Bu gün sıramızın nəfəri deyilsən. Sən bizi bir gülüstandan seyr edirsən; bizə deyə bilmədiyini ruhumuza çiləyirsən.
Cəmi ayrılığımızın 40 gündür ömrü. Sanki bir qərinədir ayrılığımız: yaxın olduğu qədər uzaq, uzaq olduğu qədər də yaxındır. Heyf səndən, ruh qardaşım! Səni layiq olduğun qədər sevməyə vaxt tapmadıq, amma sən ayrılığa vaxt tapdın. Ayrılığın üzü dönsün!
RUHUN ŞAD OLSUN, XUDAVERDİ QASIMLI!..
Əbdüləli İBRAHİMSOY,
Qarayazı
REDAKSİYADAN:
Qeyd edək ki, şair Xudaverdi Qasımlı 1950-ci ildə qədim Qarayazı mahalının
(indiki Gürcüstanın Qardabani rayonundakı) Sarticala-Muğanlı kəndində anadan olub.
Ç.İldırım adına Azərbaycan Poliexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universitetini) bitirib.
70-ci illərdən ədəbi fəaliyyətə başlayan şairin şeirləri müntəzəm olaraq dövri mətbuatda - bir çox qəzet və jurnallarda dərc olunub.
“Göy üzünə səpələnən ulduzlar” adlı ilk şeirlər kitabı ondan oxuculara yadigar qalan tək kitabıdır.
Xudaverdi Qasımlı 2017-ci il dekabrın 10-da dünyasını dəyişib,
dekabrın 12-də doğma Sarticala-Muğanlı kəndində torpağa tapşırılıb.
Allah rəhmət eləsin!... Məkanı cənnət, Ruhu şad olsun!..
Müşfiq BORÇALI,
ZiM.Az
P.S.: Aşağıda şair Xudaverdi Qasımlının yaradıcılığından bəzi nümunələri
ZiM.Az-ın dəyərli izləyicilərinə təqdim edirik.
TANRIM, QARABAĞA YAĞIŞLAR GÖNDƏR
"Mənə məndən yaxın" - ayət oxundu,
Şükrüm, şərafətim, şerim də sənsən.
İlkimdən sidq ilə sığındım,
Dilimin əzbəri zikrim də sənsən.
Qulunam, ümmətə xoş bir nəzər sal,
Pozulsun bizlərə yazılan qədər,
Tanrım, Qarabağa yağışlar göndər.
Çoxları dığalar tərəfindədir,
Biclərə, yumşağa üz göstərirlər
Qanunlar "dərkənar" səfərindədir,
Gülərək, eyhamla söz gəzdirirlər.
Ey Rəhm sahibi, könülləri al,
Qara buludların səmtini döndər,
Tanrım, Qarabağa yağışlar göndər.
Yuyulsun izləri kirli ayağın,
Paklansın Topxanam, Xarıbülbülüm,
Gözləri durulsun İsa bulağın,
Ağdamı, Şuşanı görməyə gəlim.
Qalmasın, ya Rəbbim, ürəyimdə xal,
Gürşad yağmurunu selləmə əndər,
Tanrım, Qarabağa yağışlar göndər.
Coşsun fırtınalar, daşsın Həkərim,
Boğulsun yalquzaq kaftarküstülər...
Dincəlsin alışıb, yanan ciyərim,
Axsın hislər, paslar, sönsün tüstülər,
Yox et fitnəkarı, ödənsin bədəl,
Bu ahlar, dualar getməsin hədər,
Tanrım, Qarabağa yağışlar göndər.
Sellər tufan olsun, dalğaya dönsün,
Dənizə çevrilsin qoy Göyçə gölüm.
Sıra dağlarına nurlu çən ensin,
Qayıtsın yurduna didərgin elim.
Sənin əlindədir bu toy, bu vüsal,
Yanan torpağımda güllü bağ bitər,
Tanrım, Qarabağa yağışlar göndər.
Varıymış
Uca Tanrım min şükürlər rəhminə,
Hər bəndənin öz ölümü varıymış.
Alın yazısının qədər qəhrinə,
Qış ölümü, yaz ölümü varıymış.
Ev- ocağı zor gücüylə dağılan,
Köçkünlüyün qurağında soğulan.
Tüstülərin acısında boğulan,
Tək bir ömrün – yüz ölümü varıymış.
Qarabağsız gündüzlərim axşamdır,
Dünya güzgüm, göy şüşəsi –Şuşamdır.
Kəlbəcərim şəhid düşən Paşamdır,
Torpaq dağı, göz ölümü varıymış.
Yad kəlməsi dodağında ballaşan,
Qamaşıqlı duyğularla kallaşan.
Adı oğul, öz dilində lallaşan,
Soy ölümü, söz ölümü varıymış.
Xan Göyçəmi, Qızılvəngi tanımır,
Yer – göy uca, dodağıda qanamır.
Pulu çəkir, daha əllə sanamır,
Çit ölümü, bez ölümü varıymış.
Ay Qubadlım su səpsənə oduma,
Zəngilanla, Laçın düşdü yadıma.
Gedəmmirəm Mərziliyə, Ağdama,
Bel bükümü, diz ölümü varıymış.
Dərbəndim – sirr, Narınqala hörgüsü.
Cəbrayıl – pir, Xudafərin körpüsü.
Ağbabanın hanı mağar öygüsü?
Toy ölümü, saz ölümü varıymış.
Qarayazım bayatıdır, Bayatdır.
Başkeçidim boşaldılmış sükutdur.
Ruhu yansın Borçalımı kim satdı
Şah da olsa düz ölümü varıymış.
Oğulları pərən-pərən Axsıxam
Urumçumda yetimləşən sancağam.
Benoyumda qanlı-qırğın torpağam,
Yol ölümü, iz ölümü varıymış.
Ağrıları sadalasam nə fayda?
Kərküküm, Təbrizim qalıb o tayda.
Xudaverdi səsin dondu harayda,
Bulaqların buz ölümü varıymış.
Dünya cazibəsi
Tanrı yazısının qədər ölçüsü,
Fikirlərin quru rəqəmi,
elmin mücərrəd çərçivəsi.
Göz qurdunun tamah pənbəsində
qanmaq müşgülünün
sonsuzluq cəmi.
Varlı başların əda papağı,
cırıltılı postalların
qarışqa tapdaqlı izləri.
Tanıdıqlarımızın
köhnə şəkillərdəki,
saralmış üzləri.
Boşanma sevgisi ,
quruyan soğan sapağı...
Dünya cazibəsi –
Vətən sevdası.
Torpağın düşməndən
məşru – müdafiəsi.
Türk oğlunun igidlik sorağı
dilinin , dininin nidası –
ulduzlu, ayparalı
üç rənkli bayrağı !
Ana laylasından başlayan
Şəhadət yolu – axirət səadəti.
Ulu Tanrım!
Var et məşhərə qədər
Türk adlanan milləti.
Dünya cazibəsi –
nəhayətdə
şeytanın mənfur şaibəsi.
Insanlıq nağılı:-
“ölümlə olum”- fəlsəfəsi.
Bağdat, Kabil, Xocalı,
Serebrenitsalı Bosnada
və Qəzzədə
görməzdən gəlinən
soyqırım faciəsi.
Yer kürəsində
yaşamaq noğulu-
Yaradanın nur fitrəti.
Torpaqla suyun,
odla havanın,
Adəmlə Həvvanın
əbədi məhəbbəti...!
Mərhumə bacım Sarabəyim Məsuməli Qızının
əziz xatirəsinə
Doluxan baxışlar, ağlayan kəslər,
Bu gün Sara bacım, can payım köçür.
Ümid dağlarına məni kim səslər?
Bu gün Ata soylum, harayım köçür.
71 baharlı, 70 payızlı,
Alqışlı, dualı, toylar murazlı.
Nəvə - nəticəli, oğullu - qızlı,
Bu gün könül dünyam, sarayım köçür.
Bir ömür xatirə, şirin-acılı,
Biz - iki qardaşdıq, altı bacılı.
Soyad şəcərəmiz - Böyük Oruclu,
Bu gün ana laylam, haq sayım köçür.
Könüllər sərrafı, hal - əhval soran,
Çağrışa səs verən, köməyə duran.
Atam ona kəsib yeddi il qurban,
Bu gün şaqraq səslim, dağ çayım köçür.
Xudaverdi ayrılıqlar yolunda,
Köçdü bacıları sağı - solunda.
Yaşayar ömrümun hər xəyalında,
Bu gün göyçək bacım, yaz - yayım köçür.
TANRIM, QARABAĞA YAĞIŞLAR GÖNDƏR
"Mənə məndən yaxın" - ayət oxundu,
Şükrüm, şərafətim, şerim də sənsən.
İlkimdən sidq ilə sığındım,
Dilimin əzbəri zikrim də sənsən.
Qulunam, ümmətə xoş bir nəzər sal,
Pozulsun bizlərə yazılan qədər,
Tanrım, Qarabağa yağışlar göndər.
Çoxları dığalar tərəfindədir,
Biclərə, yumşağa üz göstərirlər
Qanunlar "dərkənar" səfərindədir,
Gülərək, eyhamla söz gəzdirirlər.
Ey Rəhm sahibi, könülləri al,
Qara buludların səmtini döndər,
Tanrım, Qarabağa yağışlar göndər.
Yuyulsun izləri kirli ayağın,
Paklansın Topxanam, Xarıbülbülüm,
Gözləri durulsun İsa bulağın,
Ağdamı, Şuşanı görməyə gəlim.
Qalmasın, ya Rəbbim, ürəyimdə xal,
Gürşad yağmurunu selləmə əndər,
Tanrım, Qarabağa yağışlar göndər.
Coşsun fırtınalar, daşsın Həkərim,
Boğulsun yalquzaq kaftarküstülər...
Dincəlsin alışıb, yanan ciyərim,
Axsın hislər, paslar, sönsün tüstülər,
Yox et fitnəkarı, ödənsin bədəl,
Bu ahlar, dualar getməsin hədər,
Tanrım, Qarabağa yağışlar göndər.
Sellər tufan olsun, dalğaya dönsün,
Dənizə çevrilsin qoy Göyçə gölüm.
Sıra dağlarına nurlu çən ensin,
Qayıtsın yurduna didərgin elim.
Sənin əlindədir bu toy, bu vüsal,
Yanan torpağımda güllü bağ bitər,
Tanrım, Qarabağa yağışlar göndər.
ZiM.AZ
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.