SƏRİNGÜL SADƏ: "Tanrımızdan bizə bir ərməğansan!.."

SƏRİNGÜL SADƏ: "Tanrımızdan bizə bir ərməğansan!.."
SƏRİNGÜL SADƏ

(Səringül Ömər qızı
İsmayılova)


(1958)

Səringül Ömər qızı
1958-ci il fevralın 13-də
Ulu Borçalımızın
qədim Başkeçd (indiki
Gürcüstanın Dmanisi)
rayonundakı Qızılkilsə
kəndində anadan olub.

O, şeir-sənətlə nəfəs alan bir ailədə, dağlar qoynunda böyüyüb boya-başa çatıb.

Səringül Sadə hələ kişik yaşlarında ikən anası Xanımın çaldığı laylaları dinləyib, atası Ömər müəllimin dediyi bayatılara qulaq asıb, qardaşı İladi Öməroğlunun, bacısı Səadət Butanın şeirlərini oxuyub. Qanda-canda ilham olduğu üçün, o da hələ orta məktəbdə oxuduğu illərdən əlinə qələm alıb, öz ürək sözlərini şeirlə deməyə başlayıb.

1975-ci ildə orta məktəbi, 1990-cı ildə Bakıda Texniki Peşə məktəbinin şirniyyat ixtisasını,
1992-ci ildə isə Mühasbat uçotu kursunu bitirib.

Səringül xanımın bəxtinə sanki qürbət ellər yazılmışdır. O, Türkiyədə, daha sonra Avropa və Ərəb dövlətlərini gəzmiş, Kamboca, Tailand, İndoneziya, Malayziya və s. ölkələrdə olmuşdur. Harada yaşamasından asılı olmayaraq, Səringül xanımın qəlbi həmişə vətənlə, yurdla, el-oba ilə döyünmüşdür.
O, vətən həsrətli şeirlər, bayatılar yazmışdır.

Səringül Sadə hazırda Bakıda yaşayıb-yaradır.

Doğma yurdun gözəlliklərindən, yam-yaşıl yamaclardan, başı qarlı dağlardan,
diş göynədən buz bulaqlardan və eləcə də, dup-duru bulaq kimi coçub-çağlayan
şairə bacısı Səadət Butadan ilham alaraq "Səringül Sadə" imzası ilə
şeirlər, bayatılar yazan Səringül xanımın "Könlümün barı" adlı şeirlər kitabı artıq çapa hazırdır.

Biz də aşağıda Səringül xanımın bir neçə şeirini dərc edir, ona uzun ömür,
möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az




BORÇALI

Aranlı-dağlısan, gözəl məkansan,
Yurdumsan-yuvamsan, canımda cansan.
Tanrımızdan bizə bir ərməğansan,
Adındır qədimdən Ulu Borçalı!

Qarayazı, Sarvan, Bolnis Başkeçid,
Buna dünya-aləm olubdu şahid.
Hamsı əhdə sadiq, hamsı mərd-igid,
Sinəsi ərənlə dolu Borçalı!

Sevən çox aşığı, sevən çox sazı,
Şirindi ləhcəsi, xoşdu avazı.
Sənsən Səringülün arzu-murazı,
İlhamın qanadı-qolu Borçalı!


SİZ MƏNİ DAĞLARA TEZÇƏ ÇATDIRIN!

Yoxdan var eyləyən, ey Pərvərdigar,
Qulam, kərəm eylə, ya öldür, qurtar.
Ay ellər, arzuma verin bir qərar,
Siz məni dağlara tezcə çatdırın.

Yadıma düşübdü güllər-çiçəklər,
Gül üstə oynaşan o kəpənəklər.
Hərdən ləngər vuran ot-biçənəklər,
Siz məni dağlara tezcə çatdırın!

Baxım dan sökülsün, günəş boylansın,
Cəh-cəh vursun yatan quşlar oyansın.
Naxır, ilxı, sürü yaylaq dolansın,
Siz məni dağlara tezcə çatdırın!

Dağılsın dağların çəni-dumanı,
Görüm binə salıb, dəyə quranı.
Sürü qarışanda çaşan çobanı,
Siz məni dağlara tezcə çatdırın!

Hər çiçəyi minbir dərdin dərmanı,
Sarf dərə, Şamdüyə, Əyriqar hanı?
Sadəyəm, seyr edim, qoy mən Sərxanı,
Siz məni dağlara tezcə çatdırın!


BACI

Böyükdür bacıda qardaş istəyi,
Bu eşq ilə vurur onun ürəyi,
Hamının olubdu bacı gərəyi,
Bacısız qardaşın dərd-məlalı var.

Bacıdır and içir qardaş başına,
Mən qurbanam deyir torpaq-daşına.
Bacı dözə bilməz qardaş yaşına,
Bax bacının belə gözəl halı var.

Qardaş sevən kəsin öpüm gözünü,
Tanrım söndürməsin ocaq közünü.
Beləcə bitirir Sadə sözünü,
Bacılı qardaşın cəh-cəlalı var.


BACILARIM

Allahım xoş gündə eyləyib əta
Bacımın biridir Səadət Buta.
İnanmıram ona birisi çata,
O, vətən eşqiylə yazıb-yaradır.

Bir bacım da vardı – şirincə canım,
Səliqə-səhmanlı Elmira xanım.
Yaman tezcə köçdü bacım-hayanım,
O da sel aparan başqa Saradır.

Mənim Gülnar bacım gözümün nuru,
O, aydan arıdır, sudan da duru,
Odur Səringülün fəxri-qüruru,
Bizim sonbeşikdir, ciyərparadır.


TAPA BİLMİRƏM

Özümdən deməyə gəlməyir dilim,
Yaman ağır keçir hər ayım-ilim,
Fələyin qəsdi nə, mən hardan bilim,
Dərdimə bir əlac tapa bilmirəm!

Sanki bir sarayam, uçub divarım,
Daşlar altda qalıb dövlətim-varım,
Günü-gündən artır dərdim-azarım,
Ona dərman-ilac tapa bilmirəm.

Kimsə yaxınlaşıb çatmayır dada,
Bəxt də məndən küsüb yetməyir dada,
Sadəyəm məntək bütün dünyada
Təbəssümə möhtac tapa bilmirəm!


HEÇ BİZİM DAĞLARIN ƏVƏZİ YOXDUR

Alçaqlı-ucalı neçə dağlar var,
Dağlarsız bu könlüm eyləyir qubar.
Başqadır Şamdüyə, Sərxan, Əyriqar,
Heç bizim dağların əvəzi yoxdur.

Başkeçid başdadı, dağlar həmdəmi,
Qürbətdə onlarsız çəkirəm qəmi.
Tutubdu Şindinin adı aləmi,
Onun əzəməti-vüqarı çoxdur.

Bizim dağlar olub igid məskəni.
Çoxdur yaylaqları, çoxdu güvşəni,
Candan artıq sevir Sadə vətəni,
O dağlar qızıdı, gözləri toxdu.


HALAL EYLƏMİRƏM…

Mənə dost olduğun söyləyən sənsən,
Məni haya basıb küyləyən sənsən.
Düşmən etmədiyin eyləyən sənsən,
Halal eyləmirəm sənə zəhmətim,
Daha qalmayıbdı sənə rəğbətim.

Olmusan qarğaya-quzğuna yoldaş,
Tülkütək hiyləndən açılmayır baş,
Axıtdın gözümdən leysan kimi yaş,
Halal eyləmirəm sənə zəhmətim,
Qəsd edib artırdın qəmim-möhnətim.

Ocaqlar söndürüb ay evlər yıxan,
Niyə qorxmayırsan Haqq tutar divan,
Sadəyəm, bu sözü söylərəm hər an.
Halal eyləmirəm sənə zəhmətim,
Qalsın qulağında tənqid-töhmətim.


DEYİR

Bayquş sifətlidir, kaftar bədənli,
Yapışır insana necə ki, zəli.
Ağıl yox başında dəlidi-dəli,
Bəhlul danəndəyəm, doğmanam deyir.

Onun boş başına bir söz batmayır,
Gecələr yerində rahat yatmayır
Evdə arvadına gücü çatmayır,
Utanıb qızarmır, sultanam deyir.

Doğası deyildi onu heç ana,
Bazarda göy satır, çıxmır bir yana,
Səringül Sadəni gətirib cana,
Başı qarlı dağam, aranam deyir!


QADIN VAR…

Qadın var qanacaq, ardan uzaqdı,
Yaxşı bacarığı yeyib-yatmaqdı,
Arzu olunmayan üzlü qonaqdı,
Olmaz eləsinin hörmət-izzəti.

Qadın var dilini saxlağa bilmir,
Yerində ağlayıb, yerində gülmür.
Davadan-dalaşdan geri çəkilmir,
Kəsilmir heç zaman sözü-söhbəti.

Qadın var anlamır gül-çiçək nədir,
Gözəlliyi sevən bir ürək nədir.
Barmağın şam etsən heç bilməz qədir,
Sadənin bax ona yoxdu rəğbəti.


EYLƏ-EYLƏ

Dəryada qərq olub – suda batıram,
Uzat əllərini, hoy eylə-eylə.
Alovsuz yanıram, yoxdu əlacım,
Axıt göz yaşını, çay eylə-eylə.

Olsun ömrüm-günüm sənə sadağa,
Salma el içində məni qınağa.
Saralmış yanağa, əsən dodağa.
Bircə təbəssümü pay eylə-eylə!

Gözümü zilləyib sənə baxıram,
Canı eşq odunda bil ki, yaxıram.
Eşqimin önündə gəl yandır bir şam,
Yadın arzusunu zay eylə-eylə.

Eşqin şahı idim, taxtdan düşmüşəm,
Üzümə gülməyən bəxtdən küsmüşəm,
Qəmlə yoğrulmuşam, qorda bişmişəm,
Qarlı qış ömrümü yay eylə-eylə!

Dünyaya gəlmişəm qanlı fevralda,
Qalmışam həmişə dərddə-məlalda,
Mənim gözüm qalıb sən pürkamalda,
Sadəni özünə tay eylə-eylə!


SEÇ YAXŞIDAN YAMANI!

Aşiq oldun, baxma dərdə, nə qəmə,
Hərdən Məcnuna dön, hərdən Kərəmə.
Hərdən Qərib olub çat Şahsənəmə,
Eşq dərdinə dözməyənlər maldı-mal!

Ara-axtar, seç yaxşıdan yamanı,
Yaxşılıqdı, bil, yaşadan insanı.
Seç özünə mərd-igidi, cananı,
Yar deməyən el bil ki, laldı-lal!

Güldən-gülə arı qonar bal üçün.
Acgöz əldən gedər cah-cəlal üçün,
Sadə candan keçər əhli-hal üçün,
Ağsaqqalın sözü ona baldı-bal!


GÖZƏL…

Açilan güllərə sən nəzər eylə,
Ağı da gözəldir, alı da gözəl.
O gələn gözəlin bax əndamına,
Özü də gözəldir, şalı da gözəl!

Dərdini çəkirəm keçən çağların,
Vurğunu olmuşam bağça-bağların.
O ömür sürdüyüm bizim dağların,
Yamacı da gözəl, yalı da gözəl!

Çoxdu şirinliyi ana dilimin,
Yoxdu bərabəri çəmən-çölümün.
Sadəyəm, deyirəm oba-elimin,
Soğan-sarımsağı, balı da gözəl!


ANA

Ey mənim ümidim, arzu-diləyim,
Ey mənim göylərdən enən mələyim.
Ey mənim çəmənim, gülüm-çiçəyim,
Dövlətim, sərvətim, sultanım ana!

Susuz səhra görsə yağışa dönən,
Hər insan ömründə naxışa dönən,
Sevən könüllərdə baxışa dönən,
Gözümün işığı, bu canım ana!

Yazda gül-çiçəktək açar çöllərdə,
Həzin nəğmə kimi gəzər dillərdə.
Özü yerdə olar, ruhu göylərdə,
Atamdan yadigar qalanım ana!

Qaranlıq yoluma çıraqlar düzən,
Azca qəmim olsa, uzaqdan sezən,
Mənimçün ömrünü-gününü üzən,
Oduma-gözümə yananım ana!

Səringül Sadəyəm, dünyanı gəzdim,
Alıb ləl-gövhəri sinəmə düzdüm.
Axırda var-dövlət, hər şeydən bezdim,
Qoy sənin başına dolanım ana!


MƏHƏMMƏD NƏBİ EŞQİNƏ

Gəraylı


Tanrını fikir eyləyin,
Namazı qılıb, zikr eyləyin.
Qismətə şükür eyləyin,
Məhəmməd nəbi eşqinə!

Yol göstərin yol çaşana,
“Dur” deyin həddin aşana.
Fərq qoymayın bir insana,
Məhəmməd nəbi eşqinə!

Çoxalsın islam ölkəsi,
Eşidilsin azan səsi.
Sadənin artsın həvəsi
Məhəmməd nəbi eşqinə!


QÜRBƏT ELDƏ KEÇƏN ÖMÜR

Boran olmuş yaza bənzər,
Teli sınmış saza bənzər.
Can yandıran sözə bənzər,
Qürbət eldə keçən ömür.

Bənzər kömür, bənzər külə,
Dərdi gələr gülə-gülə.
Şamtək yanar gilə-gilə,
Qürbət eldə keçən ömür.

Eldən iraq dağ kimidir,
Dolu döymüş bağ kimidir.
Sadənin qəlbini didir.
Qürbət eldə keçən ömür.


GƏRƏK

Qadındı gül butası,
Tanrının o ətası.
Qadında ən əsası,
Səliqə-sahman gərək.

Şirin söz, düz etibar,
Gülərüz, yaxşı rəftar,
Həm həya, həm namus-ar,
Bir də din-iman gərək.

Qadında eşq-məhəbbət,
Vətənə-xalqa rəğbət,
Sadətək hörmət-izzət,
Böyük tab-təvan gərək!


ƏRƏNLƏRİN QƏLBİ BİRDİ

Məni dinlə, gəl ey kişi,
Erkəkdimi, yoxsa dişi,
Fərqlidirsə, ov vərdişi
Şirin adı yenə şirdi!

Sözlərimi sən başa yaz,
Olsalar da qara, bəyaz
Ya sarışın, yaşı – çox, az,
Ərənlərin qəlbi birdi!

Pirlər çoxdu, bilir hamı,
Çoxunun da var nizamı.
Hansının ki, yoxsa damı,
Ziyarətdi, yenə pirdi!


A MƏMMƏDİM!

A Məmmədim, neylədin,
Xalanı heç eylədin.
O qədər dərd əylədin,
Dərdi dərdə bağlaram!

Səndən sevinc alırdım,
Xəyallara dalırdım.
Laylanı da çalırdım,
İndi səni ağlaram!

Sadə düşdü azara,
Bəxti oldu lap qara.
Gedənədək məzara,
Bu sinəmi dağlaram!


DÖZƏMMİRƏM

Öyrənmişəm dərd çəkməyə,
Alışmışam qəm əkməyə.
Fələk məni bilməm niyə.
Gözdən salıb dözəmmirəm.

Bir soraq yox ədalətdən,
Cana gəldim söz-söhbətdən.
Arzularım hər cəhətdən,
Nakam qalıb dözəmmirəm.

Sinəm oldu qəm məskəni,
Çəkilməyir duman-çəni.
Səringüləm, sanki məni.
İlan çalıb dözəmmirəm!


BU DÜNYANI ZİNDAN SANDIM

Yaşamadım, mən süründüm,
Dərd geyindim, qəm büründüm.
Öz elimdə az göründüm,
Qürbət eli çox dolandım.

Neçə illər qaldım qərib,
Tapılmadı dərdə təbib.
Uzaq düşdü qohum, həbib,
Vətən deyib, vətən andım.

Azalmadı möhnət-ələm,
Aldım ələ dəftər-qələm.
Qoymadı ki, kədər güləm
Suda axdım, odda yandım

Saçımda iz qoydu illər,
Hər yediyim oldu zəhər.
Eşitmədim bir xoş xəbər,
Bu dünyanı zindan sandım.

Mən Sadədə can qalmadı,
Dodağımda qan qalmadı.
Kimsə gəlib hal sormadı
Neçə yerdən parçalandım!


DAHA MƏNDƏN GEN DOLANIR


Payımdan da pay verdiyim,
Çağıranda hay verdiyim,
Gündə beş yol çay verdiyim,
Daha məndən gen dolanır.

Qoruduğum dərd-bəladan,
Seçmədiyim heç baladan,
Çıxarıbdı məni yaddan,
Mürgü vurub, xumarlanır.

Ağrıyanda can dediyim,
Xanım-xatın, xan dediyim,
Soruşmur bir vardı nəyim,
Sığal çəkib, tumarlanır.

Hər gün gəzən çəmənzarım,
Demir bəlkə var azarım.
Qışım gəlib yağır qarım.
Yeyib-içib hamarlanır.

Doğruların mən qurbanı,
Yaltaqların çıxsın çanı.
Görəndə ki, boşdu yanı.
Sadə qəlbi qubarlanır!


ƏMİMOĞLU TEYMUR

Əmimoğlu Qaralov Teymura


Qohumların dür-incisi,
Ərənlərin birincisi.
Doğma yurddan gələn səsi,
Əmimoğlu Teymurdu, bil!

Hatəm kimi səxavətli,
Saf ürəkli, xoş niyyətli.
El içində çox hörmətli,
Əmimoğlu Teymurdu, bil!

Danışılan adamlığı,
Bəlli olan rəssamlığı,
Vəfalı dost, ümid dağı,
Əmimoğlu Teymurdu, bil!

Qurban olum mən boyuna,
Bənzəyən öz kök-soyuna,
Çatan xalqın dərd-hoyuna,
Əmimoğlu Teymurdu, bil!

Səringülü əzizləyən.
Qocalara başı əyən,
Neçə yüz-yüz cana dəyən
Əmimoğlu Teymurdu, bil!


İNANIN MƏNƏ

Dünya sirlə doludu,
Dünya haqqın yoludu
Dünya Tanrı quludu,
Dedim, inanın mənə!

Uydum şirin dilinə,
Düşdüm qəmin selinə.
Zəhəri bal yerinə,
Yedim, inanın mənə!

Baxmadım heç yaşına,
Torpağına, daşına.
Çox dolanıb başına,
Söydüm, inanın mənə!

Goru gördüm gözümlə,
İməklədim dizimlə.
Düşmənliyin bizimlə -
Duydum, inanın mənə!

Mən Sadəyəm bağrı qan,
Bunu bilsin hər insan.
Fani-yalan dünyadan
Doydum, inanın mənə!


TANRIM ÖZÜ SAXLASIN

Balam, səni yamandan,
Nadürüstdən, nadandan,
Fitnə-fəsad, yalandan
Tanrım özü saxlasın!

Pis gözlərdən-nəzərdən,
Qəm-qüssədən, qəhərdən,
Qan qaraldan xəbərdən,
Tanrım özü saxlasın!

Sadə deyir nifrətdən,
Paxıllıqdan, qeybətdən,
Xəstəlikdən – hər dərddən
Tanrım özü saxlasın!


YAXŞILIQDIR YADDA QALAN

Gəl unutma, arif olan,
Əzəlindən dünya yalan,
Yaxşılıqdır yadda qalan,
Bacarıb bir üzü güldür.

Tanrımızı hey yada sal,
Ata-ana qeydinə qal.
Körpələrin könlünü al.
Böyüklərə hörmət bildir.

Vətəni sev, gəl qeyrətə,
Çalış qatlan hər zəhmətə,
Meyil salma var-dövlətə,
Sadə kimi nəfsi* öldür!
_________
*-tamah


DƏRDİN ALIM

Gecə-gündüz içim mənim,
Ah-məlaldı dərdin alım.
Əzəlindən fani dünya
Qalmaqaldı, dərdin alım!

Ömür dağdı, dumanı var,
Şaxta-qarı-tufanı var,
Azıb yolda qalanı var,
Çoxu kaldı, dərdin alım.

Yada salaq keçənləri,
Kam almadan köçənləri.
Sağlıq deyib içənləri
İndi laldı, ağrın alım.

Çox özündən deyənləri,
Düzəlmiş iş əyənləri,
Fələk müftə yeyənləri,
Gözdən saldı, dərdin alım.

Dünya yalan, boş xəyaldı,
Yığılan şey burda qaldı.
Sadənin də yarı vardı,
Torpaq aldı, dərdin alım!

YIXILANA GÜLMƏ

Ey meydanda at oynadan,
Özünü baş sayan nadan,
Yıxılana gülmə, utan.
Bir gün sən də yıxılarsan.

Öyünmə bəxt-qismətinlə,
Nə də ki, var-dövlətinlə.
Zaman gələr, məni dinlə,
Yoxsul olub, sıxılarsan.

Sadə sənə gör nə deyir,
Hərislikdən gəlməz xeyir.
Görənməsən, əgər tədbir,
Tamahında boğularsan!


YARDAN AYRILAN

İtirər səbir - qərarını,
Tapammaz, yardan ayrılan.
İlanvuran yatsa belə,
Yatammaz yardan ayrılan.

Salan olmaz heç yadına,
Kimsə çatmaz imdadına.
Arzusuna-muradına,
Çatammaz yardan ayrılan.

