Uşaqkən quranı tutdum əlimdə,
Anladım həyatın mənasını mən.
Rəbbimin adını tutdum dilimdə,
Duydum saflıq, paklıq dünyasını mən.
Duyğularım məni çəkib apardı,
Bakıdan Məşədə, Məşəddən Quma.
Qurbanı olduğum məsum ruhların,
Yanında yetişdim, arzuya, kama.
Bağlı qapılarım açıldı bir-bir,
Kərbalada kimlər mənə yar oldu.
Qovuşdum Nəcəfdə imam Əliyə
Neçə möcüzələr aşikar oldu.
Şamda Zeynəbimlə görüşdüm inan,
Bu bir həqiqətdir, yoxsa bir yuxu.
Sandım ki, arxamda dağlar dayanıb,
Qalmadı canımda bir qara qorxu.
Mədinə! Qovuşdum Məhəmmədə s. mən,
Tanrım heç vaxt məni qoymadı darda.
Dəyişdi Məkkədə ömrüm büsbütün,
Təzədən doğuldum anadan orda.
Xocalıda
Evdən qaçan qara düşdü,
Qardan çıxan tora düşdü.
Bu boyda kənd dara düşdü
Xocalıda, Xocalıda.
O gecəni nələr gördüm,
Göyləri də mələr gördüm
Düşmənləri gülər gördüm
Xocalıda, Xocalıda.
Dünya gördü, bir an oldu,
Qırğın düşdü, tufan oldu.
Bir kənd yerlə yeksan oldu
Xocalıda, Xocalıda.
Düşmən qoşun-qoşun axdı,
Ev-eşiyi oda yaxdı
Körpələri şişə taxdı
Xocalıda, Xocalıda.
Hücum çəkdi gecə quduz,
Ağzı qanlı neçə quduz.
İnsan qanı işən quduz
Xocalıda, Xocalıda.
Düşmən idi qəsdə duran
Körpələri bir-bir qıran.
Ərşə çıxdı gülləbaran
Xocalıda, Xocalıda.
Düşmən tutub, qonub qalıb,
Tarix hələ donub qalıb.
Bu döyüşün sonu qalıb.
Xocalıda, Xocalıda.
“Azərbaycan torpağına”
Çıxıb ana qucağından,
Düşdüm sənin qucağına,
O gündən də vurğun oldum,
Azərbaycan Torpağına.
Qan istəsən verərəm qan,
Can istəsən verərəm can,
Yaşadıqca qurbanam mən,
Azərbaycan Torpağına.
Mən övladam sənsən atam,
Qucağında şirin yatam,
Qurban olub qana batam,
Azərbaycan Torpağına.
“Dənizin dalğaları”
Xəyallar üzdürür qoynunda məni,
Gözlərim önündən ötür çən-duman.
Hər kiçik xatirə düşür yadıma,
Dəniz dalğaları coşduğu zaman.
Ürəyim açılır, gözlərim gülür,
Büsbütün yox olur kədərim, qəmim.
Canımda bir sevgi ruhlanır sanki,
Yenidən həyata doğulan kimi.
Gözlərim dikilir uzaq yerlərə,
Görünməzi görmək olur sən demə.
Kükrəyən dənizin dalğalarından,
Təzə hisslər dolur mənim qəlbimə.
“Sevgi istərəm”
Mənim ürəyimdə duyğular çoxdu,
Valla qəlbim duyğu sarıdan toxdu.
Qəlbimin elə çox istəyi yoxdu,
Mən səndən bir şirin dil istəyirəm.
Uçub səhər-axşam yelimə mənim,
Bir qol dolanaydı belimə mənim.
Sığal çəkə-çəkə telimə mənim,
Sinəmdə gül açan əl istəyirəm.
Hardasan, ay səsim, ümüm yetməyən,
Çoxdan qabağımdan gəlib ötməyən,
Mən səndən solmayan, ətri itməyən,
Özümə oxşayan gül istəyirəm.
Halımı tək Tanrı bilir bilənə,
Daha halmı qalıb məndə gülməyə.
Ürəyim atlanır indi gəlməyə,
“Get” deyən dilindən “gəl” istəyirəm.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.