(1951)
Məhəbbət Nizam (Məhəbbət Hüseyn oğlu Orucov) 1951-ci ildə qədim Başkeçiddə -
indiki Gürcüstanın Dmanisi rayonundakı
Saca kəndində anadan olub.
1972-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib.
İlk şeirləri “Trialeti”, “Sovet Gürcüstanı”, “Borçalı” qəzetlərində dərc olunub.
“Çeşmə”, “Dan ulduzu” almanaxlarında və digər ədəbi məcmuələrdə yaradıcılığından nümunələr işıq üzü görüb.
Məhəbbət Nizam (Orucov) 3 kitab müəllifidir:
“Həsrətim göydən gəlib” adlı ilk şeirlər kitabı 2004-cü ildə Bakıdakı “Nurlan” nəşriyyatında işıqüzü görüb.
İki il sonra “Rübailər” (Bakı, “Nərgiz”, 2006. 72 səh.) kitabını oxuculara təqdim edib.
“Ömrüm söz əlindədir” (Bakı, “Nərgiz” nəşriyyatı, 2012, 240 səh.) adlı üçüncü kitabı isə 2012-ci ildə çap olunub.
Biz də Məhəbbət Nizama uzun ömür, möhkəm cansağlığı, yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini "ZİM.Az"-ın və “Zirvə.info”-nun oxucularına təqdim edirik.
ZiM.Az
(Bax: Müşfiq Borçalı. Dağlar oğlu şair Məhəbbət Nizam. “Şərqin səsi” qəzeti. N: 62 (292) Mart, 2014.)
Hava bürosu
Şuşaya qar yağacaq,
Ağdama yağış, bu gün.
Xocalıda borandı,
Odana yığış, bu gün.
Xankəndində sıcaqdı,
Ağdərə çən duman.
Füzulidə sulu qar,
Yağır verməyir aman.
Kəlbəcərin yolunu,
Tar tutubdu, gedən yox.
Gedib qalanlara da
Bir köməklik edən yox.
İşıqlının döşünə,
Yaman dolu düşübdü,
Gecə Laçın yoluna,
Bir qaya sürüşübdü.
Qubadlıda küləklər,
Dağıdıbdı dam-daşı.
Zəngilana baxmayın,
Tökərsiniz göz yaşı.
Səhər axşam efirdən,
Boylanırıq dağlara.
Cəbrayılda tək çinar,
Dönüb tənha ağlara.
Sağ ol, hava bürosu,
Sağ ol, nə yaxşı varsan.
Bizimçün qarabağdan,
Gətirirsən xəbər, sən!
...Şuşaya qar yağacaq,
Ağdama güllə bu gün.
Bakıda görüş gedir,
Çiçəklə-güllə bu gün.
23.10.2014
İçində
İlləri verib yelə,
Gəzirik gülə-gülə.
İçimiz dönüb külə,
Çölümüz gül içində.
Lal olduq, döndük kora,
Tərif yağdıraq zora.
Sağımız gedir gora,
Ölümüz gül içində.
Çoban çalıb oynayır,
Çalmaq ilə doymayır.
Yalanımız qaynayır-
Əlimiz gül içində.
Baş yeyənlər baş yonur,
Göz çıxardır, qaş yonur.
Ağıllımız daş yonur,
Dəlimiz gül içində.
Bu nə yurd, nə məmləkət,
Kimdə var ki, bu həkət?!
Kəsilibdi bərəkət-
Zəlimiz gül içində!
23 iyul 2015-ci il, Ağdamın işğalından
düz 20 il adladı...
Niyə dilənirsən, ay ana, niyə?!
Üzündə gözündə nur işığı var,
Çöhrəndə tanrının yaraşığı var.
Eşitdim, deyirlər çox uşağın var,
Niyə dilənirsən, ay ana, niyə?!
Kim səni gətirib qoyub bazara,
Kim səni salıbdı de, bu azara?
Əl açıb, girirsən bəlkə məzara,
Niyə dilənirsən, ay ana, niyə?!
Üzündə xəcalət başın aşağı,
Sən ölüm sayırsan bu yaşamağı.
Bunamı böyütdün oğul-uşağı,
Niyə dilənirsən, ay ana, niyə?!
Yaman çoxalıbdı yaman, dilənçi,
Verməyir millətə aman, dilənçi.
Baxma ki, olubdu zaman dilənçi,
Niyə dilənirsən, ay ana, niyə?!
Oğulmu uşağı atıb gedibdi,
Qızmı mənliyi satıb gedibdi?
Millət belə-belə batıb gedibdi,
Niyə dilənirsən, ay ana, niyə?!
Görərmi bunları yağlı yeyənlər,
Puldu bu dünyanın ağlı-deyənlər?
Ah çək! Qoy əyilsin haqq əyənlər,
Niyə dilənirsən, ay ana, niyə?!
Niyə dilənirsən???...
13.02.2007
Salam, hey...
Bir mahnı var, kimdi onu oxuyan,
Kim yazıbdı, mən də alam oxuyam?
Yada salım, oxu sevin, oxu yan,
Mən aldandım, sən aldanma, balam, hey!...
Kəc zəmanə, çox oynama yaramla,
Mən bütövəm, bölünməz paramla.
Tüstülənəm, alışaram aramla,
Dağ başında tənha qalan qalam, hey!..
Dili yanan, sözü yanan aşiqəm,
Odu yanan, közü yanan aşiqəm.
Divanəyəm, özü yanan aşiqəm
Hay salaram bu dünyaya bəlam, hey!...
Bu dünyanın ər divanı qurula,
Üzə çıxa, şər divanı qurula.
Haqqın haqqa nərdivanı qurula,
Mən nahaqdan qisasımı alam, hey!..
Haqq-ədalət bu dünyaya tac ola,
Haqsızlığı yandıran bir sac ola.
O tay, bu tay birindən güc ala,
Yurd yerinə uçam, qanad çalam, hey!..
Harda qaldın Qoç, Koroğlum, -igidim,
Mən dardayam söylə niyə ləngidi?
Üz-üzədi iki məzhəb, iki din,
Türk dünyası, oyan, salam, hey!..
Yad əldədi Şuşa kimi qalam, hey!...
Gərək
Dəvədən fil olmaz, fildən də dəvə,
Hər kəsin yerini qanasan gərək.
Yamanın altına salanda gəvə,
Yaxşını tacidar sanasan gərək.
Yol üstə qalarmı yaxşı yol daşı,
Qəlbində, işində yaxşı yol daşı.
Etibarlı dostu, yaxşı yoldaşı,
Özündən irəli anasan gərək.
Adını aləmdə xar etməyəsən,
Dünyanı özünə dar etmiyəsən.
Dərdini yadlara car etmiyəsən,
Dərdbilinməz yanında danasan gərək.
Sevəsən, dünyadan söz almaq üçün,
Duyasan, ağıldan göz almaq üçün,
Zülmətin bağrına köz salmaq üçün,
Özəkdən alışıb yanasan gərək.
Məhəbbət, sönərmi candan od alan,
Sözdən nə danışar sözə yad olan?
Qalarmı uçuşdan de, qanad çalan?
Qartaltək zirvəyə qonasan gərək!
Yaz
Söz içində, söz cövhərdi, söz zərdi,
Söz yazanlar köz üstündə közərdi.
Asan olsa hamı inci dəzərdi,
Dərindədi, söz sinəni qazı, yaz.
Haqq həm qəza çox, həm qədər,
Çətində də döz, olma mükəddər.
Qar yağdırıb, qış çəksə də nə qədər
Açılacaq bir gün ömrün yazı, yaz!
Dağlara bax, nələr yatır daşında,
Min sirri var dərəsində, qaşında.
Yolu çaşqın bu dünyanın başında,
Tufan eylər Ədalətin sazı, yaz.
Nzamidən, Füzulidən soraq tut,
Xətaidən qılınc istə yaraq tut.
Əsli gəlir, dizin üstə varaq tut,
Eyləyəcək Xan Kərəmə nazı, yaz!
Ay Məhəbbət, Yunussan, nə Alı,
Ələsgərsiz söz bağının nə alı?
Anlayana bircə söz də mənalı,
Ürəklərdən silinməyən yazı, yaz!
Olarmı
Yaddan yad olacaq, düz dolan, yüz gəz,
Cansızdan canlıya canan olarmı?
Ağızdan çıxanı anlamayan kəs,
Yüz oxut, yüz öyrət, qanan olarmı?
Həyat bir sınaqdı, yumma gözünü,
Vermə nakəslərə odu, közünü.
Tullasan odlara özün özünü,
Alışıb halına yanan olarmı?
Dərd tapar dünyada təki, yalqızı,
Dolanar köksündə dağın sal buzu.
Varına “can” deyər oğul, yad qızı
Canından can verən anan olarmı?!
Məhəbbət NİZAM,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.