Ərşə qalxar ahı-ünü,
İlə bənzər bircə günü.
Sadə kimi qəm yükünü,
Atammaz yardan ayrılan.


DEMİŞƏM…

Mən sənə göyçək demişəm,
Yalan yox, gerçək demişəm.
Doldur eşqin badəsini,
Gəl birgə içək demişəm.

Mən sənə gülüm demişəm,
Ağzımda dilim demişəm,
Uyub əğyarın sözünə,
Eyləmə zülm demişəm.

Mən sənə sazım demişəm,
Baharım-yazım demişəm.
Sən çıxanda qismətimə,
Tanrıdan yarım, demişəm.

Mən sənə dağım demişəm,
Meyvəli bağım demişəm.
Göydə günəş, ulduz-ayım,
Evdə çırağım demişəm.

Mən sənə canım demişəm,
Sadəyəm, qanım demişəm.
Pərvanədək mən oduna,
Həmişə yanım, demişəm!


EDƏK

Qoşma


Əl açaq Tanrının dərgahına biz,
O son peyğəmbərə salavat edək.
Bədəndən çıxmamış ruhumuz, gəlin,
Məkkə, Mədinəni ziyarət edək.

Hər zaman Allahın tutaq yolunu,
Döyüb incitməyək Tanrı qulunu,
Yerə yıxılanın tutaq qolunu,
Cavanlara bunu nəsihət edək.

Vətəni düşünək, sevək milləti,
Ata-anamıza verək diqqəti.
Səringül Sadənin budur söhbəti,
İslam qanununa riayət edək!


BAYATILAR

Əvəzi yox Quranın,
Bəzəyidir cahanın.
Yerə dəysin, tək dizi,
Namazda müsəlmanın!

Vurulmuşam mən dağa,
Doğma yurda-torpağa.
Mən qurbanam, ay ellər,
Ay-ulduzlu bayrağa!

Eləmi, dərdi məndə,
Dərdi de dərdiməndə.
Dərd dolu gəmi gəldi,
Lövbəri saldı məndə.

Körpələrin ən xası,
Həyatımın mənası,
Nənən boyuna qurban,
Ay balamın balası!

Adam var hey tər tökər,
Araya güllər əkər.
Adam var dost başına,
Ələyib küllər tökər.

Dağda su sərin olar,
Dərələr dərin olar.
Ana, dilin dinc saxla,
Narahat yerin olar!

Haraya gəlim.
Çağır haraya gəlim,
Nə qapın var, nə bacan,
Söylə haraya gəlim?

Bəxtin güləndən olsun,
Yeyin gedəndən olsun.
Qorxun əvvəl həyatda,
Xeyir güdəndən olsun!

Əlli nədir, yüz nədir,
Əyri nədir, düz nədir.
Mən ki, özüm yanıram,
Sən atdığın köz nədir!

Yaş neylər…
İslanmışa yaş neylər.
Dərddən dağa dönmüşəm,
Sən atdığın daş neylər!

Sular axar-durular,
Nə durar, nə yorular,
Mübariztək mərd oğul,
Burda yenə doğular!

Daş daşı.
Halal qazan – daş daşı,
Xəsis çörək verdikcə,
Kəsər sanki, daş-daşı.

Daşdan çıxar.
Su axıb daşdan çıxar,
Çox uyma gülüzlüyə,
Ağlın başdan çıxar!

Günəş gözəl, ay gözəl,
Dərə-təpə, çay gözəl.
Tanrımızdan gözəllik,
Düşüb sənə pay, gözəl!

Qəm evində baş mənəm,
Gözdən axan yaş mənəm.
Elə-obaya həsrət,
Gölə düşən daş mənəm!

Dağlınınkı dağdı, bil,
Demə ki, bal-yağdı, bil,
Dağlı olan bəndənim,
Hər vaxt üzü ağdı, bil!

Qərib sevər bayatı,
Qəmlə keçər həyatı.
Damağında dad olmaz,
Seçməz təzə, bayatı!

Karvanam – yüküm qəhər,
Yoldayam axşam-səhər.
Dərd alıb daşıyıram,
Keçmir ki, günüm hədər.

Xası var…
İgidlərin xası var.
Dərd məndən qaça bilməz,
Əlimdə yaxası var!

Səringüləm-Sadəyəm,
Qəmlə dolu badəyəm.
Ağ gün atlı çapardı,
Mən isə piyadayam.

Səringül Səda,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: