boynumu burum Borçalım !
Bağlar salxım-salxım, bar burum-burum,
Gözümün işığı, nurunla durum,
Yellərin bəd əssə yeriməz surum,
Sən oldun urvatım, urum Borçalım !
Bir azca bu yerdə xəyala dalım,
Saz-söz mülküm, varım, cahi - cəlalım,
Hardadı Kamandar, Xan Əmrah, Alım?
Toy – düyün mağarın qurum Borçalım !
Hüseyn, namərd ollam, ondakı anım,
Döşündən əmdiyim mən necə danım?
Ağzımda dilimdi, dinim – imanım,
Surətdə sultanım, xanım Borçalım !
10.01.2014
Borçalının dağlarında
Gül-çiçəkdən şirə çəkəm,
Əmlikləri dişə çəkəm,
Şimşəkləri şişə çəkəm
Borçalının dağlarında !
Ocaq demiş, pir demişəm,
Pələng demiş, şir demişəm,
Yurdum-yuvam bir demişəm
Borçalının dağlarında !
Bal dodaqlı, boyu bəstə,
Qara tellər dəstə - dəstə,
Hüseyni də saldın xəstə
Borçalının dağlarında !
11.02.2014
Borçalı mahallı qız
Güləndə gül dodağı,
Al yanağı hallı qız.
Ağız, burun, buxağı
Şirin, şəkər, ballı qız.
Yanaqları almadı,
Ağ sinəsi xallı qız.
Çatma qaşlı, çalmalı,
Başı tirmə, şallı qız.
Dili üstə dil bitər,
Sinə mərmər, əndam tər,
Dindirsən dil-dil ötər,
Dili qeylü - qallı qız.
Aydı, Gündü, yar ay ana,
İşıq saçar yana - yana,
Sınıx körpüdən o yana,
Borçalı mahallı qız.
02.03.2014
Yurdumun !
Poeziya parlaq günəş,
Yaxşı düşün, bir fikirləş,
Gücün varsa, güvən, güləş,
Günəş kimi Vurğunu var yurdumun !
Yaranışdan yanar ulduz,
Zülmətləri yarar ulduz,
Parlaqlıqda bir dan ulduz,
Yamsılanmaz Rəşidi var yurdumun !
Pəhləvanlar diyarıdı,
Meydan bazlar bazarıdı,
Zallar yıxdı, Zallar basdı,
Basılmayan Rəşidi var yurdumun !
Zaman zalımlar zarıdır,
Gah yarıdır, gah qarıdır,
Ovur, burunlar qanadır,
Qan - qadalı tarixi var yurdumun !
Tarix cavan, ahıl deyil,
Nərimanım nağıl deyil,
Cahan qanır, cahil deyil,
Neçə şair, Şaiqi var yurdumun !
Başdanbaşa bağ-bağatlı,
Barxanalı, bar baratlı,
Aşa bilməz hər ağatlı,
Başıqarlı dağları var yurdumun !
Buğlaması, bulaması,
Bozqurdunun ulaması,
Mərdin meydan sulaması,
Coşub, daşan sel-suyu var yurdumun !
Ağalar, bəylər yurdudur,
Neçə qaçaq, neçə qoçaq,
Qollarında qandal, qolçaq,
Əyilməyən ərləri var yurdumun !
Yadigarov qardaşları,
Budur qeyrət, budur varı,
Budur Borçalımın barı,
Yadigarı, yarağı var yurdumun !
Zuravoğlu, Cöyroğlular,
Təhməzqulu, Emin Ağa,
Mehralı bəyə boyun əy,
Əyilməyən bəyləri var yurdumun !
Əskik olmaz qonaq–qara,
Mehman olar düzilqara,
Baxmaz vara, baxmaz yoxa,
Gələni var, gedəni var yurdumun !
Sazın - sözün xiridarı,
Xındı Məmməd, Xan Əmrahı,
Saraclı Söyün, Kamandar,
Ustadnamə, ustadı var yurdumun !
Zurna dinər, saz inildər,
Masabəyi söz incələr,
Bəylərə layiq gəlinlər,
Gənclərinin gərdəyi var yurdumun !
Dadı, tamı şəkər əzər
Dil - dodaq, dişə, damağa,
Yaz ilham verər yazmağa,
Yazı, yayı, yaylağı var yurdumun !
Quzqulağı, qulançarı,
Quşəppəyi, duz-çörəyi,
Üz ağardar düz çörəyi,
Naz-neməti, nələri var yurdumun !
Əkinləri cütlü, xışlı,
Gəvələr əlvan naxışlı,
Gözəllər oğrun baxışlı,
Canlar alır cah - cəlalı yurdumun !
Əl uzadır ər yurduna,
Xain xaç qoyur yurduma,
Quduz dəymiş gəl qudurma,
Xaçpərəsti, xaini var yurdumun !
Sərvəti tükənən deyil,
Varı - halı başdan aşır,
Şəninə xoş söz yaraşır,
Nəyi çatmır, nəyi yoxdur yurdumun ?
Bəlkə çaşdım, yolum azdım,
İyirmi bəndlik söz yazdım,
Dəli Kürüm, Xan Arazım,
Yazılmamış dastanı var yurdumun !
Boğazkəsən Başkeçiddə,
Hər bərədə, hər keçiddə
Keşməkeşin keşiyində
Borçalıtək mahalı var yurdumun !
24.10.2008-ci il
Borçalıma boylanıram
Döz deyirsən, necə dözüm
O dağlardan aralı mən.
Yaralıyam yaylaxlardan,
A dağların maralı, mən.
Xəzan çağı sapsarıyam,
Dağların dümağ qarıyam,
Yazı, yayı, baharıyam,
Fəsillər, aylar sayıram.
O səfalı seyrangahlar,
Baş əydiyim səcdəgahlar,
Qiyamətmiş qibləgahlar,
Öz qibləmə boylanıram.
Sözü səf - səf, sazı sədəf,
Olaylara oldum hədəf,
Zor, güc gəlir, gəl eylə dəf,
Dəfələrlə boylanıram.
Nə gecəm var, nə gündüzüm,
Heç yanında yoxdur üzüm,
Qurban olsun iki gözüm,
Görkəminə boylanıram.
Oralıyam, buralıyam,
Heç bilmirəm haralıyam.
Bozqurd kimi boğularaq,
Borçalıma boylanıram.
Ey Vətən
Dilmancım da sənsən, dilim də sənsən,
Simim də, bəmim də, zilim də sənsən,
Könlümdə, qəlbimdə, dilimdə sənsən,
Eşqimsən ey Vətən, sən səhərimsən !
Mən bəşər övladı, sən beşiyimsən,
Beşikdən çəkirsən keşiyimi sən,
Söyləmə sonuncun, sonbeşiyinəm,
Keçmişim, bugünüm, gələcəyimsən !
Doyumsuz doğuldum isti qoynunda,
Doyunca gəzmədim qolum boynunda,
Var olsun qüvvətli vuran qolun da,
Varım da, yoxum da sənsən, sən, Vətən !
Vəziyyət gətirdi bizi bu hala,
Həsrət qaldıq bir həyalı hilala,
Biz köçsək də, Borçalıtək el qala,
Qalam sənsən, salamat qal, ey Vətən !
Bənövşəm
Yaşlı gözünə qurbanam,
Bər-bəzəkli bəy bənövşəm.
Bircə sənə kim dedi ki,
İncə boynun əy bənövşəm?
Abır – həya, ar kimisən,
Dağda dümağ qar kimisən,
Yaraşıqlı, yar kimisən,
Bircə bizə dəy bənövşəm.
Elimin gözəl qızısan,
Yanağı göy, qırmızısan,
Çöllərin dan ulduzusan,
Ləçəyi zər, zəy bənövşəm.
Tanrım yazıb qismətini,
Boy-buxunun, qamətini,
Kim soruşsa ismətini
Verrəm əla rəy bənövşəm.
18.01.2014
Bənövşəm
Günə bax, göydə şamdı,
Bu nə yazı, yaşamdı?
Güllər şahı, paşamdı,
Yerdə mavi bənövşəm.
Meh incitdi, ya mələk,
Xətrinə dəydi külək,
Ay gülüm, anlat bilək,
Lələk - lələk, bənövşəm.
Mən sənə gülüm dedim,
Pərdəmsən, tülüm dedim,
Dərd əmsən, ölüm dedim,
Məndən ayrı, bənövşəm.
Yarpağına bələnnəm,
Göz yaşın tək ələnnəm,
Gülsüz dünyam cəhənnəm,
Kimə gərək, bənövşəm?
Xarıbülbül, xarı gül,
Xanım da, bəy də azdı,
Rəngin nədən bəyazdı,
Qar, ayazdı, bənövşəm?
Naz desən naz da səndə,
Söhbət də, saz da səndə,
Açırsan yazda sən də,
Ürəyimdə, bənövşəm.
Səni çöllərə yazdı,
Məni ellərə yazdı,
Dərdi dillərə yazdı
Baxt yazan da, bənövşəm.
Boz ayda boynun bükük,
Taleyin tarmar, sökük,
Olma sənlə soykökük,
Bir kökdənik, bənövşəm?
Qəsdin nədir, ay fələk,
Qırıl baxt yazan lələk,
Quru sən də mürəkkəb,
Qəriblikdə bənövşəm.
Quzeylərdən qəm çəkir,
Mavi göydən nəm çəkir,
Çəhrayısan, çəm çəkir,
Qönçən çəkir, bənövşəm.
Ləçəyinə dən düşüb,
Çöhrən üstə çən düşüb,
Olmuya Vətən düşüb
Yadına, ay bənövşəm?
Ulduzumsan, Ayımsan,
Şeir, nəğmə payımsan,
Elə mənim tayımsan,
Mən biləni, bənövşəm.
22.03.2014
Haqqın var
(Aşıq Tərmeyxan Borçalıya)
Borçalı elinin yetirməsisən,
Yeni Tərmeyxanlar bitirməlisən,
Ərsəyə çatdırıb, yetirməlisən,
Yetirməsən, yetirməyə haqqın var !
Sazın teli tel - tel edər könüllər,
Söz-söhbətlə sökər, didər könüllər,
Toyda - şanda abad edər könüllər,
Sevinirsən, sevinməyə haqqın var !
O Dədə Əmrahın həvəsi səndə,
Ustad Kamandarın nəfəsi səndə,
Ay usta, ustadlar nəvəsi sən də,
Öyünürsən, öyünməyə haqqın var !
Dədələrdən gələn dərsdir bu sənət,
Duyan üçün müqəddəsdir bu sənət,
A Tərmeyxan, yaman tərsdir bu sənət,
Yaşadırsan, yaşatmağa haqqın var !
28.05.2014
Aşıq Qara Borçalı ilə deyişmədən:
Hüseyn Faxralı:
De gəlsin, qara Borçalı !
Dağda dəyə, düzdə çalı,
Tər sinəsi söz xonçalı,
Sazdı aşığın xançalı,
De gəlsin, Qara Borçalı !
Bilməyənlər də qoy bilsin,
Kim, nəçi, hara Borçalı.
Cavan təbi tər qönçəli,
De gəlsin, Qara Borçalı !
Gəz Turanı el - el, kənd-kənd,
Yaz, bəstələ, söylə bənd-bənd,
Qoy dinləsin Təbriz, Dərbənd,
De gəlsin, Qara Borçalı!
12.07.2014
Gara Borçalı cavabında:
Dəyələrə həsrət qaldım,
Qəm-qüssəli dillər tapdım,
Sazımı da dərdli çaldım,
Deyim gəlsin, Hüseyn əmi!
Bilməyənlər agah olsun,
Borçalı türk yudu, bilsin,
Gözüm üstə, qonaq gəlsin,
Deyim gəlsin, Hüseyn əmi!
Gəzdim Turanı kəndbəkənd,
Hər eldə oxudum bir bənd,
Qanır məni Təbriz, Dərbənd,
Deyim gəlsin, Hüseyn əmi!
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.