Sona ABBASƏLİQIZI: "Dərdə bələnibdi qoynum, qucağım..."

Sona ABBASƏLİQIZI: "Dərdə bələnibdi qoynum, qucağım..." Sona xanım İsmayılova - 20 dekabr 1961-ci ildə
Qərbi Azərbaycanın Göyçə mahalında
ziyalı ailəsində doğulub, dünyaya göz açıb.
Elə Göyçə mahalında da böyüyüb boya-başa çatıb.
Doğma kəndlərində orta məktəbi bitirdikdən sonra
ali təhsil dalıyca Bakıya gəlib.
İndiki Azərbaycan Dövlət Neft və Sənaye Univetsitetini bitirb. Elə tələbəlik illərində də ailə həyatı qurub.
Gözəl bir ailəsi var. Samir adlı bir oğlu və
Samirə adlı bir qızı var. Hər ikisi ali təhsilli və ailəlidirlər.
Sona xanım artıq 30 ilə yaxındır ki, Neft şirkətində çalışır.
O, 20 ildir ki, eyni zamanda həm də jurnalist kimi
fəaliyyət göstərir. Bir sıra mətbuat orqanları ilə
müntəzəm əlaqə saxlayır, əməkdaşlıq edir.
Hazırda ZiM.Az saytının və "Şərqin səsi" qəzetinin şöbə müdiridir.
AJB-nin və İraq İYB-nin üzvüdür. "Abdulla Şaiq", "Zirvə""Qızıl Qələm" makafatları laureatıdır.
Yüzlərlə Vətən həsrətli şeirlərin, bir-birindən oxunaqlı məqalələrin və ən nəhayət, 9 bədii və publisistik kitabın müəllifidir. Bu yaxınlardaisə Sona xanım 10-cu kitabını oxucuların ixtiyarına verəcək.
Ümidvarıq ki, növbəti kitabı da, əvvəlkilər kimi oxucular tərəfindən böyük maraqla qarşılanacaq.

Biz də aşağıda sevimli həmkarımız, mehriban iş yoldaşımız çox hörmətli Sona xanımın bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Arzu BİLƏSUVARLI,
ZiM.Az


BU PAYIZ

Qaçıb təbiətin isti yuxusu,
Diksinir yarpağın ölüm qorxusu
Hopub üst-başına kədər qoxusu
Məni bu payızdan otür, ilahi.

Yetmir bu ümidin sözü həsrətə,
Buludlar yol alıb üzü həsrətə,
Bir əlçim çarə et özün həsrətə,
Məni bu payızdan ötür, ilahi.

Bu kövrək qəlbimin soruş halını,
Qopar könlümdəki dərdin xalını.
Getdiyim yolların qırışıb alnı,
Məni bu payızdan ötür, ilahi.

Yaman qəribsəyib odum, ocağım,
Dərdə bələnibdi qoynum, qucağım,
Qalıb uzaqlada o gənclik çağım,
Məni bu payızdan ötür, ilahi.


ALDADIR

Ömrünü isitməz daha yaz anı,
Bir gün soruşarsan, axı yaz hanı?
Bəyaz varaqlara yalan yazanı,
Əlində tutdugu lələk aldadır

Qırılıb tökülür hər ömrün şaxı,
Yıxılır arzular üzu aşagı.
Həyata günahsız gələn uşagı,
Baş qoyub yatdığı bələk aldadır.

Haramın ucadır bacası,damı,
Şirindir həyatda halalın tamı.
Günahsız kimsəni yıxan adamı,
Özgəyə gəldiyi kələk aldadır,

Cahan az görməyib nahaq qanları,
Haqqın dərgahına daş atanları.
Dünyanın özünü aldadanları,
Əzrayıl adında mələk aldadır.

Halaldı könlümün sənət süfrəsi,
Haçansa açılar bəxtin qəfəsi.
Haqqın şairini aldadan kəsi,
Bir gün gülümsəyib fələk aldadır.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: